Qaynar xəbər portalı

Kitab dünyası


AnarBöyük bir müsahibəylə bağlı kiçik qeydlər

ANAR

“525-ci qəzet”in üç nömrəsində xalq yazıçısı Elçinlə geniş müsahibə dərc olunub. Müsahibədə ədəbiyyatımızın bugünkü durumu haqqında bəzi məqamlarda subyektiv olsa da maraqlı mülahizələr var. Bu barədə fikir mübadiləsi etmək niyyətində deyiləm. Hərənin öz meyarı, öz baxışı, öz zövqü olur. Amma söhbətin bir yeri - adım çəkilməsə də - mənə aid olduğu üçün məsələni aydınlaşdırmaq ehtiyacı duydum. Dostlarım məni çox vaxt qınayırlar ki, hər yazıya cavab verirəm. Bu düz deyil, mən haqqımda olan qərəzli yazıların yüzdə birinə də cavab vermirəm. Əvvəla ona görə ki, bu sayaq yazıların müəllifləri cavaba layiq deyil, ikincisi də mənim tayım-tuşum deyillər ki, onlarla ağızbağıza verim. Lakin bizim nəsildən olan nüfuzlu bir yazıçının, həm də özü yazdığı kimi qırx ilin dostunun qərəzli deyilsə də həqiqətə uyğun olmayan iradlarına aydınlıq gətirmək istərdim.
Dediyim kimi, Elçin mənim adımı çəkmir, amma mən də, özü də yaxşı bilirik ki, bu sözlər mənə aiddir, qoy oxucular da məsələnin mahiyyətindən agah olsun. Necə deyərlər “örtülü bazar dostluğu pozar”.
Söhbətin “525-ci qəzet”in 29 iyun nömrəsində çap olunmuş hissəsində Elçin deyir: “Misal üçün, hərgah qırx ilin dostu üç günlük gözəl bir xarici səfəri mənim üçün çox əhəmiyyətli və prinsipial məqamda üstün tutursa, yəqin ki, daxili pərtlik hissini başa düşmək elə də çətin bir şey deyil. Bilirsən necədir? Beyin o qırx ilin dostuna bəraət qazandırır, ancaq onu ürək bağışlamır. Beyin deyir ki, həmin dostun yorulub, üç gün də bir fürsətdir, gedib dincələk, yeyib içəcək, amma ürək belə bir beyin rasionallığını, praqmatizmi qəbul etmir… Ona görə də həyatda beynin işi asandı, ürəyin işi çətin”.
Elçinin nə ürəyini, nə beynini çətinə salmamaq üçün bu məsələni bütün təfərrüatıyla izah etməliyəm.
Bir çox illər bundan qabaq Türkiyədə “Dialoq Avrasiya platformu” adlanan təşkilatın ilk sədri seçilmişdim. Bu təşkilatın işində Elçin özü də fəal iştirak edir, onun toplantılarına qatılır. Türkiyədə bəzi kitabları o təşkilatın xəttiylə nəşr olunub. “Dialoq Avrasiya platformu”na sədrlik müddəti iki ildir. Təşkilat sədri kimi işimi qiymətləndirdikləri üçün istisna olaraq məni iki yox, dörd il, yəni iki müddət sədr seçdilər. Növbəti toplantıda öz xahişimlə sədrlikdən gedəcəyimi bildirdim. Belə də oldu, yerimə Türkiyənin tanınmış tarixçisi və yazıçısı İlbər Ortaylı seçildi və yenə də xüsusi hörmət əlaməti olaraq məni “Dialoq Avrasiya platformu”nun ömürlük Fəxri sədri seçdilər. Bunları ona görə deyirəm ki, mənə belə hörmətlə yanaşan təşkilata hörmətsizlik edə bilməzdim. İş elə gətirdi ki, həmin tarix, yəni Antalyada təhvil-təslim tədbiri Bakıda unudulmaz yazıçımız İlyas Əfəndiyevin yubileyi keçiriləcək günlə eyni vaxta düşdü. Dəqiqləşdirirəm ki, İlyas müəllimin anadan olduğu gün yox, onun bir qədər gecikmiş yubiley tədbiri keçiriləcək gün nəzərdə tutulur.
Bu tarix qəti müəyyənləşdirilmədiyindən azı iyirmi gün qabaq Elçinə dedim ki, nəzərdə tutulan həmin vaxt mən mütləq Türkiyədə olmalıyam, xahiş edirəm yubiley tədbirini ya iki gün əvvələ, ya iki gün sonraya keçirin, mən də iştirak etmək istəyirəm. Elçin: - Olmaz - dedi.
Mən Türkiyəyə uçmalı oldum, özü də Elçinin zənn etdiyi kimi dincəlməyə, yeyib-içməyə yox, işləmək, tutduğum vəzifəni təhvil vermək üçün.
Belə başa düşürəm ki, Elçin məhz buna görə məndən inciyib, bunu ürəyinə salıb və çox illər sonra bu epizodu mətbuata çıxarmağı lazım bilib. Onu da deyim ki, İlyas müəllimin sağlığında da, o rəhmətə gedəndən sonra da onun haqqında səmimi yazılar yazmışam, onunla bağlı bütün tədbirlərdə (yubileylər, xatirə lövhəsinin açılışı, elmi konfranslar, kitabların təqdimatı, doğum və ölüm günlərində məzarını, ziyarət və s.) həmişə iştirak və çıxış etmişəm.
Atamı və anamı itirdiyim ağır günlərimdə Elçinin mənə dayaq olmasını da heç vaxt unutmuram və bu barədə də yazmışam…
Mənim beynimlə ürəyim arasında heç vaxt bir təzad olmadığı üçün Elçini də başa düşürəm. Taleyimin bu mürəkkəb çağında, hər yerindən kal duran adamın haqqımda ağzına gələni yazdığı bir vaxtda rasionallıq və praqmatiklik baxımından bir bəhanəylə məndən uzaq durmaq yəqin ki, daha sərfəli imiş. Əgər əsassız bir səbəbə görə qırx illik dostluq şübhə altına alınırsa, buna yalnız təəssüf etmək olar.
Müsahibəsinin sonunda Elçin bəyan edir ki, tək dostu - özüdür. Tək dostu yalnız özü olan adam xoşbəxtdirmi? Mən Elçinə xoşbəxtlik, yaradıcılıq uğurları və yeni dostlar arzulayıram.

Köhnə dostu ANAR






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 4th, 2007 tarixində 14:24 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Chilgin adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 15:50 yazıb:

    Oppaaaaaaaaa….
    Qurd ağacı içindən yeyər dedikləri budur?!
    Parçalanmaq üçün daxildən parçalanmaq lazımdır. Davamı diləyi ilə…


  2. Elmin Həsənli adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 17:00 yazıb:

    Anarı deputat seçmədilər deyə bu qədər acıxlıdır… :)
    Yoxsa belə xırda məsələyə qəzetdə cavab yazmazdı…


  3. Ryabina adlı istifadəçi, İyul 9, 2007 tarixində, saat 10:43 yazıb:

    Məncə belə yazıları ictimaiyyətə təqdim etmək lazım deyil.Dostdan incimək, bu incikliyi ictimaiyyətə car çəkmək…bunu yazıçı olmayanlar da bacaıır, özü də min dəfə yaxşı…Ədəbiyyatımız ölüm ayağındadır, sizsə…oxucuya oxumaq üçün nə təklif edirsiniz–inciklik müsahibələri…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: