Mənim ciddi ədəbiyyata heç bir iddiam yoxdur

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Temmuz, 2007

Əli ƏkbərƏli Əkbər: “Mən ziyalıların Qarabağ səfərinə Anarın bu cür münasibətini ancaq paxıllıq hesab edirəm”

Kultura.az saytının baş redaktoru, yazıçı Əli Əkbərlə yeni çıxan kitabı, ziyalıların Qarabağ səfəri, gənc və qoca yazarlar haqqında söhbətləşdik. Əli Əkbər hər zamankı kimi aqressiv danışdı.

- Ələkbər, bu yaxınlarda üçüncü kitabın- “93-Tanrıların qürubu” romanın da çapdan çıxdı. Üçüncü kitabla sən nəinki nəsildaşlarını, eləcə də Həmid Herisçini, Rasim Qaracanı və Murad Köhnəqalanı da arxada qoydun. Səncə bu üç kitabın effekti necə oldu?

- Səni inandırım ki, bu heç mənim ağlıma da gəlməyib. Ümumiyyətlə, mən bilirdim ki, Seymur Baycanın bir kitabı çıxıb, bu baxımdan ondan öndəyəm. Amma indi sən dedin, mən də düşündüm ki, doğrudan da belədir, kəmiyyətdə üstələyirəm. Tam səmimi deyirəm ki, mənim ciddi ədəbiyyata heç bir iddiam yoxdur. Bunu dəfələrlə demişəm. Seymur həmişə deyir ki, dünyada ciddi ədəbiyyat məhv olub. Bu elə deyil. Kim deyə bilər ki, rus ədəbiyyatının barometri Sorokindir? Bir də ciddi ədəbiyyat üçün böyük vaxt lazımdır axı. Bu kitabları yazarkən mənim ən böyük problemim vaxt qıtlığı olub. Yəni, mən oturub roman yazsam, ailəm ac qalacaq. Oturub, üç-dörd gün evdən çıxmasam evimdə çörək tapılmaz. İkinci kitabım olan «Götenin röyası”» ekspriment idi. Ordan bir-iki hekayəm xoşuma gəlir. Amma üçüncü kitabıma ciddi hazırlaşmışdım. Açığı, bu kitabla bağlı tanımadığım adamlardan da çoxlu müsbət reaksiyalar alıram. Amma yenə də deyirəm ki, kəmiyyət əsas deyil. Oturub rusca məqalələrimi yığsam bir kitab, Azərbaycan dilində yazdığım publisistikamı toplasam o da bir-iki kitab eləyər. Bunları edərək, mən 5-6 kitab sahibiyəm demək nə dərəcədə düzgündür? Amma açığını da deyim ki, bizdə özünütənqid mədəniyyəti olmadığına görə, belə danışanda da, yəni özünün o qədər də əhmiyyətli ədəbiyyat adamı olmadığını etiraf etdikdə də, ikiüzlü, riyakar, lovğa cəmiyyətimizdə çox əsəbiləşirlər. Özünütənqid mədəniyyəti olmayan adamlar, presedent yaradırsan deyə dəli olurlar, «Vaxsey, bu belə danışdıqdan sonra, bəs biz neyləyək? Axı bizim gözümüz çatmır öz haqqımızda belə danışmağa…» O zaman da başlayırlar sənin özün haqqında etdiyin tənqidlərdən, sənə qarşı istifadə etməyə. Bu da çox çirkindir. Bizimkilərə yaraşan işdir. Kitabın effektlərindən biri də, ömür billah tənqiddən, dözümlülükdən dəm vuran, öz yazdığı və nəsr adıyla camaata sırıdığı kitablarında hər kəsə bir ayama qoşub dolayan Həmid Herisçinin, «Tanrıların qürubunda» öz obrazını görcək əsəbiləşməsi, düzdür biruzə verməməsi, amma başqa yardımçı kanallardan etirazını mənə çatdırması olub. – Bir dəfə iddianın tərcümə sahəsində olduğunu söyləmişdin. – Doğrudur, indi də elə düşünürəm. Hal hazırda ciddi bir əsər üzərində işləyirəm. Çapay Sultanovun «İmperiyanın sonuncu zərbəsi»” kitabını türk dilinə tərcümə edirəm. Bu kitab mənim sayca 29-cu tərcümə kitabım alacaq. Tərcüməçilikdən sonra məndə yazmaq həvəsini Rasim Qaraca oyatdı. Bunu etiraf etməyə borcluyam.

- “Məni ən çox YAP-çılar oxuyur” fikri cəmiyyətdə birmənalı qarşılanmamışdı.

- (Gülür) Bunu harda demişəm?

- “Alma” qəzetinə verdiyin müsahibədə.

- Hə, yadıma düşdü. Doğrusunu bunu bilmirdim. Türkiyədən «İrəli» nəşriyyatının direktoru Bakıya gəlmişdi. Milli Mücadilə Dərnəyinin başqanı Hüseyin Adıgözəl. Mənim bir neçə tərcüməm «İrəli»” nəşriyyatında çap olunub. Bu yaxınlarda Aqil Abbasın «Batmanqılınc” romanı» da mənim tərcüməmdə çox nəfis təribatda bu nəşriyyatda çap olunub. Yusif Vəzir Çəmənzəminlinin hekayələri də bu nəşriyyatdan çıxır indi. 30-a yaxın hekayə tərcümə etmişəm. Mir Mövsüm Nəvvabın «Erməni-müsəlman iğtişaşları»” kitabını də mən tərcümə edib «İrəli» nəşriyyatında çap elətdirdim. «Əli və Nino» romanını türkiyədə Yusif Vəzirin adıyla «Kaknüs» nəşriyyatı çap edəndə, mənim üstümə çox düşdülər. Nə isə, özünü reklamla mövzudan uzaqlaşdım deyəsən. Hüseyn Adıgözəl bir məsələni həll etməkdən ötrü YAP-ın baş qərargahına getmişdi. Orada Mübariz Qurbanlı ilə görüşəndə, Mübariz bəy deyib ki, o Əli Kbəri oxuyuruq, yaman bizbatıran adamdır. O da gəlib mənə demişdi bunları. Sonra mən başqa kanallardan da öyrəndim ki yazılarımı da, kitablarımı maraqla oxuyurlar. Müxalifətin oxuyub həzm edə bilmədiyini grürəm. Bu da çox məyus edicidir.

- Gənclər haqqında nə deyə bilərsən?

- Məncə ədəbiyyatda istedadın rolu beş faizdən o yana getmir. Qalanı isə texnika və intellektual potensial təşkil edir. Çox yaxşıdır ki, bizim gənclərin Azad Yazarlar Ocağı kimi təşkilatı var. AYO çox iş görüb. Adicə bir misal deyim. Mən Ermənistanın ən böyük kitab mağazasında oldum. Orda Sorokinin kitabı yox idi. Amma elə indicə gedək, Əli və Nino mağazasına, ya da başqa kitabçıya, Sorokin də var, Pelevin də. Bunda AYO-nun xidmətləri danılmazdır. Bu müəllifləri Azərbaycanda AYO tanıtdırıb, ilk dəfə çap etməklə. AYO kimi təşkilat Rusiyadan başqa heç bir MDB ölkəsində yoxdur. Bunun iki səbəbi ola bilər. Yəqin, AYB kimi şərəfsiz təşkilat heç bir ölkədə yoxdur. İkinci səbəb də budur ki, biz proqressiv xalqıq. Biz xalqı çox söyürük, amma bu həqiqəti görmək lazım.

- Bir az konkretləşdirsən, gənclər haqqında nə deyə bilərsən. Məsələn, sən bu yaxınlarda Günel Mövlud haqqında bir səhifə tənqidi yazı yazmısan.

- Qadınları şərti şəkildə iki yerə bölək. Birinci kateqoriya ərindən başqa kişi tanımayan, ərinə qarşı sədaqətli olan ənənəvi qadın tipii, bir də ki, bunun əksi. Mən hər ikisini anlaya bilərəm. Amma bunun ortasında duranları başa düşə bilmirəm. O cümlədən Güneli də. Güneldən ciddi ədəbiyyat gözləmirəm. Amma Nərmin Kamaldan gözləyirəm. O intellektualdır, intellektual mətnlər də yaza bilər. Amma romanı nəsə xoşuma gəlmədi. Elə bil nəsr alınmır onda. Həm də deyəsən tənbəlliyi də var. İntriqan olmağı yaxşıdır, amma dozu aşmamaq şərti ilə. Qısası mən kitab oxumayan adamı başa düşmürəm. Nə istəyirsən oxu, amma oxu.

- Bu sözünüz gənclərədir?

- Hə, əlbəttə. Mən bilən Aqşin ümumiyyətlə kitab oxumur. Günel də mənim «Götenin röyası»” romanımı oxuyub, heyran qalıb. Neçə dəfə, neçə yerdə, neçə adama deyib. Mən isə bu kitabı ciddi bir şey hesab etmirəm. Bu kitab «sorokinşina» idi. Bu o demək idi ki, Azərbaycan dilində də belə bir şey yazmaq olar. Bir növ ekspriment, təkan. Nərmin Kamalla o birilər müqayisəyə gəlmir. Yeri gəlmişkən, mən sənin Aqşin haqqında yazını oxudum. Bu yazını kimsə bir gün yazmalı idi. Vəhşi istedad daşıyıcıları olan, savadsız, intellektsiz və «sənətlərini» sırf bu heyvani istedad üzərində quran muğamçıları, meyxanaçıları Aqşin tənqid edir və dolayırsa, bunu başa düşmək mənim üçün çox çətindir. Onlar da dahi sayır özünü. Kitab oxumaq gərəkməz, deyirlər. Əsas istedaddır, deyirlər. Bu arqumentlərin eynisini Aqşin də təkrarlayır. Anlaşılan deyil…

- Seymur Baycan necə? Bəlkə onu da bir az tənqid edək.

- Yox, Seymur ən azından oxuyub. O elə kitablar oxuyub ki, mən onları oxumamışam. İlk kitabı «Ət və ət məhsulları» uğursuz oldu. Amma indi yazdığı kitaba böyük ümidlərim var. Çünki bir hissəsini oxumuşam, çox xoşuma gəlib. Həm də Seymurun nə yüksək intellektə, nə də dahiliyə iddiası yoxdur. Bu çox önəmlidir. Yerini bilir, həddini bilir.

- Şərif Ağayar haqqında nə deyə bilərsən?

- O da vəhşi istedada malikdir.

- Yəni mütaliə haqqında dediklərin ona da aiddir?

- Yox, o qədər də deyil. Adamın insafı olar. Ümumiyyətlə, Aqşinlə müqayisə olunası bir adam varsa o da Salamdır. Həm mütaliələrinə görə, həm də istedadlı şeirlərinə görə. Ona görə də onlar tez dil tapırlar. Axı Salamla dil tapmaq çox çətindir. Mənə görə onların hər ikisi Ramiz Rövşən məktəbidir.

- Murad Köhnəqala AYO-dan çıxdı. Bu barədə nə deyə bilərsən?

- Murad mən AYO-da olanda azı beş dəfə deyib ki, mən AYO-dan çıxıram. Çıxan mənim kimi çıxar. Bir dəfə deyirsən, və gedirsən. Qəzetə deyib ki, AYO-dan ona görə çıxıram ki, mənim əsərlərimi tənqid etsinlər. Murad Köhnəqala bu günə AYO-da ola-ola neçə nəfəri kəskin tənqid eləyib? Sən elə özün neçə dəfə AYO-da ola-ola AYO-çuları ciddi tənqid eləmisən. Bəhanəsi inandırıcı deyil. Amma getmək hüququdur.

- Ələkbər, bir az da ziyalıların Ermənistana səfəri barədə danışaq. Sən özün də iki dəfə Ermənistanda olmusan və buna görə güclü qınağa rast da gəlmisən.

- Biz əvvəlcə şok olduq ki, ziyalılar Qarabağdadır. Sonra daha betər şok olduq ki, onlar Yerevandadırlar. Lap axırda da eşitdik ki, İlham Əliyev onları qəbul edib. Bütün bunlar iki gün içində baş verdi. Gündəmi izləyən hər kəs bilir ki, bu söhbət Sankt Peterburqda razılaşdırılıb. Polad Bülbüloğlu deyir ki, bu mənim və Sumbatyanın təşəbbüsüdür, amma bu mümkün deyil. – Mən istəyirəm ki, söhbəti yenidən ədəbi müstəviyə çəkək. Uzun müddətdir mətbuatda görünməyən Anar Rzayev bu səfərə münasibət bildirdi. Bu münasibət nədən doğur? Ümumiyyətlə, bu münasibəti necə qiymətləndirirsən? – Anar yazır ki, onlar Şuşada yox, başqa hansısa şəhərdə Kiyevdə, Moskvada, Tiflisdə görüşə bilərdilər. Amma Polad Bülbüloğlu da açıqlama vermişdi ki, görüşün formatı belə idi. Anar ziyalıların əvəzinə operatorların getməsinin yaxşı olduğunu deyir. Mən Anarın bu məsələyə münasibətini ancaq paxıllıq hesab edirəm. Anar da Qarabağa getməyi çox istəyərdi. Deyir ki, Kamal Abdulla kimdir gedib Şuşaya mən qala-qala? Onun parlament seçkilərindən sonra bir dərdi var. Həmişə deyir ki, axı mən sizə xidmət eləmişəm, lazım gəlsə sizə yaltaqlanmışam, siz nəyə görə mənimlə belə rəftar edirsiniz, günahım nədir? Anar Rəsul Rzanın günahlarını öz çiynində daşıyır. Anarın atası Rəsul Rza, Mir Cəlal Paşayevdən Bülbül Üzeyir bəydən yazdığı kimi donos yazıb. O dövrdə çox adam «donosçik»” olub. Süleyman Rüstəm, Məmməd Rahim və s. Bircə Üzeyir bəy donos yazmayıb, o da Alalh bilir bura hardan gəlib düşmüşdü. Amma Anara desən ki, atan «donosçik»” olub, o da deyər ki, o vaxt hamı «donosçik» idi. Əslində haqlıdır. Anar indi atasının cəzasını çəkir. Ona nə olursa yaxşı olur. Çox pis adamdır.

- Anar-Elçin qarşıdurması barədə nə deyə bilərsən?

- Açığı, bu məsələdə Anarı haqlı sayıram. O mənada ki, hamı Anarı vururdu, bircə Elçin qalmışdı, o da başladı. Axı onlar arasında konflikt həmişə olub və indi bu söhbət mətbuata çıxdı. Elçin də hakimiyyət dəhlizlərində olan adamdır, Anarın vəziyyətini yaxşı bilir və onu «vurmağa”» başlayıb. Yıxılana balta çalmaq məsələsi…

- Deməli, Elçin gördü ki, hamı Anara qarşıdır, o da mövqeyini bəlli etdi.

- Şübhəsiz.

- Amma məncə Anarın Akif Əli demişkən, «müqəddəslik niqabını» üzündən qopardan da elə gənclər olub.

- Düzdür, bizim bu sahədə rolumuz danılmazdır. Biz bu adımın toxunulmazlığı ləğv elədik. Bizdən sonra hakimiyyət də gördü ki, Anarı heç kim saymır, onun arxasında xalq durmur. Qorbaçov üstünə bir ağız hürən kimi, bu adam qaçıb gizlənmişdi. Bir də Azərbaycanda yazıçının toxunulmazlığı var axı. Amma artıq Anarın cəmiyyətdə hörməti qalmayıb. Yaşlı qələm sahibləri mənə deyirdilər ki, biz onu sevməyə-sevməyə ondan çəkinirdik, onu qəbul edirdik. Məsələn, Rasət Pirisoyu mənə bu sözləri deyib. Biz Anarın tənqid oluna biləcəyini göstərərk, bu yolu açdıq.

Qan TURALI

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Maraqli musahibe idi, teshekkur.

  2. Deməli sənin fikrincə yazmaq həvəsdi və bu həvəsi səndə R.Qaraca oyadıb? Yazmaq həvəs yox, daxili məcburiyyət olanda onun dəyəri olur. Bacardığın işlə məşğul ol, onsuzda tarix səin kimiləri öz səhifəsində saxlamayacaq. Çatdı?!

Şərh yazın