Qaynar xəbər portalı

Kitab dünyası


TƏQİB


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 317 oxunma

AnarQısametrajlı bədii filmin ədəbi ssenarisi

ANAR

Ekranda - qaçan adamın ayaqları. Elektrodrelin, ya elektromişarın cansıxıcı səslərini andıran uğultu. Nəfəsi kəsilən adamın tövşüməsi. Addım səsləri.
Bir müddətdən sonra oyuncaq maşını - balaca limuzini görürük. Bu oyuncaq maşın qaçan adamın ayaqlarına tərəf gəlir. Nəhayət, qaçan adamın özünü də görürük - 40-45 yaşlarda bir kişidir. Sifətində qorxu ifadəsi var. Dəhşət onun bərəlmiş gözlərində, tələsik hərəkətlərində görünür, sanki o üstünə gələn, onu təqib edən nə isə vahiməli bir şeydən qaçıb qurtarmaq istəyir. Bu vahimə beyni deşən səslərlə ifadə olunur.
Sonrakı kadrlarda biz bu səsin mənbəyini - oyuncaq qırmızı limuzini görürük. Hələ ki oyuncaq maşını və təqibdən qaçan kişini ayrı-ayrı kadrlarda görürük.
Sonra ekranda İçərişəhərin dar, əyri-üyrü küçələrini - gümüşü ay işığında görürük. Qaçan kişi onu təqib edən səsdən tövşüyə-tövşüyə uzaqlaşmağa çalışsa da, bu səs bir an susduqdan sonra yenidən daha bərk və şiddətli eşidilir.
Kişi dar küçələrlə qaçaraq gah sağa, gah sola burulur, nəhayət, qəfildən dayanır - o, kor dalana gəlib çıxıb, qarşısında sal divar var. Səs isə get-gedə daha da yaxınlaşır.
Kişinin gözlərində dəhşət ifadəsi.
İndi biz onun gördüyünü görürük: üstünə oyuncaq maşın yox, əsl böyük qırmızı limuzin gəlir. Səs də indi motorun uğultusudur.
Kişinin gözləri dəhşətdən daha da bərəlir, çünki o görür ki, hərəkət edən maşının sükanı arxasında heç kəs yoxdur, qırmızı limuzinin içi bomboşdur.
Kişi indi öz yatağındadır, inildəyərək qarabasma yuxusundan oyanır, alnının soyuq tərini silir. Amma uğultu kəsilmir ki, kəsilmir.
Dan sökülən vaxtın alaqaranlığında Osman - kişinin adı Osmandır - iri, boya-boy saata baxır - altının yarısıdır. Tezdir. Hələ bir az da mürgüləmək olar. Osman gözlərini yumur və kamera otaqda panorama edir. Hündür tavanlı otaqdır, köhnə nimdaş mebeli var. Qədimi çarpayı, qədimi yazı masası, meşin kürsü. Küncdə naxışlı kaşı soba. Divarda şəkillər. Zadəgan görkəmli saqqallı kişinin fotosu. Başqa bir fotoda - İsmayıl bəy Qasprinski, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov. Uğultu kəsilir. Bir az ara verərək sanki daha da şiddətlənir. Osman qulaqlarını balışla tıxamaq istəyir, amma sanki səs onun beyninin içinə işləyir. Durur, səs gələn divara yanaşır, divarı döyəcləməyə başlayır, səs kəsilmir. Osman var gücüylə divarı döyməyə başlayır. Nəhayət, səs kəsilir.
Osman başa düşür ki, daha yuxulaya bilməyəcək, əsnəyir, gərnəşir, bir iki idman hərəkəti edir, əl-üzünü yuyur, üzünü qırxır, çayniki isidir, səhər yeməyi yeyir, masa arxasına keçir, kağızları götür-qoy edir, nə isə yazır-pozur. Çarpayısının yanındakı oyadıcı saatın zəngi çalınır. Osman saata baxır - yeddidir. Geyinir, çöl qapısını çırpıb pilləkana çıxır. Həmin an qonşu qapı da açılır və ordan təqribən Osman yaşında bir kişi çıxır. O, bahalı kostyumdadır və qolundakı qızıl bilərzikdən, barmağındakı iri üzükdən bəllidir ki, varlı-karlı adamdır.
Xüsusi nəzakətlə Osmana:
- Sabahınız xeyir - deyir - yanılmıramsa, siz Osman müəllimsiz…
Osman bir az təəccüblənərək başıyla təsdiq edir.
- Tanış olaq, mən sizin təzə qonşunuzam. Mehman İmanov - deyə əlini uzadır, adının Osmana bir təsir göstərmədiyini duyaraq - “Evraz” yəni Evropa Asiya turistik şirkətinin rəhbəri, eşitmiş olarsınız - deyir. - Şirkətimiz sizin qulluğunuzdadır. Səyahət etmək fikrinə düşsəz, biz can-başla yardım etməyə hazırıq. Hara getmək istəsəz - Sinqapurdan Lissabonacan.
- Osman: - Çox şadam - deyir və hər ikisi pilləkanla enməyə başlayır.
- Mehman:
- Yaxşı ki sizi gördüm - deyir - deyəsən, səhər üzü sizi bir az narahat etdik. Osman cavab verməyə macal tapmamış musiqi sədaları eşidilir. Mehman sağ cibindən mobil telefonu çıxarıb danışmağa başlayır.
- Mənəm, mənəm, hə. On beş dəqiqədən sonra olacam. Nə? - başqa bir melodiya səslənir və Mehman sol cibindən ikinci mobil telefonu çıxarır: - Mənəm - deyir - bəli, mənəm-mənəm. Dedim axı, hələ qol çəkməyin, bir-iki gün gözləyək. Yaxşı, hələlik. Osmana müraciətlə: - Bağışlayın - deyir - nədən danışırdıq? Hə, mən bu mənzili almışam, dəhşətli vəziyyətdədir. Evin keçmiş sahibi müflisləşmiş partokratlardandır, vaxtilə raykom katibi-filan olub, amma ev bir haldadır ki, gəl görəsən…
Osman dinmir. Mehman davam edir:
- Gündüz başımı qaşımağa macalım olmur - yenidən telefon səslənir - Bəli, mənəm, mənəm. Düz ikidə gəl, amma bax, bir dəqiqə də yubanma, üçün yarısında gedəcəm. Oldu.
O biri telefon səslənir, Mehman gülümsünərək Osmana: - Bu da həyatdır? Bir dəqiqə rahat buraxmırlar. Bu mobil telefonu icad edənin atasına nəhlət - telefonla danışır - mənəm, mənəm, şərtlərimizi bilirsiniz. Bir faiz də oyan bu yan yoxdur. Bəsdir güzəşt elədik. Axır cavabımız budur, vəssalam. Salamat qalın. (Osmana) gəlsənə bu telefonları qapayım, yoxsa qoymayacaqlar iki kəlmə danışaq. Sizin barənizdə eşitmişəm, dedim görüm kiminlə qonşu olacayıq. Sizin mənziliniz, deyəsən, bir otaqlıdır. Mənimki…
Osman:
- Üçotaqlıdır, bilirəm - dedi Mehman (gülərək):
- Yox, dördotaqlı - dedi - qonşu blokdan bir otağı da almışam. Bir rəssamın dul arvadı olurdu. Otağı mənə satdı, üstəlik əri rəhmətliyin rəsmlərini də sırıdı. Düzünü desəm, cızma-qaradır, amma xaricilərin, bilirəm, bu cür şəkillərdən xoşu gəlir, onlara hədiyyə edəcəm. Hə, onu deyirdim axı, gündüzlər heç macalım olmur, odur ustaları gecələr işlədirəm, gərək gözüm üstlərində olsun. O otaqla aradakı divarı sökdürürəm. Sizi yatmağa qoymayan da drelin səsiymiş yəqin. Siz allah bağışlayın. Osman:
- Allah bağışlasın - dedi.
Mehman:
- Ustalara şərt qoymuşam ki, bir aya təmiri qurtarsınlar. Ailəm rayondadır, Bakıya köçməyə yaman tələsirik.
Onlar artıq evin küçə qapısına yaxınlaşmışdılar. Girişdə və pilləkanlarda əski divar rəsmləri var.
Mehman istehzayla bu rəsmlərə baxır - Ağıllarına nə gəlib çəkiblər. İki qızım var, istəmirəm belə biabırçılığı görsünlər - yarıçılpaq Veneranı göstərir.
Evin qabağında küçədə gümüşü mersedes dayanıb. Sürücü dərhal çıxıb Mehmanı salamlayır və mobil telefonu ona uzadır. Mehman (telefona):
- Mənəm, mənəm. Bir dəqiqə - Osmana - sizi apara bilərəm.
Osman:
- Sağ olun, yaxına gedirəm.
Mehman telefonla danışa-danışa maşına minir. Mersedes aralananda Osman təəccüblə görür ki, onun arxasında qırmızı limuzin dayanıb - eyniylə onun yuxuda gördüyü maşın.
Ləhləyə-ləyləyə gələn avtobusu görüb Osman dayanacağa tərəf tələsir, sərnişinlə dolu avtobusun dal qapısından bir-təhər özünü içəri salır. Avtobusun arxa pəncərəsindən küçəyə baxır: qırmızı limuzin yerindəcə durub.
