Qəmgin Pyero
Yazar: Admin | Bölmə: Kino | Tarix: 09 Haziran, 2007
Pyer Rişar: “Gülüş xoşbəxlik deyil, onun qoxusudur”
“Hündürboy sarışın qara çəkmədə”, “Hündürboy sarışının qayıdışı”, “Oyuncaq”, “Bəxti gətirməyənlər”, “Çətirlə iynə” “Həmkarlar”, “Qaçaqlar”, “O liftin solunda” “Aşiq kulinarın 1001 resepti”, “Mənə Çi haqqında danışın”. Bunlar Pyer Rişarın filmləridir.
Pyer Rişar Moris Şarl Leopold Defey 16 avqust 1934-cü ildə də iri toxuculuq sənayesi ilə məşğul olan ailədə anadan olub. Pansionatda oxuduğu vaxtlarda bütün bacarığı ilə çalışırdı ki, klounadanı oynasın və əhatəsindəkiləri heyrətləndirsin.
Özümü sudan quru çıxarmaq üçün bu sənəti pansionatdan əldə etmişəm, -Pyer Rişar zarafatla qeyd edir.
Kinoya necə gəldi?
O, dövlət və ya özəl sektorda özünə karyera qurmaq istəyirdi. Dostları təsdiq edir ki, Pyeri atası xilas etdi. Pyerin atası ailə büdcəsini at yarışlarına, ova sərf edirdi və adətən oğlunu da özüylə aparırdı. Yetkinlik yaşına çatan Pyer isə aktyor olmaq qərarına gəlir. O, Valensiyanı tərk edib Parisə aktyor xoşbəxtliyinin axtarışına yollanır. Pyer, məhşur Şarl Düllenin aktyor kursuna daxil olur. Sonra Jan Viların yanında mütəxəssis dərsləri alır. Amma Rişar həmişə səhnəyə çıxmağı gözləyirdi. “Əsl rolun” gəlməyini Rişar səbrlə gözləyə bilmir. Çünki onu estrada ciddi maraqlandırmağa başlamışdı. Bir neçə il o, dostu Viktor Lanla birgə yumoristik sketçlər yazdı və kafe-teatrlarda, kabarelərdə və nüfuzlu müzik-hollarda çıxış etdi. Biləndə ki, Moris Bejar rəqs etməyi bacaran aktyor axtarır, o, özünü sınaqdan keçirmək qərarına gəlir. Xoreoqraf onu olduqca bəyəndi və öz truppasına dəvət etdi. 1969-cu ildə onun rejissoru və aktyoru olduğu “Naqolay” filmi ekranlara çıxdı. Bu filmə qədər iki il ərzində Rişar istedadlı fransız komedioqrafı İvo Roberlə tanış olur və o, Pyerə 1968-ci ildə çəkdiyi “İskəndər” filmində kiçik bir rol verir (ilk dəfə isə Pyer J.Bekkerin 1957-ci ildə ekranlara çıxmış “Monparnas 19” filminə çəkilir). Onun marağını görüb Rober özü Rişara məsləhət görür ki, “Naqolay” filmini çəksin. Bir neçə il sonra da Pyer öz dostu ssenarist Frensis Veberi özünü rejissor kimi sınamağa məcbur edəcək ki, bununla da onu məşhurlaşdıran “Oyuncaq” filmi meydana gələcəkdi. Ssenarist Veberin və rejissor İva Roberin adları bu “Uzundraz sarışın”ın macəralarında başda olacaq. “Uzundraz sarışın” ləqəbi aktyor üçün 1972-ci ildə ekranlara çıxmış “Hündürboy sarışın qara çəkmədə”, iki il sonra isə “Hündürboy sarışının qayıdışı” filmilə təsdiqləndi. Ssenarist Veberin uydurduğu Fransua Peren adlı personaj Pyer Rişarın ən sevimli qəhrəmanı oldu. “Oyuncaq” və “Bəxti gətirməyənlər” filmlərinin qəhrəmanı da məhz Peren oldu.
1974-cü ildə Rişar Klod Zidinin “O əsəbləşməyə başlayır” filminə çəkilir.
Frensis Veberin “Oyuncaq” satirik komediyasını Pyer ən sevimli filmi hesab edir. Filmin qeyri-adi süjeti onu elə cəlb etmişdi ki, Pyer nəinki filmdə oynamaq istədi, həm də əgər filmi Veber çəkərsə, onu maliyyələşdirəcəyinə də söz verdi. “Oyuncaq” filmi Pyerin yaradıcı diapazonunun hüdudlarını göstərdi və o, bir-birinin ardınca filmlərə çəkildi. 1978-ci ildə Pyer Rişar Jerar Urinin “Qaçış” filminə çəkilir. Onun buradakı partnyoru yenə Viktor Lanu idi. Jerar Depardye ilə isə o, bir neçə filmə çəkilir. “Bəxti gətirməyənlər” filminin çəkilişləri barədə danışarkən Pyer qeyd edir ki, rejissor Veber ona tərəf müqabili olaraq Lino Venturu təklif edir. Onda aktyor bu təklifdən imtina edir və deyir ki, o, əvvəlki süjetləri təkrarlamaq istəmir. Beləliklə Jerar Depardye filmə gəlir. Yeni yaranmış duetin ilk filmi -“Bəxti gətirməyənlər” (1980) fransız kirayəsində rekord məbləğ əldə etdi. Film təkcə Parisdə milyon yarım tamaşaçı yığmışdı.
Kimdir o?
Hələ məktəbdə oxuyarkən o özünə tez-tez deyirdi: “Ya hər şey, ya da heç nə”. Xoşbəxtlikdən onda hər şey alınmağa başladı. Pyer Rişar sentimental romantikdir. O həm realist, həm aristokrat, həm avantürist düşüncəli birisidir. “Fidelinafilm” özəl firmasının uğurlu rəhbəridir. Komik, həm də tragikdir. O lətifə sevəndir və dediyinə görə, 100 mindən çox lətifə bilir. Kinoya Rişar çox gec, 33 yaşında gəlib. Halbuki onun məşhur olmasında kinonun rolu böyükdür. Bir neçə il bundan əvvəl o, başa düşdü ki, “canlı” tamaşaçıya qayıtmaq lazımdır. Nəyi istəsə oynamaq üçün ən yaxşı vasitə teatrdı. O, Çexovun “Vanya dayı”sını Şeksprin “Kral Lir”ini oynamaq istəyir. Bunlardan əlavə, o, həmişə it rolunu oynamaq istəyir və ironiya ilə belə deyir: “Mən iti oynamaq istəyirəm, hərçənd ki, bu it çox qocalıb”. Dostu Jerar Depardye onu Dostayevskinin qəhrəmanları rolunda görür. Bu yaxınlarda Rişar iki tamaşada, trillerdə və müzikldə oynayır. Həmçinin, özünün “Yaddaşı aldatmaq” və “Susuz balıq kimi…” monotamaşasında oynayır. Onun sonuncu kino rolu Robinzon Kruzodur.
“Anam mənim tərbiyəmdə səhvə yol verib”
- Müsyö Rişar, bu doğrudurmu ki, komediya ilə məşğul olan adamlar həyatdə kədərli olurlar? Siz özünüz də deyirdiz ki, kinematoqrafçılar həmişə ciddi şeylər danışırlar.
- Fransada yumor tərbiyə kimi qavranılır. Bu, insan üçün sonuncu vasitədir. Məsələn, hakimiyyətdə olanlara yumorla nəsə çatdırmaq olur. Bax, bu universalizmi sevirəm.
- Elə məqalə yoxdur ki, Pyer Rişarın aktyor olmasını ailəsi ilə bağlamasın. Siz bunu oxuyanda bezmirsiz?
- Bu, həqiqətdir. Mən həqiqətən aktyor olmağı planlaşdırmışdım. Valideyinlərim məni ədliyyə işçisə və ya vəkil kimi görmək istəyirdilər. Ancaq anam mənim tərbiyəmdə “səhvə” yol verdi. O istəyirdi ki, mən qonaqlar qarşısında çıxış edim. Demək olar ki, bütün qonaqlıqlar mənim çıxışımla bitirdi. Yadıma düşmüşkən, məhz babam anama demişdi ki, ailədə məşhur olacaq bir adam varsa, o da mənəm. Yeddi-səkkiz il mən qapalı pansionda keçirdim. Mən nə fiziki cəhətdən, nə də intellekt cəhətdən seçilmirdim.
- Jerar Filipin parladığı bir vaxtda teatrda işləmisiniz. Teatrın enerjisinə inanırsız?
-Teatrın energetikası həqiqətən professionallıq qədər vacibdir. Jan Villar öz Xalq Teatrında hətta kütləvi səhnələrin də iştirakçılarını yığıb çox sərt tələblər qoydu. Məsələn, o, boyu 180 sm-dən alçaq olan gəncləri işə götürmürdü. Mən də məhz bu kriteriyalara uyğun gəlirdim. Mən Jerar Filipi sadə, xeyirxah və xoşxasiyyət biri kimi xatırlayıram. O özünü ulduz hesab etmirdi, baxmayaraq ki, çox böyük aktyor idi. Təəssüf ki, kino mənim canlı tamaşaçı ilə ünsiyyətimi məhdudlaşdırdı. Amma bu, teatrda mümkündür.
- Kinotənqidçilər yazırlar ki, sizin xüsusi aktyor prinsipləriniz var. Məsələn, ildə bir dəfədən artıq filmə çəkilməzsiz.
- Əvvəla, mən tənbələm, ona görə də ildə bir dəfədən artıq filmə çəkilmirəm. Sonra da mən çəkilişlərə çox diqqətlə yanaşıram. Bunun üçün isə vaxt tələb olunur. Hərçənd ildə iki filmə çəkildiyim də olub. Ancaq qaydaya uyğun olaraq, mənə bir dənə də bəs edir.
- Siz aktyor olsanız da sənətinizin əvvəlində prodüsserliklə məşğul olmusunuz. Niyə?
- Başa düşəndə ki, mənim məşhur aktyor adım yaradıcılara çoxlu pul verir, onda mən qərara gəldim ki, xüsusi prodüsser kompaniyası təşkil edim. Əgər mən pis oynadımsa, demək tək özümdən razı olmamalıyam. Əgər başqalarının səhvindən film pisdirsə, bu həmişə məni narahat edir. Bəlkə ona görə mən qərara gəldim ki, hər şeyi öz boynuma götürüm.
- Bundan sonra siz tənbəllik haqda danışırsınız. Siz teatrda da oynayırsınız, mahnı bəstələyirsiniz, kitab da yazırsınız. Az vaxt ərzində bunları nə cür çatdırırsınız. Və ən başlıcası, bütün bunlar nəyinizə lazımdır?
- Hər şeydən əvvəl bunlar məni insan kimi yaradıcılığa cəlb edir və mənə həzz verir. Mən bu yolla əylənirəm və hesab edirəm ki, bu, əvəzsiz məşğuliyyətdir. Bir dəfə fikirləşdim ki, uşaqlarım üçün xatirələr yazım. Oturdum və yazdım. Mənim tanışım əlyazmanı oxuyandan sonra dedi ki, bunu çap eləmək lazımdır. Sonra mahnı bəstələməyə başladım. Amma bunlar əyləncə xatirinə olanlardır.
- Deyirlər həyatda siz qəhrəmanlarınızın tam əksisiz. İşlərinizdə ciddi və prinsipialsınız.
- Demək olmaz ki, mən qəhrəmanlarım kimi səfeh, sadəlövh və quruyam. Bütün bunların məndə təzahürü ola bilməz. Mən nə iləsə məşğul olmaq istəyirəmsə yalnız diqqətimi ona cəlb edirəm.
- Bir vaxtlar Parisin mərkəzində yaşayırdınız. Hiss edirdiz ki, zaman su kimi tez gedir.
- Siz doğru deyirsiniz. Yəqin zaman məni mərkəzdən köçüb getməyə məcbur edir.
- Hansısa müsahibənizdə demisiniz: “Gülüş xoşbəxtlik deyil, onun qoxusudur”. Bununla nə demək istəyirsiniz? - Mənim üçün ən əvvəl xoşbəxtlik daxili harmoniyam ilə bağlıdır. Hərdən də pul ilə. Mən çoxlu varlı adamlar tanıyıram ki, özlərini bədbəxt insan sanırlar. Gülüş isə bütün çətinliklərdən keçmək, ağır tör-töküntülərdən xilas olmaq, təmizlənmək üçün vasitədir. Mənim üçün yaxşı görülən iş daha vacibdir.
- Cənab Rişar, siz öz qəhrəmanlarınız kimi tez-tez qeyri-adi situasiyalara düşürsünüz?
- Qəribədir. Belə situasiyalar mənim həyatımda baş verir. Mən bu hadisələri süjet üçün yadda saxlamaq istəyirəm. Yadımdadır, mən çox gənc idim. Bir dəfə valideyinlərim böyük ziyafət verirdi. Mən öz aristokratlığımı nümayiş etdirmək üçün badələrdəki çaxır barədə danışdım. Mən çaxıra öz münasibətimi bildirmək istəyirdim və dedim: “Necə gözəl şərabdır”. Əlim badəyə ilişdi və o, ağ süfrəyə dağıldı. Mənə yeni bir badə şərab süzdülər. Mən özümü təmizə çıxarmaq üçün dedim: “Axı mən heç nə eləmədim, ancaq şərabı təriflədim”. Və hadisəni yenidən göstərdim. Onda anam dözməyib dedi: “Ona daş stəkan verin, bəlkə onda bahalı badələri sındırmadı”. Məsələn, bu hadisə “Naqolay” filmində öz əksini tapıb.
- Necə düşünürsünüz. İnsan həyatının ssenarisini yazmaq asandır?
- Mən buna inanmaq istəməzdim. Belə olsa hər şey öz mənasını itirər. İnsan öz həyatını özü yazır. Amma hərdən elə olur ki, bu ssenarinin hakimi o özü olmur.
Əli





Yüklənir...