Baharın 17 anı
Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 18 Haziran, 2007![]()
Həmid Herisçi
ÖLÜMÜN 17 ANI
Küləyin ilk nəfəsiylə
Bakı bağlarındakı
Susuz aftafalar
böyrü üstə yıxılırsa,
müdrik şairlər ölümü
səfehcəsinə
buna oxşadırsa…
Qatar növbətçisinin
qapını taqqıldatması,
sərnişinləri -
minillik ölüləri
yuxudan oyadırsa,
həyata qaytarırsa…
icazə ver ölümdən
özüm danışım…
İcazə ver,
çap hərifləriylə yazım
bu fikirlərimin əlyazmasını,
qəzetlərin başlığına çıxarım
gözlərimin qızartısını,
sonra qoy başqaları yazsın
düşüncələrimin ardını.
Bahardan sonra gələn
ölümün 17 anını,
icəzə ver hamıya
özüm danışım
***
Lap əvvəl
Yuri Qaqarin öldü.
O vaxt birinci sinifdə-
ölümün birinci pilləsində
hüdudsuz bir kədər duydum…
Şəhər nəqliyyatının hərəkətini
beşcə dəqiqə dayandırdılar,
dərsdə aldığım bütün “beş”ləri
həmin beş dəqiqənin hesabıyla,
riyaziyyatıyla
puça çıxartdılar,
“cəm”ini hesabladılar
ölkədəki bütün hissiyyatların…
Dərslər ləğv oldu,
Göylər məhv oldu
Həmin gün…
Qaqarinin külünü
Kremlin divarlarına hördülər…
O gün, Şeyx Nəsrullahın
diriltmək istədiyi bütün
“ölülər”,
geriyə – qəbirstanlığa döndü…
Qonşuluqda kimsə öldü.
***
Sonra, “ZİL” nişanlı soyuducumuz,
Varşavadakı, Praqadakı
bir-iki dostumuz,
Təbrizdəki
inqilabçı qohumumuz,
“Vişnyovka” bağındakı xoruzumuz,
ürəklərimizdəki bir-iki duyğumuz,
erməni qonşumuz
Suren
öldü.
Bircə, qorxumuz
ölmürdü, ölmürdü…
***
Sonra SSRİ öldü…
Onun öldüyü gün
qoca tarix,
Tarix müəllimimiz
Xudaşirin kişi kimi
savadsız, tərbiyəsiz idi,
burnunda eşələnir,
şagirdlərə qiyməti
düz vermirdi.
Sonra Şuşa öldü,
Sonra Ağdam.
Sonra, binamızın
liftləri dayandı,
qapımızın çırağını qaçqınlar
oğurladı…
Sonra ağacları kəsdilər
həyətimizdə,
sonra nə isə baş verdi
evimizdə -
atam öldü, anam getdi,
“Vixr” tozsoranımız
işləmədi.
Usta baxdı qapımızın
sovet qıfılına, dedi:
“dəyişilməlidi”…
həyətimizi süpürən süpürgəçi-
dəlitəhər rus qızı,
qeybə çəkildi.
“Şkolnik” kitab dükanı
özəlləşmədə itdi…
***
“Baharın 17 anı” filmi,
ölümün 17 anı filmiylə
əvəzləndi,
saçlarımın alaq otları-
qara otları,
fikirlərimdən əl çəkmədi.
İtib getdi
yayda tut yemək həvəsi…
Dilimizin izahlı lüğəti
“ölüm” sözünü izah etməkdə
çətinlik çəkdi.
Bakıya “millilik” gəldi
ölüm kimi…
ölüm kimi…
Lenin demiş:
“kapital təmərküzləşdi”…
Talvarımızdakı
üzüm tənəyinin yarpaqları,
arvadların şüşə balonlarında
gizləndi…
***
ƏSƏRİN ALT YAPISI-ALT QAPISI
Tanınmış sovet rejissoru Tatyana Lianozovanın yazıçı Yulian Semenov (Lyandres) ilə birgə çəkdiyi məşhur “Baharın 17 anı” adlı sox seriyalı kinodastanını (Mosfilm, 1973) oxuculara təqdim etməyə, inanın, qətiyyən ehtiyac yoxdur. Lakin, həmin əsərin daxilində öz həyatıyla yaşayan çox gizli mətləblərə diqqətinizi yönəltsək, görəcəksiniz ki, paho, ay atan rəhmətlik, heç bilməmişik, papaq altında yatan sirlər, əfi ilanlar, ağlasığmaz sehirlər, gələləcəyə ünvanlanmış ciddi xəbərdarlıqlar varmış ki, bu kinolentin canında. Özünüz yapışacaqsınız ətəyimizdən ki, bir az da danışın, bu film barədə, sovet dövründə biz ona bir başqa gözlə baxmışıq, hardan biləydik ki, köhnə filmlərə yeni dövrlərdə bir başqa cür nəzər yetirmək də mümkünmüş. Bəli, “mus-mus”la qurtarıb fikrimizin “Mustafa”sına gəlib yetişdik. Sənət əsərləri zaman keçdikcə öz üst qatını itirir, daha çox öz daxili, gizli mətləblərini yavaş-yavaş açıb üzə çıxarır. Sovet dərsliklərindəki “Lenin Razlivdə” şəkilinə vallah, mən indi tam başqa gözlə nəzər yetirirəm. 17-ci ilin isti iyulunda Peterburq ətrafındakı bataqlıqlara sığınmış Ulyanov Lenin bilirsiniz mənə kimi xatırladır? Deyimmi kimi?- düşmənlərindən qaçıb Fələstin səhralarına çəkilmiş İsa peyğəmbərin provaslav ikonalarındakı təsvirini! Bolşevik təbliğatı, Rus provaslav yaddaşındakı bu rəmzi işarəni, fikir verin, necə ustalıqla yenidən redəktə edib… Həmin rəmzin alt qatını saxlayıb, üzərinə şalaşda gizlənən Leninin şəkilini yapışdırıb.
Bəlkə yaddaşımızdakı qədim rəmzləri həmişə bax bu cür yeniləmək lazımdır, həə?
Bəlkə, həmin rəmzləri bolşeviklər heç də məhv etməyib, sadəcə, bir azacıq modernləşdirib? Xristianlığın ilkin mənasını, ruhunu saxlayaraq onun üst rənglərini təzələyiblər?
Qətiyyən dəyişməyiblər onun əzəli dramaturgiyasını.
Bu baxımdan Tatyana Lianozovanın ölməz kinodastanı barədə öz fərziyələrimizi sizə çatdırmaqda tələsmirik.
Fikirlərimizi təsdiqləmək üçün hələlik bir başqa əsər barədə sizlərlə söhbətləşək.
***
Məsəlçün, Qorkinin “Ana” romanına bir başqa gözlə baxmağımıza indi kim mane ola bilər ki bizlərə? Köhnə stalinist senzorlarmı? Onlar ki, çoxdandır Bakı bulvarında domino vurur, səyyar ticarətçilərin satdığı feyxua limonadından içincə gözlərinə nur gəlir, arsızlıqlarına salıb öz köhnə günlərini xatırlayırlar… Beləysə, gəlin həmin əsərə postmodern bir yanaşma tərzini nümayiş etdirək – bu əsərdə Maksim Qorki, müqəddəs “İncil”i öz dövrünün ədəbi-siyasi sifarişinə uyğunlaşdıraraq onu kilsə monopoliyasından çıxarıb, Müqəddəs Məryəm əfsanəsini marksizmə, onun “sinfi mübarizə” müddəasına şərik edib. Öz oğlu Pavel Vlasovu sinfi mübarizə yollarında qurban verən əsərin baş qəhrəmanı Palegeya Nilovna əslində Müqəddəs Məryəm tarixçəsini bir başqa tərzdə yenidən yaşayan adi rus qadınıdır. Demək ki, bu əsərdə təzə heç nə yoxdur – yenə də Müqəddəs İsa (Pavel Vlasov), yenə də ana Məryəm (Palegeya Nilovna) əfsanəsi, vəssalam! Bütün bunlar bir daha sübut edir ki, əski əfsanələr əslində ölməzlik ruhuna malikdir, tarixin hər yeni mərhələsində onlar ilan kimi öz köhnə qabıqlarından çıxmalı, istedadlı sənətkarların müdaxiləsi ilə bir başqa şəkildə – dövrün tələb etdiyi şərtlərlə! – həyata qayıtmalı, iti yazıçı qələmi vasitəsi ilə öz itirilmiş müqəddəsliyini yenidən bərpa etməlidir. Bütün bunlar marksist Maksim Qorkinin əslində dini yazıçı, İsa peyğəmbərin növbəti bir apostolu, xavəri olduğuna dəlalət etmirmi, həə? Özünüzü aldatmayın – edir! Demək, sovet dərsliklərindən “İncil” əslində çıxarılmayıb, əksinə, orda bu əsər Qorkinin redəktəsi ilə tam yenilənmiş bir şəkildə, daha diri, daha müasir, realist bir qiyafədə məktəblilərə təqdim edilib! Onun simvolist-dini versiyası isə yasaq olunub. Çağdaş postmodernizm də məhz bunu təsdiq edir, o, köhnə mətnlərin yeni intrepetatsiyalarını cəmiyyətin inkişafı üçün ən vacib şərtlərin biri olduğunu təsdiqləyir.
Qorkinin “Ana” əsəri mövzusunda sərbəst inşa yazan hər bir sovet məktəblisi kimi mən, yalnız indi bunu dərk edirəm.
Neyçün mən bunu o vaxtlar anlamırdım? Neyçün?
Demək, sovet məktəbində, təəccüblənməyin, biz həm də dini təhsil almışıq.
İdeologiya – qoy o, lap atest mahiyyətdə olsun! – gördüyümüz kimi, həmişə əski dini mətnlərə söykənir. Mərəkə indiki təhsil sistemimizdədir. İndi orda heç bir ideologiya – yəni əslində heç bir dini əsər təbliğ olunmur.
Qorki kimi inqilabçı yazarlar ötən əsrin ilk rübündə dini mövzuları diriltməklə sözün gerçək mənasında sanki İsanın, Məryəmin yeni zühurunu- bu dəfə sadə Sarmova fəhləsi şəklində! – təmin etmiş, bu işin öhdəsindən provaslav kilsəsinin gəlmədiyini gizli-açıq şəkildə cəmiyyəti xəbərdar etmişdilər. Özünüzü dağa-daşa salıb bu fikrimizin alnına “yox!” nidasını yapışdırmayın. Bəli, bu belədir, yuxarıda dediklərimizin bir başqa izihı mövcud deyil. Qorki kimilər sübut edirdilər ki, İsanın yeni zühuru yalnız sinfi mübarizə meydanlarında mümkündür.
Yazıçılar isə məhz əski dini mətnləri yeni redəktədə meydana gətirməklə öz yaradıcılıq imkanlarını genişləndirib bu sahədə xüsusi uğurlar qazana bilərlər.
Qoy çağdaş Azərbaycan yazarları bunu qulaqlarına sırqa etsin.
***
Bakı metropolitenində şütüyən qatarların qapılarına, özünüz şahidsiniz, neçə illərdir ki,“söykənməyin!” əmri həkk edilib. İndiki etibarsız zamanada bu ifadəni, diqqət edin, ətrafımızda müşahidə etdiyimiz bütün canlı-cansız aləmin kürəklərinə də yaza bilərik. Həmin qısa kəlməni Qorki barədə bayaqdan dediklərimizin alnına da yazmaq mümkündür. Lakin, biz, bu qənaətə gəlib, sosialist realizminin birbaşa müqəddəs mətnlərdən qaynaqlandığını israrla bir daha təkrarlayırıq.
Bədii mətnin altşüurunda yatanları öyrənən indiki Qərb filologiyası Umberto Eko kimilərin simasında bütün bunlara çox ciddi yanaşır. Ədəbiyyatın bu cəhətini onun şüurlu tərəfindən üstün bilən çağdaş filoloqlarla biz də həmrəyik. Azərbaycan ədəbiyyatı altşüuru öyrənmək işində hələ də öz tədqiqatçısını tapmayıb. Halbuki, yalnız bu sahənin tədqiqi ədəbiyyatımızı daldığı ayı yuxusundan oyada bilər.
Bu cür altyapı T. Lianozovanın “Baharın 17 anı” filmində də vardır. Gəlin, indi bu barədə danışaq.
ŞTİRLİTSİN SAATI
Adı dillər əzbəri olan bu filmin üst qatı, valah, həddən artıq sadədir: Baş qəhrəman Ştirlits-Tixonov (SSRİ-nin personofikasiyası) faşist Almaniyası ilə təkbətək döyüşə girərək son nəticədə ona qalib gəlir. İnananın atasına min lənət! Lakin filmin alt yapısında çox gizli postmodernistik bir sirr mışıl-mışıl yatır: V.Tixonov-Ştirlits öz əxlaqı, həyat təcrübəsi, davranış tərzinə görə artıq sovet insanı deyil, təpədən dırnağa qədər almandır. Yəni o, Almanya üzərində qələbə qazansa belə, həmin ölkə də öz növbəsində Ştirlits üzərində qələbə çalıb, sovet supermenini almanlaşdırıb. Şərhlərimizi daha uzatmayaq – filmdə nəinki SSRİ-nin, həm də Almanyanın qələbəsi rəmzləri, işartılırı da mövcuddur. Adı çəkilən kinolentdə daxili gizli bir ziddiyyət var, onun sayəsində SSRİ-nin qələbəsi şübhə altına düşür, son nəticədə bütün bunlar bizi 1990-cı ildə bir ölkə kimi əsl məğlubiyyətə gətirir – SSRİ Almanyaya məğlub olur, Berlin çəpəri aradan götürülür, alman xalqı, azəri qardaşlarımızdan fərqli olaraq birləşməyi bacarır.
Keçək əsasa məsələyə.
Əsərdə mövcud olan qəribə bir numeroji sirri qeyd etməsək yuxarıdakı fikirlərimiz sizlərə çox da inandırıcı görünməz – onun lentə alındığı 1973-cü ilin üzərinə “Baharın 17 anı”nı artırsaq,1990-cı ilə, Almanyanın birləşdiyi, SSRİ-ninsə süqut etdiyi tarixi zamana gəlib yetişərik. Təsadüfü deyil ki, film boyu biz, tez-tez, vaxtaşırı saat səslərinin taqqıltısını eşidirik. Yavaş-yavaş, dəqiqəbədəqiqə 1990-cı ilə, SSRİ-nin tarix səhifələrindən silindiyi vaxta yaxınlaşırıq. Bu ölkəni səhnədən pozan qüvvə elə həmin “Baharın, yaxud ölümün 17 anı”dır”. Yadınıza salın – bu filmdən gələn saat taqqıltısının səsi, bütün 70-80-ci illər boyu biz sovet insanlarının qulaqlarında səslənib.
Ştirlitsin saatı ölkəmizi hər dəqiqə ölüm dərgahına yaxınlaşdırıb.
Vaxtımızı yeyib tükədib.
Sonra da deyirsiz dünyada mistika yoxdur.
Var.
Böyük imperiyaları dağıdan qüvvələr onun ölüm saatını həmişə tam dəqiqliyiylə qurub-quraşdırırlar.
Həmin saat son saniyəyədək öz taqqıltısına ara vermir.
Allah bizi belə saatların həm səsindən, həm son sükut dəqiqəsindən qorusun.
Ancaq, sütunsuz göylər bizi bu saatın zavallı qurbanına çevirdi.
***
Bəli, bu film “elə belə” səhnələşdirilmiş əsər deyil, diqqət edin, o, uşaqlar üçün çəkilmiş multfilm də deyil. O, “yaşlı”, saqallı uşaqlar üçün qurulmuş psixoloji bir oyundur. Yaddaşınızı silkələyin, əsərdə daha nədən söhbət gedir? İsveçrədə aparılan separat, pərdəarxası, gizli danışıqlardan! Bəlkə, Yulian Semenov 45-ci ildəki danışıqları deyil, 70-80-ci illər Cenevrəsində cərəyan edən bir başqa separat sövdələşmədən xəbərdar etmək istəyir sadə sovet insanlarını? Bəlkə, həmin tarixdə Cenevrədə bir başqa pastor Şlaqlar, müqəddəs Vatikanın vasitəçiliyi ilə yeni sövdələşmələr aparıblar? Bu dəfə sovet hökumətindən deyil, sovet xalqından gizlin? Özü də elə həmin sovet bürokratiyasının özü, o cümlədən adıbədnam KQB də bu söhbətlərin iştirakçısı olub? Bəlkə SSRİ-nin demontajı, şanlı Oktyabr inqilabı ənənələrinin satış bazarı acı röya, çox seriyalı bədii bir film yox, tam real bir hadisədir?
Həə, bax bu burda biz, Ştirlitsin yoxluğunu hiss etməliydik.
Hiss etməliydik. Hiss etməliydik.
TƏRK-SİLAH ÜZRƏ CENEVRƏ DANIŞIQLARI
Ürəyimizə damıb… damıb ki, siz bizim fikirləri o qədər də inandırıcı saymırsız. Deyirsiz ki, əşşi, bu yekəbaşlara baxın bir, Almanyadan vurub Cenevrədən çıxırlar, onlara üz versək Leninin Cenevrədə keçirdiyi mühacirət günlərini də ağlasığmaz şəkildə gətirib gözümüzə dürtərlər… Tələsməyin, önə sürdüyümüz müddəalara pəl vurmaq haqqınızı qətiyyən danmırıq. Bu yerdə bizim köməyimizə çağdaş semiotika elmi, Qərb alimlərinin ən müasir mətnşünaslıq araşdırmaları gəlir. Onlara söykənərək gətirdiyimiz dəlillərdə haqlı olduğumuzu sizlərə sübut edəcəyik. Ən ədabaz nümayəndələriniz belə qalacaq yana-yana!
Həə, indiki filologiya elmi keçmişinkindən xeyli fərqlənir. Bəli, indiyə qədər o, bir əsas müddəa üzərində həmişə israrlı olub – bədii mətnin baş fikri onun müəllifi tərəfindən irəli sürülür, onun istəklərindən kənarda bədii mətndə heç nə yoxdur, beyninizi boş yerə yormayın, mistika-zad axtarmayın Yulian Semyonov kimilərin ədəbi irsində. Səhrada ilğım, fantom çox olur, ədəbi əsərdə yox! Lakin, Umberto Eko başda olmaqla italyan semiotikləri bu fikrin atasına od vurub sübut etdilər ki, müəllifin məqsədi ədəbi mətndə heç də həledici mahiyyət daşımır. Bədii söz aləmi intertekstualdır, orda müəllifin özündən asılı olmayaraq onlarca digər məna mövcuddur. Ədəbi mətni, ilk olaraq bədii dramaturgiyanın özü yaradır, nəinki müəllif. Əgər, müəllifin qarşısına qoyduğu məqsəd əsərin aparıcı xəttinə çevrilsəydi, ədəbiyyat dönüb olardı elm, özünü təkzib edərdi. Ədəbi mətn isə rasionalizmə yox, mistikaya söykənir, bu baxımdan onun daxilində yüzlərcə digər mənalar öz müstəqil həyatıyla yaşayır.
Beləliklə, çağdaş semiotika elmi bizim mülahizəyə yaşamaq hüququ verir -Yulian Semyonov öz əsərində SSRİ-nin süqutu tarixini göstərmək istəməsə də, bunu onun yerinə ədəbi mətnin özü həyata keçirib.
Bədii mətnin hökmü isə həmişə müəllif iradəsindən asılı olmayaraq daha dərin mənalara malikdir. Rus filoloqu Sergey Reynqoldun tədqiqatlarında bizim müddəalarla səsləşən bəzi fikirlər var: “tekst qovorit vse, za isklöçeniem toqo, çto xotel skazatğ avtor”.
“Baharın 17 anı” filmini “Ölümün 17 anı”na çevirən, SSRİ-nin süqüt edəcəyi tarixi orda tam dəqiqliyi ilə göstərən gizli qüvvə, heç də Yulian Semyonovun özü deyil.
Bir başqa qüvvədir o.
Bəlkə də o, Ştirlitsin sovet xalqına göndərdiyi sonuncu gizli mesajdır.
***
İndisə, gəlin, mistikanı bir kənara qoyub adi gerçəkliyə qayıdaq. Qayıdaq Cenevrə gölü, London “Hayd park”nın gözoxşayan mənzərələrinə. Əyləşək oradakı taxta skamyalar üzərində, bir az xatirələrə dalaq, görək 80-ci illər Londonuna qonaq gəlmiş sonuncu sovet lideri Mixail Qorbaçov “Pikadilli” meydanından keçib “Dauninq-strit”dəki Marqaret Tetçerin iqamətgahına necə daxil olur. Hansı söhbətlər aparır, hansı sirləri bölüşür orda bu iki çoxbilmiş siyasətçi. Çağdaş rus yazıçısı Mixail Kalaşnikov ölkənin taleyini həll etmiş bu söhbətləri belə təsvir edir:
“Qəfildən Qorbaçov çantasını açıb ordan dört qat bükülmüş bir vərəq çıxardı. Qorbaçov onu açıb söhbət iştirakçılarının bütün diqqətini həmin sənədə yönəltdi. Aman Allah, üzərində SSRİ Qenştabının
tam məxfi möhürü olan bu sənəddə Britanya adasındakı bütün strateji nöqtələr qırmızı xətlə işarələnmişdi. Adaya vurulacaq atom zərbəsinin hardan istiqamətləndirilməsini görüncə ev sahiblərinin gözləri çıxdı kəllələrinə, onlar öz nitq qabiliyyətlərini əməlli-başlı itirdilər.
Əməliyyatı həyata keçirən ağır təyyarələrin tam uçuş trayektoriyası britaniyalı diplomatların iti baxışlarından yayınmadı.
Məclisə xüsusi narahatlığın çökdüyünü hiss edincə Qarbaçov aradakı sükutu pozdu:
- Cənab baş nazir, bütün bununla artıq qurtarmaq lazımdır.
Diplomatlara xas olan soyuqqanlılıqla özünü tez ələ alan xanım Tetçer cavab verdi – “Bəli”. Siyasətdə kifayət qədər bişmiş bu qadın, hansı tarixi məqamda olduğunun tez fərqinə varıb ayağa qalxdı, sərt sifətinin təbəssümünü artırdı, Qorbaçovun qoluna girərək ona öz iqamətgahını göstərmək niyyətində olduğunu xüsusi bir ahənglə vurğuladı… Ancaq, xanım baş nazirin mavi gözləri tamam başqa mətləblərə işarə etməkdəydi”…
***
1984-cü ilin sentyabrında baş vermiş bu görüşdən apardığımız maraqlı reportajımızı burada kəsək. Qoxmayaq, islanmışın yağışdan nə qorxusu? – həmin ilin aprel ayında Cenevrədəki bir başqa diplomatik təmaslardan söz açan sovet diplomatı İsraelyanın xatirələrinə söz verək. Yazıçı Mixail Kalaşnikovun iti qələmi burda da bizim köməyimizə gəlir:
“İsveçrədəki Amerika səfiri Filds, Cenvrədəki sovet-amerikan siyasi danışıqlarından zamanı fürsətdən istifadə edərək, məni restoranda şam yeməyə dəvət etdi. “Tərk-silahlanma, Avropada silahların azaldılması” konusunda keçən yorucu danışıqların Cenevrə gölünə baxan rahat bir isveç restoranda, – özü də çox dar dairədə, – davam edəcəyinə əvvəldən hazırdım deyə, təklifə razılıq verdim. Söbətimiz Vyetnam xatirələrindən başlayıb Nikaraqua mətbəxinin özəllikləriylə davam edirdi. Qəfildən səfir tam ciddi bir görkəm aldı:
- Vaşinqton, sovet rəhbərliyi ilə ciddi əlaqə qurmaq istərdi. Vitse-prezident cənab Buş, Cenevreyə səfəri zamanı müasir sovet liderlərindən biriylə görüşməyə hazırdı. Görüş qeyri rəsmi, diplomatik protokoldan kənar mahiyyət daşıyacaq.
Mənim “təklifinizi dəqiqləşdirin, sovet liderlərindən məhz kimlə görüşmək niyyətindəsiniz?” sualıma əvvəldən hazırlanmış qısa cavab gəldi:
Mixail Qorbaçov”.
***
“Baharın – ölümün! – 17 anı” filmindəki saatın amansız taqqıltısı, çəkinmədən düz deyin, söhbətimizin bu yerində qulaqlarızda səslənmədi ki?
Bizimkində səsləndi.
Həmin əsərin baş qəhrəmanları – general Volf, Amerika Mərkəzi Kəşfiyyat idarəsinin rəhbəri Alen Dalles, SSRİ-nin o vaxtkı rəhbərliyi bir başqa qiyafədə, başqa siyasi aktyorların ifasında yenidən dirilib gözlərimiz önündə dayandılar. Hətta bahalı fransız şərabının dadına da baxdılar müşahidə etdiyimiz söhbətlərin birində.
Erməni ləhcəsiylə ingiliscə deyilmiş “Qarabağ” kəlməsi də, deyəsən bircə saniyə, söhbətin ümümi ahəngini pozmaq istədi.
Sözsüz ki, həmin görüşlərin öz qurbanı- öz doktor bleyşnerləri də olub. Allah onlara rəhmət etsin.
Sən demə, Cenevrədə aparılan “tərk-silahlanma, silahların, gərginliyin azaldılması” konuları bir əfsanə imiş. Orda bir başqa tərk-silahlanma konusu gündəmdəymiş.
İdeoloji tərksilahlanma konusu.
ALDIQ MƏKTUBUNU, MƏHƏMMƏD QACAR…
Stalin represiyalarında həqiqi kommunistlərin öldürüldüyünü, əvəzində hakimiyyətə partiya bürokratiyanın gəldiyini vurğulayan sonuncu proletar ideoloqu, peşəkar inqilabçı silkinin son nümayəndəsi Lev Trotski deyəsən bu məqaləmizin iştirakçısı olmağa tələsir. Onun zəngin irsinə müraciət etməyimizin deyəsən tam vaxtı yetişib.
O, yazırdı: “Peşəkar inqilabçıları simasız bürokratlarla əvəzləyən Stalin, bu hakim təbəqəni yeni istirmarçı sinfinə çevirib. Məhz onların səyi nəticəsində ölkədə dövlət kapitalizmi yaranıb, xalq ölkəni idarəetmə mexanizmindən uzaqlaşdırılıb. Yeni burokrat sinif ixtiyarındakı hakimiyyəti az sonra öz övladlarına ötürmək istəyəcək. Özünə varis axtaracaq. Gec-tez bu bürokratlar Oktyabr İnqilabının yükünü çiyinlərindən atacaq, kapital dünyası, imperializmlə əlaqəyə girib ölkəni yadelli sahibkarlara satacaqlar. Düzdür, planlı iqtiyadiyyat, proletar Qızıl Ordunun varlığı bu niyyətlərin həyata keçməsinin bir müddət qarşısını alacaq. Ancaq, stalinistlərin ölkəni yenidən vəhşi kapitalizmin ağzına atacağı artıq heç kimdə şübhə doğurmamalıdır”.
Sovet diplomatiyasının Cenevrədəki gizli danışıqları əslində başqa “tərk-silahlanma” mövzusu ətrafındaydı – ideoloji tərk-silahlanmadan, kommunizmdən imtinadan söhbət gedirdi orda. Partokratlar, Trotskinin dediyi kimi, şanlı Oktyabr inqilabının ənənələrini satmaq barədə məxfi danışıqlara başlamışdılar.
Həmin danışıqlar nəticəsində köhnə partnomenklatura ölkə sərvətlərini öz ailə üzvlərinə ötürməyi bacardı.
Azərbaycanda ki bu lap göz qabağındadır!
Trotskinin eynən dediyi kimi.
SONUNCU QƏHRƏMAN
Ştirlits surəti sovet ideologiyasının sənətdə yaratdığı sonuncu qəhrəmandır.
Həyatda deyil, rəngsiz sovet televizorlarının ekranlarında yaşadı o. Dünyaya ayaq basmadı.
Filmi bir də yadınıza salırıq – “Mərkəz”lə əlaqəsi üzülən bu qəhrəman özünü itirmir. Öz daxilindəki bir “Mərkəz”lə əlaqə qurub partiya tapşırığını həyata keçirir.
Biz, köhnə sovet insanları bu “mərkəz”i öz daxilimizdə tapmağa məhkumuq.
Məhkumuq!
Tapşırığı yerinə yetirməsək, bizim də taleyimiz, üzü Cenevrə gölünə baxan rahat bir restoranda həll olunacaq.
Yadınızda saxlayın, İsraelyanın iştirakıyla keçirilən həmin söhbətlər zamanı “neft, Qarabağ, Sumqayıt” kəlmələri az da olsa, həmişə səslənib. SSRİ-nin beş sütünundan biri sayılan “xalqlar dostluğu” anlayışını dağıtmaq fikri də, məhz həmin restoranda irəli sürülüb çox güman.
***
“Ölümün 17 anı” sizcə, başqa bir 17-nin – yəni, 1917-ci ilin, onun şanlı Oktyabr inqilabının qəbrini qaza bildimi?
Bu il həmin ölməz inqilabın 90 illiyidir.
Məqaləmizi onun ölməzliyinə ithaf edirik!





Yüklənir...
Həmid Herisçinin məqaləsi çox maraqlıdır. Sən demə, “baharın 17 anı” ifadəsi ona işarə imiş ki, bu film çəkiləndən (1973) 17 il sonra SSRİ dağılacaq… Amma mən başqa bir məsələyə münasibət bildirmək, burdakı “Umberto Eko başda olmaqla italyan semiotikləri sübut etdilər ki…” cümləsinin ucundan tutub ucuzluğuna getmək istəyirəm. Belə ki: son zamanlar Həmid bəyin və həmçinin mənim U.Ekonun və semiotikanın adı hallanan yazılarımızdan belə yanlış təsəvvür yaranır ki, semiotikanın banisi Ekodur və dövlət siyasəti, ideoloji strategiyaların semiotik dillə öz təbliğatını aparması faktını ilk dəfə Eko üzə çıxarıb.. Bu qeydi yazmaqda məqsədim bu təsəvvürü aradan qaldırmaqdır. Rusca desək, Eko ne otkrivatel, a populyarizatel. Mən özümüzə (Azərbaycanda semiotika barəsində danışanlara) bir irad tuturam ki, semiotika haqda danışarkən Ekodan daha əvvəl semiotik tədqiqatlar aparmış Çarlz Pirsi, Ferdinand Sossuru və digərlərini gözardı etməyək və bu elmi Ekonun adı ilə məhdudlaşdırmayaq. Hətta Ekonun semiotikası bir neçə hazır semiotik (ümumi və xüsusi)məktəbin calağıdır – da demək olar. Sağ olun.
Bax buna varam!!!!!
Belə ağıllı və maraqlı yazılardan çox olsun!!!!
Əgər Həmid bəy burda yazılan şərhləri oxuyursa, onda bu şərh həm izn, həm də xəbərdarlıq olsun. Yuxarıdakı bəzi fikirlərinizi qüvvətləndirmək və özümü də çoxdan bəri düşündürən məqamları açıqlamaq niyyəti ilə bu yazınıza zeyd yazmaq istəyirəm. Mənə uğurlar:))))