Məşhur Hollivud “dəliləri”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 23 Haziran, 2007

Psix“Əsl dəlilər azdır” – məsəli bəlkə də doğrudur, amma Hollivudda yox. Çünki indi iddialı Orson Uellsin və Ed Vudun yerinə publikanı anqora qadın sviterləri geyinərək heyrətə salmağa çalişan “X” nəsli gəlib. Gənc şirləri indi qudurmuş itlər əvəz edir. Şöhrətin ağır yükü, qırsaqqız, harda aş orda baş pressa, sərhədsizlik illüziyasi, 7 rəqəmli qonorar – burada adamın ağlını başından alacaq şeylər doğrudan da var. Yeni ulduz nəslinin bir hissəsi reallığı çəkildikləri filmlərin ssenariləri ilə qarışdırırlar. Bəziləri daha həyatda arzu ediləcək heç bir şey olmamasından dəli olurlar. Bəzilərini köhnəlmiş imic və qalmaqal axtaran jurnalistlər təzə qan istəyi azğınlaşdırır. Ümumiyyətlə, Hollivudda jurnalistlərə və fahişələrə qarşı xeyirxah olmaq pis əlamət hesab edilir. Əyyaşlıqla keçən həyat və qanunla bağlı problemlər – bunlar müasir kino aləmində ulduz yaşamının əsas tendensiyalarıdır. Daha dərinələrə batmamaq üçün sadəcə hərdənbir dərin depresiyaya düşmək, partlayıcı temperamentə və autsayder reputasiyasına sahib olmaq çox vacibdir. Bir sözlə, hamı nümunəvi “American Bad Ass” (pis Amerika uzunqulağı) olmaq istəyir, lakin təkcə bəziləri bu arzusuna çatır.

Conni Depp

Conni DeppGünlərin bir günü aktyor Mikki Rurk mehmanxanada xidmətin pis olmasından kədərlənərək otağı darmadağın edir. Polis məntəqəsində ondan “Nədir, yoxsa siz də Conni Depp olmaq istəyirsiniz?” deyə soruşurlar və M. Rurk axırıncı səbrini də itirir. Əslində polislər heç də Rurku cırnatmaq fikrində deyildilər. Onlar nədən danışdıqlarını yaxşı bilirdilər. Çünki Amerikanın ən bahalı və ağlağan oğlanlarindan biri Conni Deppin “Mark otel”də törətdiyi dağıntı bu janrın klassikasına çevrilib. Üstündən neçə illər keçməsinə baxmayaraq, hələ də jurnalistlər eyni tipli hadisələr baş verən zaman müqayisə üçün Deppin adını çəkirlər. Həmin hadisə zamanı ağzına qədər antikvar mebellə dolu olan lüks otaq Conninin “ciddi səyi” nəticəsində əməlli başli xarabalığa çevrilmişdi. Həbsə alınmış aktyoru yalnız 9000 dollar cərimə ödədikdən sonra azad etmişdilər. Vaynona Rayderlə yaşadığı coşğun məhəbbət macərası başa çatanda Depp əbədi dəyərlərin nə demək olduğunu yaxşı anlamışdi və onun “Vaynona forever” yazıl tatuirovkası bir neçə hərfini itirərək – “Vino forever” mənasını da dəyişmişdi. Həmkarı Nikolas Keycin “Las – Veqası tərk edərkən” filmində etdiklərini Conni hər gün real həyatda təkrarlayırdı. “Mən ilk siqaretimi on iki yaşımda çəkmişəm” – aktyor özü haqqında danışır. “On üç yaşımda bakirələyimi itirmişəm. 14 yaşıma qədər artıq narkotiklərin bütün növlərini təcrübədən keçirmişəm”.
İkinci dəfə Conni Deppi yumruqlarını düyünləyərək paparassinin üzərinə atılanda həbs etmişdilər. Bu dəfə hadisə oteldə yox, aktyorun sahibi olduğu romantik adlı “İlan yuvası” barında baş vermişdi.
Bunlardan əlavə, Conni Deppin ilk baxışdan zərərsiz görünən və qanunla cəzalandırılması mümkün olmayan qəribəlikləri də var. Birincisi, o, böyük maraqla həşəratlar kolleksiyası toplayır. İkincisi, onun silsilə qatillərin şəkillərindən xoşu gəlir. Üçüncüsü, o özü özünə xəsarət yetirir. Bunun nə sui qəsdə, nə də indi dəbdə olan skarifikasiyaya (qanalma) heç bir dəxli yoxdur. Sadəcə Depp bədənində “Özünüməhv” əlamətləri olmayan adamlara etibar etmir.

Şonn Penn

Şon PennƏlbəttə ki, tez-tez arvadını, rəfiqəsini, fahişələri döymək bir çox kino ulduzları üçün adi məşğuliyyətdir. Lakin Madonnanın başını mikrodalğalı sobaya salmaq – bax, bu təzə üsuldur. Ümumiyyətlə, Şonn Penn heç vaxt öz imkanlarının və gücünün sərhədlərini müəyyənləşdirə bilmir. Əgər Conni Depp fotoqrafı bölgü lövhəsi ilə döyürdüsə, Şonn Penn mətbuatın vertolyotunu şəxsi revolverindən gullələyirdi. Amerikalı jurnalistlər Şonn Pennlə ünsiyyəti ekstremal attraksion, safari gəzintisi ilə parşütdən tullanmaq arasında bir şey hesab edirlər. Hər üç halda zədə almaq ehtimalı bərabərdir. Amma risk özünü doğruldur, çünki Penn, heç vaxt danışığına nəzarət etmir. Odur ki, jurnalistlər ona “qalmaqal xəzinəsi” kimi baxırlar. Aktyor həm də həmkarlarına qoşduğu ayamalarla məşhurdur. O, rejissor Oliver Stounu “piyli donuz”, Nikolas Keyci “satılmış pinəçiyə çevrilmiş yaxşı aktyor” adlandırır.

Çarli Şin

Çarli ŞinZahirən “peşəkar” cəngavərə bənzəyən Şin əslində çox murdar xarakter sahibidir. Bir qayda olaraq, bundan ən çox əziyyət çəkənlər Çarlinin qadınlarıdır. O, keçmiş nişanlısı Kelli Prestonun əlini güllədiyi üçün zavalı qadın sakit və etibarlı Con Travoltanın yanına qaçmalı olmuşdu. Polis bu atəşi bədbəxt hadisə kimi qiymətləndirmişdi və əhvalatı ört-basdır etmişdi. Çarlidən bircə şey tələb olunurdu: “Cəmiyyət içində özünü dəbli aparmaq”. Çarli cəmi bir neçə ay dözə bildi. Sonra isə burnuna kokain doldurdu və yeni rəfiqəsi Brittani Eşlandın üzündə plastik əməliyyat aparmaq qərarına gəldi. Amma yaxşı ki, “cərrah” əməliyyat üçün skalpel əvəzinə yumruqlarını işə salmışdı. Yoxsa Brittani “gözəlliyə” qurban gedəcəkdi. Bu dəfə Eşlandın vəkilləri işi məhkəməyə qədər apara bildilər. Nəticədə Şinə narkotik asılılıqdan məcburi müalicə kursu təyin edildi. Xəstəxanaya göndəriləndən bir neçə gün sonra Çarlinin qaçması xəbəri yayıldı. Polislər onu klinikanın yaxınlığında tapdılar. Əynində xəstəxana paltarı olan Çarli küçədə doza axtarırdı. Artıq həbsxandan başqa yol yox idi. Yalnız atası, məşhur aktyor Martin Şinin ciddi səyləri nəticəsində hakimlər həbs cəzasını ictimai xeyirli əməklə əvəz etdilər. Filmoqrafiyasında təkcə bir mənfi rol olan oğlan üçün heç də pis tərcümeyi-hal deyil.

Kristian Sleyter

KristianSleyter narkoloji dispanserlərin daha bir daimi sakinidir. İstedadlıdır, amma o qədər də ağıllı deyil. Daim gənc və daim sərxoşdur. Onun sevimli ifadəsi:
“Çəkmələrini təmizləməyi unutma. Əvvəl-axır onlar sənin ağzında peyda olacaqlar”. Vəsiqəsiz maşın sürməyi çox sevir. Polislərlə rastlaşanda bir qayda olaraq gücü çatana qədər qaçır. Narkotik keflilik, polis zabitinə tabe olmamaq və silahlı hücum ittihamları ilə həbsdə olub. Bir dəfə Sleyter o qədər narkotik qəbul etmişdi ki, öz rəfiqəsini, onu müdafiə etmək istəyən oğlanı və təsadüfən bara girmiş polisi əzişdirmişdi. Sonuncunun həmkarları “Əsl məhəbbət” filminin ulduzunu əsl polis dubinkası ilə sakitləşdirmək məcburiyyətində qalmışdılar. Düzdür, sonra heç yaxşı iş görmədiklərini başa düşmüşdülər və “Leysan” filminin çəkilişlərinə gecikməsin deyə buraxmışdılar.

Qari Oldman

Qari OldmanHər halda zahiri görünüş çox aldadıcı ola bilir. Müasir kinoekranın ən parlaq və qəddar mənfi qəhrəmanlarından biri öz qeyri-stabil həmkarlarının fonunda mələk kimi görünür.Onun digərləri kimi yaxşı günlərdə yada salınacaq və fəxrlə danışılacaq əhvalatı yoxdur. Heç vaxt həyat yoldaşları Uma Turman və İzabel Rosselinini döyməyib. Fotoqraflara atəş açmayıb. Mehmanxana otaqlarını xarabalığa çevirməyib və alkoqoldan könüllü şəkildə müalicə olunub. Bir neçə dəfə özünü öldürməyə
cəhd edib, amma bütün cəhdləri uğursuzluqla nəticələnib. Həbsxanaya da boş bir səbəbdən düşüb. Kokainin təsiri altında olduğundan maşını Los – Anceles polisinin üstünə sürüb. Yeri gəlmişkən, arxa oturacaqda da son dərəcə sərxoş Kifer Sazerlend oturubmuş.

Mark Uolberq

MarkƏslində Mark Uolberq sənət fəaliyyətinə kino ulduz kimi başlamayıb. Kinoya gələnə qədər o, Marki Mark təxəllüsü ilə rep oxuyurmuş və deyilənə görə yetərincə populyar olub. Konsertlərin birində şalvarını soyunub ağappaq güngörməzini tamaşaçılara göstərəndən sonra isə çoxdu pul qazanmağa başlayıb. Belə ki, onun güngörməzini təkcə publika Mark Uolberqyox, konsertdə iştirak edən modelyer Kelvin Klayn da çox bəyənmiş və Markı bahalı alt paltarlarını reklam etməyə dəvət etmişdi. Bir neçə gündən sonra isə Mark homoseksualların milli ikonasına çevrildi. Qəzəblənmiş reper dəfələrlə mətbuata mavilərə bəslədiyi hədsiz nifrətindən danışsa da, hələ də onu “əlacsız homofob” (mavi adlandırılmaqdan dəhşət qorxanlar) kimi tanıyırlar. “Kişiliyini” sübut etmək üçün Mark liman fəhlələrini soyurmuş.

Ays Ti

Ays TiÜmumiyyətlə, Ays Ti – Treysi Morrounun tərcümeyi-halı polis hesabatına oxşayır. Qanq-repin gələcək ideoloqu hələ yeniyetmə yaşlarında “La Crips” cinayətkar qruplaşmasına qoşularaq onlarla birlikdə zərgər dükanlarını yarırdı. Nəticə – həbsxanaya düşür. Küçə hesablaşmalarının birində iki güllə yeyib. Hamilə rəfiqəsinin əlindən orduda gizlənib. Geriyə müdrikləşmiş və böyümüş halda qayıdıb. Silahlı soyğunun uşaq-muşaq işi olduğu qərarını verərək saxta kredit kartları və sığorta xətləri hazırlamağa başlayıb. Yenə həbsə düşüb. Çox təhlükəli və səmərəsiz həyat tərzi keçirdiyini dərk edib. Sutenyorluqla məşğul olmağa başlayıb. Həbsə düşüb…
O ki, qaldı bizim tanınmışlara, onların hansı xarakterdə olmalarını dəqiqləşdirmək çətin məsələdir. Çünki, onların hansısa məsələyə reaksiyaları heç vaxt ictimaiyyət arasına çıxarılmır. Bunun birinci səbəbi həmin aktyorların özlərinin buna imkan verməməsidir. Həmişə efirdən “səmimiyyət, səmimiyyət və yenə səmimiyyət” deyə bağıran “bizimkilər” ictimaiyyətə ancaq “nə yedim”, “nəyi geyinməyi xoşlayıram” və bu kimi ucuz və heç nəyə əsaslanmayan informasiyalar ötürməklə özlərini gündəmdə saxlamağa çalışırlar. Bu da, onların olduğu kimi görünmələrinə mane olur. Necə deyərlər bu da, “bizimkilər”…

Aygün

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın