Bu gün Bakı Caz Mərkəzində iyunun 7-dən 14-dək Bakıda keçirilən Beynəlxalq Caz Festivalının təşkilat komitəsinin mətbuat konfransı keçirilib.
Festivaldan öncə caz mərkəzində konsertləri və cem-seyşnları yüksək səviyyədə keçirməyə imkan verən Meyer Sound şirkətinin yeni səs avadanlığı quraşdırılmışdı. Azeurotel şirkətinin baş direktoru Nuru Əhmədov qeyd edib ki, festivalın baş sponsoru olmaqla çoxlu sayda problemlərlə rastlaşıb. “Caz-festival ciddi maliyyə layihəsidir. Əlbəttə ki, hər hansı gəlir barədə danışmağa dəyməz, güman ki əksinə olar. Təəssüf ki, bəzi sponsorlar öz vədlərini yerinə yetirmədilər. Lakin biz buna hazır idik”, - deyə Əhmədov vurğulayıb.
O, həmçinin bildirib ki, festival dövrü ərzində şəhərin konsert salonlarına 13 minə yaxın tamaşaçı baş çəkib. Əhmədovun sözlərinə görə, ümumilikdə festival uğurla keçib. Əzizə Mustafazadəyə toxunaraq, o deyib ki, sıx qastrol qrafikinə malik olduğu üçün onun Azərbaycana gəlişi böyük çətinliklərlə müşayiət olunub. O, həmçinin qeyd edib ki, Əzizə festivalda iştiraka görə şəxsi qonorarından imtina edib.
Caz mərkəzinin art-direktoru Emil İbrahim festival iştirakçılarının seçilməsinə toxunaraq deyib ki, bu, məşhurluq amilinə əsaslanaraq edilib. Eyni zamanda bu və digər musiqiçinin üslubu nəzərə alınıb. “Biz istəyirdik ki, Bakı tamaşaçısı müxtəlif caz cərəyanlarını eşitsin”, - deyə İbrahim bildirib.
İbrahim qeyd edib ki, Caz Mərkəzi nəzdnində mini-kollecin açılışı nəzərdə tutulur. Burada caz improvizasiyasının incəliklərinə yiyələnmək mümkün olacaq. Həmçinin Azərbaycanın böyük şəhər və regionlarında yerli caz-festivalların keçirilməsi nəzərdə tutulur.
Təşkilat komitəsinin üzvü Rövşən Sənanoğlu KİV-in böyük rolunu qeyd edərək, festivalın işini obyektiv və operativ işıqlandırdıqları üçün jurnalistlərə təşəkkür edib
TURAN




Bölmə: 








