Qaynar xəbər portalı

Kitab dünyası


AliyəALIYƏ

Axundov adına kitabxana ölkənin bir nömrəli və ən böyük kitabxanasıdır. Oxucuları əksərən tələbələr, alimlər, dissertantlar və hərdən-hərdən jurnalistlərdir. Yüz əlli il əvvəl Mirzə Fətəli Axundovdan başlayan maarifçi realist dalğa XXI əsrin əvvəlində yenə bizim, sahildə yaşayan Bakı sakinlərinin üzünə çırpılır. «Alma» qəzeti 2007-ci ili kitab ili elan edir. Günəşli, isti bir aprel günündə adamdan soyuyan kitabxanaya daxil olunca bayırdakı işləri və havanı anındaca unudursan.

66

Kataloqların arasında eşələndikcə ilk ağlıma gələn bu olur: bura ölkənin ən laqeyd məkanıdır. Adama elə gəlir ki, dünyadakı işlərin bu kitabxanaya dəxli yoxdur. Və hətta əvvəllər Axundov adına kitabxanada özümü Kafkanın «Qəsr»ə düşmüş qəhrəmanı kimi yad və qarışıq məntiqlərin, sistemin içində hiss eləmişəm. Belə absurd asosiasiyalar çox şəxsidir və mən kitabxananın imicini zədələmək fikrindən çox uzağam. Geyimimi qarderoba verəndə aldığım nömrədə qoşa altı görəndə üşəndim. Necə olsa kitabxana elə bir yerdir ki, orada mistikaya həmişə yer var, zira qarışıq dövrlərin, qaranlıq şəxsiyyətlərin, allah bilir, şeytani enerjidənmi, ilahi vəcdənmi ilhamlanan yazarların mətnlərinin ruhu dolaşa bilər burada. Amma güman etmirəm. Həmişə məni Axundov kitabxanasına girən kimi yuxu tutur. Adətən mürgü və kitablar arasında yoldaşlarımı həmişə bayıra çıxmağa səsləmişəm, ya da ali məktəb zırramalarının parta və kataloqalara yazdığı fikirlərə, söyüşlərə, cızma qaralara tamaşa etmişəm. Nə isə, keçmiş olsun. Mənim də kitab gözləyən, qəzet vərəqləyən günlərim olub və allah qoysa, olacaq. Odur ki, yazını vaxtı olan kimi gününü Axundov kitabxanasının mətbuat zalında 50-ci illərin qəzetlərini oxuyaraq keçirən Rauf müəllimə, mətbuat şöbəsində qəzet jurnal sifarişlərini yerinə yetirən adını bilmədiyim yaşlı xanıma həsr edirəm.

AĞIR ELMLƏR

Axundov kitabxanasının hündür və ağır qapısından tutmuş (bir quzunu yemək lazımdır ki bu qapını tam açasan) dramaturqun ortadakı nataraz büstünədək hər şey adama elmin necə ağır, monumental və zırıltı bir yük olduğunu anladır. İçəridəki proseduralar isə xam adamları əməlli-başlı çaşdıra, əsəbləşdirə və hətta bezdirə bilər. Xüsusən bu, birinci kursda oxuyan rayonlu tələbələrə aiddir. Deməli, qarderob əməliyyatından sornra qalxırsan yuxarı, kataloqlar arasında eşələnib, guya sənə lazım olan kitabı tapanda onun şifrəsini, yerini, adını kağıza yazıb verirsən kitabxanaçı qadınlardan birinə. O səndən yarım saat gözləməyi xahiş (hərdən əmr) edir. Yarım saata kitab ya gələ, ya gəlməyə. Absurd dramaturgiyada gözlənti üzücü bir ümid əlamətidir – həyata pessimist illüstrasiyadır. Bekketin Qodo həsrətli qəhrəmanları Axundov kitabxanasına düşməyiblərsə də bunu bilirlər. Burada bəxt məsələsi çox mühüm rol oynayır, çünki, arxaik sistemlə işləyən və bu qədər oxucu ilə əlləşən kitabxanaçıların sənin kitabının olub olmamasında heç bir təqsiri yoxdur. Bir dəfə mən qəzet-jurnal arxivi olan otaqların birinə boylandım. Çirkli-tozlu qəzetlərin içində nəfəs almaq və oradan nəsə ağır bir qəzet bükümü tapıb çıxarmaq həqiqətən fədakarlıqdır. Axundovun mətbuat şöbəsində bu fədakarlığı yaşlı bir qadın sakitcə, sovetdənqalma bir həvəslə, əzmlə edir. Maraq və əyləncə xatirinə 30-cu illərin hansısa rayon qəzetini oxumaq istəyən tələbəni səbrlə, dözümlə və qısa kəlmələrlə, gizli bir aqressiya ilə başa salır.
Son illərin xarici (Rusiya) jurnal və qəzetləri kitabxanada yoxdur. O cümlədən «Teatr» jurnalı. Deyəsən, dünya ədəbiyyatının və elminin ən yeni istiqamətlərini ayarlayan kitablardan danışmaq yersizdir.

PODVALDAYAM TƏXMİNƏN…

Axundov kitabxanasının zirzəmisində bufet yerləşir. Dövrünün islahatçı, yenilikçi, qabaqcıl, hətta postmodernist olan qəribə bir adamları bu bufetdə qərar tuturlar. Onlar hərdən bir-birini görməyə elə bura gəlirlər. Bura kitabxananın ən canlı və diri yeridir. Ədəbiyyat söhbətlərinin qalmaqallı məqamları, məzəli qeybətləri buradan başlayır (dı). İndi bufet təmirdədir. oxucular podvala yalnız qəzetlərin üzünü çıxarmaq üçün düşürlər. bu qarışıq dəhlizlərdə, zir-zibilli və kağız qalaqları ilə hörülmüş divarlar arasında yenə də də absurd hisslər adamı bürüyür, mürəkkəb sistemin içindən çölə adlamaq istəyi dəhlizlərin kağız qoxusunun müşaiyət etdiyi sirrli görünən döngələrində əndəruni düşüncələrə dalmaq həvəsini öldürür.

BURADA BİR MİSTİKA VAR…

Əgər kataloqdan istədiyiniz kitabı axtarıb tapa bilməmisizsə və ya tapıb ala bilməmisizsə, biblioqrafa müraciət edin. O, sizi QIRXINCI OTAĞA göndərsə, iş əngəldir. Çünki, Axundov kitabxanasının qırxıncı otağı nağıllardakı kimi sirrli və gedər-gəlməz bir otağa modern parodiyadır. Kataloqların arasından keçib qırxıncı otağı tapıram. Burada nağıllardakı kimi qəzavü-qədər ilahəsi yox, orta yaşlı bir xanım əyləşib. Laqeyd bir halda məni dinləyəndən sonra baş əlifba kataloquna – sağ küncdəki AĞ EVƏ getməyimi məsləhət görür. Amma üç günün tamamında. Çünki bu «generalnıy» çərşənbə axşamı işləyəcək. Mürəkkəb get-gəllər siyasi-diplomatik mürəkkəb danışıqlar sistemini xatırladır. Mən bütün bu proseduralardan sonra əldən düşmüş halda ağ pillələri düşürəm. Mənə elə gəlir ki, nə vaxtsa bu pillələri eynilə bu cür düşmüşəm və eynilə bu fikirlərlə…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (5 səs, təxmini: 3.8 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: