Qaynar xəbər portalı

Kitab dünyası


EçinElçin Axundov “Dədə Qorqud” animasiya filminin aqibəti ilə bağlı ürəkaçan fikirlər söyləmədi

Kino aləmindəki mövcud durum animasiya filmlərinə olan diqqəti müəyyən qədər yayındırıb. Nə bu peşənin kifayət qədər biliciləri yetişir, nə də gənc kadrlar cizgi filmi çəkmək arzusundadır. “Azanfilm”in direktoru Elçin Axundovun fikrincə, bu gün cizgi fimli çəkənləri sovet dövrünün kadrları təşkil edir. Animator hesab edir ki, onların mövcudluğu Azərbaycanda bu sənətin müəyyən qədər inkişafına səbəb olub.“Məlumdur ki, on animasiya filmindən biri sovet dövründə dünya animasiya bazarında lazımi səviyyədə tanınıb. Bu gün isə animasiya filmlərinin qabaqcıl istehsalçıları olan “Disney”, “Warner Brothers”, “Karolina” və başqa böyük studiyalar fəaliyyət göstərir. Bu göstəricilərə görə, animasiya bazarları, demək olar, bütünlüklə təmin olunub. Biz sovetin qalıqları ilə onlarla ayaqlaşa bilmərik. Lakin mən 25 cizgi filminin müəllifi və mütəxəssis kimi onu deyə bilərəm ki, Qərb animasiya istehsalçılarında ümumi ideya, dramaturgiya çox zəifdir. Qərbin animasiyası bizimkilərdən, demək olar, qat-qat aşağı səviyyədədir. Sadəcə rənglər və dinamik effektlər tamaşaçını aldadır. Mən onların yadına salmaq istəyirəm ki, “Hər şey qızıl deyil ki, parıldasın”.
Telekanallarda azyaşlılar üçün təqdim olunan yerli cizgi filmlərinin sayının azaldığını animatorun diqqətinə çatdırdıqda o, belə bir açıqlama verdi: “İndi telekanallara sərf ediir ki, tammetrajlı filmlər göstərsinlər. Həmin filmlər də tamaşaçılar üçün çox maraqlı olur. Nəyə görə televiziya 2-3 dəqiqəlik cizgi filmi üçün pul xərcləsin? O pula onlar tammetrajlı film alıb tamaşaçılara təqdim edə bilərlər. Amma insanlar başa düşməlidirlər ki, yerli kinematoqrafiyaya əvvəl animasiya, sonra isə bədii film lazımdır”.
Yerli animatorların qıtlığından söz açan Elçin Axundov təəssüflə qeyd etdi ki, 30 peşəkar animatordan indi cəmi üçü qalıb. Dünyasını dəyişən peşəkar kadrların bu gün davamçıları yetişmir. O qeyd etdi ki, əsas problem cavan kadrların olmamasıdır: “Bu günlərdə bizə istedadlı gənclər müraciət ediblər. Lakin rəssam-animatorda artistlik keyfiyyətini görə bilmirik. Bütün bunlar yaradıcı adamda kompleks şəklində olmalıdır. Bu üzdən peşəkar kadrların mövcudluğu haqqında ağızdolusu danışa bilmirik” deyən E.Axundovun fikirləri animator sənətinin gələcəyinə nikbinliklə baxmağa imkan vermir.
Bir məsələni də diqqətimizə çatdıran “Azanfilm”in direkoru əlavə etdi ki, 2006-cı ilin sentyabrında kino qurumu inkişaf məsələləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə yeni layihələr təqdim edib: “Onlar söz veriblər ki, layihənin həlli üçün maliyyə vəsaiti ayrılacaq. Amma deyəsən, vədləri söz üzərində də qalıb. Çünki bir neçə dəfə maraqlanmışıq, bizə elə hey “gözlə” deyirlər. Amma bu cür cavablar bizə işləmək üçün ruh yüksəkliyi vermir. Gözləyə-gözləyə həvəsdən düşürük”.
Tammetrajlı filmlə cizgi filmi arasında maliyyə xərcini müqayisə edən animatordan daha sonra bunları öyrəndik: “Cizgi filmləri bədii filmlər kimi böyük məbləğ tələb etmir. Cəmi yarım milyon manat bəsdir ki, keyfiyyətli animasiya çəkilsin. Çəkdiklərimizi hələ ki özümüz izləyirik. Eyni zamanda elə şərait yaratmaq lazımdır ki, bizim animasiya məhsullarını dünya bazarlarında alsınlar. Yəqin nə vaxtsa elə bir qəhrəman tapılacaq ki, bizi dünya ekranlarında tanıda bilmək imkanı olacaq”.
Xatırladaq ki, uzun sürən fasilədən sonra “Dədə Qorqud” dastanına animasiya filmi çəkiləcəyi barədə xəbərlər dolaşdı. Lakin bu layihə maraqlı ekran əsərinə çevrilə bilmədi. Cizki filmi hələ də tamaşaçılarına nümayiş etdirilməyib. Məsələyə münasibətini bildirən rejissor ürəkaçan fikirlər söyləmədi: “Dədə-Qorqud” bizim klassikamızdır. Klassikanı isə səviyyəsiz rejissora tapşırmaq lazım deyildi. Mən bu animasiyanı biabırçılıq sayıram. Bu əsəri başqa cür çəkmək olardı. Axı nə qədər olsa, bu bizim tariximizdir”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: