Qaynar xəbər portalı

Kitab dünyası


Aydın XanAydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

İndi tənbəlliyin daşını atmağı bacaranların əksəriyyəti çağdaş milli fikri formalaşdıran biz düşüncə adamlarını tənqid etməyi xoşlayır: Azərbaycan ictimai-elmi, mədəni-ədəbi fikrinin səviyyəsi dünya standartlarından çox geri qalır; bizdə niyə dünyaşöhrətli filosoflar yoxdur; beynəlxalq aləmdə qəbul edilən yaradıcı fərdlərimiz, tanınmış intellektuallarımız görünmür; belə getsə, müxtəlif sahələr üzrə Nobel mükafatı alanımız olacaqmı!?Kifayət qədər kəskin səslənsə də, subyektiv iradlardır və bu yerdə düşüncə adamlarımız, müxtəlif bəhanələr gətirsələr də, sonda bircə məsələdə razılaşmalıdırlar: bilgini, elmi, intellekti, bir sözlə, ictimai-mədəni fikri xalq, kütlə deyil, ayrı-ayrı seçilmiş peşəkar fərdlər inkişaf etdirir, zənginləşdirir, sivilizasiya məhsuluna - bəşəri uğura çevirir…
Son illər həyatımız kimi, elm və texnika, insan düşüncəsinin müxtəlif sahələri çox sürətlə inkişaf edir, canlı orqanizm kimi durmadan irəliyə doğru hərəkətdədir. Azərbaycan toplumu olaraq zamanın diktəsini yerinə yetirməsək, yəni qlobal proseslərdən bircə addım kənara qalsaq, ortaya çıxacaq uçurumu əsrlər boyu doldura bilmərik.
Bu mənada vurğulamaq yerinə düşər ki, dünyada yaranan yeni düşüncə texnologiyalarını elmi-mədəni düşüncəmizdə çağında tətbiqi məsələsi yenə də öz aktuallığını və kəskinliyini saxlamaqdadır. İnsan şüurunun digər istiqamətləri barədə mülahizələr söyləmək imkanımız olmasa da, humanitar sahəmizə aid maraqlı bir problem barədə fikirlərimi bölüşmək istəyirəm.
Bəşər sivilizasiyasının tarixinə ekskurs edəndə görürük ki, yaşadığımız dünyanın dərki və inikası ilə bağlı müxtəlif forma, eləcə də fərqli texnologiyalar mövcud olub: reallığın mifoloji, dini, ədəbi, bədii, elmi, fəlsəfi, riyazi, hətta poetik inikası məsələsi əsrlər boyu düşüncə adamları arasında böyük polemikalara, elmi mübahisələrə, hətta fikri münaqişələrinə səbəb olub. Zaman-zaman bu formatlar - düşüncə texnologiyaları yerlərini, mövqelərini dəyişmiş, bəziləri uzun müddət, digərləri isə müəyyən vaxt ərzində ictimai-humanitar düşüncədə birinciliyi əlində saxlamışdır. Qeyd etmək də yerinə düşər ki, onların bir çoxu (dini, elmi, ədəbi-bədii)bəşər tarixində - sivilizasiya gedişatında nəzərəçarpacaq çevrilişlərə, nəhəng yeniləşmələrə təkan vermişdir.
Son əlli ilin düşüncə texnologiyalarının içində maraqlı hadisə - dünyanın kulturoloji dərki məsələsi ətrafında beynəlxalq intellektual-yaradıcı çevrələr qızğın polemikalara girişiblər. Dünyanın, gerçəkliyin, həyatın, əbədiyyətin və zamanın kulturoloji dərki, təhlili və inkası problemləri əksər sivill ölkələrin intellektuallarının, yaradıcı-elmi dairələrinin, filosof və alimlərinin müzakirə obyektinə çevrilmişdir.
Təssüflər olsun ki, bizim mədəni-intellektual çevrələrimiz hələ də bu qlobal beyin-bilgi proseslərinə qoşulmayıb və kulturologiyanı yalnız mədəniyyətşünaslıq kimi qəbul etmək meylləri kimi komplekslərdən uzaqlaşa bilməyiblər.
İntellektual ədəbiyyatlarda bir elm sahəsi olaraq kulturologiyanın vahid tərifi ətrafında hələ də mübahisələr getsə də, ensiklopedik lüğətlərdəki müəyyən məlumatlardan bəzi məsələləri aydınlaşdırmaq mümkündür. Sosial və humanitar biliklərin vəhdəti nəticəsində insan, eləcə də cəmiyyət həyatını öyrənən elm sahəsi kimi kulturologiya böyük mənada mədəniyyəti varlığın əlahidə tamlığı kimi öyrənir. Kulturoloji elmlər deyildikdə isə üç bilgi sistemi - humanitar kulturologiya, sosial kulturologiya və tətbiqi kulturologiya nəzərdə tutulur: nəzərə almaq lazımdır ki, bu bölgü kulturologiyanı bir elm kimi dərk edəndə işlək sayılır. Öz növbəmizdə onu da əlavə etmək istəyirəm ki, geniş mənada götürəndə, yəni fəlsəfi və poetik tərəflərinə, bilgi-düşüncə texnologiyası kimi götürəndə, kulturologiya dar çərçivədən çıxıb, qlobal sivilizasiya formasına - dünyagörüşünə çevrilir. Bu zaman ondan yararlanaraq indiyə qədər dərk edilməyən bir çox qlobal problemlərə yeni və fərqli baxışlarla nəzər salmaq, əbədi sualların sadə cavabını tapmaq mümkündür.
Təkrarən qayıdırıq kulturoloji elmlərə, yaxud elmin kulturoloji dərkinə, təhlilinə. Dünya kulturologiya elmi son 50-60 ildə çox böyük bir inkişaf mərhələsi keçib ki, vaxtilə və indinin özündə də Rusiya, rus dili vasitəsilə onun bəzi qatları barədə informativ bilgilər əldə edirik.
Humanitar kulturologiyanın istiqamətləri çox genişdir: ümumi profili tarixi-mədəni araşdırmalar; mental mədəniyyətin tədqiqi; dini aspektlərdən mədəniyyətin öyrənilməsi; mədəniyyət tarixinin ədəbiyyatşünaslıq baxımından tədqiqi; mifoloji mədəniyyətin tarixi; etnolinqvistik və semiotik nöqteyi-nəzərdən təhlil; sənətşünaslıq və estetika kimi sahələrinin qarşılaşdırılması nəticəsində əldə edilən bilgilər və b.
Sosial və mədəni antropologiya; mədəni-tipoloji istiqamət; mədəni-psixoloji istiqamət; kulturoloji-ekoloji və b. qollar isə kulturologiyanın sosial-elmi profili sayılır.
Ən geniş yayılan tətbiqi kulturologiya da müxtəlif istiqamətlər üzrə inkişaf edib: mədəniyyət institutlarının fəaliyyəti və mədəniyyət siyasətinin nəzəriyyəsi; sosial-mədəni proqnozlar, layihələşdirmə və tənzimləmə metodları; təhsilin kulturolojiləşdirilməsi; şəxsiyyətin sosiallaşdırılması və sosial-mədəni pedaqogika; mədəni irsin qorunması formaları; muzey işi; diyarşünaslıq və b. Bütün bu sadalanan istiqamətlər üzra dünyanın ayrı-ayrı ölkələrində kulturoloji məktəblər, intellektual çevrələr, elmi-fəlsəfi institutlar, tədqiqat mərkəzləri fəaliyyət göstərir.
Biz isə həmişə olduğu kimi, yenə də çox məsələlərdən xəbərsizik…

P.S. Bu il AR Mədəniyyət və Turizm Nazirliyiyinin təşkilatçılığı ilə Ölkə Kulturoloqlarının I Forumu keçirildi. Bu faktın özü də sübut edir ki, artıq dövlət tərəfindən kulturologiyaya xüsusi diqqət göstərilir və yaxın gələcəkdə ictimai-intellektual düşüncəmizdəki boşluqlar tezliklə aradan götürüləcəkdir…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (10 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Avqust 12th, 2007 tarixində 16:41 radələrində Mədəni İnqilab bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Artyazar adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 21:33 yazıb:

    Aydın Xanın (Əbilov) bu və digər yazılarıyla tanış olmaq istəyirsinizsə, onda sizi yazıçı-kulturoloqun fərdi saytına qonaq dəvət edirik…

    Azərbaycanda analoqu olmayan şəbəkə projesi - hər gün yenilənən kulturoloji-ədəbiyyat saytı bu ünvanda:

    http://artyazar.azeriblog.com

    Oxuyun: Yazılar, e-gundəlik, art-xəbərlər, analitik-kulturoloji materiallar, elektron kitabxana…

    Linklər: 25-dən çox ciddi intellektual ədəbiyyat, mədəniyyət, bilgi saytlarına (Nobelçilər, Rusiya ədəbi jurnalları, Azərbaycan elektron kitabxanaları və b.) keçidlər;

    Bonuslar: Orxan Pamukun “Qara kitab” romanı və yazar barədə maraqli məqalə;

    Şəkillər, müsahibələr, daha başqa yeniliklər;

    Yaxın vaxtlarda isə Aydın Xanın bir neçə saytdan uzaqlaşdırılmış - pozulmuş qalmaqallı əsəri - İlk milli Virtual Açıq e-romanı - “Dəli günlərimin çalarları” interaktiv şəbəkə epopeyasının tam mətni və hərgünlük yeni bölümləri…

    P.S. E-romanın http://almaqezetişcom.forum-daki yayımı Aydın Xan tərəfindən dayandırıldı…


  2. Artyazar adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 21:39 yazıb:

    Son abzas belə oxunmalıdır:

    P.S. E-romanın

    http://almaqezeti.com/forum

    -daki yayımı Aydın Xan tərəfindən dayandırıldı…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: