NİZAMİ CƏFƏROV: “ŞOU-BİZNES SAHƏSİNDƏ BAYAĞILIQ ADİ HALA ÇEVRİLİB”
Milli Məclisin payız sessiyasında şou-biznes sahəsində fəaliyyətlə bağlı qanun layihəsi müzakirə ediləcək. Bu barədə ANS-ə müsahibəsində parlamentin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının rəhbəri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, komissiyanın apardığı 2 illik araşdırmadan sonra şou-biznes sahəsində intizamın yaradılması və fəaliyyətinin nizama salınması üçün bu cür qanunun qəbul edilməsi zəruridir: “Azərbaycanda mədəniyyət, incəsənət siyasəti var. Bu, xalqın tarixindən gələn bir məsələdir. Söhbət müasir sənət, müasir yaradıcılıq dəyərləri səviyyəsində bir hüquqi anlam verməkdən gedir”. Nizami Cəfərov bildirib ki, şou-biznes sahəsində bayağılıq və əxlaqsızlıq adi hala çevrilib: “Teleefir şou-biznes ulduzları arasında məhkəmə çəkişmələrinə aparan intriqalarla doldurulub. Xüsusilə də hazırda milli şou-biznesimizdə yaranan maliyyə pozuntularının qarşısının alınması və onun bir incəsənət növü kimi düzgün təbliğ edilməsi vacibdir”.
Sənətçilər qanun layihəsinin müzakirəsini dəstəkləyiblər. Xalq artisti, kamança ustası Habil Əliyev Milli Məclis tərəfindən şou-biznes sahəsində fəaliyyətlə bağlı qanun layihəsinin müzakirəsini müsbət qiymətləndirib: “Buna şou-biznes demək olmaz, şou-biznes paltarı geysələr də, onlarda bu sənətdən əsər-əlamət yoxdur. Milli Məclis bu məsələni qaldırıbsa, bunu bayram kimi qeyd eləmək olar”.
Xalq artisti, müğənni Flora Kərimova da sözügedən müzakirələri dəstəklədiyini söyləyib.
Qeyd edək ki, tamamlanmaq üzrə olan qanun layihəsi parlamentdə qəbul olunarsa, ictimaiyyət qarşısında ədəb-ərkan normalarına əməl etməyən şou-biznes nümayəndələri cəzalandırılacaqlar.




Bölmə: 








