Qaynar xəbər portalı

Kitab dünyası


Prezident İlham Əliyevin sərəncamı ilə təmirə dayanan mədəniyyət ocaqlarının bəzilərində işlər yekunlaşmaq üzrədir, bəzilərində isə davam etdirilir. APA-nın apardığı araşdırmaya əsasən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində təmir yekunlaşıb. Muzeyin direktoru Rafael Hüseynov bildirib ki, sentyabrda kollektiv fəaliyyətə başlayacaq və yeni ekzpozisiya qurulacaq: “Muzeydə ancaq yeni ekzpozisiyanın qurulması qalıb. Bu işi də sentyabrda həyata keçirəcəyik. Ekzpozisiyanın yenidən qurulması olduqca ağır prosesdir. Ona görə də buna bir qədər vaxt lazım olacaq”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aparılan əsaslı təmir işləri isə oktyabrda başa çatacaq. Teatrın direktoru Rəhman Quliyevin sözlərinə görə, artıq işlərin 80%-i görülüb: “Dam örtüyü, səhnə tamamilə hazırdır. Teatr müasir standartlara uyğun səs və texniki avadanlıqla təchiz olunub. Hazırda foyedə Toğrul Nərimanbəyovun tablosu hazırlanır”. R. Quliyev deyib ki, oktyabrda kollektiv teatrın binasında fəaliyyətə başlayacaq.
Hazırda əsaslı təmir işləri aparılan Azərbaycan Dövlət Tarix Muzeyinin növbəti ay təhvil verilməsi nəzərdə tutulub. Muzeydə uzun müddətdir aparılan təmir işləri yekunlaşmaq üzrədir. Heydər Əliyev adına Saray, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında əsaslı təmir işlərinin isə 2008-ci ilin sentyabrında başa çatdırılacağı gözlənilir. Rəssamlar İttifaqı və Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda əsaslı təmir işləri avqustun sonlarında başlamalıdır. Hazırda təmir üçün tikinti şirkətləri arasında tender elan olunub. İttifaqın katibi Ənvər Qarayev deyib ki, təmir 4 ay davam edəcək. “Nizami” kinoteatrının əsaslı təmirində istifadə olunacaq layihə isə artıq hazırdır. Layihə Rusiya mütəxəssisləri tərəfindən hazırlanıb. Kinoteatrın əsaslı təmirinə bu ilin son aylarında başlanması nəzərdə tutulub. Təmirdən sonra kinoteatrda 5-ə yaxın kino zalı, Mətbuat Mərkəzi, restoran və kafe fəaliyyət göstərəcək. Bununla bərabər, müasir texnologiya ilə təchiz olunmuş iş otağı qurulacaq. Kinoteatrın 2009-cu ildə istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsaslı təmirə çoxdan başlanılması nəzərdə tutulsa da, ləngimə davam edir. Teatrdan verilən məlumata görə, texniki avadanlıqlar Almaniya və Avstriyadan gətiriləcək. Teatrın layihəsi xarici ölkələrdən birində hazırlanır. İlin sonu gələn ilin əvvəlində isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir işlərinin başlanılması nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: