Onu dəyirmana ölü salsan, diri çıxar.
Bu misal Habil Dadaşov haqqında deyilib. Qülləyə bomba qoyub dağıtdılar, uçurtdular, amma Habil daş-kəsəyin altında salamat qaldı. Mən bilirəm ki, o kimin qohumudur. Yadınıza gəlirmi “Qatarda” teletamaşası? Kişinin Azərbaycan televiziya mədəniyyətində gül kimi şəcərəsi var.
Salam-əleyküm ay can, sağ ol ki qardaşımsan!
Mən “Yoxlama” filminin diskursuna uyğun yazmağa çalışıram.
Nədən ki, bu film Azərbaycanın modern kinomeyxanasıdır. Vaqif Mustafayevin kinodili, kinopoetikası meyxana üzərində qərarlaşıb. Bizim meyxanalarsa başdan ayağa diringə, zarafatyana qafiyələrdə söylənilən, bəzən söyüş qatışıq acı həqiqət. Milli meyxana Vaqif Mustafayevin filmlərində vizuallaşır, postmodernist kinoqiyafə qazanır. Onun kino dünyasında meyxana Yaşar Nuri kimi obrazlaşıb lotu-lotu var-gəl eləyir.
Kim kimin yuxusudur: kəpənək Habil Dadaşovun, yoxsa Habil Dadaşov kəpənəyin? Dao fəlsəfəsi. Ardını xırdalamıram. Bakı mentallığının yəhudi mərkəzi: Emmanuil.
Kinorejissor Vaqif Mustafayev ömrü boyu bir film çəkir: şifrə həmin şifrədir, üslub həmin üslubdur. Di gəl ki, bu filmlərdən bezmirsən, yorulmursan: baxdıqca baxırsan, baxıb heyrətlənirsən, heyrətlənib şaşırırsan, şaşırıb qımışırsan. Çünki Vaqif Mustafayevin filmləri bütün variantlarda milli bombadır; partlayan kimi qorxudan yox, gülməkdən ölürsən.
Ağlın olsun, eləmə!
Mən düz bir həftə hər axşam gündə-gündə bu filmə tamaşa elədim. Zövq aldım və anladım ki, biz meyxana kontekstində Hollivudun özünə də papış tikə bilərik.
Terminator da Habil Dadaşovun kiçiyi. Əşşi, onun yanında Terminator nə qələt eləyir. Fikir verin, gör bir, Habil Dadaşovu kim oynayır ekranda: Azərbaycanın komediya dahisi Əjdər Həmidov. Pardon, üzr istəyirəm, Əjdər Həmidov heç nə oynamır: tanrı bu bəndəsini, sadəcə, belə yaradıb. Qafqazlı “Misrter Bin” deyərdim mən ona. Allah Əjdərə də bütün komediya dahiləri kimi qəribə bir görkəm əta eləyib. Əjdər sakit-sakit dayanıb məlul-məlul baxır: və bu bəs edir ki, tamaşaçının çöhrəsi təbəssümlə işıqlansın.
Vaqif Mustafayev də bu görkəmin pozitivindən və neqativindən faydalanıb əla bir obraz gətirib öz filminin müstəvisinə. Habil Dadaşovun pozitivi budur ki, o, Azərbaycanın superqəhrəmanıdır, düz adamdır, sadəlövhdür, hikkəлиdir, dediyindən dönmür. Onun neqativində isə bir fağırlıq, qoyunkimilik xisləti aşkarlanır. Habil Dadaşov kütlə içində seçilən bir fərd deyil, Vergilər müfəttişliyinin sıravi işçisidir. Fenomenal yaddaş sahibidir: rəqəm dolu vərəqə bir kərə baxıb nə görürsə, hamısını huşunda həməncə saxlayır. 007 nömrəli agent də bu bacarıqda İçərişəhərli Habilə çatmaz. Amma neyləyəsən ki, heç kim bu biçarəni ciddi qəbul eləmir, ona məhəl qoymur. İnsanların səni saya salması üçün ya gərək qəhrəman olasan, ya da qaz vurub qazan doldurasan. Qazanın hansı yollarla doldurulması mühüm sayılmır.
Habil Dadaşov isə var ola-ola görünməzdir. Səhər iş, axşam ev, bir də ki zəhirmar televizor, video. Nə qədər savaş filmlərinə bekar-bekar baxmaq olar?! Axırda bir də görərsən ki, özün avtomat kuklaya dönmüsən. Filmdə yoxlamanı aktuallaşdıran da məhz bu məqamdır. Habil Dadaşov bir gün ayılır ki, qəhrəman olmaq istəyir; istəyir ki, İçəri şəhərdə onun kimi qədeşvari bir tip yaşadığını hamı bilsin. Rok Məmmədov da bu istəkdən doğub, yoxlama əhvalatı da. Onun da, bunun da müəllifi Habilin iddiasıdır.
Hərçənd ki, ağlın olsun, eləmə!
“Yoxlama” bir yuxulama. Azərbaycanlılar bütün yoxlamaları bir yuxulama kimi yaşayırlar. Axırda yeyib, içib, keflənib yatırlar.
Vaqif Mustafayevin filmində isə məsələ bir ayrı cürdür. Habil Dadaşov yoxlamanı sonacan aparacaq: çünki tale kəpənəyi qonub onun üstünə. Ah, Emmanuil, Emmanuil… Habili başdan o eləmədimi tale kəpənəyi haqqındakı əfsanə ilə?
Təkcə Emmanuilmi? Bəs Tomaş Matraşek necə? Filmin qrim eskizləri onun əməli. Polşalı Tomaşın qrim versiyasında qarayanız Əjdər dönür olur kürən, qıvrımsaç Habil. Vergi müfəttişinin köməkçisi Plombir də kürəndir. Xeyir ola? Bəlkə bu, məxfiləşdirilmiş fəci klounadaya bir işarədir?
Habil - İçərişəhərdə yaşayan Arlekin və ya Pinokkio, yəni Buratino.
Direktor - Karabas-barabas.
Qəzənfər əmi - pişik Bazilio.
Çolaq killer - papa Karlo və ya kukla-Mefistofel…
Və hətta mən Malvinanı da gördüm Gülşad Baxşıyevanın personajında.
Bəlkə də bunlar heç Vaqif Mustafayevin ağlına gəlməyib. Olsun ki, mən özüm məsələni yozub-yozub uzaqlara gedirəm.
Yerlə göy arasında uzanan paralel və vertikallar bu filmin kadrdaxili ritmikasının təminatçısıdır. Pilləkənlər, naqillər, qapılar, relslər bir-birilə daimi dialoqda. Məkan bizim məkandır, Azərbaycandır, Bakıdır, Abşerondur: ancaq bu məkan gah tanınandır, gah tanınmaz. Personajların da hamısı bizimkilərdir: amma kosmosdan gələnlər kimi danışıb davranarlar; gah ağıllı olarlar, gah dəli; bəzən kişi olarlar, bəzən biqeyrət; bəzən diri olarlar, bəzən ölü. Filmdə hər bir kadr ideal səliqə ilə strukturlaşdırılıb. Diskurs strukturu tamamlayır, struktur diskursu. Ssenaridə canlı dialoq yoxdur, ünsiyyət imitasiya səviyyəsindədir. Mətn söhbət fraqmentlərindən, fraza və məişət imperativlərindən hörgülənib. Ssenarinin mətni filmin məkan, işıq, musiqi həlli, personajların mövcudluq tərzi və ritmilə tam harmoniyaya gətirilib. Bu məkanı və bu adamları kinorejissor V.Mustafayev öz rəssamı və operatorları ilə belə düşünüb. Əla düşünüb. Yerlə göy arasında hər şeyi maksimal həddə şərtiləşdirib.
Əgər mən Əjdər Həmidov haqqında “dahi” deyib bu sözü Yaşar Nuriyə ünvanlamasam, öz-özümün xətrinə dəyə bilərəm. Hərçənd “Yoxlama” filmində Yaşar Nuri heç bizim vərdiş elədiyimiz Yaşar Nuri deyil: yəhudi yaraşığında bir müsəlmandır, üst-başı şübhəli. Ssenari müəllifi ona ad verməyi də lazım bilməyib. Bu dəfə bu aktyorun ekranda görükdürdüyü personaj qara şlyapalı, koppuş yanaqlı Direktordur, vəssəlam; yəni adamlıqdan çıxıb, teyxa vəzifədir. Filmdə Yaşara xas ifa tərzinin emosionallığı minimuma endirilib. Yaşar əl-qol atmır, mərəkə qoparmır, komediya tozanağında şellənmir, epizodları əksərən mimikası və baxışları ilə oynayır. Oynaya-oynaya hərdən götür-qoy eləyir ki, ayə, mən bu tükütərpənməz Əjdəri necə aparım. Hərdən bunu bacarır, hərdən isə Əjdər Həmidovun bacadan düşüb, quyudan çıxan Habilinə mat qalır, məəttəl qalır.
Salam-əleyküm ay can, sağ ol ki qardaşımsan!
Səkkiz seriyanın səkkizində də kadrlar meyxana rədifləri kimi təkrarlanır. Amma bu təkrarlar adamı yatırtmır, əksinə, cuşa gətirir. Çünki “Yoxlama” filmi bir-birinin üstünə laylanmış çoxsaylı məna qatlarından ibarət bir şedevrdir. Bir qatda bu film Hollivudun istehsal etdiyi kinoməhsula milli parodiya kimi oxunur; yəni “biz azəri türkləri savaş filmləri ilə zarafatlaşırıq”. Vaqif Mustafayevin “Yoxlama”sı Kventin Tarantinonun “Kriminal mütaliə” filmilə eyni bir hücrəni bölüşdürür və bu hücrədə dayanıb “Buratinonun macəraları”, “Sehиrli xalat” və hətta “Stalker” (zavod “zona” kimi bir yerdir) filmlərilə, qısası, dünya kinosu ilə baxışır. Əvvəl deyirsən bu ona oxşayır; sonra deyirsən ki, səhv elədim, bu ona yox, o birisinə bənzəyir. Amma sonucda görürsən ki, “Yoxlama” filmi bir ayrı aləmdir. O biri məna qatında bu film “iqtisadiyyat və vergi” probleminə bir həcv qismində anlaşılır. Güclü oliqarxların əlində bir cılız vergi müfəttişi kimdir ki? Heç kim: adi divar kərtənkələsi; bir gün ayaqlarının altına salıb əzəcəklər, əgər o, Habil kimi kürən, tərs, fəndgir, soyuqqanlı və dözümlü kinoman deyilsə… Digər məna qatı isə biz azərbaycanlılara xas “ər və arvad” münasibətlərinin filmdə təqdim olunan modelindən açılır. Eh, bu filmin hər epizodunda filan qədər məna var. Hamısını yazıya gətirmək mənasız və mümkünsüz.
Yeddi seriya ərzində mən nə gülən kimi güldüm, nə də ağlayan kimi ağladım. Lakin səkkizinci seriyada, elə ki, Əjdər Həmidovun qəhrəmanı Habil divarı yarıb, toz-torpağa bulaşıb qiyyə ilə içəri soxuldu və onu öldürməyə gəlmiş lotuların canına vəlvələ saldı, mən özümü saxlaya bilmədim, isterik gülüşdə uğundum. Olurmu, yahu? Bu yazıq lotular necə qorxdularsa, başları bir-birinə dəyib “taq” elədi. “Yoxlama” filmi Vaqif Mustafayevin super zarafatlarından və özünə, bizə, dünyaya, kinoya ironiyasından zühur eləyib. İşdi filmdə bu kinayə, lağ bir azacıq ləngisəydi və ya yerinə düşməsəydi, böyük qrupun yaradıcı səyi heç olub gedəcəkdi.
Vaqif Mustafayev nə çəkdiyini, necə çəkdiyini və kimi çəkdiyini, kimlərlə çəkdiyini gözəl bilir. Halal olsun!
Salam-əleyküm ay can, sağ ol ki qardaşımsan!
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə axşamı, İyun 14th, 2007 tarixində 13:21 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 


(3 səs, təxmini: 4.33 ilə 5)






Manıs adlı istifadəçi, İyun 20, 2007 tarixində, saat 05:20 yazıb:
Aydın bəy gözəl fikirlər sahibidir. Amma yazmağı bacarmır. Elementar bir şey: filmin sonunda onun “isterik gülüşdə uğunması”nın tənqidə, yazıya nə dəxli var?
Aydın bəyin “Ustad və Ayna” kitabı üçün də bu cür iradlarım çoxdur.
Uğurlar.