“TAMAŞAÇI HƏMİŞƏ HAQLIDIR”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 30 Haziran, 2007

Şövqi HüseynovAktyor Şövqü Hüseynov bu qənaətdədir ki, pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var

Bakı Kamera Teatrının aktyoru Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağının ən uğurlu tamaşası “Şeyx Sənan”dır. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Şeyx Sənan obrazını yaradan aktyorun sözlərinə görə, əsərin müəllifi Hüseyn Cavid onun üçün müqəddəs şəxsdir: “Ümumiyyətlə, bu tamaşada hər hansı bir rolun mənə tapşırılacağı mənim üçün böyük xoşbəxtlik olardı. O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlik olardı. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi”.Aktyor söyləyir ki, onun obrazlar qalereyasında Şeyx Sənan ən yüksəkdə durur. Dediyinə görə, rejissor xanım bu əsəri çoxdan hazırlamaq istəyirmiş. Xatırladaq ki, C.Səlimova Rus Dram Teatrında çalışanda bu əsəri bir dəfə səhnələşdirib və hətta tamaşa beynəlxalq festivallarda da oynanılıb. Lakin məsələ ondadır ki, Bakı Kamera Teatrının səhnəsi kütləvi səhnələrin qurulması üçün məqbul məkan deyil. Buna baxmayaraq, yaradıcı heyət tamaşanı uğurla təhvil verib. Onu da öyrəndik ki bu, teatrın ilk böyük pul xərclənən tamaşasıdır. Bakı Mədəniyyət İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti tamaşadan pul əsirgəməyib. Hüseyn Cavidin adı bu məsələləri həll edib: “Hesab edirəm ki, bu əsər istənilən teatrın zirvəsidir. Ancaq dayanmaq olmaz”.
Ş.Hüseynov qeyd edir ki, Cənnət Səlimovanın tamaşaları aktyorları bir insan kimi formalaşdırıb. O hesab edir ki, hər bir aktyorun inkişaf pilləsi sənətkarın nəzarətində olmalıdır: “Ola bilər ki, biz bu pillələri 4-5 il qabaq o qədər də hiss eləmirdik. Anlamırdıq ki, nə üçün Cənnət xanım məhz bu əsəri hazırladı. Ümumiyyətlə, bizim teatrda səhnədə həmişə insan amili vacib olub. Yəni insanın müxtəlif vəziyyətlərə düşməsi o qədər də önəmli deyil. Ən önəmlisi insan ürəyidir. Hesab edirəm ki, Şeyx Sənan da onların içində insanlaşmağın ən kamil nümunəsidir. Bu bizim gələcək həyatımızda böyük bir baqaj toplamağa kömək etdi. Məncə, 30-40 il sonra teatrda çalışsaq, H.Cavidin və Cənnət xanımın bizə verdiyi nəsnələrdən istifadə edib işləyə bilərik”.
Şövqü Hüseynov bu qənaətdədir ki, eşq insanı pis əməllərdən, müharibədən xilas edə bilər. O hazırda bütün dünyada xristian-müsəlman münasibətlərinin gərginləşdiyini xatırladaraq vurğulayır ki, tamaşada dini cəhətlərə o qədər də varılmayıb. Əsasən insani problemdən söhbət açılıb. “Bu cəhətdən böyük müasirlik var. İnsanın eşqinin, məhəbbətinin nəyə qadir olduğu çox vacibdir. İndi müasir dövrümüzdə problemlər çoxdur. Bu problemlərin içində olan insan bir anlıq yüksək eşqi özündə hiss eləsə, “problem” sözü aradan götürülər. Bizi problemlərdən eşq xilas edə bilər. Eşqlə görülən işə zaval yoxdur”, – deyə aktyor qeyd etdi.
Heç şübhəsiz ki, bu, klassik ədəbiyyatın gücüdür. Ancaq aktyor deyir ki, Bakı Kamera Teatrında müasir dramaturgiya da var. Məsələn, Kamal Abdullanın əsərləri teatrın repertuarında özünəməxsus yer tutur. Ş.Hüseynov söyləyir ki, yazıçının yaradıcılığı teatrın üslubuna daha yaxındır: “Başqa dramaturqlarla isə çox da işləməmişik. Klassik və müasir olmasından asılı olmayaraq, dramaturgiya çərçivəsiz olanda həm sənət, həm də insanlıq baxımından insanın formalaşmasına hər zaman kömək edə bilər. Klassik əsərdən də, müasir əsərdən də formalaşmaq olar. Əsas odur ki, aktyor tapşırılan insanı nə dərəcədə ciddi qəbul edir və onu özününküləşdirə bilir”.
Müsahibim deyir ki, aktyor üçün adi vaxt olmur. Aktyor məşq edəndə istər-istəməz aktyordur. Onun sözlərinə görə, aktyorlar iki həyat yaşayırlar. Buna baxmayaraq, onlar hər vaxt özlərini aktyor kimi hiss etməlidirlər. Onun qənaətincə, bunun nəticəsi tamaşada görünür. “Tamaşaçını heç vaxt aldatmaq olmaz. Ələlxüsus, bizim zalda. Cənnət xanım həmişə deyir ki, tamaşaçı haqlıdır. Heç vaxt demək olmaz ki, tamaşaçı pis idi, tamaşaya baxmadı. Aktyor, tamaşa isə zəif ola bilir.
Hər bir aktyor həmişə hansısa bir obrazı oynamağı arzulayır. Məsələn, “Şeyx Sənan”ı məşq edəndə başqa bir arzum var idi. Ancaq aktyor çalışmalıdır ki, 2-3 saat ərzində o fikirləri özündən yayındıra bilsin. Stanislavski deyirdi ki, aktyor o deyil ki, nə vaxt istəyəndə ilhama gəlir. Aktyor odur ki, nə vaxt adını afişada görürsə, o dəqiqə ilham oyanır”, – deyə Ş.Hüseynov bildirdi.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. men H.Cavidin yaradicliqininxestesiyem .men Cennet xanimi ve Baki Kamera Teatrini tebrik edirem.Menim bir aktyor kimi en boyuk arzum “Iblis” pyesinde Iblisi oynamaqdir.Eger bu teatirdan ve ya hansisa bir teatirdan teklif gelse men bu rolu axirinci rolum olsa bele oynamqa haziram.

Şərh yazın