Nuridə Atəşi: “Əminəm ki, Çəmənzəminli bu gün sağ olsaydı, deyərdi ki, “Əli və Nino”nu mənim adıma yazmayın”
Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verən N. Atəşi “Qurban Səid” təxəllüsünün Yusif Vəzir Çəmənzəminliyə deyil, məhz Məhəmməd Əsəd bəyə məxsus olmasını, Əsəd bəyin yəhudi deyil azərbaycanlı olduğunu, onun azərbaycanlı qohumunun tapıldığını sübut edən sənədləri və faktları nümayiş etdirib. O bildirib ki, əldə etdiyi materiallar arasında ən vacibi Əsəd bəyin “Qurban Səid” imzası ilə yazmış olduğu “Sevgidən bixəbər kişi” (“Der Mann von der libe nichts verstand”) adlı son, heç bir yerdə nəşr olunmamış romanının əlyazmasıdır. N. Atəşi hazırda Berlin Um Welt Film studiyası tərəfindən çəkilən “İn the name of the Lion” (“Aslanın adı ilə”) filmində bu romandan istifadə olunduğunu, filmin rejissoru və ssenari müəllifi Ralf Marşallekin ona romandan yalnız 15 səhifənin nəşrinə icazə verdiyini deyib. Film yayımlandıqdan sonra isə N. Atəşi romanı ilk olaraq Azərbaycan dilinə tərcümə edəcəyini deyib: “Almaniya, Avstriya, İtaliya və İsveçrə arxivlərindən topladığım sənədlərdən bir qismi Əsəd bəyin Almaniyada yəhudi kimi damğalanmasında önəmli rolu olan üç həmyerlimiz - Hilal Münşi, Cavad Vəzirov və Zahid Əfəndinin Gestapoya və Almaniyanın digər rəsmi orqanlarına yazdıqları donoslardan ibarətdir”. N. Atəşi İtaliya dövlət orqanlarına ünvanlanan donosları da tədbirdə nümayiş etdirib: “Son iki ildir, Əsəd bəyi tədqiq etməklə məşğulam. Azərbaycana orijinal sənədlərlə gəlmişəm. Bundan sonra artıq “Əli və Nino” əsəri əsasında yaranan mübahisələrə son qoyulmalıdır. Həqiqəti birdəfəlik qəbul etməliyik. Əsəd bəy 1905-ci ildə anadan olub, uşaqlığı Azərbaycanda keçib. 1912-ci ildə onun Azərbaycanda şəkilləri çəkilib. Abraham Nissembaum Əsəd bəyin doğma atası deyil. Atası İbrahim bəy onun 1912-ci ildə Azərbaycanda çəkilmiş şəklini Liviyaya göndərib. Orijinalı Avstriyadır. Bu da onun Azərbaycanlı olduğu və uşaqlığının Azərbaycanda keçməsini sübut edir. Əsəd bəy Bakıdan sonra Berlinə gəlib. “Qurban Səid” adı ilə yazdığı son romanı “Sevgidən bixəbər kişi” əsəri olub. Bu əsər 6 dəftərdən ibarətdir və hər dəftərin sonunda “Qurban Səid” imzası qeyd olunub. Bu da “Qurban Səid” imzasının ona məxsus olmasına ən böyük sübutdur. Çəmənzəminlinin böyük yazıçı olduğunu hamımız qəbul edirik, o, əsərləri ilə özünə əbədi heykəl qoyub. Əminəm ki, Çəmənzəminli bu gün sağ olsaydı, deyərdi ki, “mənim öz əsərlərim var, “Əli və Nino”nu mənim adıma yazmayın””. Arxiv sənədlərinin dünya mətbuatında ilk dəfə nəşr olunmasına dair Avropa arxivlərindən yazılı icazəsi olduğunu bildirən N. Atəşi vurğulayıb ki, o bu sənədləri Almaniyada, yaxud Avropanın digər ölkələrində də nəşr etdirə bilərdi: “Ancaq istəyirəm ki, Məhəmməd Əsəd bəy haqqında arxiv sənədləri ilk dəfə onun ana vətənində nəşr olunsun. Dövlətin səlahiyyətli orqanlarının Əsəd bəyə sahib çıxmasını arzulayıram”.
« Corc Buşun xanımı və qızı kitab yazır | Əsas səhifə | Teleprodüsser Murad Dadaşov: «Çox istərdim ki, Azərbaycanın savaş filmlərinə tamaşa edim» »




Bölmə: 









Seyid Ramin adlı istifadəçi, Avqust 11, 2007 tarixində, saat 01:45 yazıb:
Marağlıdır…
Mamed adlı istifadəçi, Avqust 11, 2007 tarixində, saat 08:55 yazıb:
Həə, Maraqlıdır…
aishen aliyeva adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 03:18 yazıb:
cox maraqlidir birce bu qalmaqal tez bitse idi…
Fərqanə adlı istifadəçi, Avqust 24, 2007 tarixində, saat 12:33 yazıb:
Çox maraqlı idi amma, nedense mene ele gelir ki, bu hadisə sizin başınıza gəlib