Azərbaycan milli operasının əvvəlinci personajı, bir nömrəli qəhrəmanı, Allah sevgisinə ürcah eşq xəstəsi, zəif, nərmə-nazik, sufisayaq divanə filosof, isti səhranın ərəb şairi MƏCNUN tenordur. Niyə də olmasın? Gözəldir, ilgilidir, vəssəlam. Seyrçiyə ayrı nə lazım? Zəngulə və avazının Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-arvadlı, böyüklü-kiçikli hönkürdüb ağladıb, permanent şəkildə onların ruhuna dad verib, zövq verib. Artıq bugün-sabah yüz il olacaq ki, Məcnun səhnədən düşmür. Bir xanəndə gedir, başqası gəlir, Məcnunsa zamansızdır: əbədi qalır. Əhsən. Milli sənət tarixi üçün şedevr. XX əsr Azərbaycan teatr mədəniyyətinin emblemi və simvolu. Müəllifi dahi Üzeyir bəy. Burası məlum, aydın: mənim fikrimsə, hələlik, müəmma, sirr. Milli mədəniyyət hüdudlarında Məcnunun əks qütbü, onun astar üzü, meydan variantı baqqal Məşədi İbad. Onları “qohumlaşdıran”, “birləşdirən” yeganə cəhət Məşədi İbadın da Məcnun kimi TENOR olmasıdır. Hələ bu nədir ki? Bambılı gimnazist Sərvər də, “qutu” kimi cavan oğlan tacir Əsgər bəy də tenordurlar. Hətta Müslüm Maqomayev də öz bəstələrində “götürüb” c ə n g a v ə r Şah İsmayılı TENOR eliyib. Lap yaxşı. Nəyi pisdir ki? Müqayisə üçün onu deyim ki, italyan operalarının əksəriyyətində əsas partiyalar “tenor” səslərdən ötrü yazılıb. Rus bəstəçilərisə “bas” səsləri üstün sayıblar. Yəni, müəllif seçimi sərbəstdir. Lakin bu məqama da qəribə bir paradoks pərçimlənib: “tenor” qadın səsinə bənzəsə də, “bas”a nisbətən uyuşqan və mütəhərrikdir, imkanları genişdir. Odur ki, kompozitorlar, adətən, tenorlardan yararlanırlar. Bəlkə elə buna görə də Üzeyir bəy Koroğlunu özünün eyni adlı operasında “tenor” səslə oxutdurub? Opera şərtiliyini qəbul edib və canımı dişimə tutub söyləyirəm ki, razıyam, mümkündür, qaydaya müvafiqdir. Amma yenə də içimdə bir etiraz püskürməkdə. Məgər Koroğlu nərəsi tenorda alınarmı? Alınar, ancaq bülbül cəh-cəhinə oxşar, xoş olar, di gəl ki, heç kəsi diksindirməz, lərzəyə salmaz, qorxutmaz. Dağ cüssəli, pəhləvan sifətli qoç Koroğlunun “tenor” səslə oxuması məntiqə nə dərəcədə uyğun? Koroğlu imicinə, Koroğlu igidliyinə, Koroğlu görkəminə “tenor” səs yaraşmır əsla. Düzdür, o da var ki, bunu Üzeyir bəy bilirdi, azərbaycanlılar “bas” üzərində gəlişən oxumaları sevmirlər. Muğam sənəti də başdan-başa “tenor” səslərə köklənib. Səbəbi nə, ənənəsi harada, gələnəyi hansı kulturoloji məqamlarla ilişkili? Birbaşa bəyan etməyəcəyəm ki, bir kimsənə xoflanmasın. Problemin məğzinə doğru aparan yolu pillə-pillə enəcəyəm. Professor Niyazi Mehdi meyllidir ki, bunu şiəliyin “şikəstə ruh”unun boynuna yıxsın. Onun fikirlərinin düzənləndiyi müstəvini fraqmentar şəkildə işıqlandıraq: “Şiəlik şəhidlik və faciəvilik psixoloji kompleksini İslam üçün fəallaşdırıb İslam estetikasına özəl bir pay vermişdir. Şiəliyin sayəsində Müsəlman dünyasında sınmış ürək, yanıqlı üz, baxış, y a n ı q l ı s ə s (saçmalar mənimdir - A.T.) kültürün bir çox önəmli bölmələrinin təsirli simasına, bilintisinə çevrilmişdi. Bütün bu yanıqlılığı bir tutumlu sözlə, “şikəstə ruh” sözü ilə də bildirmək mümkündür. Azərbaycan muğamları şikəstə ruhun, şikəstə qutun təzahüdürür və dolayısı ilə şiə psioxolojisinin törəməsidir… Azərbaycan dini mədəniyyətində şikəstə ruhun təzahürü olan musiqi cizgiləri başqa bir anomaliyanı da yaradıbdır. Musiqişünaslar qarşısında bu anomaliyadan dərinliyimizə açılan yollara çıxmaq vəzifəsi durur. Həmin anomaliya isə bundan ibarətdir: şiə ruhaniləri Qurani-Kərimi musiqi dilində oxuyanda sınıq ürəyin, şikəstə ruhun “naləsində” oxuyurlar. Bu isə Allahın Qurani-Kərimdəki əzəmətli, zəhmli, enerjili danışığına, sözlərinə heç uyğun gəlmir. Estetikada belə uyğunsuzluğun mənalı təsirini “kontrapunkt” terminilə açırlar. Sual doğur ki, Quranın şiə oxunuşunun kontrapunktu arxasında hansı azəri metafizikası gizlənir? Hələ ki nə bu sual qoyulub, nə də ona cavab olacaq düşüncələr ortaya çıxıb. Şikəstə ruh, sınıq qəlb incəlik, nazikliklə bağlıdır (”nazik ürək” deyimini yada salaq!). Təsadüfi deyil ki, musiqili nazik səsin Azərbaycan kültüründə kultu var. Sözləri cazdakı, rokdakı kimi qalın, xırıltılı oxuyan səslər isə azərbaycanlı qavrayışında “sarı sim”ə zəif toxunur. Məsələ bəllidir, izahı yox. Şiəlikdə “şikəstə ruh” ovqatının tenor səslə ifadə edilməsi müsəlman mədəniyyətinin faktıdır. Danılmaz. Azəri türkləri də bir şiə toplumu qismində tenor oxumalarına alışıb, vərdiş eliyiblər. Niyə? Faktın çözümünü təkcə şiəliklə əlaqələndirmək nə dərəcədə düzgün? Bəlkə “şikəstə ruh”un yerinə “şikəstə bədən” yazaq? Bəyəm ruh bədənin davamı, onun energetik cövhəri sayılmırmı? Problemə baxım bucağını azacıq dəyişmək kifayətdir ki, hər şey öz-özünə xırdalanıb sadələşsin, tarixləşsin və əyaniləşsin.
Orta çağlar islam dünyasının rəsmi şəkildə yazılmamış qanunlarından biri də budur ki, KİŞİ olan bəndə yüngüllük eləməz: təbii ki, oxumaz, çalmaz, oynamaz. Uzağa getməyinə dəyməz. Hətta XX yüzilin əvvəllərində belə o x u m a q kişidən ötrü ayıb işlər cərgəsində dayanırdı. Şərqin müsəlman aləmində bu sənətlərlə, yəni, musiqilə, rəqslə, sazəndəliklə xüsusi adamlar məşğul olurdular ki, onlara da “mütriblər” deyilirdi. Sözün etimologiyasına varmıram. Hesab edirəm ki, bundan öncə yazılanlar bəsdir. Mən məsələnin ayrı bir aspektini vurğulamaq istərdim. Müsəlman toplumları mütribləri heç vədə kişi statusunda qavramayıb. Orta əsrlərdə onlar xacə, təlxək, məsxərəbaz, dovşan, beçə, çurçunbaz və digərilərilə eyni bir sosial platformada qərarlaşmışdılar. İslam mədəniyyəti çərçivəsində hər bir kef məclisinin, şer məclisinin bəzəyi mütrib idi, onun ifa etdiyi musiqi idi. Ola da bilsin ki, m ü t r i b orta çağların məclis estetikasında qadını əvəzləyirdi. Çünki islamın əxlaq kodeksi kimisə əyləndirməyi kişiyə yaraşdırmırdı. Qadınlarsa aşırı yasaqlar üzündən kişilərin məclisində iştirak edə bilməzdilər. Odur ki, mədəniyyətdə bu boş hücrəni mütriblər tutmuşdular: kişi kimi kişi deyildilər, qadın kimi qadın; əyləndirməyi peşə eləmişdilər özlərinə. Müsəlman Şərqinin musiqi sənəti də mütriblərin ixtiyarına verilmişdi. Uzun qərinələr boyu muğamı zil səslə məhz tenor mütriblər oxuyublar. Şərq məmləkətlərində istedadlı oğlan uşaqlarını (kimsəsizləri, əsirləri və ya düşmən övladlarını) axtalayırdılar ki, səsləri nazik olsun, zil olsun və qadın səsini xatırlatsın. Deməli, belə çıxır ki, muğam sənəti birbaşa mütriblərin fəaliyyəti, səs özünəməxsusluğu və estetitk təfəkkürü, zövqü ilə əlaqədar gəlişib, formalaşıb. Azərbaycan muğamlarının şikəstə ruhu, şikəstə qutu, bax, burdan gəlir. “Yanıqlı səs”, heç şübhəsiz ki, mütriblərdən qalma bir nişanədir. Onlar muğamı oxuya-oxuya öz şəxsi dərdlərini, öz şəxsi faciələrini danışıblar, şikəstə ruhun, şikəstə bədənin naləsini gerçəkləşdiriblər. İslam mədəniyyətində faciəvilik psixolojisinin yaşantısıdır muğam: şikəst mütrib bədəninin ruhu muğam vasitəsilə arınır, durulaşır və mənəvi kompleksin yükündən qismən azad olur. Məncə, yeridir