BALACA BİR ARX TARİX ÜÇÜN BÖYÜK PROBLEM YARADIR
Yazar: Admin | Bölmə: Abidələr | Tarix: 28 Temmuz, 2007
Qədim Troya ilə müqayisə edilən Şəmkir şəhər xarabalığından su arxı keçir…
Qədim Şəmkir şəhəri dağılmaq təhlükəsi qarşısındadır. Nə qədər qəribə olsa da, orta əsrlərə aid abidənin içərisindən arx keçir. Bu barədə Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev söylədi. Onun sözlərinə görə, arx sözügedən abidənin dağılmasına səbəb olur. Öyrəndik ki, bununla əlaqədar olaraq birlik Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət edib.Seymur Quliyev deyir ki, cəmiyyət tariximizin silinməz bir səhifəsi olan, orta əsrlər memarlığının əsrarəngiz bir abidəsinin mühafizəsinə biganə yanaşır: “Məsələ ondadır ki, arxın yeri dəyişdirilməlidir. Çünki dövlət tərəfindən qorunan bu abidə toxunulmazdır və heç bir vəchlə buradan su xətti keçirmək, kimlər tərəfindənsə abidənin ərazisində hər hansı bir iş görmək qanunla qadağan olunur. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildə buradan arx keçirməklə və rayonun o zamankı rəhbərliyinin etinasızlığı ucbatından qanun pozuntusuna yol verilib”.
Seymur Quliyev vurğulayır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti problemin həllinə yardım göstərməzsə, Şəmkirin qədim qalası məhv olub gedəcək. Müsahibimin fikrincə, arxın istiqaməti təcili surətdə dəyişdirilməlidir. Eyni sözləri Mədəniyyət və Turizim Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov da söylədi: “Yaxın günlərdə qədim Şəmkir şəhərinin yerləşdiyi ərazidə oldum. Öz qədimliyini saxlayan Şəmkir kimi orta əsrlər şəhəri olduqca azdır”.
Onu da qeyd edək ki, Mədəniyyət və Turizim Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyi burada geniş tədqiqat, qismən bərpa işləri aparırlar. Artıq qədim Şəmkir şəhərinin Şəmkir çayının sağ və sol sahili ilə birləşdirən orta əsrlər memarlığının nümunəsi olan körpünün uçub dağılmaqda olan tağları möhkəmləndirilib. Qədim şəhərin topoqrafik xəritəsi hazırlanır. “Vaxtilə mənbələrdə şəhərin ərazisi 20-21 hektar göstərilirdi. Lakin tədqiqatlar zamanı ümumi ərazinin 30 hektar olduğu aşkarlanıb. Bu o deməkdir ki, qədim Şəmkir şəhəri orta əsrlərin həm ərazi, həm də iqtisadi və mədəni baxımdan gözəl şəhərlərindən biri olub”, – deyə müsahibim bildirdi.
Rizvan Bayramov deyir: “Bu gün bizi ən çox narahat edən bu şəhərin iç qalasının lap önündən keçən arxın olmasıdır. Bununla əlaqədar müvafiq təşkilatlara müraciət olunub. Nazirliyimizin çox saylı müraciətlərini və ciddi nigarançılığımızı nəzərə alıb qalanın içindən keçən suvarma arxı tezliklə ləğv ediləcək. Həmin arx özünün keçmiş yatağına qaytarılacaq ki, bununla da Şəmkir şəhəri kimi bənzərsiz bir abidənin qorunması asanlaşacaq”.
