Qaynar xəbər portalı

Kitab dünyası


Bred HelmAmerikalı teatr rəssamı Bred Helm: “AZƏRBAYCAN SƏHNƏSİNDƏKİ TAMAŞALARIN ÇOXUNDA DEKORASİYALAR BİR-BİRİNƏ OXŞAYIR”

Akademik Milli Dram Teatrı cari mövsümdə, ilk tanışlıqdan, uğurlu sayıla biləcək layihəyə imza atdı. ABŞ-ın ölkəmizdəki səfirliyilə birgə əməkdaşlığının nəticəsidir ki, Qərbin tanınmış teatr rəssamı Bred Helmi Bakıya dəvət edildi. Səbəbsiz deyildi. Teatr rəhbərliyi yəhudi əsilli Amerika dramaturqu və nasiri Artur Millerin “Körpüdən görünüş” (”A View From the Bridge”) pyesinə Azərbaycan səhnəsində quruluş verməyi qərarlaşdırdı. Və təbii ki, Avropa sənət aləmində öz üslubu, dəsti-xəttilə tanınan Bred Helmin səhnəqrafiya təcrübəsindən bəhrələnmək yerinə düşərdi. “Azərbaycan-Amerika teatr təşəbbüsü” layihəsi çərçivəsində Bakıda səfərdə olan Bred Helmin azərbaycanlı həmkarları - xalq rəssamı Nazim Bəykişiyev, əməkdar rəssam İsmayıl Məmmədov, Lətifə Quluzadə, Elnur Babayev, Valeh Məmmədovla ünsiyyəti zamanı sənət görüşlərilə bağlı fikir mübadiləsi aparılıb. Onun təkcə həmkarları ilə söhbəti deyil, əməkdaşımıza verdiyi eksklüziv müsahibə də maraqlı alınıb. Əvvəlcə qonağın ölkəmiz barədə təəssüratlarını təqdim edirik.

- Azərbaycan haqda ümumi məlumatım vardı, təbii ki, çox ətraflı deyildi. Buraya gəlməzdən əvvəl ünsiyyət qurmaq üçün rus dilini öyrənməyə başlamışdım. Amma iki il ərzində bir cümlə - “ya po russkiy ne ponimayu”dan başqa heç nə öyrənə bilmədim (gülür). Amma Azərbaycandan aldığım dəvəti məmnuniyyətlə qəbul etdim. Bu ölkə barədə bilgim yalnız keçmiş Sovet İttifaqının bir hissəsi olmasından ibarət idi. Yeni bir ölkənin insanlarının fikrini, təcrübəsini bilmək məni maraqlandırırdı. Azərbaycanın teatr sahəsində ən çox bəyəndiyim cəhət bu sahədə çalışan mütəxəssislərin öz işlərinə böyük həvəslə yanaşmalarıdır. Onlar fikir mübadiləsinə, yeni fikri dinləməyə həvəsli, dialoqa, müzakirələrə, yeni düşüncəyə açıqdırlar. Əlbəttə, bir həftə ərzində Azərbaycanın bütün teatrlarını gəzmək qeyri-mümkündür. Buna zaman da yox idi. Cəmi ikisində - Musiqili Komediya Teatrının “Milyonçunun dilənçi oğlu” və Akademik Milli Dram Teatrının “Füzuli və Əsmər” tamaşalarında olmağa imkan tapdım.
- Bu tamaşalarda diqqətinizi çəkən xüsusi məqamlar oldumu?
- Adətən komediya çox rəngarəng olur. “Milyonçunun dilənçi oğlu” tamaşasında isə diqqətimi çəkən ağ və qara tonların vəhdəti idi. Əlbəttə ki, dizayn, tərtibat işləri həm də maliyyəyə söykənir. Yəni, yüksək səviyyə çox hallarda maddi təminatdan asılıdır. Ümumilikdə götürsək, teatrda yenilik tez-tez olmur. Hətta Nyu-Yorkun ən məşhur teatrlarında belə yeniliklərə çox nadir hallarda rast gəlinir.
- Bəs səhnəqrafiya ustası kimi tamaşaların tərtibatı necə dəyərləndirdiniz?
- Dekor, səhnə yaxşı idi. Azərbaycan tamaşalarında dekorasiyalar, demək olar ki, bir-birinə oxşayır. Bunları yaxşı qurmaq üçün böyük vəsait lazımdır. Hazırda Artur Millerin “Körpüdən görünüş” tamaşası üzərində işləyirik. Bu barədə bəzi məsləhətlərim olub. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşmüşük. O da bu işbirliyinə çox həvəslidir və bunun reallaşması üçün istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyəcəyini bildirib.
- Ümumiyyətlə, “yaxşı tamaşa” anlamı sizinçün nə deməkdir?
- İnsanları ruhən özünə bağlayan, interaktiv, insanların gözlədiklərini verən tamaşa. Tamaşaçıları səhnədə gedən proseslərin iştirakçısı, bir parçası olmağa sövq edən tamaşa.
- Zənnimcə, arzuladıqlarınızı “Yuğ” Dövlət Teatrında görə bilərsiniz… (əcnəbi qonağa “Yuğ”un konsepsiyası, tamaşaları barədə azacıq informasiya verib, qalanını - deyilənlərin şahidi olmasını öz ixtiyarına buraxıram - S.B.).
- Belə tipli teatr bizi daha çox maraqlandırır. Yaradıcılıqla məşğul olan beş-altı nəfər ABŞ-a gedə və ya oradan bu teatrla tanışlıq üçün Azərbaycana gələ bilər. Beləcə, sənət mübadiləsi və təcrübə müsbət nəticələr verə bilər. Bu avanqard yönlü bir teatrdır.
- Nə üçün məhz Artur Miller?
- Bu, Azərbaycan tərəfinin seçimidir. Niyə də axı olmasın? Artur Millerin əsərləri bütün dünyada məşhurdur. Mən də bu seçimi dəyərləndirir, hörmətlə yanaşıram.
- Teatr fəaliyyətinizdə tərtibata, sizin dillə desək, səhnə dizaynına önəm verirsiniz. Bu da, təbii ki, ilk növbədə teatr rəssamı olmağınızdan irəli gəlir. Bu baxımdan sizə ünvanlayacağım sualın cavabı da, düşünürəm, çox maraqlı olar. Teatr dünyasında nəinki dekorasiyanın gözəlliyinə, keyfiyyətinə fikir verən, hətta ondan ümumiyyətlə, imtina edən teatrlar da az deyil. Kimisi bunu maddi durumla əlaqələndirir, kimisi üçünsə bu bir protest, etiraz təzahürüdür. Tərtibatın yaradıcılıqdan kənarlaşdırılması sizi narahat etmir ki?
- Sizinlə tamamilə razıyam. Əsas məsələ dekorasiya yox, aktyorların ifası, səhnədəki oyundur. Mən istəməzdim ki, teatra gələn tamaşaçıdan soruşanda ki, nə xoşuna gəldi, yalnız dekorasiyanın, səhnə tərtibatının gözəlliyini xatırlasın. Belə olan halda o, dialoqa, səhnədə cərəyan edən hadisələrə diqqət yetirmir, aktyor da öz növbəsində fikrini, emosiyalarını seyrçiyə çatdıra bilmir. Məsələn, küçələrdə göstərilən səyyar tamaşalar, demək olar ki, heç bir tərtibatla müşayiət olunmur, təbii ki, nəticədə qazanc deyil, emosiyaların bölüşdürülməsi məqsədi güdülür.
- ABŞ teatrları barədə istər nəşrlər, istərsə də virtual səhifələrdən xəbər tuturuqsa, tənqidin rolu nədənsə görünmür. Amerikada ümumiyyətlə, tənqid varmı, varsa, teatr aləmində hansı yeri tutur?
- Məsələn, Filadelfiyada əgər teatr üzrə 10 nəfər ekspert varsa, onlar həm də mətbu orqanlarla əməkdaşlıq edirlər. Tamaşanın taleyi, demək olar ki, onlardan asılıdır. Eləcə də biletlərin satışı. İctimaiyyət tənqidin rəyilə hər zaman hesablaşır, teatra seyrçi axını tənqidin mənfi və ya müsbət olması ilə bağlıdır.
- Tənqidin konkret olaraq sizin yaradıcılığınızda rolu nə dərəcədə əhəmiyyətlidir?
- Tənqidçinin mənim quruluş verdiyim tərtibatı neqativ dəyərləndirməsini faciə kimi qəbul etmirəm. Bu ilk növbədə teatr ekspertinin fərdi fikri, öz baxışıdır. Tənqidin hər hansı bir fikrini qəbul etməsəm belə, ona hörmətlə yanaşıram. Qəbul etməməyimin əsas səbəbi, yəqin ki, özümə inamımdan, işimə güvənməyimdən irəli gəlir. Amma yaradıcılığıma ünvanlanan tənqidçi fikri çox zaman pozitiv olub. Ümumiyyətlə, tənqidçi müsbət işi də tənqid etməkdə haqlıdır. Etiraf edim ki, tənqid tamaşanın taleyində həlledici rol oynayır, istər yaradıcı, istərsə maddi baxımdan. Çünki tənqidçi fikri yaradıcı insanın nüfuzunu həm yüksəltməyə, həm də endirməyə qadirdir. Bu dediklərim maliyyə vəsaitini ödəyən tərəfə də təsir göstərə bilər. Az öncə qeyd etdiyim kimi, ictimaiyyət sırf tənqid fikrinə inanıb teatra gəlir. Odur ki, tamaşaçısı olmayan teatrın, eləcə də sponsorun itkilərlə üzləşmək ehtimalı böyükdür.
- Deməli, sənətkar və tənqidçi münasibətləri birmənalı deyil…
- Tənqid ilk növbədə ədalətli, obyektiv olmalıdır. Məqsəd şəxsi münasibətə deyil, bütünlüklə tamaşaya yönəlməlidir. Yəni, qərəz olmamalıdır. Şəxsən mən tənqidçi fikrini nəzərə almağa çalışıram. Zənnimcə, yalnız məqsədyönlü, qərəzsiz tənqid teatrın inkişafına xidmət göstərə bilər.
Sevda BABAYEVA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: