“Qəddarlıq alicənablığın ən yuksək pilləsidir, ağrı- özlüyündə gözəldir, qadınlarsız bu dünya daha yaxşı olardı”
Aygün Aslanlı
Daima Hollivudun güzəştlərə getməsindən nifrətlə danışan kinotənqidçilər Kevin Smitin “Supermarket əyləncələri” filmindəki İten Saplinin qəhrəmanına - gombul Uilyama bənzəyirlər. O yazıq hər səhər cibinə buterbrod və koka-kola qoyaraq supermarketə gəlirdi ki, reklam stereoqrammasında təsvir olunmuş yelkənli qayığı diqqətlə nəzərdən keçirsin. Həmin təsviri uşaqlar və ağıldankəm narkotik alverçiləri dəqiq görürdülər. Onu “Ayaqaltı” ayamalı Triş görürdü, yerli polislər görürdülər. Gombul Uilyam isə sadəcə boz fonda qara nöqtələr görürdü. Başqa heç nə. Uilyamın bədbəxtliyi onda idi ki, o, başqaları üçün tamamilə aşkar olan bir şeyi daha dərindən anlamağa, görməyə çalışırdı.
Bret İston Ellis “Politkorrekt (siyasi nəzakətli) olmaq artıq dəb deyil. İndi antipolitkorrekt əsas tendensiyaya çevrilib” deyəndə nəyi nəzərdə tutduğunu yaxşı bilir. Çünki o, Amerikanın böyük politkorrekt siyasətinin tabutuna sonuncu mismarı çalanlardan biridir. Onu gah Heminquey və Dostoyevskini özündə birləşdirə bilmiş dahi yazıçı, dövrün səsi, gah da “pornorqrafiya və psixopatlar üzrə ixtisaslaşmış” pis yazıçı adlandırırlar. B. İ. Ellisin “Amerika psixopatı” adlı romanı 1992-ci ildə işıq üzü görmüşdü. Roman varlı, dəbin incəliklərindən xəbərdar olan, ən yaxşı restoranların yerini bilən və asudə vaxtını təsadüfi və qeyri-təsadüfi tanışlarını öldürməklə keçirən gənc kişidən bəhs edir.
“Psixopat”ın ən dəhşətli qanlı səhnələri haqqında informasiya mətbuata sızandan sonra (Uoll - Stritdən olan varlı biznesmen bir-birinə bənzəyən günlərini ucuz fahişənin kəsilmiş başı ilə cinsi əlaqəyə girərək və ya qonşunun itinin dərisini soyaraq maraqlı etməyə çalışır) yazıçını “persona non qrata” elan etdilər. Birinci dəfə kitabın çapını boynuna götürmüş nəşriyyat son anda müqavilədən imtina etdi. Çünki nəşriyyatda kitabı oxumuş bütün qadınlar bir ağızdan onun çapına qarşı çıxmışdılar. Kitabı başqa nəşriyyat buraxdı. O, buna görə Berton Ellisə 300 min dollar ödədi. Bundan sonra hər şey artan templə inkişaf etdi. Amerikanın nüfuzlu qadın təşkilatlarından biri - hiperaqrressiv Qadınların Milli Cəmiyyəti onun əleyhinə ayağa qalxdı. Çoxdan heç bir qalmaqalda iştirak etməyən feministlər döyməyə adam tapmışdılar. Kitabın naşirini qlobal sürgünə məruz qoydular, İstonun televiziyada və radioda qabaqcadan planlaşdırılmış bütün müsahibələrini təxirə saldılar. Tənqidçilər bir ağızdan “bu Amerika üçün təhqirdir” deyə qışqırmağa başladılar.
İctimaiyyətin fikrinin dəyişməsi üçün düz doqquz il lazım oldu. Və Leonardo di Kaprio ekranda son dəblə geyinmiş qatilin obrazını yaratmaq istədiyini açıq elan etdi. Rejssor kreslosuna isə Oliver Stoun dəvət olundu. Lakin tezliklə, Di Kaprio da, Oliver Stoun da layihədən getdi və filmin rejissorluğu “Mən Endi Uorhollu öldürmüşəm” filmini çəkmiş Meri Xerrona, baş rol isə Kristian Beylə tapşırıldı. Film bu dəyişiklikdən heç nə itirmədi. Əksinə daha çox qazandı.