Məlumat üçün bildirək ki, qədim Şəmkir şəhərinin tarixi mənbələrdə b.e V-VI əsrlərində salındığı göstərilir. Bir çox mütəxəssislər isə bu şəhərin e.ə mövcud olduğunu bildirirlər. Qeyd edək ki, orta əsrlərdə inşa edilən (1099-cu il) hündürlüyü 61 metr olan əfsanəvi Şəmkir qülləsi də burada inşa olunub. Hazırda ötən əsrin 70-ci illərində AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova tərəfindən tapılan və oxunan həmin qüllənin kitabəsi Tarix muzeyində saxlanılmaqdadır. General Mədətov isə bu barədə yazır: (“Qafqaz müharibəsi” kitabı) “Mən Zəyəmdən baxanda Şəmkir minarəsinin işıqları yanırdı”. Demək Şəmkir qülləsi 19-cu əsrin ortalarına qədər mövcud olmuş və yenə də özümüzün etinasızlığımızın qurbanına çevrilib.
Onu da öyrəndik ki, Şəmkir qalasının 124 pilləkəninin əksəriyyəti XIX əsrin 60-cı illərinə qədər yaxşı vəziyyətdə qalıb. Sonralar pilləkənlərin uçduğu barədə “Qafqaz müharibəsi” kitabında məlumat var. Regionların İnkişafı İctimai Birliyinin rəhbərinin dediklərindən məlum oldu ki, hazırda həmin pilləkənlərdə bərpa işlərinə başlamaq üçün lahiyə hazırlanıb:”Ərazi topoqrafik cəhətdən öyrənilib. Şəmkir qalasının bərpası uzun illər çəkəcək. Çünki bərpa işlərində texniki qurğulardan deyil, əl əməyindən istifadə edilir”
Seymur Quliyev bildirdi ki, alman alimləri Şəmkir xarabalıqlarını Troya şəhəri ilə müqayisə edirlər. Əgər Şəmkir qalası bərpa olunarsa bu, turizmin inkişafına da müsbət təsir göstərəcək. Seymur Quliyev qeyd etdi ki, alman alimləri Şəmkir qalasına bu cür biganə yanaşılmasına təəccüblənirlər: “Arxeoloji qazıntılar nəticəsində şirlənmiş saxsı qablar tapılıb. Bu dövr üçün ən qiymətli tapıntılardır”.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, hazırda Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri Tarix Dostiyev bildirdi ki, hazırda onlar 80 metr uzunluqda Narın qalanın şərq divarını açıblar. Tapıntılar əsasən inşaat qalıqları, bişmiş kərpic qalıqları, çay daşı və işlənmiş qaya daşlarıdır.
Tarix Dostiyev qeyd etdi ki, Şəmkir – Aran memarlığının məşhur şəhərlərindəndir. Bu şəhər Bərdə – Tiflis karvan yolu üzərində yerləşib. Şəmkir şəhəri monqol işğallarına qədər Aranın mühüm mədəniyyət mərkəzlərindən olub. Bu mədəniyyətin parlaq nümunəsi kimi Narın qalanı göstərmək olar. Narın qalanın hörgü üslubu Aran memarlıq məktəbi üçün xarakterik olan hörgü üslubudur. Tarix Dostiyev bildirdi ki, Narın qalanın qarşısından su kanalının çəkilməsi abidəyə böyük ziyan verir. Narın qalaya qarşı bu cür biganəliyi insanların abidəyə, mədəniyyətə qarşı vandalizmi hesab etmək olar: “Əgər kanalın yeri dəyişdirilməsə, qala məhv olacaq. Onu da deyim ki, ərazidə olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri komissiya təşkil olunması barədə qərar qəbul edib. Lakin hələlik bu qərar kağız üzərindədir. Konkret bir tədbir görülməyib”.
T.Dostiyevin sözlərindən bəlli oldu ki, qədim Şəmkir şəhərinin öyrənilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə müsəlman, o cümlədən orta əsr şəhərlərinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Tədqiqatçı söyləyir ki, Narın qalada aparılın tədqiqatlar Azərbaycan tarixi, mədəni irsinin öyrənilməsində yeni mərhələ olacaq. Belə ki, zəngin maddi dəlillər orta əsr şəhərlərində urbanizasiya prosesinin vüsətini müəyyənləşdirmək üçün unikal imkanlar yaradacaq.
Türkan





Yüklənir...