Kvartet muğamla kantrini sintez edəcək
Amerikanın nüfuzlu “Dina Preston” kantri musiqi qrupunun Azərbaycana səfəri başa çatdı. Dörd musiqiçi - qrupun adını daşıdığı yeganə qadın üzvü olan Dina Preston və onun feniksli (Arizona) “kovboyları” Don Ortis, Robert Kit, Henri Laradan ibarət kvartet bir həftə ərzində ölkəni demək olar ki, qarış-qarış dolaşaraq, müxtəlif rayonlarda, eləcə də Bakı ətrafında konsertlər verib, mədəni tədbirlərə qatılıblar.Amerika hökuməti tərəfindən maliyyələşən səfərdə məqsəd yerli sənətçilərlə təmaslar qurmaq, həmçinin kantri musiqisini təbliğ etmək idi. Hərçənd, qrupun repertuarında habelə pop, blyuz, rok və caz musiqiləri də az üstünlük təşkil etmir.
ABŞ səfirliyinin ictimai diplomatiya üzrə attaşesi Dimitri Taraxovski və səfirliyin əməkdaşı Mehdi Hüseynquliyev diqqəti buna yönəldirlər ki, “Dina Preston”un Azərbaycana gəlişi bir sıra faktora görə, əlamətdardır.
Hər şeydən öncə, qrup ABŞ musiqisinin professonal yayıcısıdır və səfər müddətində ölkəsinin mədəniyyət elçisi missiyasını yerinə yetirib. İkincisi, səfirliyin məqsədi Azərbaycanla xalqlararası və mədəni əlaqələri genişləndirmək idi ki, zəngin repertuara malik “Dina Preston” bu işin öhdəsindən asanlıqla gəlib.
“Biz fərqli ifa eşitsək də, bu, çox tanış idi. Amerikalı sənətçilərin musiqi duyumu da olduqca yüksəkdir”, - bölgələrdə kvartetin füsunkar nəğmələrini dinləyənlər onlara belə deyiblər.
Bundan əlavə, qrup səfər etdiyi rayonlarda yalnız mahnı oxumaqla kifayətlənməyib, yeni-yeni insanlarla tanışıb, özlərinə pərəstişkar toplayıb, fərqli şəraitlərdə çalışıb, həm də öyrənib.
“Azərbaycanda özümüz üçün çoxlu ənənələr və yeniliklər kəşf etmişik” - D.Preston səfərin sonunda “Ekspress”in əməkdaşına bildirib. Onun sözlərinə görə, bir həftəlik turne yerli musiqi ilə tanış olmaq üçün az vaxt olsa da, qrupda müəyyən təsəvvürlər yarada bilib.
Şənbə günü bölgələrdə konsertlərini başa vuraraq Bakıya gələn kvartet paytaxtın 25 kilometrliyindəki Yetim və valideyin himayəsində olmayan uşaqlar üçün Respublika Yardımçı İnternat məktəbinə baş çəkib. Burada qrup kimsəsiz uşaqların qarşısında çıxış edib, onları əyləndirib, müxtəlif hədiyyələr də bağışlayıb. “Belə konsertlər misilsiz sevinc doğurur. Bu uşaqlar əqli cəhətdən qismən qüsurlu olsalar da, musiqiyə olduqca duyumludurlar. Aralarında istedadlıları da var”, - internatın direktor müavini Alşan Qurbinov “Ekspress”in əməkdaşına deyib.
Onun sözlərinə görə, hazırda məktəbdə 6-18 yaş civarında 63 uşaq tərbiyə edilir və müxtəlif dərs proqramları çərçivəsində musiqi də tədris olunur: “Uşaqlar çox həyəcanlıdır. Təsəvvür edin, adlarını televizorda eşitdikləri amerikalı musiqiçilər indi onlara şəxsən qayğı göstərir. Bu, sevindiricidir”. Direktor müavini yerli sənətçilərin də vaxtaşırı internata baş çəkdiyini vurğulayıb.
“Dina Preston” səfərinin son konsertini də Bakı ətrafında verdi -Mərdəkandakı “Qolden Besch” istirahət mərkəzində. Burada qrupun saatyarımlıq çıxışı böyük maraqla qarşılandı.
Xüsusilə də kvartetin aparıcı cütlüyü olan Dina Preston və Don Ortis (yeri gəlmişkən, onlar ər-arvaddırlar - Ə) öz rəsqləri və əl hərəkətləri ilə auditoriyanı qısa vaxtda ələ almağı bacardı. Kit və Lara da onlardan geri qalmamağa çalışırdı.
D.Preston ölkəsinə qayıdan kimi Azərbaycan muğamını təbliğilə məşğul olacağına söz verdi. Жurnalistlərlə söhbətdə o, Bakıya gəlmək niyyətini belə nəql etdi: “Daha əvvəl Yaxın Şərqdə - Omanda, İordaniyada olmuşduq. Orada qarşılaşdığımız mədəniyyət, insanların musiqi duyumu bizə olduqca tanış və maraqlı göründü. Az sonra qrupumuza Azərbaycana da gəlmək təklif edildi. Düşündük ki, bu böyük yenilik olar. Biz getdiyimiz ölkələrdə həmişə musiqi alətləri və yeni musiqi növləri ilə maraqlanırıq. Doğrudan da Azərbaycan bu yöndə çox zəngindir. Xüsusilə də muğamı və cazı ilə. Beləliklə, Azərbaycan Mədəniyyətinin bir hissəsini özümüzlə aparacağıq”.
Don Ortisin də xüsusilə muğam haqqında dolğun təəssüratları var. Bundan əlavə, o, səfərinin əvvəlində Bakıda maestro Ceyhunun ifasını müşahidə edib, hətta onunla birgə ifası olub. “Bu, çox maraqlı idi. Azərbaycanda Qərb musiqisinin də ecazkar sintesizi gördüm. Düşünürük ki, gələcəkdə kantri ilə muğamın sintezini həyata keçirməyimiz maraqlı olar. Özümüz də muğamı ifa edə bilərik, hazırda bunu öyrənirik. Axı mədəniyyət insanları bir araya gətirir, bizləri yaxınlaşdırır”.
Preston gələcəkdə okeanın o tayında habelə Azərbaycan musiqisinin elmi tədrisilə maraqlanmaq niyyətindədir. O, öz tələbələrinə bu yöndə çoxlu materiallar aparır: “Biz xalq elçiləriyik, xalqlarımızın musiqi duyumunu, təsəvvürünü zənginləşdirmək vacibdir. Buna görə də mən buradan çoxlu disklər aparıram”.
“Dina Preston”un səfərini yüksək qiymətləndirən ABŞ səfirliyinin attaşesi D.Taraxovski gələcəkdə də belə layihələr həyata keçirəcəklərini bildirib. “ABŞ-ın ictimai diplomatiyası hər zaman bu işlərə ciddi hazırlaşır”, - deyə o, vurğulayıb.
ƏLƏKBƏR
« Avrasiya Yazarlar Birliyinin sədri Azərbaycan Yazıçılar Birliyinin qonağı olub | Əsas səhifə | AUDİO-VİDEO BAZARINDA ON MİN PİRAT DİSK AŞKARLANIB »




Bölmə: 