80-ci illərin sonlarında çox cəsarətli addım hesab edilən, az qala qiyam kimi dəyərləndirlən bir şey 90-cı illərdə adi hesab olunmağa başlamışdı. Başqa sözlə, Leonun xoşuna gələn hamının xoşuna gəlmişdi. Situasiyanın ən gülməli tərəfi o idi ki, əsəri ekranlaşdırmağı boynuna qadın rejissor götürmüşdü. Ellisin yappi dövrünə nifrəti (“Psixopat”da hadisələr 80-ci illərin ortalarında cərəyan edir) Meri Xerronun kişilərə nifrəti ilə birləşdi. Feministlər razı qaldılar. “Politkorrekt” sözü isə söyüşə çevrildi.
Özünü alçaldılmış hiss edən Ellis “Puritan Amerika xalqının başına nə gəldi?” sualına cavab axtarmağa başladı. “Politkorrekt dövrünün tərbiyəsini almış biri olaraq mən uzun müddət bu barədə fikirləşdim, - o, müsahibələrinin birində deyir. - Və deyəsən, səbəbi tapmışam. Çətin ki, sənətkarlar bizi reallıqda olduğundan daha çox təəccübləndirə bilsinlər. Bizim hər gün televizorda, küçələrdə, internetdə gördüklərimiz istənilən müəllifin istənilən fantaziyasından daha dəhşətlidir”. Ola bilsin ki, antipolitkorrekt Hollivudun yeni dininə çevriləcək. Bəlkə də, kinematoqrafın növbəti və keçəri tendensiyası olaraq qalacaq. Bütün hallarda 90-cı illərin sonunu politkorrektin qürubu və təzə tendensiyanın doğulma dövrü kimi dəyərləndirmək olar. Əgər Spilberq “Sıravi Rayanı xilas etməli” filmini 85-ci ildə çəksəydi, onu mütləq qəssab adlandırardılar. Kinoakademiyanın münsiflər heyəti isə Spilberqi, ümumiyyətlə, nominantlar siyahısına daxil etməzdi. 80-ci illərdə “Sağ qalmaq” və ya “Böyük qardaş” kimi teleşoular qalmaqalla keçən məhkəmə prosesləri ilə müşayiət olunardı. Əgər o vaxtlar Ben Stillerin spermasını saç geli kimi istifadə edən Kameron Diası ekranda göstərsəydilər, nə baş verəcəyini təssəvvür etmək çətindir.
İndi “Döyüşçü klubu” filminin rejissoru Devid Finçeri populistlikdə günahlandırırlar. 80-ci illərdə isə bu film əsl inqilabi çağırış hesab olunardı. Müasir dünyada xərçəng xəstələrinin toplaşdığı yerlərə ekskursiyaya çıxmaq heç kimə qəribə görünmür. Artıq “qəddarlıq alicənablığın ən yuksək pilləsidir, ağrı- özlüyündə gözəldir, qadınlarsız bu dünya daha yaxşı olardı” fikri heç kimi sarsıtmır, lakin hələ kimlərisə cəlb edə bilir. Dünyanı partladan Tayler Darden bu gün bizə həddindən artıq mülayim adam təsiri bağışlayır. Dəlisov Con Uotersin inqilabi təxribatları indi əyləncəli klounadadan başqa bir şey deyil. Əvəzində sentimental və xeyirxah “Yaşıl xətt” filmi bizə partlayan bomba kimi təsir edir.
Hollivud kinosundan rasizm problemi tamamilə yoxa çıxıb. Daha doğrusu, rasizm qalıb, lakin artıq problem deyil. İndi qara qardaşlar ağlara qarşı nifrətlərini gizlətmirlər. İndi ağ olmaq nəinki dəb deyil, hətta utancvericidir. Ən yaxşı halda sən qəlbən qaradərili olmalısan. Ən pis halda Ays Ti, Ays Kyub və ya hansısa başqa bir Ays səni qarabaqara izləyəcək. Bu situasiyada maraqlı cəhət odur ki, final filmi çəkən rejissorun dərisinin rəngindən asılı olaraq dəyişmir. Bizə sadəcə, Travolta kimi səbrlə ağ adamın yükünü daşımalı və həsəd aparmalıyıq. Hamı ürəyinin dərinliyində “Şaft”dakı Samuel L. Cekson kimi dəblə geyinməyi, “Tufan” filmindəki Denzel Vaşinqton kimi gözəl görünməyi və “Yeddi” filmindəki Morqan Frimen kimi müdrik olmağı arzulayır. Bədbəxt ağlar hələ bir minnətdar da olmalıdırlar. Qanqs-repə qulaq asan və qara qəhrəmanların macəralarını izləyən ağ oğlan qaraların dünyasına girmək üçün bilet alır. Orda qan və heroin çay kimi axır. Orda təkcə güclülər yox, qəddarlar da qalib gəlir. Buranın üstün cəhətlərindən biri də odur ki, öz rahat və təhlükəsiz məkanını tərk etmədən də hadisələrin mərkəzinə düşə bilərsiniz. Yeri gəlmişkən, qaradərili quldurların çox sevdikləri təbii dəridən hazırlanmış papaqlar, kurklər, ayaqqabılar da can verən politkorrektin üzünə çırpılan sillədir.
Əgər əvvəllər Hollivud üçün politkorrekt gizli, lakin vacib, hamının öyrənmək məcburiyyətində olduğu fənn idisə, indi onu böyük ciddi cəhdlə sıxışdırıb aradan çıxartmağa çalışırlar. Bu məqsədlə birinci ordu və kilsəni hücum obyekti seçiblər. Amerika kinoekranlarında rüşvətxor polislərin əlindən yer yoxdur. İndi polislər və hərbçilər müharibə ucbatından psixikası korlanmış adamlar deyil. Onlar iyrənc, bir qayda olaraq, hakimiyyətin pozduğu personajlardır. Onlar nüvə silahı ilə alver edirlər və qeyri ənənəvi seksual oriyentasiyaya malikdirlər.O ki qaldı kilsə xadimlərinə- onlar ağıldankəmlikdə Kevin Smitin qəhrəmanları ilə rəqabət aparırlar. İnanmaq çətindir ki, Smitin ironik komiksi kilsənin nüfuzuna belə ciddi ziyan vura bilər. “Stiqmatlar” və “İtirilmiş ruhlar” kimi dini fantastika nümunələri heç bir real təhlükə daşımır.
Əgər siz hələ də Hollivudun keçmiş zamanlardakı kimi politkorrekt olduğunu fikirləşirsinizsə, adi bir parodiyanın nəyə çevrildiyinə fikir verin: Trey Parker və Mett Stounun “Cənub Parkı: daha uzun, daha çox və açıq - aşkar” animasiya filminə seks və zorakılıq səhnələrinin, qeyri-normativ leksikanın zənginliyinə görə məhdud “R” reytinqi veriblər. Əgər filmdə homoseksual Səddam Hüseyn Şeytanla cinsi əlaqəyə girirsə, hansı politkorrektdən danışmaq olar? Hollivudu yavaş yavaş, lakin əmin addımlarla yeni epidemiya bürüyür - indi orda həqiqəti danışmaq dəbə minir. Həqiqətsə çox vaxt sarsıdır: uşaqlar qəddar kabuslara çevrilirlər, kişilər və qadınlar bir-birindən xeyli fərqlənirlər, mavilərsə həmişə xeyirxah və sevimli olmurlar.




Bölmə: 









Ay Mesihi adlı istifadəçi, İyun 19, 2007 tarixində, saat 02:40 yazıb:
Meqale maraqli idi ancaq bezi meselelere fikrimi bildirim:
1. Muellifin meqalede bele demek mumkunse, ne demek istediyi o qeder de aciq deyil. Bashlangicda tezis aciq-aydin ifade olunmayib, ancaq meqalenin ortasinda-sonunda oxucuya az-cox aydin olur ki, muellif kinematoqrafiya, siyasi korrektlik kimi sheylerin ilishkisine nezer yeterir.
2. Meqaleni bu qeder agir shekilde misallarla doldurmaga ehtiyac yoxdu. Bir tesizi ifade edib, neticeye gelmek ucun bir- iki misal yeterdi. fikrimce muellif tezisin dogrultmadigi shekilde detallara gedir.
3. Muellifin verdiyi misallarin siravi Az-n oxucusuna o qeder de cox tanish olmadigindan shubhelenirem. Adamda ele tesevvur yaranir ki, yazi kino mutexessisler ucun yazilib. Eger beledirse, cetin ki siravi oxucuya tam dolgunluguya bir shey vere bilsin.
seltenet adlı istifadəçi, İyun 24, 2007 tarixində, saat 01:25 yazıb:
Dili aqirdi. ancaq faktlar ve faktlar.o qeder coxdular ki, oxuyub sona catana qeder esas fikir yaddan cixir.