“Əsassız bir səbəb” də bu dərəcədə “açaram sandığı, tökərəm pambığı” hikkəsi yaradar?
Elçin
Əzizim Anar!
Sənin fikrincə “ədəbiyyatımızın bugünkü durumu ilə bağlı bəzi məqamlarda subyektiv olsa da, maraqlı mülahizələr”dən ibarət mənim “böyük” müsahibəmlə bağlı kiçik qeydlərini oxudum və bu qeydlərin nə dərəcədə obyektiv olub-olmadığı barədə bir söz demək istəmirəm, amma, hər halda, “adım çəkilməsə də, mənə aid olduğu üçün”- deyib, məsələni mətbuat vasitəsilə adbaad açıb-ağartmağın, yəqin ki, obıvatel üçün maraqsız olmadı… Bəyəm mən ad çəkə bilməzdim? Sadəcə olaraq, mənim o sözlərim dostluqdan, ünsiyyətdən söhbət düşdüyü üçün, adsız və məişət xarakterli bir giley-güzar idi və sənin onu beləcə qabartmağına, hətta bu dərəcədə dramatikləşdirməyinə ehtiyac var idimi? Məncə, yox.
“Qoy oxucular da məsələnin mahiyyətindən agah olsun” deyə, çox nigaran hesab etdiyin oxucuları öz yozumunda məsələdən hali etdikdən sonra yazırsan ki, “əgər əsassız bir səbəbə görə qırx illik dostluq şübhə altına alınırsa, buna yalnız təəssüf etmək olar.”
Ancaq, əziz qardaşım, “əsassız bir səbəb” səni niyə bu qədər əsəbiləşdirib? “Əsassız bir səbəb” də bu dərəcədə “açaram sandığı, tökərəm pambığı” hikkəsi yaradar? Bəlkə o fikri də bir balaca yaxına buraxasan ki, lap kiçicik də olsa bir “əsas” var?
Nə isə, mən təzədən, mətbuat səhifəsində, sənin sözlərinlə desəm, “məsələnin mahiyyətinə” varmağı, təfərrüata getməyi, nələrisə cidd-cəhdlə sübuta yetirməyi, sənin dediklərinə çox asanlıqla lazımi düzəlişlər verməyi, doğrusu, özümə də, bizim onilliklər boyu münasibətlərimizə də yaraşdırmıram və buna görə də “məsələnin mahiyyətinə” nöqtə qoyuram.
“Məsələnin mahiyyətindən” kənarda isə, sənin “Böyük bir müsahibəylə bağlı kiçik qeydlər”ində bir məqam məni təəccübləndirdi, başqa bir məqam məndə təəssüf doğurdu, iki vacib məqam isə məni sevindirdi. Rəhmətlik atamla bağlı iştirak etdiyin tədbirləri bir-bir sadalayırsan. Sən, nədir, hər dəfə bunları bir-bir dəftərində qeydə almısan ki, sonra da beləcə sadalayasan? Doğrusu, bu məni təəccübləndirdi, bir az da, köhnə təbirlə desəm, rəncideyi-hal etdi. Burasını da mənə xatırladırsan ki, “onun haqqında səmimi yazılar yazmışam” və bunda da bir minnət qoymaq ab-havası olduğu üçün, düzü, mənim heç xoşuma gəlmədi.
Bunlar belə. Keçirəm dediyim həmin təəssüfə. Yazırsan ki, Türkiyəyə “Elçinin zənn etdiyi kimi dincəlməyə, yeyib-içməyə yox, işləməyə” gedibsənmiş. Bax, buna sidq-ürəkdən təəssüf etdim ki, sənin həmin Türkiyə səfərində dincəlməyə, yeyib-içməyə imkan olmayıb. Bəyəm bu pis şeydir? Ümid edirəm ki, heç olmasa, orada yaxşı işləyə bilmisən.
İndi də “Böyük bir müsahibəylə bağlı kiçik qeydlər”indəki həmin sevindirici iki məqam haqqında.
Birinci məqam: yazırsan ki, sənin “beyninlə ürəyin arasında heç vaxt bir təzad olmayıb.” Bax, bu, həqiqətən qibtə ediləsi və yazıçı üçün unikal olan gözəl bir xüsusiyyətdir. Sənin bu xüsusiyyətini, doğrusu, mən bilmirdim. Köhnə dostun kimi, buna sevindim. Beyinlə ürək arasındakı belə bir daimi harmoniyadan gözəl nə ola bilər?
İkinci məqam; mənə, nə gizlədim, çox çətin bir sual verirsən: “Tək dostu yalnız özü (yəni mən- E.) olan adam xoşbəxtdirmi?” Təkrar edirəm, çox çətin sualdır!.. Buna asanlıqla cavab vermək olmaz. Və belə bir sualı, təbii ki, yalnız özü xoşbəxt olan adam verə bilər. Bax, buna görə də mənim üçün çox xoşdur ki, köhnə və sevimli dostum Anar beləcə xoşbəxt bir adamdır!
O ki qaldı “rasionallıq və praqmatiklik baxımından bir bəhanəylə məndən (yəni Anardan- E.) uzaq durmaq” ehtimalına və şərəf məsələsinə, təkcə onu deməklə kifayətlənirəm ki, səndəki o gözəl “beyinlə ürək arasındakı harmoniyaya” faciə qəhrəmanlarına xas belə vasvası düşüncələrlə xələl gətirmə, çünki həqiqətən, heç bir əsası yoxdur.
Əziz dostum!
“Böyük bir müsahibəylə bağlı kiçik qeydlər”ində mənə bildirdiyin xoş və səmimiliyinə heç vəchlə şübhə etmədiyim arzularına görə (”Mən Elçinə xoşbəxtlik, yaradıcılıq uğurları və yeni dostlar arzulayıram.”) sənə dərin təşəkkürümü bildirirəm. Təki, sənin bu gözəl arzuların çin olsun!
Ona görə də sağ ol ki, heç olmasa, mənim o adsız gileyimi qərəzli hesab etmədiyini yazmısan. Doğrudan da, bizim aramızda hansı qərəzdən söhbət gedə bilər? Mənim ürəyimdə sənə qarşı məhəbbətdən başqa heç nə yoxdur. Və əzizim Anar, inan ki, bu yerdə mənim də beynimlə ürəyim arasında, səninki qədər olmasa da, hər halda gözəl bir harmoniya yarandı. Mən səni təmiz vicdanlı bir insan, yalnız ədəbiyyatımızın deyil, mədəniyyətimizin, ictimai fikrimizin görkəmli nümayəndələrindən biri hesab edirəm və bu yerdə artıq sözə də, elə bilirəm, ehtiyac yoxdur.
Və mən də arzu edirəm ki, sən bundan da artıq dərəcədə xoşbəxt olasan, “hər yerindən kal duran adamın ağzına gələni yazmağını” “taleyimin bu mürəkkəb çağı” dərəcəsində Şekspir faciəsinə çevirməyəsən (demirsən ki, yuxudan kal durublar? kal adamdan nə gözləyirsən?), mətbuatda sənin böyük yazılara kiçik qeydlərini yox, özünün böyük yazılarını, uğurlu bədii əsərlərini oxuyub sevinək və bir də heç vaxt sənə təzədən cavab yazmaq kimi qətiyyən xoşa gəlməyən bir məcburiyyət qarşısında qalmayaq, heç zaman da dost itirməyəsən, həmişə köhnə və yeni dostlarınla bir yerdə olasan.
Türklər demiş, sayqılarımla,
Elçin
4 iyul 2007 Gözəl bir sübh çağı
« “Azərbaycanın teatr mütəxəssisləri öz işlərinə böyük həvəslə yanaşırlar” | Əsas səhifə | RAMİZ RÖVŞƏNİN SSENARİSİ ƏSASINDA FİLM ÇƏKİLİR »




Bölmə: 









e110365 adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 10:20 yazıb:
“4 iyul 2007 Gözəl bir sübh çağı”
Bəs məkan?
P.S. Məktuba “əzizim”lə başlamaq gözəldir.
Novarg adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 11:28 yazıb:
Xərifləmək…
Hə, yaş ötür, artıq hər söz qəlbə toxunur…
P.S. Əslində bunların “əzizim”i də sünidir… Ən doğrusu heç məktuba başlamamaqdır…
e110365 adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 12:12 yazıb:
Məktuba…”əziz”(im)lə…başlamaq lazımdır. Aşağıdakı kimi…
Əzizim,
səndən vəfalı olmasın,
bir itim vardı.
Dünən öldü
sənin üçün çağrılmış
təcili yardım maşınının
təkərləri altında.
Ömrün uzun olsun,
vəfalı olmasan da olar!
Amma nə olar,
asfalta yapışmış it görsən…
kənarına çəkib yolun
üstünə daş yığ
ki, mən görməyim.
Masallı-Boradigah adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 12:27 yazıb:
Mən Elçin və Anarın ( bu sıraya Vaqif Səmədoğlunu və digərlərini də əlavə etmək olar.)yerində olsaydım qələmi bir dəfəlik yerə qoyardım.
Vəssalam.
Novarg adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 14:32 yazıb:
Elçin Anar`ı qınadı…Anar cavab yazmasaydı böyük qalardı…Teessüf ki, yazdı…Elçin böyüdü…Sonra Elçin cavab yazdı, kiçildi…İndi Anar böyükdür… Beləcə, növbə ilə böyüyürlər-kiçilirlər…
Mənə elə gəlir ki, artıq hər biri peşman olub, cavab yazaraq kiçilmək, böyük olmaq qismətini köhnə dostuna vermək istəyir…
Qoy bunlarin hakimi öz vicdanları olsun, tebii ki, eger hele onu öldürməyiblərsə…(Balzak)
Masallı-Boradigah adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 22:57 yazıb:
Heç bilirsiniz ki, Anarın milləti nədir?
Sahile adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 23:04 yazıb:
Elchin ve Anar muellim, sizin adlarinizi onsuz da edebiyyata ac olan adamlar kimi daima gozleyen oxucular bundan sonra bele bayagi, edebiyyata qetiyyen dexli olmayan metleblerden behs eden yazilarla qarshilashanda chox teessuf edir.Size dogru gelen gencler Sizi dag bilib gelir,yaxinlashdiqca tepe oldugunuzu gostermeyin.
ali adlı istifadəçi, İyul 6, 2007 tarixində, saat 02:58 yazıb:
Buda menim yazıçılarım.demek Cemiyyetimiz necedirse elede yazıçımız var
Ramin Paşazadə adlı istifadəçi, İyul 7, 2007 tarixində, saat 21:35 yazıb:
Deyəsən sayta baxmaq bir neçə gündür ki, redaktorub yadından çıxıb…
Ramin Paşazadə adlı istifadəçi, İyul 7, 2007 tarixində, saat 23:33 yazıb:
Mən bilirəm Anarın milləti nədir. Lazım olsa yaza bilərəm.
Ryabina adlı istifadəçi, İyul 9, 2007 tarixində, saat 11:36 yazıb:
Söz yox ki, Təhminə Məryəmdən daha doğma, Zaur Mahmuddan daha sevimli, Anar Elçindən daha çox oxunan oldu Brejnev dövrünün oxucusuyçün…Sonrakı zamanın nəbzini ilk tuta bilən isə Elçin oldu…indi bir-birinə tam bərabər mövqedədirlər - nə Brejnev var, nə onun dövrü, nə də o dövrün oxucusu…İndi Zahir Əzəmətin sözü olmasın, Aygün Kazımova primitiv bir kitab çap etdirsə, onun qazanacağı oxucular Anarın və Elçinin ömürləri boyu yığa bilməyəcəkləri sayda olacaq…Bəlkə də ədəbiyyatı bir qırağa tullayıb elə Aygünün dövründə yaşayıb tarixə onun müasirləri kimi düşmək daha gözəl təsəlli olardı yazıçılarımızçün…
leyla adlı istifadəçi, İyul 12, 2007 tarixində, saat 12:06 yazıb:
starciskiy marazm