çözülən problemlə bağlı bir paralel aparsam. Fars tədqiqatçısı Əbülqasım Cənnəti Ətai İran ənənəvi teatrının köklərini araşdırarkən belə bir fərziyyəni də ortaya atmaqdan çəkinmirdi. Bu fərziyyəyə görə İranda oynanılan şəbih tamaşaları öz başlanğıcını Caber adlı kişiliyini itirmiş birisinin İmam Hüseyn təziyələrində küçələrə çıxıb fəryad qoparması, oxşayıb ağlaması, y a n ı q l ı s ə s l ə mərsiyə oxumasından götürür. Buradan isə YOL yenidən çox asanlıqla şiəlikdə faciəvilik psixolojisinə doğru istiqamətlənir. Dairə qapanır. İnsan da elə məxluqdur ki, ancaq öyrəşdiyini, vərdiş elədiyini xoşlayır. Qulaq daim eşitdiyini dinləməyə aludə olur. Onda qəribə heç nə yoxdur ki, Azərbaycan musiqi mədəniyyətində üstün mövqe tenor səslərdədir və kişilərin nazik, zil səsi daha yüksək dəyərləndirilib bəyənilir. Genotipin formalaşdığı cizgilərdən boylanır millətin musiqisi də, teatrı da. İki yunan sözündən düzəlib “genotip” anlamı. “Genos” mənbə, mənşə, “tipos” forma, görk deməkdir. GENOTİP bədənin, fərdin genetik konstitusiyasıdır, orqanizmin valideynlərdən aldığı genlərin cəmidir. Mənsə bu məqalədə “genotip” sözünə müraciət etməklə mədəniyyətin konstitusiyasını eyhamlayıram. Genotip necədirsə, mədəniyyətin çağdaş mənzərəsi də ona uyğundur. Vaxtilə məhz sosial-dini qadağalar Azərbaycan musiqisinin, musiqili teatrının, teatr mədəniyyətinin genotipini, bu genotipin strukturunu müəyyənləşdirmişdir.
Məqaləni elə buradaca tamamlamaq məqamıdır. Amma duyuram ki, hələ hamısını danışmamışam. Mən məsələnin “bəm”ini yazdım, “zil”ini sonraya saxladım. Niyəsi də bu ki, künc yazarı gərək oxucunu yormaya.
« Ken Loaç- tamaşaçılar onu peyğəmbər kimi qarşılayır | Əsas səhifə | İki xalq yazıçısı arasınqa qalmaqal »
Yazıya səs verin
Şərhlər
Bu yazı Çərşənbə, İyul 4th, 2007 tarixində 09:28 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









admin adlı istifadəçi, İyul 17, 2007 tarixində, saat 20:47 yazıb:
Yazı illər öncə qələmə alınıb və dərc edilib. Bu yazını təkrar sitəyə yerləşdirməkdə məqsədim, bir daha diqqəti orada səslənən fikirlərə cəlb etməkdir. Yadınızdadırsa, “Alma” qəzetində muğam haqqında dərc edilən bir yazı böyük rezonans və mübahisələr doğurdu. Amma sənətşünas alim Aydın Talıbzadənin bu yazısında muğam haqqında daha sərt fikirlər var. Həm də yalnız muğam haqqında yox.
Muğamın əsasının mütriblər tərəfindən qoyulması fikrinin bu yazıda yetərincə əsaslandırıldığı qənaətindəyəm.
Atilla Cavid adlı istifadəçi, İyul 18, 2007 tarixində, saat 04:38 yazıb:
“Genotip necədirsə, mədəniyyətin çağdaş mənzərəsi də ona uyğundur.” Tamamilə doğrudur. Belədirsə, o zaman mənşəyimizin formasına, əslər boyu formalaşmış konstruksiyasına bir daha nəzər salaq. Və nə qədər gec deyilsə mental şüurumuzda dəyişiklik edək
e110365 adlı istifadəçi, İyul 18, 2007 tarixində, saat 10:09 yazıb:
Hörmətli admin,
Müəllifin yanaşması olduqca maraqlıdır. Aqşinin “Alma” qəzetində dərc edilmiş təhqiramiz ifadələrlə bəzəkli əsassız və bəsit yazısını isə xatırlatmağa dəyməz.
Ryabina adlı istifadəçi, İyul 18, 2007 tarixində, saat 11:28 yazıb:
Həəə…Kastratlar haqqında oxuduqlarım yadıma düşdü…Görəsən müəllif məsələnin “zil”ini yazanda buna da eyham edəcəkmi?
yaya adlı istifadəçi, İyul 19, 2007 tarixində, saat 01:05 yazıb:
Maraqli yozumdur. Bir kontrapunkt da diqqetelayiqdir. Esrin evvellerinde qadin rollarini kishiler ifa edirdi. Mecnun tenor idise, Leyli de bigli idi ve yogun sesle oxuyurdu.Bunun yozuma dexli azdi,yazdim ama…