Qan TURALI
qan_tural@yahoo.com
Sovet vaxtının Yenidənqurma vaxtında doğulan bizim nəsil işləməyə məcbur olan uşaqları yalnız məktəb dərsliklərindən tanıyırdı. Bu uşaqların varlığı kapitalizmi tənqid etmək üçün yaxşı əsaslar verirdi. O dövrün “Oxu” kitabında olan şeirdən iki misra da yadımdadır:
Uşaqlar var bu dünyada,
Gənc olmadan qocalmışdır.
Şeirin nə müəllifi yadımdadır, nə də adı. Bu, faciəli deyil, faciəli odur ki, Sovet sisteminin dağılmasından sonra bizdə də “gənc olmadan qocalan” uşaqlar peyda olmağa başlayanda, kapitalizmə nifrət ruhunda tərbiyə edilmiş cəmiyyət bu faktı çox adi qəbul etdi, elə bil belə də olmalı imiş. İndi bu uşaqlar hamının gözü qarşısında «QAZel»lərə sərnişin haylayır, maşın silir, araba sürürlər.
Ruslan da onlardan biridir. O, mənim sərnişini olduğum qatara «Nərimanov» stansiyasında mindi. Qatarın içində iki dövrə vursa da, əlindəki çilçıraqların birini də sata bilməmişdi. «Gənclik»də düşdü. Onunla söhbətimiz «Gənclik» metrostansiyasının içində baş tutur.
- Adın nədir?
- Ruslan.
- Neçə yaşın var?
- On.
- Hardansan?
- Ağdamdan.
- Atan, anan var?
- (qorxu və təəccüb qarışıq bir hisslə) Hə, var.
- Ailənizdə neçə uşaqsınız?
- 5 uşaq.
- Sən neçəncisən?
- Dördüncü.
- Evinizdə səndən başqa kim işləyir?
- Atam.
- Harda işləyir?
- Zibil maşını sürür, aya otuz «şirvan» alır, onu da kirayəyə veririk, Sabunçuda kirayədə qalırıq.
- Bəs niyə ancaq ikiniz?
- Mən dura-dura bacılarım işləyəcək?
- Evin bircə oğlanı sənsən?
- Hə.
- Qaçqın olduğunuza görə dövlət sizə pul vermir?
- Yox.
- Niyə?
- Bilmirəm, biz Ağdama Gürcüstandan gəlmişik.
Ruslan anadan olanda Ağdam artıq 3 ildir ki, işğal olunmuşdu, özü dediyi kimi, uşaqlardan Ağdamı yalnız 16 yaşlı böyük bacısı görüb. Amma Ruslan hansı ildə anadan olduğunu da bilmirdi.
Söhbətə davam edirik, işə gecikməyimin fərqində deyiləm.
- Gündə nə qədər pul qazanırsan?
- Bir, iki «şirvan».
- Çilçıraqları neçəyə satırsan?
- 500 manata.
- Neçəyə alırsan?
- 250 manata.
- Kimdən alırsan?
- Böyük oğlanlardan.
- Böyük deyəndə, nə boyda olarlar? Mənim boyda?
Başıyla “hə” deyir.
Ruslan çox şeyləri danışdı. Hər gün gərək polislərə pul verə. Ya bir manat, ya da iki. Özünün dediyinə görə, alverini ancaq «Gənclik»lə «Nərimanov» arasında edir. Ruslanın dediyinə görə, sabah, uzağı o biri gündən çilçıraqları ona 400 manata verəcəklər. Ruslan buna təəssüf edir, «heç bilmirəm, neyləyəcəm?» deyir. Ağlıma gəldi ki, çilçıraqları axı, ancaq bayram vaxtı satırlar, özgə vaxtı Ruslan nə işlə məşğul olur? Sualıma belə cavab verdi:
- Təkər qaraldıram, aeroportda araba sürürəm.
Ruslanın pırtlaşıq saçlarında, əyninə böyük olan gödəkcəsində, nə də danışdıqlarında ürək açan bir şey yox idi. Bircə şeydən başqa. Ruslan heç zaman məktəbə getməyib, 5 yaşından işləyir. Amma oxuya bilir, özü öyrənib oxumağı, heç kim öyrətməyib. Bacılarından yalnız böyüyü məktəbə gedir, indi onuncu sinifdə oxuyur. Maraqlısı bir də budu ki, kiril əlifbasını daha yaxşı oxuyur, nəinki latını. Açığı, buna inanmadım. Axı Bakıda Nardarandan başqa heç yerdə kiril əlifbası işlənmir. Amma sınadım, “Kəmalüddövlə məktubları”nın 1989-cu il çapını Ruslan çox rəvan oxudu, amma “Bizim Yol” qəzetinin manşetini oxuyanda höccələməyə başladı.
Artıq kifayət qədər gecikmişəm, Ruslandan ayrılmaq vaxtıdır. O, mənə bir qutu çilçıraq bağışlayır, çantasındakı bir topa çilçırağı göstərib deyir ki, bunları satsam, bir «şirvan»ım var. Qatar gəlir, Ruslandan ayrılıram. Özündən böyük bacılarını işləməyə qoymayan, körpə yaşlarından zəhmətə alışan, əlifbanı özü-özünə öyrənən Ruslan «Nərimanov»a gedən qatarı gözləyir.
« Azərbaycanda qadın problemlərinə toxunan ssenarist yoxdur | Əsas səhifə | “Azdrama”nın internet səhifəsi hazırlandı »




Bölmə: 









Novarg adlı istifadəçi, İyul 18, 2007 tarixində, saat 15:59 yazıb:
Basha dushmedim, Qan, bunun neyi pisdir ki…?
Bu facie deyil, esl facie chox yox, 15-20 ilden sonra indi ozunu genc nesil protest yazar adlandirib agzina geleni mesuliyyetsizcesine saga-sola ifraz eden ekser cavanlarin ish uchun bir shirkete muraicet edende qarshilarina vaxtile Ruslan kimi eziyyet chekib pul/tecrube qazanmish, yashamagin yolunu ve oxuyub-yazmagi ozbashina oyrenmish ishadamlari chixib, bunlari gozucu suzub, ne ishle meshgul olmusan cavanliginda…? deye sual verende olacaq…
Hee, esl facie onda olacaq…