Kino Bayramının açılışı avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə məlumat verib. Onun sözlərinə görə, 2 avqust – Kino Gününə həsr olunmuş tədbirlərin açılışı Azərbaycan kinoteatrının qarşısında, “Natəvan” heykəlinin yanındakı meydanda, açıq havada keçiriləcək. Bu il dövlət sifarişi əsasında tammetrajlı film çəkilişləri aparan “Bizim kino” (“Cavadxan”), “Yeni dalğa” (“Cavid ömrü”), “A.S.V.A. prosi-21” (“Hökmdarın taleyi”) prodüser mərkəzləri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dövlət Film Fondunun təmsilçiləri həyata keçirdikləri layihələr barədə informasiya verəcəklər. Bu hesabat-çıxışlarla yanaşı, Azərbaycanın film tarixini əks etdirən sərgi keçiriləcək, çəkilişlər aparılacaq. Açıq havadakı bayram tədbiri həmin gün axşam “Azərbaycan” kinoteatrında davam etdiriləcək. Tədbir film çəkilişləri ilə bağlı bu il həyata keçirilən layihələrin əks olunduğu videoçarxla başlayacaq. Mədəniyyət və Turizm Nazirliyi bir qrup kino veteranına mükafatlar təqdim edəcək. Sonra bu il keçirilən “Bu meydan, bu ekran” müsabiqəsinin 5 qalibi diplomla təltif olunacaq. Kino Bayramına həsr olunmuş tədbir ötən il keçirilən bədii film müsabiqəsinin qaliblərindən birinin filmi ilə başa çatacaq. Hələlik dəqiqləşməsə də, iştirakçılar artıq hazır olan üç filmdən – “Nəfəs”, “Qrinviç meridianı” və ya “Ev”in premyerasını izləyə biləcəklər.
« “Azdrama”nın internet səhifəsi hazırlandı | Əsas səhifə | Elmira Şabanova: «Əvvəlki teatr ənənəsi aktuallığını itirib» »




Bölmə: 








