Qaynar xəbər portalı

Kitab dünyası


Azan səsindən simfoniya


Bölmə Bölmə: Musiqi | Göndər Göndər | Çap et Çap et | 335 oxunma

Asəf Zeynallı… Onu onsuz da 37-ci ildə güllələyəcəkdilər

Yarımçıq ömür, yarımçıq arzular, yarımçıq açarlar. Azanı simfoniyaya köçürən Asəf Zeynallı sonuncu əsərinin notunu yatdığı xəstəxananın divarına yazıb.
Doxsan doxsan yeddi il bundan əvvəl dərbənddə bir oğlan uşağı dünyaya gəldi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, vaxt gələcək bu balaca oğlan bəstələdiyi əçsərlərlə yaddaşlarda iz qoyacaq istedadı, qabiliyyəti ilə onilliklərin bu üzünə səs salacaq, bütün qüdrətli sənətkarlar kimi əbədilik, ölməzlik qazanacaq. Bu, Azərbaycanda ilk təhsil almış bəstəkar Asəf Zeynallı idi.

Həvəs

Asəf Zeynallının ömür yolu barədə onun qardaşı qızı Elmira xanım danışır:
-Asəf Dərbənddə anadan olub. Onun anası qarmon çalırmış. Balaca Asəfin gözləri həmişə anasının barmaqlarında olarmış. Qarmon sədaları altında böyüyürmüş Asəf.
Təzə dil açan vaxtı qəflətən anasına qayıdır ki, ay ana, nə vaxtdır, qarmon çalmırsan. Bəlkə nəsə bir şey çalasan. Anası balaca Asəfin bu sözlərinə fikir vermir. Sonradan uşağın dediklərini ürəyində götür-qoy edir. Uşaq olmağına baxma, gör necə hissiyatı var. Nə tez başa düşdü musiqini. Əlindəki işini yarımçıq qoyub başlayır qarmon çalmağa. Başını qaldırıb oğluna baxanda gözlərinə inana bilmir. Asəfin baxışları bir nöqtədə qalmır, anasının barmaqları ilə gedib, anasının barmaqlapı ilə qayıdır.
Belə -belə Asəf 11 yaşına çatdı. İşləri ilə əlaqədar Zeynalabdin kişi ailəsini də götürüb Bakıya köçür. O, oğlu Asəfin hərbçi kimi böyütmək istəyirmiş. Odur ki, sənədlərini gətirib hərbi məktəbə təqdim edir. Asəfsə tamam başqa arzularla yaşayırdı. Musiqiçi olmaq, nəsə yazıb-yaratmaq, bəstələmək istəyirdi. Onun bu arzusunu bilirdi anası. Asəf hərbi məktəbi mənəvi sıxıntılarla başa vurur. Sonra gizlincə sənədlərini musiqi məktəbinə təqdim edir və tələbə adını qazanır.
Tələbə vaxtı müxtəlif alətlərdə çalmağı öyrənir. Fortepiano, violonçel və s. O, alətləri çalmaqla yanaşı, həm də əla dərs alır. Sonda Konservatoriyaya üz tutur Asəf. Özü də orkestr fakültəsinə…

Azan səsindən simfoniya

Günlərin birində Asəf yol ilə gedirmiş. Əmisi də yanında… Evlərinin yaxınlığında məscid vardı. Mollalar hər gün azan verirdilər orda. Məscidin yanına çatanda qəfildən azan səsi gəlir. Asəf elə yerindəcə donub qalır və yaxınlıqdakı daşın üstündə oturur. Üzünü azan gələn tərəfə tutaraq dəftərçəsinə nəsə qeyd edir. Onun bu hərəkətini görən əmisi “a bala, Asəf, nə oturmusan yolun üstündə? Nədir o yazdığın? Dur gedək. Məni yolumdan saxlama” - deyir. Asəf isə “Əmi, sən bilsən ki, mən nə yazıram, geciksən də gözləyərsən. Haçandı ürəiymdə bir şeyi götür-qoy edirəm. Simfoniya yazıram. Həmin simfoniyada azan səsindən istifadə edəcəyəm. Görürsən nə gözəl səsdir”. Əmisi məcbur olub azan qurtarana qədər gözləyir.

Tofiq Quliyevin xatirələrindən

Rəhmətlik Tofiq Quliyev Asəflə bağlı xatirələrindən maraqla danışardı. Onlara gedəndə xahiş edərdik ki, bizə Asəfdən danışsın. Nə qədər demək, danışmaq olar? Bu xatirələrin sonu görünməzdi.
Hərdən sevgisindən söz açardı. Sən demə, Asəfin sevdiyi qız varmış. O gizli məhəbbəti heç kimə bildirməzmiş. Bu bizə də sir kimi qaldı. Qızı nə görə bildik, nə tanıya bildik.
Günlərin birində Tofiq müəllim dərsə gedirmiş. Məktəbin yaxınlığında qarşıdan gələn Asəfi görür. Yanında da o qız. Tez qaçıb ağacın arxasında gizlənir ki, görsün Asəf hara gedir. Beləcə gününü onları izləməklə keçirir. Dərs də yadından çıxır. Oğlunun evə gec qayıtmasından nigaran qalan ata başlayır onu danlamağa. Atasının əsəbiləşdiyini görən Tofiq müəllim yalan danışmağa məcbur olur. Bu vaxt qapının ağzında Asəf görünür. Səhərdən bəri onu addım-addım izləyən dostunun yalanını ört-basdır edir. Gizlində isə “dayan hələ bir, bu heyfi səndə qoysam, atamın oğlu deyiləm”- deyir.

37-ci ildə onu öldürəcəkdilər

Asəfin çox əsərləri vardı. Atam sağ olanda bizə çoxlu adamlar gəlirdi. Onun materiallarını istəyirdilər. Atam da verirdi. Deyirdilər nəsə yazacağıq. Nə yazdılar, nə də o materialları geri qaytardılar. Az işləri qalıb bizdə. Hələ ki, etibar edəcəyimiz adam yoxdur. Elə nəslimizdə də onun yolu ilə gedən yoxdur. Nə deyim vallah, bəlkə gələcəkdə kimsə seçdi o yolu. Yazdı, yaratdı. Bax onda həmin adam Asəfin yarımçıq qalmış əsərlərini tamamlayıb qurtaracaq. Anam həmişə deyərdi ki, Asəf sağ qalsaydı da mənası yox idi. 37-ci ildə güllələyəcəkdilər onu. Belə adamları yaşamağa qoymazdılar.

Xəstəxana divarlarına yazılan simfoniya

1932-ci il idi. Özü də bahar fəsli. Təbiət al-əlvan dona girmişdi. Bir gün Bülbül Asəfgilə gəlir. Deyir, Asəf, Qarabağa gedib, ordakı xalq mahnılarını toplayıb gətirmək lazımdır. Nədənsə getmək istəmirdi Asəf. Amma Bülbülün arzusunu ürəyində qoymadı, getdi. Gözəl mahnılar toplayıb gətirdilər. Hələ Qarabağda ikən Asəf xəstələnir. O vaxtlar tif xəstəliyi geniş yayılmışdı. Evə gəlir. Səhərə qədər qızdırma içərisində yata bilmir, həkimin məsləhəti ilə xəstəxanada yatmalı olur.
Asəf xəstəxanada yatanda əmim ona baş çəkməyə gedir. İçəri girəndə görür ki, Asəf divara nəsə yazır. Heç kimə baxmadan yazır. Yaxınlaşır, qolundan tutur. -Asəf, bir dayan görüm, nə yazırsaan?
Əmimin sualı cavabsız qalır. Bu hadisədən bir neçə gün sonra onun halı daha da pisləşir. Ömrünün bitəcəyini duyan Asəf əmisini yanına çağırır və ogünkü sualının cavabını verir. Əlini divara apararaq “bu, mənim simfoniyamdır”- deyə ordakı yazıları, notları göstərir.
-Bilirəm, əmi, ömrümə lap az qalıb. Öləcəyəm, öləndən sonra qoymayın o notlar divarda qalsın. Köçürün kağızlara.
Heyf ki, bitmədi, yarımçıq qaldı o notlar. Notlar kimi arzuları da, niyyətləri də yarımçıq qaldı Asəfin…
-Talesiz, bəxtsiz Asəfim. Bizlərdən niyə belə tez ayrıldın? Tərk etdin bu dünyanı. Sən bizdən ayrılsan da biz həmişə səninləyik. Sən ürəklərdə qalacaqsan. Axı böyük insan olmusan. Yazmısan, yaratmısan, pozulmayan izlər qoyub getmisən. Əgər ömür vəfa etsəydi, kim bilir nələr edəcəkdin. Dünyanı lərzəyə gətirən əsərlər yazacaqdın.
Susur. Haradansa uzaqdan, çox uzaqdan bir nəğmə səsi gəlir qulaqlarıma. Bu səs titrəyən ürəklərə layla çalır elə bil. Həm də ürək-dirək verir. “Mən həmişə yaşayacağam, məndən ötrü kədərlənməyə dəyməz”-deyir.
Sevinc






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, İyun 15th, 2007 tarixində 00:59 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Nemat adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 17:45 yazıb:

    cox gozal hazirlanib yuxarida yazilanlar

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: