“Nəfəs”in xatirəsinə
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Temmuz, 2007Aqşinin Elseverə bağışladığı bir kitab var. Deyəsən, Şekspirin pyesləridir. Aqşin kitabın iç üzünə Şekspirvari bir söz də yazıb: “Allah olmaq istəyən bir bədbəxtə bədbəxt olmuş Allahdan hədiyyə”. Bu, Aqşinin özü haqqında verdiyi dahiyanə proqnozudur. Bəlkə də Aqşin bu cümləni çoxdan unudub. Allahın özü belə bu gün bizimlə bir yerdə yaşayıb, eyni havanı, eyni suyu bölüşsəydi – xoşbəxt ola bilməzdi… Bir də ki, Fellini demişkən, kim deyir ki, insan elə xoşbəxt olmalıdır, həmçinin Allah… Nə isə…Ayda ildə bir dəfə evdən çıxıram, hara gedirəmsə eşidirəm – “ədəbi mühitdə durğunluq var”. Razıyam bu fikirlə… Bu durğunluğun səbəbidir ki, ədəbi mühitdə imzası tanınan beş-üç gənc bir-birlərinə top-tüfəng atmaqdadırlar. Əvvəllər çayxanalarda bir-birlərinin dalınca danışırdılar ki, “əksinqilabçılar” duymasın aralarındakı ixtilafları… Artıq çayxana müstəvisindən çıxıb bu söz-söhbətlər. Gənclər görünür bir-birlərindən o qədər uzaq düşüblər ki, mətbuat vasitəsilə dialoqa girirlər. Nəticədə isə çox iyrənc bir mənzərə çıxır ortaya… Söhbəti təkcə Qan Turalı ilə Aqşinin mətbuatdakı “davaları” üzərində qurmaq istəmirəm… Lakin yazını yazmağıma səbəb məhz bu hadisədir. Bir vaxtlar , bizdən əvvəlki ədəbi nəslin nümayəndələrindən biri mənə belə bir sual vermişdi : “Necə olur ki, siz gənclər bir-birinizi bu qədər təbliğ və müdafiə edirsiniz? ” Sonra da əlavə etmişdi ki, məgər sizdə yaradıcılıqdan doğan paxıllıq və qibtə hissləri yoxdur?!
Əlbəəttə normal halda, həmin hisslər olmalı idi. Lakin həmin vaxtlar ki, 2000-cilər nəsli yetişirdi (mən bu cür təyinatın tərəfdarı deyiləm, söhbətin kimlərdən getdiyi görünsün deyə hələlik bu cür adlandırıram) qeyri – ordinar yanaşmamıza, tamam yeni bir xətt tutduğumuza görə özümüzü təsdiq etmək çətin gəlirdi. Ona görə də mətbuatda çox vaxt qrup halında çap olunurduq… “Nəfəs ” adlı qrup vardı… İstedadlı üzvləri vardı… Aqşin, Zahir, Fehruz, Elsevər, Sadiq, Xalid… ədəbiyyatla maraqlananların hafizəsindən yəqin ki, çıxmayıb “Nəfəs”in uşaqları…Nəfəs o zamanlar dağıldı ki, artıq uşaqlar özlərini təsdiq etmiş, ayrı-ayrılıqda ayaqda dura biləcəklərinə inanmışdılar. Amma nə qədər ki, “Nəfəs” vardı, uşaqlar yüksələn templə irəliləyirdilər. Nəfəsdən sonra isə nə Aqşin bir addım irəli gedə bildi, nə Zahir daha uzağa getdi, nə digərləri… Sadiq, Xalid, Fehruz daha yazmadılar. Elsevər də nə qazanmışdısa , “Nəfəs”lə qazanmışdı.
Nəfəs Azərbaycan ədəbiyyatına çox şey verdi… çoxları Nəfəsin ardıcılları oldular. “Nəfəs” çox qəzəbli idi… İngiltərədə ötən əsrin 50-ci illərində mövcud olmuş qəzəblilər cərəyanının üzvlərinin cəmiyyətdə baş verən neqativ hadisələrə bu cür aqressiv yanaşmaları vardı… Azərbaycan ədəbiyyatında aqressiv cərəyanı öz apogeyinə çatdıran Əli Əkbər oldu… Onu da deyim ki, Əli Əkbərin sonuncu “Tanrıların qürubu-93” kitabı ədəbiyyatımız üçün əsl nailiyyət hesab oluna bilər.
Nəfəsin ardıcılları hesab oluna biləcək imzalar çoxdur: Günel Mövlud, Sevinc Pərvanə…və digərləri… Onların arasında qadın imzalar çox idi… Xatirə, Ay Nur, Arzu adlı istedadlı qızlar vardı ki, “Nəfəs”in zövqünə uyğun yazmağa çalışırdılar. Aqşinə vurularaq axırda şairə olmaq istəyən nə qızlar vardı… Onlardan əksəriyyəti bu gün də “yazıb yaradır”… Əslində mən ciddi-ciddi Aqşindən danışmaq istəyirdim. Mən ədəbi tənqidçi deyiləm. Hər şeyi bir kənara atıb adi bir oxucu intuisiyası ilə demək istəyirəm ki, Aqşinin Azərbaycandilli müasir şeirin formalaşmasında böyük rolu var. Əli Kərimin sərbəst şeirin formalaşmasında rolu nə qədər idisə, bu gün çağdaş şeirimizin yaranmasında Aqşinin o qədər rolu və zəhməti var… Biz Aqşinə tənbəl deyə bilərik, məsuliyyətli olmağa çağıra bilərik. Lakin qəzet səhifəsində bunu demək düzgün deyil, təkcə ona görə ki, Qan Turalı gündə ən azı iki dəfə Aqşinlə rastlaşır… Qəzet isə həftədə bir yol çıxır. Biz vaxtilə Əli Kərimi tənqid edən, beləcə onu hər gün “yüz dəfə” öldürən həmkarlarını tənqid edirik, özümüz də o cür davranırıq…
Sonda onu demək istəyirəm ki, əgər biz həqiqətən də ədəbiyyatımızı Azərbaycandan kənara çıxarmaq, içimizdən heç olmasa bircəciyini Nobellə “ödülləndirmək” istəyiriksə, içimizdən bir-birimizi yeməyək… Şəxsən mənimçün elə böyük bir əhəmiyyəti yoxdur ki, bu kim olacaq- Aqşinmi, Nərmin Kamalmı, yaxud Şərif Ağayarmı?! Yetər ki, içimizdən biri bunu bacarsın və ədəbiyyat udsun… Şəxsi ambisiyaları unutmaq, eqodan qurtulmaq mümkün deyil… Heç olmasa bir-birimizə mane olmayaq, yeni nəslin ədəbiyyatını yaradaq… Bəlkə də hardasa aramızda olmayan, susan, hər bir iddiadan uzaq Kafka kimi birisi əsl ədəbiyyatı yazır… Sadəcə ölməsi gərək ki, yazdıqlarını kiməsə vəsiyyət eləsin… Amma ona da dil uzadacağıq, bilirəm… Yeri gəlmişkən, Günel Mövlud bu yaxınlarda yazılarından birində Kafkanı yıxıb sürümüşdü… Elə bil ki, Kafka Zahir Əzəmətdi- harda gəldi tənqid eləyəsən…
Yazını uzadardım… Niloş məsləhət bilmədi…




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Allah Niloşdan razı olsun, Sevinc…
Elə bilirsən bütün bunları yazmaqla nəyisə dəyişdirə bilərsən?..
Sənin yazını oxuyub da bəlkə bir-iki şərh yazacaq və sonra unudacaqlar…Mən bir dəfə AzTV-də Anarın Aqşinin istedadı haqqında dediklərini eşitdim…Hətta Anarın da heyfi gəlirdi bu gəncə…İsa Hüseynov istedadı saf çeşmə suyuna bənzətmişdi. Bu çeşmıni çox vaxt su yiyəsi özü bilərəkdən əlinə keçən hər bir şeylə ört-basdır edir ki, hər kəs ondan yararlana bilməsin…Aqşin də belə etdi. Sadəcə bir şeyi unutdu ki, bu çeşməni zibilləyib məhv etmək istəyənlər də var və ilk fürsətdəcə bunu edəcəklər…nə isə…
Dediklərim yalnız Aqşinə aid deyil…Nəfəsin bütün uşaqları bu vəziyyətdədirlər, durğunluq da yalnız buna görə…inan, mən kənardan baxıram deyə hər şeyi daha aydın görürəm…Uğurlar Niloşa!..
Nilosh kimdirse, xahish edirem ona teshekkurlerimi chatdirin…
chox semimi yazmisan Sevinc…ellerine saglik…
bu arada novarg, niloş sevincin qızıdı.
Men ele bele de texmin etmishdim…
Allah saxlasin…
Nilosh, yaxshi qiz ol, gordun ki, anan nese yazmaga chalishir, xususen, yazinin ichinde “AYO”, “edebiyyat”, “tenqid”, “istedad” sozleri gozune satashsa, al bashinin ustunu, qoyma yazmaga… De ki, meslehet deyil, yazma… -))
“Nefes”cilere “nefesikesilmisler” de deyildiyini esitmisem -)))
Belke qarqisha gelibler? -)
semimi yaziydi, Novarqin gözündən iraq, gec oxudum… amma elə səmimi olduğu üçün də xoşuma gəldi…
[...] kultaz.com/200… [...]
MARAGLANDIM