Kitablar və adamlar
Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 30 Temmuz, 2007
Kitablar hələ onların üzünə baxanda nəsə deyir. Müəllif hansısa şəkildə kitablarda özünü göstərir, kitabın içində yox, hələ cildində, üzündə, rəngində… Köhnə, solğun, küskün, susqun kitablar, yorğun səhifələr, enerjili rənglər. Dərslik kitablarına baxıram: əlimə diqqətimi ən çox cəlb edən bir kitab – İnqilab Kərimovun «Azərbaycan teatr tarixi» kitabı keçir – yaşıl fonda qıpqırmızı pərdələr olan üz qabığında bir aşıq gur səslə oxuyur – «Allı-güllü Leyla…». Az sonra iri ətəkli tuman geymiş bir qeybətcil, şux, amma bayağı və ikiüzlü qadın boylanır. Bir az poetikləşəndə isə allı-güllü bir çəmənlikdə quzu kababı qoxusu hiss olunur. Lənətə gəlmiş assosiasiyalar… Bəyəm mənlikdi ki?
Cəfər Cəfərovun susqun kitabları səhifələri açan kimi danışır. Bu kitabların seriyası var – təzə əsrə adlamış köhnə kitablar. Azca aralıda Sabirin «Hophopnamə» kitabı dayanıb. Kitabın üzündəki minbirsifət, yaltaq, qorxaq, əyyaş, və s. qəhrəmanlar harasa yollanır. Yəqin ki, fağır Mirzə Ələkbəri incitməyə istiqamətləniblər. Vidadi Babanlının «Vicdan susanda» kitabı üz qabığındakı rəngilə göy üzüm gübrəsini xatırladır. Əvvəl biz ona göy daş deyirdik. Hər məktəblinin göydaş planı vardı, biz üzüm sovxozlarında plan doldururduq.
Ən iddiasız və sakit görünən kitabı əlimə alıram – sarı cildli kitabdı – Kuprin. O, özü də – Romaşov da – assosiasiyalara xüsusi diqqət yetirirdi. Zəif bir təəssürat ötürür. Hadinin şerləri ilə Kafkaya yazılmış kitab yanaşı düşüb. «Uznik absolyuta» – Kafkaya həsr olunmuş kitabın adıdır. İçində şair dostum Sadiqin bədbin fikirləri var.
Şeir kitablarının adını təxminən yazıram – «Məın yadına düşəndə», «Sən yadıma düşəndə» «Nəğməli ürək», «Bənövşələr güləndə», «Yalan dünya, yalan dünya» və s.
Kitablar yoldaş-sirdaşdan çox, təsəllidir. Adamlara və kitablara mənasız demək ən böyük tərifdir. Mən absurd dünyagörüşü ilə yanaşıram. Buna görə, bütün irili-xırdalı mənalar böyük bir mənasızlığın fonunda cəfəng və gülüncdür. Odur ki, bir-birinizə verib mənasız bir kitab dediyiniz cildlər min dürlü mənalar mənbəyidir.
Bir tanışım deyirdi ki, Azərbaycan elə bir yerdir Ki, oxumaq istədiyini gərək özün yazasan. Məncə tərsinə demək olar: burda yazmaq istədiyini gərək özün oxuyasan.
«Son nöqtədən sonra»: kitab- oxumaq üçündür. Bizdə kitab satılmır. Ki oxunsun da, amma elə bir ucdan kitablar nəşr olunur. Cild-cild. Yeganə məntiqi bəraət budur: «Birdən başıma bir qəziyyə gəldi, yazdıqlarımı bir yerə yığım».





Yüklənir...