Azərbaycan türkcəsində yazılan əlyazmaların surəti Bakıya gətirilib
Şah İsmayıl Xətainin nəvəsi, “Cahi” təxəllüsü ilə şeirlər yazan şahzadə İbrahim Mirzənin Azərbaycan türkcəsində yazdığı şeirləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlunun məlumatında bildirilir ki, vaxtilə akademik Həmid Araslı Şah İsmayıl Xətainin davamçısı olan nəvəsinin anadilli yaradıcılığı ilə bağlı məlumat versə də, İbrahim Mirzənin şeirlərini aşkar etmək mümkün olmamışdı.Paşa Əlioğlunun xahişi ilə Tehranın Saray kitabxanasında tədqiqat aparan almaniyalı tədqiqatçı Məhəmmədəli Hüseyni uzun illərdən sonra bu tarixi faktı əldə edib. İbrahim Mirzənin divanını aşkar edən tədqiqatçı şeirlərin surətini Bakıya göndərib. P.Əlioğlu əlavə etdi ki, 1581-ci ildə köçürülmüş əlyazmada şairin farsca şeirləri ilə yanaşı, Azərbaycan türkcəsində yazdığı 27 gəraylı da yer alıb. Bu gəraylıların dili çox aydın və sadədir.
Qeyd edək ki, İbrahim Mirzə Bəhram Mirzənin oğludur. Dövrünün savadlı adamlarından biri olan İbrahim Mirzənin adı Xorasanın hakimi kimi tarixə düşüb və 1576-cı ildə II Şah İsmayıl tərəfindən hakimiyyətə varis olan digər şahzadələrlə bir yerdə edam olunmuşdur.
« BÜTÜN TELEKANALLAR ÖZ FİLM PAKETLƏRİNİ TƏQDİM ETMİŞLƏR | Əsas səhifə | Tərlan Növrəsli Türkiyənin İzmir keçiriləcək konsertdə çıxış edəcək »




Bölmə: 