Osman avtobusdan düşür, amma heç beş-on addım atmamış görür ki, bu dayanacağın yanında da qırmızı limuzin dayanıb. Yenə də içində heç kəs yoxdur. Bir an Osmanın qulağına bayaqkı uğultu səsi gəlir, amma dərhal da bu səs küçənin hay-küyü içində əriyib itir. Osmanın kadrarxası səsi:
“Yəqin şəhərə bir xeyli qırmızı limuzin gətiriblər. odur ki, addımbaşı onları görürəm. Hətta yuxuma da girirlər”.
Osman metronun eskalatoruyla enərkən yenidən kadrarxası səsini eşidirik: “Ya bəlkə bu elə eyni maşındır, məni təqib edir. Bəh, bəh… Kimdir səni təqib edən, kimə lazımsan sən?”
Metrodan çıxanda yenə də qırmızı limuzini gördü. Redaksiyaya tərəf addımlarkən düşünür. Kadrarxası səsi:
“Görəsən redaksiyamızın qabağında da qırmızı limuzini görəcəm? Yox, bu lap ağ olar. Onda doğrudan da belə çıxar ki, məni təqib edir. Redaksiyamızın yolu da küçədəndir. Həmin maşındırsa, mütləq burdan, yanımdan keçəcək və onda sürücünü də görəcəm. Bu da yuxu deyil ki, maşınlar sürücüsüz hərəkət etsin”.
Redaksiyaları yerləşən böyük binanın qarşısında xeyli maşın vardı, amma onların arasında qırmızı limuzin yoxdu. Osman rahat nəfəs aldı və öz iş otağına qalxdı. Otaqda çoxlu əməkdaş vardı. Osman öz masasının arxasına keçib kağız-küğazı gözdən keçirməyə başladı. Qeydlər edirdi, nəyisə pozur, nə isə yazırdı. Masasının siyirtməsindən xeyli fotolar çıxardı. Onunla bir yerdə biz də bu fotoları görürük - Qarabağ müharibəsinin, Qara Yanvarın, Xocalı soyqırımının dəhşətləri. Fotolar kinoxronika kadrlarına keçir. Selektorun siqnalı. Osman düyməni basır. Selektordan səs:
- Səhifə hazırdır?
- Az qalıb.
- Yanıma gəl.
Osman şöbə müdirinin otağına gəlir, səhifəni və fotoları ona göstərir.
Şöbə müdiri şəkillərə baxıb ah çəkir:
- Aman Allah,.. Yenə qaçqınlar, Xocalı. Qarabağ…
Osman:
- Yəni bizim bundan vacib məsələmiz var?
- Əzizim, yazılarla və fotolarla Qarabağı qaytarmaq olmaz. Xalq da bu dəhşətləri eşitməkdən, görməkdən bezib. Camaat başını qatmaq, əylənmək istəyir. Onsuz da hərənin öz problemi kifayət qədərdir.
- Yaxşı, nə vaxta qədər biz camaatın başını qatacayıq, insanları əyləndirəcəyik?
- Bu elə bizim qəzetin məqsədlərindən biridir. İndicə məni baş redaktor çağırmışdı. Abrımı verdi, bilirsən tirajımız necə düşüb? - dedi. - Oxucuya onu maraqlandıran şeyləri verin. - Şöbə müdiri bic-bic gülümsündü - Özü də bir neçə “maraqlı” mövzu təklif etdi. Eşitmişəm - dedi, - şou ulduzu Ellada istəkli pişiyini dəbdəbəylə dəfn edib, hətta ehsan verib. Yaxud başqa bir fakt. Biznesmen Raul Çaybasarski oğluna toy etməkçün böyük bir gəmi kirayələyib. Təsəvvür edirsən beş yüz adam bəy və gəlinlə bərabər dəniz səyahətinə çıxır. Bax, oxucuya bunun təfərrüatları maraqlıdır.
- O oxucuya ki onun başını elə biz özümüz xarab eləyirik.
- Yaxşı, mənə əxlaq dərsi demə. Sən də, mən də buranın işçisiyik və pis maaş da almırıq. Odur ki, bizə çörək verənlərin istəklərinə əməl etməliyik.
- Üzr istəyirəm, amma mən iki saat ərzində təzə səhifə hazırlaya bilmərəm.
- Heç bir hazır materialın yoxdu?
- Elladanın pişiyi tipli heç bir materialım yoxdur.
- Neynək, ver hazırladığını, amma sözümdən nəticə çıxar.
Osman birdən tanış uğultunu eşitdi. Tez yerindən durub səs gələn tərəfə dəhlizə gedir. Açıq qapılardan birindən üzünü elektroülgüclə qırxan əməkdaşı görür. Səs də elektroülgücün səsidir. Osman ona əl edərək öz yerinə qayıdır.
Divar saatı iş vaxtımın qurtarmasını göstərir. Əməkdaşlar bir-bir otaqdan çıxırlar. Osman da kağızlarını qovluğa yığıb aşağı düşür.
Küçədə binanın qarşısında bir neçə maşın vardı. Onlardan biri də qırmızı limuzin idi. Binadan çıxan işçilər müxtəlif maşınlara minib gedirdilər. Osman özünə də aydın olmayan bir maraqla qırmızı limuzinə kimin yanaşacağını gözləyirdi. Maşına heç kəs yanaşmırdı - maşının içi də yenə boş idi.
Nəhayət, Osman da gözləməkdən yorulub yola düzəldi, bir neçə küçə keçib üstündən “Stomaloji poliklinika” yazılan binanın qarşısına gəldi. İçəri girib otaqlardan birinin qapısını açdı.
Stomatoloq həkim onu salamladı: - Axır ki, gəlib çıxdın - dedi - keçən həftə gələsiydin.
Osman:
- İş çoxdu - dedi - heç cür vaxt tapa bilmirdim.
- Yaxşı, otur bura.
Osman kürsüyə oturur, həkim əllərini yuyur.
- Aç ağzını - deyir. - Aman Allah.
Novokain iynəsi vurur, bormaşını işə salır. Bormaşının səsi reallıqda olduğundan daha güclü səslənir - Osmana elə gəlir ki, bu sanki elektrodrelin səsidir. Ani olaraq kürsüdən sıçrayır, həkimə:
- Bağışla - deyir - bu gün hazır deyiləm. Bu günlərdə gələrəm.
- Necə yəni hazır deyiləm, necə yəni bu günlərdə - həkim onu saxlamağa çalışdı. Osman sanki ilan çalmış kimi onun əlindən qurtulub otaqdan bayıra atılır.
Poliklinikanın qarşısında qırmızı limuzin dayanmışdı.
Artıq bu təqibə dözə bilmirdi və şübhəsiz bu təqib idi. O, adətinə xilaf olaraq taksi saxladı, minib evinə gəldi. Qapılarının ağzında qırmızı limuzin yox idi.
Osman binanın çöl qapısından içəri girdi və quruyub qaldı. Ustalar divar rəsmlərinin üstünü malalayırdılar.
- Siz neyləyirsiniz, axı bu… - ağzını açmışdı ki, ustalar sözünü kəsdilər:
- Xozeyin tapşırıb ki, axşamacan işimizi qurtaraq - dedilər.
Doğrudan da, artıq işlərini qurtarmaq üzrəydilər, xilas eləməli bir şey qalmamışdı. Divarlar demək olar ki, tamamilə malalanmışdı.
Osman dinməz öz mənzilinə qalxdı. Buz dolabını açdı, xörək çıxartdı, bir az ora-burasını ditdələdi, yenidən yerinə qoydu - iştahı yoxdu. Meşin kürsüyə əyləşdi. Televizoru qoşdu. Xəbərləri verirdilər - bir-birindən dəhşətli xəbərləri - atışma, partlayış, ölüm, qan, göz yaşları…
Osman gözlərini yumdu və beləcə dinməz-söyləməz xeyli qaldı. Qapının zəngi çalındı. Durub qapını açdı - Mehman idi - indi əynində bahalı idman paltarı vardı. - Dedim bir qonşuma baş çəkim, - dedi - olar? Osman dilucu:
- Buyurun - dedi. Otağa girdilər. Mehman otağa göz gəzdirirdi, bəzəkli sobaya xüsusilə diqqətlə baxırdı.
- Mənimki də bu cürdür - dedi Osman: - Bilirəm, - dedi
- Siz o mənzildə, yəni mənim mənzilimdə olmusuz?
- Osman:
- Mən orda yaşayırdım - dedi.
- Necə yəni yaşayırdım?
- Bütün bu mərtəbə mənim babamın idi.
Mehman divardakı fotonu - saqqallı ziyalını göstərdi:
- Babanızdır?
- Bəli.
- Bəs necə oldu ki, o mənzil…
- Babam öz əcəliylə öldü, amma atamı tutub sürgün edəndə o mənzili aldılar, anamla mənə yalnız bu otaq qaldı.
- Atanızı niyə tutmuşdular ki…
- Bu şəklə görə - deyə Osman divarda - Qasprinski, Zərdabi, Topçubaşovun əks olunmuş fotosunu göstərdi.
- Bu nə şəkildir ki, belə?
- Qasprinski, Zərdabidir, bir də Topçubaşov.
- Kimdirlər ki, bunlar?..

(Ardı var- Növbəti şənbə günü davamını oxuyun)






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Avqust 11th, 2007 tarixində 08:55 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. TƏQİB (İkinci hissə) | Kultaz adlı istifadəçi, Avqust 18, 2007 tarixində, saat 09:37 yazıb:

    [...] (Əvvəli burada) [...]

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: