Yuğ Teatrının gənc rejissorları Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrlarda yeni tamaşalar hazırlayacaq. Teatrın baş rejissoru Vaqif İbrahimoğlu APA-ya deyib ki, layihə çərçivəsində gənc rejissor Tural Vaqifoğlu Sumqayıt Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah” əsəri əsasında “Şah” əsərini səhnələşdirəcək. Rejissor Mirsahib Mingəçevir Dövlət Dram Teatrında Hüseyn Cavidin “İblis”, Günay Səttar Gəncə Poeziya Teatrında Şah İmsayıl Xətainin “Dəhnamə”, Zümrüd Bəxtiyarlı Qusar-Ləzgi Dram Teatrında Sədaqət Kərimovanın “Kaç” adlı dramını ləzgi dilində səhləşdirəcək. V. İbrahimoğlu tamaşaların yeni mövsümdə hazırlanacağını bildirib. Bununla yanaşı teatr kollektivinin Türkiyə, Rusiya və Gürcüstanda keçiriləcək beynəlxalq teatr festivallarında iştirakı nəzərdə tutulub. Sentyabrda teatr daha bir layihə həyata keçirəcək. Layihə əsasında Estoniyanın Uqala Teatrında rejissor Gümrah Ömərin quruluşunda Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu var imiş” əsəri səhnələşdiriləcək. Tamaşanın premyerası sentyabrın 29-da baş tutacaq.
« “Nərimanfilm” kinostudiyasında “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq | Əsas səhifə | Mapmavi səma və ağappaq buludlar (hekayə-rekviyem) »




Bölmə: 








