Qaynar xəbər portalı

Kitab dünyası


Elnur ASTANBƏYLİ

molodoy25@box.az

Gəlin bir az da AYO-dan danışaq, yəni Azad Yazarlar Ocağından. AYO-nun Azərbaycanda ədəbi azadlığın yaranmasında müstəsna xidmətləri var. Amma bu, bizi AYO haqqında tənqidi fikirlərimizi söyləməkdən məhrum etmir.
Bu yaxınlarda Ocağın banilərindən Murad Köhnəqala təşkilatdan istefa verdi. Niyəsini demədi, ancaq Muradı başa düşürəm. AYO-da ona qarşı həmişə ikinci, üçüncü sort şair kimi baxıblar. Təxminən belə: «Əşşi, Muraddı dəə, ağzına nə gəldi yazır». Murad AYO-çuların gözündə əyalətçidi. Hətta dəfələrlə şahidi olmuşam ki, Muradın dilindən hansısa klassik və ya çağdaş dünya yazıçısının adını eşidəndə AYO-çuların gözləri böyüyüb, guya Muradın dünya ədəbiyyatından kimisə oxuması, tanıması, sitat gətirməsi dəvənin uçması kimi bir şeydir. Murad Köhnəqala müasir ədəbiyyatımızın canlı klassikidir, onun qeyri-adi yumoru, öldürücü sarkazmı ilə adamı dəhşətə gətirən çayxana söhbətlərindən, hətta replikalarından belə özünə köşə yazısı, hekayə, roman düzəldən AYO-çuların indi – Murad istefa verdiyi bir vaxtda susması sadəcə, riyakarlıqdı. Halbuki bu dostlarımızın, Allah qoymasa, guya AYB ilə savaşının kökündə elə riyakarlığa, ədalətsizliyə nifrət dayanırdı. Bir yazarı mürtəce və mürtəd AYB-dən çıxaranda tumanımızı başımıza geyirik, amma Muradın istefası üzərindən susmaqla keçirik. Deyə bilərsiniz ki, Murad AYO-dan çıxarılmayıb, özü çıxıb. Amma mən yüzdəyüz əminəm ki, Murad AYO-dan çıxarılıb. Çünki ona qarşı ocaq daxilində münasibət elə həddə çatmışdı ki, Muradın AYO-da qalması ağlasığmaz idi. Hər halda mənə belə gəlir.
AYO-da cəmləşənlər qəzet səhifələrindən qəhrəmanlıq püskürə, azad yazarlığa iddia edə bilər. Amma hansı azad və cəsarətli yazar iddiasından danışmaq olar ki, bir ay öncəyədək «Gündəlik Azərbaycan»da köşə yazıları ilə çıxış edən AYO-çular həlledici situasiyada məharətlə aradan çıxdılar. «Gündəlik»də Rasim Qaraca, Nərmin Kamal, Həmid Herisçi, Günel Mövlud, Seymur Baycan çıxış edirdi. Qəzetin tiraj yığdığı, yaxşı qonorar ödədiyi vaxtlarda ardıcıl çap olunan AYO-çular qəzet dara düşən kimi yox oldular (Həmid və Günel istisnadır). Hətta qəzetin bağlanmasına AYO-nun quruca bəyanatla təpkisini belə görmədik. Yəni, orta azərbaycanlının çox sevdiyi «bağda ərik» misalı…
İki həftə əvvəl Rasim Qaraca – AYO-nun «özünübaşqan»ı – «Reytinq»də Zəlimxan Yaqubu Heydər Əliyevə yarındığına görə yıxıb-sürüyüb, amma elə həmin yazıdaca eks-prezidentə «böyük, çox böyük insan» deməklə kifayətlənməyib, «hətta «böyük» sözündən də böyük insan» yazmaqla adamı mat-məəttəl qoyub. Hörmətli Qaracanın köpüklü tərifbazlığı nədir, Zəlimxan Yaqubu yaltaqlıqda suçlamağı nə? Bundan sonra oxucu düşünməzmi ki, AYO-çuların əlinə yaltaqlıq fürsəti düşsə, sabunlanmaqda onlar Zəlimxanı, Anarı, Bəxtiyarı da vurub-keçərlər?!
Bayaq mən Rasim Qaracanı nahaqdan «AYO-nun özünübaşqanı» adlandırmadım. Bir ictimai təşkilat olaraq, bu qurum indiyədək heç bir qurultay-filan keçirməyib, Rasim isə faktiki olaraq, AYO üzvlərinin iradəsini zorlayaraq, özü özünü «başqan» elan edib. Anarın atasına rəhmət, o, heç olmasa, formal da olsa AYB-nin qurultayını keçirib, öz sədrliyinə hüquqi don geyindirə bilir, Qaraca isə bütün demokratik prinsipləri aşaraq, durub-durduğu yerdə adının əvvəlinə «AYO başqanı» təyinini qoşur. Karyeristlik, özü də bu qədər? Doğru derlərmiş: insan biri ilə uzun zaman mübarizə apardıqda, tədricən ona bənzəməyə başlayır. Rasimin bu tezliklə Anara oxşaması həqiqətən də ədəbiyyatımız adına çox üzücüdür.
Yenə Anarı başa düşmək olar: 500 min dollarlıq büdcədən, xidməti maşından, əlinin altında hökumət telefonlarından, katibədən, şəhərin göbəyində üç mərtəbəli ofisdən vaz keçə bilmir, axı AYO-da bu imkan və imtiyazların heç biri olmadığı halda Rasim Qaraca başqanlığa nədən bu qədər aludədir? Niyə qurultay çağırıb, sədrlik niyyətini legitimləşdirmir? Bəlkə AYO-çuların səsini ala bilməyəcəyindən çəkinir? Adama deyərlər, yəni Anar deyər, «sən quru yerdə oturmuş bir təşkilatın başqanlığını heç kimə güzəştə getmək istəmirsən, onda mən xeyir ola 500 min dollarlıq büdcəsi, dəbdəbəli iqamətgahı olan bir təşkilatın sədrliyini boşlamalıyam?»
Kəsəsi, son çağlar AYB və AYO haqqında ortaq təsəvvürlər yaranmaqdadır: əgər Anarın təşkilatının görəvi yaltaq yazıçıları bir çardaq altına yığaraq, hakim rejimin buyruqquluna çevirməkdirsə, Qaracanın ocağının niyyəti də azad yazarları (hər halda, özlərini belə adlandırırlar) birləşdirərək, onların ağzını tədricən yummaqdır. Yoxsa sizə elə gəlir ki, AYO-çuların kitablarına Mədəniyyət və Turizm Nazirliyinin sponsorluq etməyə başlaması sıradan hadisədir? Ay-hay…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (5 səs, təxmini: 3.4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar Ertəsi, İyul 30th, 2007 tarixində 19:24 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. rebiqe adlı istifadəçi, Avqust 2, 2007 tarixində, saat 11:28 yazıb:

    maraqli. yaxshi ve hedefedeyen yazidi… yeni artiq AYB-ni tenqid eden yazarlar AYO-nu da qamchilayirlar… Beli mesele tekce @qizil orta@da deyil - bu defe tamam kenarda dayanmaqdan gedir… Ortada dayanmaq bir az bashqa cur de qebul oluna biler - hech bir terefle munasibetleri pozmursan, her ikisinin chatish,azliqlari barede susursan…Amma gormek, mushahide etmekkifayet deyil, munasibet bildirib deyishikliye nail olmaq, ya da deyishdirmek lazimdi…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: