Qaynar xəbər portalı

Kitab dünyası


Qaloş və Mefistofel


Bölmə Bölmə: Publisistika | Göndər Göndər | Çap et Çap et | 346 oxunma

Aydın Talıbzadə(kübarlıq fenomeni)

Qaloş qara, parıltılı bir cisimdir. Rezindən hazırlanar. Tarixi bir filan qədər. Yağışda, tufanda, qar və çovğunda camaat ondan istifadə edir ki, sürüşməsin, ayaqları su çəkməsin. Kəndistan əhli üçün misli yoxdur. Ancaq heç bir evdə onu içəri buraxmazlar. Çünki yaş olar, palçıq olar. Hara getsə aləmi ləkələr, bulaşdırar. Odur ki, qapıda cütlənib qalar, məlul-məlul sahibini gözlər. Baxırsan, nə ayaqqabıdı, nə başmaqdı, nə səndəl. Qaloş elə qaloşdu. Mefistofel səma sakinidir. Tarixsizdir. Tanrıya tamarzı, insana paxıl mələkdir. Tənhadır, təkdir. Müsəlman mifologiyasında adını iblis qoyublar. Oddan törənib, köləliyə nifrəti var. Heç kimə tabe olmaz. Azadlıq içində üzər. Tanrı ilə daima düşmənçilik vəziyyətindədir, acığa istədiyini eləyib ondan öc ala bilər. Bəlkə də ilk demokratdır Mefistofel, ya da əvvəlinci üsyankar romantik? Düzünü söyləməyə kimsənin fəhmi çatmaz. Nə qapı tanıyar, nə pəncərə. Kefi buyurduğu evə bacadan da girər. Mümkündür ki, Azərbaycanda da adama “qaloş” desinlər, əgər bu Allah bəndəsi fağır, müti, dilsiz-ağızsız, üzüyola və simasız bir vücuddursa. “şəbədə qoşmaq”da, “vedrə bağlamaq”da bizlərin tayı-bərabəri varmı məgər? Ata-babalarımız olmazın istedad göstəriblər bu işdə. Elə eləyiblər ki, ləqəb xarakterin güzgüsünə çevrilib. “Mehman” filmində Qaloş “qaloşluğuna” şaddır. Çünki məramı başqadır: təcavüzdür, zordur, ölümdür. “Qaloş” imici isə onun yeganə sığınacaq yeridir… ki, şura hökuməti keçmiş mülkədarı tanıyıb qulaqlamasın. Belələrinə “saman altdan su yeridən” deyirlər. RZA TƏHMASIB personajın həyat məramına söykənib də Qaloşu Mefistofel kimi oynamışdı, bircə iki balaca buynuzu çatışmırdı. Ekranda qəfil görünən əprikmiş üz, aydın eşidilən məşum pıçıltı Qaloşu filmin ölüm kabusuna çevirirdi. Rza Təhmasibin ifasında Qaloş insanın içində alovlanıb püskürən Iblisin məxfiliyini qorumaqdan ötrü taxdığı kölə maskası idi. Herostrat möhtəşəm Artemida məbədgahını yandırıb necə əbədiləşdisə, Rza Təhmasibin fenomenal istedadı da Qaloşu eləcə ölümsüzləşdirdi Azərbaycan mədəniyyəti üçün. Yalnız sənətçilər və şünaslar bilirlər ki, Rza Təhmasib vaxtilə milləti vəcdə gətirmiş filmlər (”Arşın mal alan”, “Onu bağışlamaq olarmı?”) müəllifidir. Xalq Rza Təhmasibi daha çox Qaloşa görə xatırlayır. Məndən olsaydı, Rza Təhmasibin şərəfinə mənfi rolların ən yaxşı ifaçısı üçün “Gümüş qaloş” mükafatı təsis edərdim. Azərbaycan teatrosunun birinci həqiqi intellektual aktyoru olub Rza Təhmasib. Professor VOLAND. Kübar fədayi və insan psixologiyasından, münasibətlərindən konfliktlər hörgüləyən oyunbaz sənətçi, özünəməxsus Mefistofel. Qaloş onun yaradıcılığının finalıdır, Iblis isə böyük sənətə vəsiqəsi. Bu iki obraz arasında, yuvarlaqlaşdırıb deyirəm, bir 50 illik zaman məsafəsi dayanır. Elə bir zaman məsafəsi ki, bu müddətdə aktyorun “şər” ideyasına verdiyi yozum və vizual biçim dəyişir. Əgər “iblis”də dünyəvi şər konkretləşdirilib insani forma alırdısa, “Mehman”da Qaloş insanlığın total bir müsibəti kimi göstərilib kosmik əndazələr çərçivəsinə salınırdı. Cavan Rza Təhmasib iblisi mifoloji kontekstdən çıxarıb, ictimai dünyanın problemi kimi təqdim edirdisə, artıq ahıl Rza Təhmasib Qaloşu adi, lokal konfliktdən, bayağı siyasi qarşıdurum müstəvisindən qoparıb mifə doğru aparırdı. Kukla teatrında Mefistofeli göstərmək üçün qaloş ən yararlı predmetdir. Qaloş cansız dünyanın Mefistofelidir. Rza Təhmasibin sənət hücrəsi: Hüseyn Cavidin fəlsəfi-romantik bəyanatlar və psixoloji sayrışmalar teatrosunun qəhrəmanı. Onun Dəli Knyazının şəcərəsini Fausta da bağlamaq mümkün, Knyaz Mışkinə də. Bəlkə Qanya Ivolgin və ya Stepan Trofimoviç Verxovenski desəm, daha dürüst olar? Iblisin üsyanı onun romantikasından doğub. Üsyan və romantika isə əzəldən məftunedicidir. Iblisi və Arifi oynamış aktyor Mefistofel və Faustun bir addımlığında idi. Rza Təhmasibi dünya tanımalıydı. Fenomen bir aktyor kimi. Qəribədir mən həmişə inanmışam ki, Rza Təhmasib şəxsiyyəti Azərbaycan teatrosundan böyük olub. Məntiqə əsaslanıb razılaşa bilərəm ki, səhv fikir söyləyirəm. Nə etməli ki, inam məntiqdən güclüdür. Elə isə düşündüyümü gizlətməyə səbəb yox.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Avqust 16th, 2007 tarixində 23:17 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. e110365 adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 11:39 yazıb:

    Bəyəndiyim bir yazıdır. Gec də olsa etiraf edim.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: