Qaynar xəbər portalı

Kitab dünyası


Ken Loaç“….hələ ləyaqətin varsa, çox şey itirməmisən!”

Altmış yaşlı ingilis Ken Loaç nəinki Avropa, ümumiyyətlə, dünya kinosunda fenomen hesab olunur. O, Avropada öz nəslinin müəllif - rejissor böhranı fonunda uğur qazanıb. Avropa milli kino məktəbinin liderləri Folker Şlendorf, Alen Tenner kimi rejissorların filmləri akademik olmağa, qocalıq əlamətləri göstərməyə başladığı bir dövrdə Ken Loaç filmdən filmə enerji toplayır. Rejissorun mövqeyi isə kino aləmində daha da yüksəlir. Loaç ingilis, avropalı və bir çox amerikalı kino tənqidçilərin sevimlisidir. Əgər beş-altı il əvvəl o, hər cür stilistik effektlərdən xaric, sosial mövzulu filminə görə beynəlxalq tənqidçilərin mükafatına (FİPRESSİ) layiq görüləndə səmimi qəlbdən təəccüblənirdisə, indi onun belə mükafatlardan ibarət kolleksiyası yaranıb. “Riff- Raff” (1991) filminə görə Loaça avropalı “Feliks” adını veriblər. 1994-cü ildə isə Venesiya festivalında yaradıcı fəaliyyətinə görə fəxri mükafat qazanıb. “Torpaq və azadlıq” filmi ilə genişmiqyaslı film çəkə bildiyini dünyaya sübut edərək Hollivuda dəvət alıb. Kannın “Qızıl palma budağı”ndan sonra ola bilsin ki, növbə “Oskar”ındır.
1998-ci ildə “intellegent fəhlə” görünüşlü bu yaşlı rejissoru Lokarnoda keçirilən festivalda tamaşaçılar peyğəmbər kimi qarşılamışdılar. Loaçın “Onun adı Codur” filmi, təxminən, on min kinosevərin toplaşdığı “Pyasse Qrande” adlı açıq kinoteatrda nümayiş olunurdu. Premyeradan sonra publikanın qızğın reaksiyasından xeyli təsirlənmiş rejissor hamını Qrand Oteldə keçirilən ziyafətə dəvət etmiş və səhərə qədər onların bütün suallarına cavab vermişdi. Suallarsa müxtəlif idi - “həyatın mənası nədədir”dən başlamış, “Kapitalist Britaniyasında gənc olmaq asandırmı” kimi problematik maraqlara qədər …
Loaçı proletar əxlaqının təbliğatçısı adlandırırlar. Lakin son vaxtlar o daha çox xristian dəyərlərinə meyl edir. Təsadüfi deyil ki, “Onun adı Codur” filminin premyerasından bir gün sonra Lokarnoda verilən ziyafətdə qonaq olan keşişlər və qeyri-dindarlar etiraf edirdilər ki, Loaçın filmləri bir vaxtlar onların həyatını dəyişib. Hamı onun haqqında dövrümüzün dahi humanisti kimi danışır. Baxmayaraq ki, rejissorun bütün filmləri Böyük Britaniyadakı hakim rejimin əleyhinə yönəlib, onun reputasiyası, adı kraliçanınkı qədər qüsursuz və təmizdir.
Ken Loaç fabrik fəhləsi və dərzi ailəsində doğulub. Oksfordda hüquq elmini dərindən öyrənəndən sonra iki il aktyor işləyib, daha sonra isə teatrda və BBC-də rejissor olub.

Televiziyadan kinoya

“Gənc adamın gündəliyi” adlı ilk filmini 1964-cü ildə çəkib. Bu kiçik televiziya işi idi. Təkcə 1966-cı ildə Loaç üç televiziya filmi çəkib. Onun bütün yaradıcılıq siyahısına bədii və sənədlilər də daxil olmaqla, təxminən, iyirmiyə yaxın telefilmin adı yazılıb. Loaçın debütü Britaniyada meydana gəlmiş və tədricən kommersiyalaşan sosial “Qəzəblilər” cərəyanının zirvədə olduğu dövrə təsadüf etmişdi. Artıq əvvəlki kimi cavan və qəzəbli olmayan rejissorların - Toni Riçardsonun, Lindsey Andersonun, Con Şlezinqerin yanında arıq və təvazökar Loaç sanki ikinci plandakı rollara yarayırdı. Və o, filmdən filmə sosial məişətin eyni əlamətlərini daşıya-daşıya, əyalət mənəviyyatını, fəhlə məhəllələrini öyrənə-öyrənə uzun müddət bu rolu oynadı. Heç kimin ağlına belə gəlmirdi ki, günlərin bir günü bu mövzu qızıl dəyərində qiymətləndiriləcək, ingilis televiziya neorealizmi isə yeni bir nəsnənin əsasını qoyacaq.
70-ci illərdə Hollivudun güdazına gedən Britaniya kinosu tamamilə gözdən düşdü və bu mərhələ yalnız on ildən sonra, Qrinuey və digər ingilis postavanqardçılarının kinoya Filmdən kadrtəşrif buyurduğu vaxt başa çatdı. Lakin, məhz, həmin dövrdə, 1970-ci ildə televiziyadan böyük kinoya yenicə addım atmış Loaç “Kes” filmi ilə özü haqqında geniş danışılmasına yol açdı. Karlovı-Varı festivalında qazanığı Qran-pri onun mənasız fəlsəfəçiliklə məşğul olan rejissor yox, sadə insanların real qayğıları ilə maraqlanan “proqressiv və etibarlı sənətkar” olduğunu sübut etdi. Lakin Qərbdə “proqressiv və etibarlı” kəlmələrinin siyasi korrektura adı ilə təsdiqlənməsi, “sadə adamlar” kateqoriyasının isə “azlıqlar”a çevrilməsi üçün müəyyən vaxt keçməli idi. Elə onda - 90-cı illərdə “Loaçın dövranı” başladı.

“İslaholunmaz idealist”

Hər kəsin “islaholunmaz idealist” çağırdığı Ken Loaçın kino düsturu sərt, yarısənədli, televiziya optikası ilə böyüdülmüş realizmdir. Ancaq bu düstur vacib olan anlarda bir qədər lirika, melodram və romantikanın qarışığını istisna etmir. Rejissor boynuna alır ki, neorealist komediyaların, Miloş Formanın ilk filmlərinin və çex “yeni dalğası”nın ona, xüsusilə də, qeyri-peşəkar oyunçularla iş zamanı böyük təsiri olub. Onun kamerası heç vaxt təbiətən gözəl olan obyektlərə tuşlanmır, heç vaxt insani konfliktlərin sırf estetik həllini axtarmır. Keçmiş hüquqşünas olan Loaç həmin konfliktlər haqqında ədalətli, əxlaqi intuisiyaya əsaslanaraq danışmağa çalışır.
Ken Loaç “Rolan Joffenin missiyası” və “Vətən” filmlərini, demək olar ki, eyni vaxtda 1986-cı ildə çəkib. Onlardan ikincisi - “Vətən” Loaç üçün xüsusi əhəmiyyət kəsb edir. Film berlinli dissident müğənni, stalinizmi sosializmlə eyniləşdirənlərin necə yanıldığı və kapitalizmin azadlığa heç bir dəxli olmaması haqqındadır. 1990-cı ildə çəkidiyi “Gizlədilmiş gündəlik” filmi isə irland separatizminə qarşı mübarizə apardığını iddia edən Tetçer siyasətinin sərt analizidir. Bu filmdə, bundan sonra çəkdiyi “Qu quşu, qu quşu” (1994) filmi də Hollivudun siyasi korrekturanı heç vaxt unutmayan psevdo sasial filmlərinindən yerlə göy qədər fərqlənir. Real mənbəyə malik, təbii dramatizm, simpatiya və antipatiyanın açıq nümayişi Loaçın filmlərini unikal və müasir edir. Avropada rejissuranın bu metodu çoxdan sosial mövzular və mənəvi narahatlıq motivləri ilə birlikdə arxivə verilib. Rejissorun həyati və yaradıcı prinsipləri ən yaxşı əksini 1993-cü ilə çəkdiyi “Qravi” sosial komediyasında tapıb. Müəllif heç kimi ifşa və ittiham etmədən birbaşa cəmiyyətin kənarlaşdırdığı insanların, dünyaya gəldiyi ilk gündən uğursuzluğa məhkum olunmuşların mübarizəsini və məğlubiyyətini göstərir.

Həyatın fəlsəfəsi

Rejissorun sözlərinə görə, “sənin ətrafındakı Aləm dağılanda, ən əsası özünəhörməti qorumaqdır. Qoy telefon kəsilmiş, soyuducu boş olsun! Lakin sənin ləyaqətin hələ yaşayırsa, çox şey itirməmisən!”. “Qravi”də solçu ideologiya xristianlığa yaxınlaşır. Loaç liberalların “uğur qazanmaq üçün təşəbbüskar olmaq yetər” fikrini absurd hesab edir: “Belə çıxır ki, həyatda bəxti gətirməyənlərin uğursuzluğunun günahı özlərindədir”. Loaçın qəhrəmanları göydə ulduz axtarmayan, öz zəhmətləri hesabına yaşayan normal ingilislərdir. Zəiflərin, cəmiyyətin qurbanlarının tərəfini tutmaq Loaç üçün siyasi məsələ və ya partiya mənsubiyyətinin sübutu deyil. Bu, mənəviyyatdan irəli gələn təbii istəkdir. Hər bir filmində cəmiyyəti ədalətli olmağa səsləyən rejissor müasir dünyanı erkən xristianlığın qoyduğu dəyərləri xatırlamağa çağırır. Təsadüfi deyil ki, belə məsələlərə həssas polyaklar onu Kşiştof Keselyevski ilə müqayisə edirlər. Doğrudur, sosializmin müxtəlif mutasiyalarının şahidi olmuş Keselyevski siyasətin reallığa təsir metodlarına inamını itirib. Lakin Ken Loaç reallığa inanmaqda davam edir və mənəvi dərsləri siyasi ismarıclara bərabər tutur. Rejissor bütün filmlərində hər gün müxtəlif seçimlər etməyə məcbur olan insanların emosional təcrübəsini və hisslərini araşdırır. Müəllif göstərir ki, bu gür ani, gündəlik seçimlərdən, qərarlardan yalnız şəxsi talelər deyil, həm də bəşəriyyətin taleyi asılıdır.
Aygün






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: