Qaynar xəbər portalı

Kitab dünyası


həmidəHəmidə Ömərova: “Kino sənətimizi gözdən salmaq üçün müsabiqə keçirilsəydi, “Adam ol” birinci yeri tutardı”

Həmsöhbətimiz xalq artisti Həmidə Ömərovadır. Həmidə xanımı xüsusi təqdim etməyə ehtiyac duymadığımızdan birbaşa müsahibəyə keçirik:
- Maraqlıdır, kinoda hansı obrazı yaratmaq istərdiniz?
- Mən istərdim, elə bir ssenari yazılsın ki, qadınların problemi ön plana çəkilsin. Bizim bəlamız ondadır ki, Azərbaycan kinosunda çəkilən filmlərdə qəhrəman qadın olsa da, film kişilərin mövqeyindən çəkilir. Qadınlarımız isə daha çox uşaqlar, yeniyetmələr haqqında film çəkirlər. Mən istərdim elə rejissor olsun ki, yalnız qadınlar üçün film çəksin. Onların problemlərini qabartsın. Ssenari müəllifləri kişilər olduğundan, yazanda qadın obrazlarını kölgədə qoyurlar.
- Məncə, siz feministsiniz…
- Yox, mən qadınam!- Bəs feminizmə münasibətiniz necədir?
- Çox müsbətdir. Feminizm o demək deyil ki, qadınlar kişilərdən üstün olmalıdır. Feminizm o deməkdir ki, qadın öz hüquqlarını, özünün nəyə qadir olduğunu göstərə bilər.
- “Kurtlar vadisi” serialına baxırsınız?
- Təəssüf ki, mən əvvəlcədən ardıcıl baxmadığım filmi sonra izləyə bilmirəm. Həm də elə vaxt verirlər ki, mən çox məşğul oluram.
- Kinostudiyada yeni filmlər istehsalata buraxılıb. Çəkilən filmlərə dəvət almamısınız ki?
- Məni “Cavid ömrü”ndə Hüseyn Cavidin anası roluna dəvət eləmişdilər. Əvvəlcə razılıq verdim, düşündüm, maraqlı olacaq. Ssenarini verdilər, evdə oxudum, gördüm ki, orda aktyorluq baxımından heç nə yoxdur. Bir-iki cümlə həmidəişlətməliyəm, vəssalam! Bir də kadrların birində çay süzməliyəm. Çıxıb filmə çəkilmək xətrinə görünməkdənsə, çəkilməmək daha yaxşıdır. Belə bəsit rolu qeyri-peşəkar aktrisa da oynaya bilər. Bir də Ramiz Əzizbəyli məni “Yalan” filminə dəvət eləmişdi. O da elə adı kimi yalan çıxdı… Heç sınaq çəkilişlərinə də çağırmadılar. Ramiz Əzizbəyli belə qiymətləndirdi ki, mən heç də kənd qadınına oxşamıram. Amma bu onun öz mövqeyidir. Mənə elə gəlir ki, aktrisa istənilən obrazı oynaya bilər.
- Sənətdə özünüzə qarşı biganəlik hiss etmirsiniz ki?
- Bilmirəm, bəlkə də bu, ssenariylə əlaqədardır, amma Azərbaycan kinosunda peşəkar sənətkarların əksəriyyətinə biganəlik hiss olunur. Heç olmasa, “xala xətrin qalmasın”- deyə, çağırsalar adam belə əsəbiləşməz. Mən bu məsələni bir dəfə də qaldırmışam: Azərbaycan kinosunda 40 yaşından o yana qəhrəman qadın obrazı yaradılmır. Yalnız epizodik rollarla kifayətlənirlər. Elə bil ki, Azərbaycanda 30-40 yaşından yuxarı qadın yoxdur. Ola bilsin ki, bu, ssenari kasadlığından irəli gəlir. Ssenaristlər nəzərə almalıdırlar ki, qadın problemləri ərə getmək, ailə həyatı qurmaq, məhəbbətin dönüşü ilə bitmir.
Qadının əsl problemləri məhz orta yaşlarında başlayır; valideyn-övlad münasibəti, qadının öz problemləri, əsgərlikdə olan övladı, ərinin xəyanəti və sair və ilaxır.
Azərbaycan kinosunda bu mövzuya toxuna biləcək ssenari yoxdur. Halbuki bütün Qərb kinosunda məhz bu yaşda olan qadınların problemləri ön plana çəkilir. Belə çıxır ki, bizim Azərbaycanda qadın problemləri yoxdur…
- Sözünüzün qüvvəti, Ramiz Əzizbəylinin “Yalan” filminə çəkilənlərin əksəriyyəti gənc aktyor və aktrisalar idi…
- Əgər kinoya gənclər dəvət olunrsa, mən bunu alqışlayıram. Mən özüm institutu qurtaran kimi çəkilməyə başladım. Amma söhbət təkcə gənclərdən yox, peşəkarlardan gedir. O zamanlar Azərbaycan kinosuna qonşu ölkələrdən kimlərisə çağırıb çəkirdilər: istər kişi, istərsə də qadın obrazlarını. Maşallah, indi Azərbaycan kinosunda yaxşı filmlərin sayı gündən-günə artır. Və son vaxtlar ümid də çoxalır ki, görəsən, haçan səni film çəkilişlərinə çağıracaqlar? Amma bu “haçansalar” yaman uzanır… Bəzən düşünürəm ki, gün gələcək nəhayət, məni nənə rollarına çağıracaqlar…
- Sizcə, son illər çəkilən filmlərimizdə kəmiyyət keyfiyyətə təsir edə bilir?
- Çox! Bu yaxınlarda Rusiya kinematoqrafçıları Azərbaycana gəlmişdilər. Görüş zamanı İrina Şevçuk qeyd etdi ki, Rusiyada il ərzində 4 min film çəkilir. Əgər bizdə belə olsaydı, daha yaxşı olardı. Onu da deyim ki, il ərzində 4 filmin özü də az iş deyil. Yeri gəlmişkən, mən böyük məmnuniyyətlə Rusiyanın seriallarına baxıram. Həqiqətən də, onların arasında peşəkarlıq nöqteyi-nəzərindən diqqətəlayiq seriallar çoxdur.
Digər bir tərəfdən isə, Azərbaycanda xarici ölkələrdə olduğu kimi seriallar çəkilsə, aktyorlarımız işsiz Həmidəqalmazlar. Həm də serial problemi aradan qaldırılmış olar. Xatırlayırsınız, dublyaj təzə çıxan vaxtlar deyirdik ki, bu nədi? Amma tədricən görürük ki, dublyaj inkişaf edir. Bütün kanallar dublyaj etdiyindən, hətta qulağımız Azərbaycan dilinə öyrəşib. O ki, qaldı kinomuza, yaxın gələcəkdə arzulamaq lazımdır ki, Azərbaycan kinosunda filmlər çox çəkilsin və gənc rejissorlar da filmə cəlb olunsunlar. Üstəlik, peşəkar rejissorlarımız onlara kömək etsinlər.
- Həmidə xanım, kinoda ilk dəfə kimlərlə tərəfmüqabili olmusunuz?
- Hamlet Xanzadəylə, Məmmədrza Şeyxzamanovla, Əliabbas Qədirovla… Allah onlara rəhmət eləsin! Mən fəxr edirəm ki, belə gənc ikən onlarla bir filmdə çəkilmişəm. İstəyirəm ki, gələcəkdə bizimlə filmə çəkilən gənclər eynən mənim kimi fəxr eləsinlər. Qoy, onlar bizdən çəkiliş meydançasında nəsə öyrənə bilsinlər.
- Çəkilən seriallara necə, dəvət alırsınız?
- Bilirsiniz, bəzən serialları qeyri-peşəkarlar çəkirlər. Televiziyaya bu yaxınlarda bir film çıxardılar. Deyəsən, adı “Adam ol” idi. Nə qədər cəhd elədim ki, o filmə baxım, məni yuxu tutdu. Səhərisi gün işə tələsdim ki, iş yoldaşlarımdan soruşum, film necə qurtardı… Vallah, buna kino da demək olmaz. Əgər Azərbaycan kino sənətini gözdən salmaq üçün müsabiqə keçirilsəydi, yəqin, “Adam ol” birinci yeri tutardı. Yeri gəlmişkən, Azərbaycanda belə bir festival tətbiq eləsək, mənə elə gəlir ki, tədricən kinonun səviyyəsini qaldıra bilərik. “Adam ol”u çəkən pul gücünə ən peşəkar aktyorları çağırsa da, onlar rejissoru xilas edə bilməyiblər. Cılız ssenari ilə rejissoru xilas eləmək qeyri-mümkündür.
- Hazırda Azərbaycanda kino tənqidi hansı səviyyədədir?
- Bu gün Azərbaycanda açıq kino tənqidi yoxdur. Mənə elə gəlir ki, Mədəniyyət və İncəsənət Universitetində son illər çox maraqlı kino tənqidçiləri yetişib. Bu gənclər tənqid etmək, açıq söz deməkdən çəkinmirlər.
Digər tərəfdən isə, gərək kino çəkilsin ki, tənqid də olsun. Azərbaycan kinosunda belə bir “etika” qaydası var; həmkarı heç vaxt deməz ki, hansısa rejissorun filmi onun xoşuna gəlmir… Yenə də deyirəm, bu qayda yalnız Azərbaycan kinosuna şamil edilir… Kino tənqidçisinin birbaşa vəzifəsi filmə baxıb təkcə tənqid yox, başqa – dünya kinosunun nümunələriylə müqayisə eləmək və ortaq məxrəcə gəlib nəticə çıxarmaqdır. Bəzən görürsən ki, kino tənqidçilərimizin bəziləri götürürlər bir filmi və heç nəyə əsaslanmadan döşüyürlər… Tənqid ona görə tənqiddir ki, filmi çəkən qəzəblənməsin, nəticə çıxara bilsin. Ona görə də tənqiddə xeyirxahlıq daha çox olmalıdır.
- Son illər kommersiya filmlərinə korifey sənətkarlarımız da çəkilirlər…
- Mən onları təqsirkar bilmirəm. Mənə bəzən deyirlər ki, indiki iqtisadi böhran şəraitində niyə klipə çəkilmirsən? Mən klipə ona görə çəkilmirəm ki, kinoda ancaq baş rolları oynamışam, yox. Əgər klip ssenari etibarilə maraqlı olsa, mən ona çəkilərəm. Həmçinin, məni kommersiya filminə dəvət eləsələr, ssenari xoşuma gəlsə, çəkilərəm. Ola bilsin ki, aktyorlarımız kommersiya filmlərinə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün çəkilirlər.
Digər tərəfdən isə bu, onların öz ixtiyarındadır: çəkilməyə razılaşmaya da bilərlər. Bilirsiniz, əgər filmlər çox çəkilsəydi, seçim imkanı da geniş olardı. Sizcə, kim Rasim Ocaqovu, Eldar Quliyevi, Vaqif Mustafayevi, Ayaz Salayevi qoyub kommersiya filminə çəkilər? Təbii ki, hər bir aktyor istəyir ki, peşəkar rejissorun filmində - bədii kinoda çəkilsin. Çünki bədii kino sənəddir və kino tarixində qalır. Sadəcə olaraq, kinolar az çəkilir, aktyorlar da seçim qarşısında qalmırlar.
- Amma sizi heç bir kommersiya filmində görmürük…
- “Şirbalanın məhəbbəti” kommersiya filmi idi. Xatırlayırsınız, Nazlını… Mən o filmə çəkiləndə çoxları dedi ki, çəkilmə. Çünki bu kommersiyadır, nəyinə lazımdır. Bilirsiniz, mən o kinoya niyə çəkildim? Çünki “Şirbalanın məhəbbəti”ni Moskva Kinematoqrafiya İnstitunun rejissorluq fakültəsini bitirmiş, bir çox kinofestivalların qalibi olmuş Cəmil Quliyev çəkirdi.
Dünyanın məşhur kino ulduzları - Entoni Hobkins, Al Paçino, Cek Nikolson da kommersiya filmlərinə çəkilir. Sadəcə olaraq, onların çəkildikləri kommersiya filmlərinin səviyyəsi çox yüksəkdir. O filmləri yüzlərlə kommersiya filmi çəkib püxtələşən rejissorlar ekranlaşdırır. Bizdə isə belə deyil. Bilmirəm, “Adam ol”un rejissoru kimdir, bəlkə də peşəkar rejissordur. Amma orda mən ruslar demiş, “durnoy vkus” gördüm.
- Filmin quruluşçu rejissoru Sərxan Kərəmoğludur…
- Deyəsən, axı Sərxan rejissorluğu bitirməyib?.. Mənə elə gəlir ki, Sərxan filmə peşəkar bir rejissor cəlb etsəydi, bəlkə də o filmdə nəsə eləmək olardı. Açığını deyim, mövzunun özü də heç xoşuma gəlmədi. Sərxan azərbaycanlıları heç də yaxşı görkəmdə göstərməyib. Bizim o qədər gözəl xüsusiyyətlərimiz var ki… Komediya nə üçündür? Təbii ki, güldürmək üçün! Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” komediyalarında biz özümüzün mənfi cəhətlərimizi görür və gülürük. Amma “Adam ol”da mən filmin janrını müəyyənləşdirə bilmədim. Bu, kokteyl idi.
Kənardan baxan elə bilər ki, bu millətin hamısı elə belədir.
- Yerli teleməkanda milli kinomuzu təbliğ edəcək telelayihələr də yoxdur…
- Düz deyirsiniz. Filmlərimizin təhlili və tənqidi yönlərini işıqlandıran verilişlər yoxdur. Təhlil və tənqid istər kinonun, istərsə də teatrın inkişafına təkan verə bilər. Bir-birindən səviyyəsiz filmlər axınında tamaşaçı yaxşını pisdən ayırmağı yadırğayıb.

Söhbətləşdi: Aytən H.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, İyul 17th, 2007 tarixində 13:46 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. rebiqe adlı istifadəçi, İyul 27, 2007 tarixində, saat 15:19 yazıb:

    musahibenin bu hissesi lezzet eledi
    - mence, siz feministsiniz
    - yox, men qadinam!


  2. Urmu » Archive » آذربايجاندا قادين پروبلئملرينه توخونان سئناريست يوخدور adlı istifadəçi, Avqust 17, 2007 tarixində, saat 13:34 yazıb:

    [...] kultaz.com/200… [...]

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: