Qan TURALI
qan_tural@yahoo.com
Uzun müddətdir susan şair-filosof Rüstəm Behrudi axır ki, 7 jurnalistin həbsinə, qiymətlərin bahalaşmasına, Elnarə Əhmədovanın 200 nəfəri QİÇS-ə yoluxdurmasına, Kamran Həsənlinin aşıq sənətini təhqir etməsinə, ziyalıların Qarabağ səfərinə, Koroğlunun Tiflis səfərinə, Tiflisdən söz düşmüşkən, Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasına dözə bilmədi. Keçən həftə “Azadlıq”da “Daha yol yoxdu Allaha” sərlövhəli şeirlər çap elətdirdi. Lakin atüstü qeyd edək ki, bu sərlövhənin altından iri hərflərlə “Əstəğfürullah! Lənnət şeytana!” yazıb. Söz yox ki, burda Nardaran faktoru öz rolunu oynayıb. Dərin məzmunlu, yüksək fəlsəfi mündəricəli şeirləri oxumamışdan əvvəl yaxşı yuyundum, bir stəkan kofe içib həvəslə qəzetin başına keçdim. Şeirləri əvvəldən sona qədər oxudum. Amma bu şeirlərin hansı fəlsəfi məktəbə, bədii cərəyana daxil olması bir o qədər mənə çatmadı. Düzü, qəmləndim. Axı yenə də Rüstəm Behrudinin şeirlərini başa düşməmişdim. Öz-özümə dedim ki, gör neçənci dəfədir başa düşmürsən. Bu dəm qəfildən gözüm Rüstəm Behrudinin arxasında təpə olan şəklinə sataşdı. Şəklə doyunca tamaşa elədim. Öz-özümə dedim ki, ey dili-qafil, şeirləri başa düşmürsən-düşmürsən, bəs bu şairin üzünə baxıb enerji niyə almırsan? Bir xeyli şəklin tamaşasına durduqdan sonra gözüm şəklin altındakı yazıya sataşdı. Bilmirəm, bu yazını Rüstəm Behrudi özü yazıb, yoxsa mənim kimi poeziyaya rəğbəti və sevgisi olan Qənimət Zahid? Amma bu kiçik yazını oxuyandan sonra içimdə bir nur oyandı, bu nurun işığı ilə bütün şeirləri tamam-kamal oxudum, bir xeyli də bəhrələndim. O yazını yazan hər kimdirsə, Allah ondan razı olsun. İstəyirəm, o kiçik yazını burda təkrar yenə verək ki, oxumayanlar nə qədər dəhşətli bir səhv elədiklərini başa düşsünlər.
«O, tək adamdı. Heç bir ədəbi məktəbə, heç bir ədəbi nəslə dəxli yoxdur. Azad bir adamdır. Gah “İblis mələkdən gözəldir” deyib İblisə fəxriyyə yazır, gah da “nəfsim-bu fahişə, ləçər” deyib içindəki iblisə lənət oxuyur. Gah “sonda Allah var, ona gedərik” deyir, gah da Allahı gücsüz olduğu üçün ittiham eləyir. O deyir ki, həyat ona bağlanacaq qədər uzun deyil. Ona görə də sakitcə “dar ağacına“ salam verib, ölümə xoş gəldin deyə bilir. Və bir də deyir ki, insan haraya gedirsə-getsin, məmləkətini öz içində daşıyır. Hamı mələklərin xorunda, o təkbaşına dua oxuyur».
Bu kiçik yazıda iki şey məni ilahi sirdən agah elədi. Məlumunuz olsun ki, birinci sirr Rüstım Behrudinin heç bir ədəbi məktəbə daxil olmamasını öyrənməyim oldu. Mən bu vaxta qədər Rüstəm Behrudini fenomoloji məktəbin üzvü, şəxsən cənab Husserlin şagirdi sayırdım. Ona görə də şeirlərdən nəsibimi ala bilmirdim. Amma sən demə, Rüstəm Behrudinin heç bir ədəbi məktəbə dəxli yox imiş. O, özü böyük bir məktəb imiş. İkinci cəhəti də Allahın əmri çərçivəsində hüzurunuzda bəyan edim ki, sabah Qiyamətdə yaxamdan yapışmayasınız. İkinci cəhəti də müfəssələn belə təfsir etmək olar: mələklər xorda oxuyanda Rüstəm Behrudi solo oxuyurmuş. Özü də elə-belə şey oxumurmuş. Yəni filosof-şair Sovet sənayemizin istehsal etdiklərini oxumurmuş. Rüstəm Behrudi soloda dua oxuyurmuş.
İndi isə şeirlərə keçək. Düzü, bu şeirlərin hamısını təfsir eləmək çox çətin və uzun işdir. Bəlkə, bu şeirlər haqqında gələcəkdə bir kitab yazdım. Amma indi künc yazısı yazdığıma görə bir şeir haqqında yazmağı daha düzgün sayıram. Doğrusunu isə Allah bilər. Allahdan söz düşmüşkən, şeirdən iki misra: ”Allah da bu yerdə Allah olmaq istəmir”. Çünki bu “məmləkətin bəndəsi haqq istəmir”. Bir də “vətən də bizdən bezib torpaq olmaq istəmir”. Söz yox ki, filosof-şair Rüstəm Behrudi bəndənin haqq istəməməyindən danışanda seçkidə müxalifətə səs verib, verdiyi səsi müdafiə eləməyənləri ifşa edir. Vətənin bizdən bezməsi qənaətinə Rüstəm Behrudini ziyalıların Qarabağ səfəri gətirib. Amma mən “Məmləkətim axı sən; Nə cürə viranəsən; Bəlkə, sən divanəsən; Taxtına duran çıxır” misralarını şərh etmək istəmirəm. Çünki filosof-şairimiz demişkən, nə söz desəm, qan çıxır.
« Yaşıl Teatrın adı və kateqoriyası dəyişdirilib | Əsas səhifə | Şahin Növrəsli Montro festivalında ikinci yeri tutub »




Bölmə: 


(1 səs, təxmini: 4 ilə 5)






Qan TURALI adlı istifadəçi, İyul 19, 2007 tarixində, saat 15:22 yazıb:
Yaxşı yazmışam…
Imran adlı istifadəçi, İyul 24, 2007 tarixində, saat 18:23 yazıb:
Sen ele hemishe yaxsi yazirsan))
Şahanə adlı istifadəçi, İyul 25, 2007 tarixində, saat 14:00 yazıb:
Əgər insan öz yazdığından bu qədər razıdırsa, başqalarına söz demək düşməz.
Lütfən, gördüyünüz işə, guya ədəbi tənqidə bir qədər ciddi yanaşın.
Behrudinin siz deyən şeirlərini oxumadığımdan bir söz deyə bilməyəcəm. Amma adınızı tənqidçi qoymusunuzsa və yazdıqlarınızı da müzakirəyə çıxarırsınızsa, oxucuya hörmət etməniz gərəkir.