Teatr direktoru “əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq” dedi
“Müasir Azərbaycan teatrı öz tamaşaçısını qane edir. Əgər tamaşaçı tamaşadan sonra ruhunda, varlığında, mənəviyyatında bir dəyişiklik hiss edirsə, tamaşadan özü ilə nə isə aparırsa, nəticədə teatr da, tamaşaçı da qazanır”. Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovun fikrincə, sözügedən teatrın bu gün repertuar problemi də aradan qaldırılıb.- Teatrda nəsil dəyişməsi özünü hiss etdirirmi?
- XX əsrin sonu - XXI əsrin əvvəlində teatra elə bil bir bəla gəldi. Səməndər Rzayev, Hamlet Xanızadə, Həsənağa Turabov, Məlik Dadaşov, Həsən Əbluc, Əlabbas Qədirov, Mikayıl Mirzə kimi aktyorların həyatdan getməsi teatrımız üçün böyük zərbə oldu. Vəziyyətdən çıxış yolunu digər teatrlardan aktyorlar dəvət etməklə yanaşı, yaradıcı heyətdə 70-ə yaxın istedadlı gəncin potensial imkanlarının üzə çıxarılmasında gördük.
- Teatrda maddi durum necədir?
- Heydər Əliyevin teatr və sənət adamlarına münasibəti sönməkdə olan teatr sənətini yenidən alovlandırdı. Yüzlərlə aktyor heyəti maddi sıxıntı keçirirdi, o zamanadək bir çoxları fəxri ad almadan dünyasını dəyişdi. Bunlar sənətkarın yaradıcılığında mühüm rol oynayır. Lakin bu gün teatrda arxa planda çalışan tərkib var ki, onların maddi durumu hələ də ürəkaçan deyil - kostyumerlər, rekvizitorlar, butaforlar, işıqçılar, bərbərlər və s. Açıq etiraf etmək lazımdır ki, yetişdirilməsi müşkül olan bu kadrların məcburiyyət üzündən teatrdan uzaqlaşması hazırlanan tamaşaların səviyyəsinə də az təsir göstərmir. Bu cür kadrların hazırlanması on illərlə vaxt tələb edir. Eyni zamanda ölkəmizdə müvafiq təhsil ocaqlarının olmaması işimizi bir az da çətinləşdirir. Bəziləri işlərinin xatirinə çox əziyyətlərə qatlaşırlar. Səhnədə görünməyən, lakin tamaşaların hazırlanmasında müstəsna xidmətləri olan həmin insanların rifah halının yüksəldilməsi, maaşlarının artırılması üçün həyəcan təbili çalınmasının vaxtı yetişib. Teatrın bu və digər problemlərinin çözümü ilə bağlı nazir Əbülfəs Qarayevə müraciət etmişik.
- Kommunal xərclərin artırılması yaradıcılıq prosesinə təsir edirmi?
- Bu, bizim yaralı yerimizdir. Təklifi hazırlayıb, qərarı qəbul edənlər əgər kommersiya qurumları, zavod və fabriklərlə teatrları eyni kateqoriyaya şamil edirlərsə, yanılırlar. Tarif Şurası teatrla kommersiya obyektlərini səhv salmamalıdır. Belə çıxır ki, işıq puluna qənaət etmək üçün tamaşanın işıq effektlərindən imtina olunmalıdır? Tamaşada nəzərdə tutulan beş projektor yerinə biri yandırılmalıdır? Digər texniki qurğulardan istifadə etməməliyik ki, Tarif Şurası kommunal xərcləri üçqat artırıb? Heç bir sivil ölkədə teatrlara, mədəni-maarif müəssisələrinə belə ögey, laqeyd münasibət yoxdur. Teatrların kommunal xərclərdən azad olunması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq. Ümidvaram ki, problem müsbət həllini tapacaq.
- Bəs kommunal xərclərin biletin satışına təsiri olubmu?
- Yox. Biletlərin qiyməti dəyişməz olaraq qalır. Tamaşaçılar isə arzulanan qədər olmasa da, şikayətimiz yoxdur. Bir çox təqdimatlar anşlaqla keçir. Lakin bütün bunlarla yanaşı paytaxtın əsl teatral tamaşaçısı olmalıdır. Biletin qiyməti onu narahat etməməlidir. Onu da qeyd edim ki, teatr ətrafında yaranan problemlərdə bizim də günahımız çoxdur. Yeni-yeni baxımlı tamaşaların ərsəyə gəlməsi üçün əlavə maliyyə mənbələrinin aranması, repertuarla bağlı reklam çarxlarının hazırlanması, təbliğat-təşviqat vasitələrindən yetərincə istifadə edilməsi işi arzuolunan səviyyədə deyil.
Düzdür, bunun özünün də obyektiv-subyektiv səbəbləri var. Ən geniş auditoriyaya malik televiziyaların kommersiya maraqları ilə bizim maddi imkanlarımız tərs mütənasibdir, tədris müəssisələri ilə teatr arasında olan əvvəlki bağlar qırılıb və s. Səbəblər çoxdur. Elə götürək sonuncu problemi. Şagirdlərin, tələbələrin dünyagörüşünün formalaşmasında, sivil ruhda böyümələrində, xeyiri şərdən ayırmalarında, bütövlükdə maariflənmə məsələsində teatrın müstəsna xidmətləri danılmazdır. Lakin hansısa məmurun tələsik bir qərarına əsasən bu münasibətlər korlandı. Nəticədə həm teatr, həm də onun əsas auditoriyası itirildi. Teatrın inkişafı onun ətrafında yaranmış aura ilə bağlıdır. Teatr cəmiyyətin aynasıdır.
- Beynəlxalq münasibətlər nə yerdədir?
- Ötən ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə əlaqə qurduq. H.İbsenin 100 illiyi ilə əlaqədar Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə dramaturqun “Oyuncaq ev” əsərini tamaşaya qoyduq. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin maddi yardımı ilə Artur Millerin “Körpüdən mənzərə” əsərini səhnələşdiririk. Türkiyə, Rusiya və Tatarıstanın teatr kollektivləri ilə qarşılıqlı qastrollar, tamaşa mübadilələri nəzərdə tutmuşuq.
- Gənc istedadların teatra cəlb olunması işində irəliləyiş varmı?
- Teatrda istedadlı gənc aktyorlar yetişir. Rejissorlara gəlincə isə, bu yaxınlarda İlham Əsgərov adlı bir gənc rejissor Jan Koktonun “İnsan səsi” monotamaşasına quruluş verib. Samir Qulamov adlı başqa bir gənc Viktor Hüqonun məşhur “Paris Notrdam kilsəsi” romanı əsasında “Kvazimoda” tamaşasını hazırlayıb. Onun quruluşunda bu tamaşa doğrudan da çox uğurlu alındı. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqının gənclər arasında keçirdiyi “Teatr festivalı” çərçivəsində gənclərə geniş yer vermişik. Bu proses davam etdiriləcək.
- Teatr üçbucağı - müəllif - rejissor - aktyor münasibətləri sizdə necə qurulub?
- Hələ sovet dövründən teatrda bədii rəhbər institutu eksperimenti etdilər. Bütövlükdə bu, özünü doğrultmadı. Ləğv olunan həmin sistem Həsənağa Turabov, Məlik Dadaşov, Əlabbas Qədirov, Şəfiqə Məmmədova, Amaliya Pənahova kimi görkəmli sənətkarların aktyor sənətini məmur kreslosu ilə əvəzləməsi ilə nəticələndi. Nəticədə uduzan da, itirən də sənət və sənətkar oldu. Tamaşaçı müəllifi də, rejissoru da, aktyoru da özü seçir və bu seçimə görə də tamaşaya gəlir.
- Şou-biznes teatrı sıxışdırmır ki?
- Tarix boyu şou-biznes də olub, teatr da.
- Keçmiş dövrlərdəki şou-biznesin bir nümayəndəsinin adını çəkə bilərsiniz?
- Yox! Onlar tarixin yaddaşından silinib gedir. Amma teatr yaşayıb, indən belə də yaşayacaq.




Bölmə: 








