İntibah dövrünün fırça ustası, italyan rəssamı Rafayelin əsəri rekord bir məbləğə - 37 milyon dollara, Londonun Kristi hərracından satılıb.
Söhbət, Florensiya hökmdarı Lorenso De Mediçinin portretindən gedir. Son dəfə bu tablo ictimaiyyət qarşısında 1968-ci ildə olub. O zaman incəsənət aləmində bu əsərin doğrudan da Rafayel fırçasına məxsus olub-olmadığına dair fikir ayrılığı yaranmışdır.
Bu səbəbdən Lorenso De Mediçinin portreti auksiondan cəmi 325 dollara, özəl bir dilerə satılmışdır. Bundan 3 keçmiş əsərin həqiqətən də Rafayel dühasına məxsus olduğu sübuta yetirilmiş və tablonun dəyəri dərhal artmağa başlamışdır.
Lorenso De Mediçi Roma papası Onuncu Leonun qardaşı oğlu idi və papa həmin portreti Lorenso Fransa kralının əmisi qızı Madeleyn De La Tur D”Auvenye ilə nişanlandıqdan sonra Rafayelə sifariş etmişdir.
Lorenso ilə Madeleyn bir birini heç görməmişlər və portret Lorensonu təqdim etmək məqsədi ilə sifariş edilmişdir. İntibah dövründə tanışlıq məhz bu cür edilirdi, necə ki, müasir dövrdə İnternet tanışlığı.
Həmin portretdə Lorenso De Mediçi qızıl iplərlə tikilmiş paltarda, xəzlə köbələnmiş papaxda təsvir olunub. Portret, deyəsən, xeyli təsirli çıxmışdır, çünki cüt, yəni, Lorenso ilə Madeleyn 1518-ci evlənmişlər. Onların qızı, məşhur Kətrin De Mediçi sonralar Fransa kralı İkinci Henrixə ərə getmişdir.
Rafayel əsərinə görə əvvəlki rekord 11 il bundan əvvəl “Appostolun Başı” tablosuna görə vurulmuşdur ki, həmin rəsm əsəri 10 milyon dollara satılmışdır.




Bölmə: 








