Qaynar xəbər portalı

Kitab dünyası


TƏQİB (İkinci hissə)


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 325 oxunma

AnarQısametrajlı bədii filmin ədəbi ssenarisi

ANAR

(Əvvəli burada)

…Osman təəccüblə Mehmana baxdı.
- Əlimərdan bəy Topçubaşı musavat vaxtı Parlamanın sədri olub, İsmayıl bəy Qasprinskini pantürkist sayırdılar, Həsən bəy Zərdabi yəqin bilirsiniz, bizim ilk qəzetimizin - “Əkinçi”nin redaktoru olub.
- Elə ancaq bununçün tuta bilərdilər?
- Yəqin bilərmişlər ki, tutublar, on il Sibirə sürgün ediblər, ordan qayıtmadı.- İnandırıcı şey deyil. Elə bu fotoya görə?
- İş ondadır ki, Topçubaşov babamla tanış imiş…
- Babanız nəçiydi ki?
- Maarifçi idi. Səttar Səlimbəyov, bəlkə eşitmisiniz, bir vaxt Bakıda Səlimbəyovun məktəbi məşhur idi. Bu fotonun əsli deyil, sonralar mən kopiyasını çıxartdırmışam. Babama bağışladığı əslində isə Topçubaşovun dəst-xətti vardı. Kimsə bunu bilib, danos verib, gəlib atamı tutublar ki, sən xalq düşmənlərinin şəklini saxlayırsan. Güman var ki, danos verən elə sizin mənzilin əvvəlki sahibi olub.
- Aman allah. Nə dəhşətli vaxtlar varmış. Danos verib tutdurasan, sonra da evini əlindən alasan. Yaxşı sizin bu otaqla mənim mənzilim necə birləşirmiş?
- Bax burda qapı vardı - divarın sonradan hörülmüş hissəsini göstərir.
- Əla. Çox gözəl, çox münasib yerdədir bu qapı.
- Çay içirsiniz?
- Yox, sağ olun.
- Yaxşı deyin görüm, o girişdəki şəkilləri niyə malalatdırdınız?
- Abırlı evdə belə şəkillər yaramaz, dedim axı, iki qızım var, niyə onlar gələndə də, gedəndə də bu pornoqrafiyanı görsünlər. Amma siz heç darıxmayın. Ən yaxşı rəssamlara sifariş verəcəm. Orda doğma vətənimizin mənzərələrini çəksinlər - Göy göl, Şah dağ. Qoy xaricilər də Azərbaycanın gözəlliklərini görsün. Əslinə qalsa mən elə bu evi də xaricilərə görə almışam. Bilirsiz mənim imkanım var ki, şəhərin lüboy yerində ən yaxşı evlərdə ən yaxşı mənzil alım, amma qərar verdim ki, hökmən köhnə evdə, tavanı belə hündür olan mənzil alım. Elə bu soba nəyə desən dəyər, xaricilər bunu görəndə dəli olacaqlar.
- Nə deyim, sağlığınıza qismət olsun.
- Təşəkkür edirəm. Məndən incimirsiniz ki, sizin əvvəlki mənzilinizdə yaşayacam.
- Yox, niyə inciyim ki. Ora çoxdan mənim deyil.
- Bilirdim ki, siz ziyalı adamsınız. Qabaqcadan maraqlandım, görüm qonşum kim olacaq. Hamı sizin haqqınızda xoş sözlər deyir. Məşhur jurnalistsiniz.
- Yox, bu bir az şişirtmədir. Məşhur-filan deyiləm.
- Çox da təvazökar olmayın. Bizim zamanada təvazökar olmaq - işə keçmir. Hər halda inanıram ki, dost olacayıq. Bəlkə sizə bir xeyrim dəydi. Allahın bərəkətindən hər bir imkanım var.
- Sağ olun.
- Osman müəllim, vallah,heç bilmirəm necə deyim. Amma özünüz mənə kömək etdiniz, dediz ki, əvvəllər bura bir böyük mənzil olub. Necə bilirsiniz, mən sizə belə bir təklif etsəm ki, şəhərin harasında istəsəz sizə üç otaqlı, avroremontlu mənzil alım, siz də bu otağı mənə verəsiniz, buna nə deyərsiz? Hə?
- Yox deyərəm.
- Hə, yadımdan çıxdı deyim ki, mənzildən başqa istədiyiniz məbləğdə pul da ödəyəcəm sizə.
- Sağ olun, amma bu olan iş deyil.
- Niyə? Baxın, hələ qapının yeri də durur. Bu otaqları birləşdirmək su kimi asan işdir.
Osman siqaret yandırdı.
- Necə izah edim sizə? Bura mənim ata-babalarım haqqında son xatirə yeridir. Burda babam yaşayıb, burdan atamı sürgünə aparıblar, heç bilmirəm qəbri də haradadır, anam burda vəfat edib. Mənim nə yaxın qohumum qalıb, nə övlad-uşağım var. Mən də burda öləcəm. Məndən sonra bu otağa da sahib olarsız.
- Nə danışırsız? Niyə belə sözləri gətirirsiniz dilinizə. Allah sizə uzun ömür versin. Amma xatirələr hər şey demək deyil. Dünyanın başqa ləzzətləri də var.
- Mənimçün xatirələr hər şeydi.
- Heç evlənməmisiniz?
- Yox. Cavanlığımda əlləşib vuruşurdum, neçə yerdə işləyirdim ki, xəstə anamı dolandırım. Sonra da daha gec oldu.
- Niyə gec olur ki… Təzə gözəl mənzilə köçərsiniz, çoxlu pulunuz olar. Belə “jenix”ə kim getməz?
- Üzr istəyirəm, görünür bəzi şeylərə biz başqa cür baxırıq.
- Hər halda mən demirəm ki, dərhal cavab verəsiniz. Bir yaxşı-yaxşı fikirləşin, götür-qoy edin. Bu məsələyə bir də qayıdarıq.
- Mənim cavabım qətidir.
- Hər halda bir də düşünün. Gecəniz xeyrə qalsın.
Osman kürsüdə oturub fikrə dalıb. Televizorun səsi gəlir. Osmanın gözləri yumulur, mürgüləyir, televizorda eşidilən səslər onun yuxusuna sızılaraq xaos yaradır, ən müxtəlif görüntülər, qarabasmalar, kölgələr, xısın pıçıltılar… Yenə də onu təqib edən limuzin. Filmin əvvəlində gördüyümüz kadrlara yeniləri əlavə olunur. Mehman həkim- stamatoloq qiyafəsində Osmanın ağzına bormaşını deyil, elektrodrel soxmaq istəyir. Kinoxronikanın deformasiya olunmuş kadrları və ara bir qırmızı limuzin və onun uğultusu. Ara sıra yuxudan reallığa keçirik - kresloda mürgü vuran Osmanı və real televizordan real səhnələri görürük.
Sonra yenə yuxu: Osman şəhərin küçələriyə addımlayır və bütün rastlaşdığı insanlar eyni sifətdədir (natural masqalardan istifadə etmək olar insanların eyni sifətləri bir qədər Mehmanın sifətini xatırladır).
Adi bir dəfn mərasimi - tabut, əklillər, matəm musiqisi. Müğənni Elladanın göz yaşlarına qərq olmuş sifəti. Qiyafəti çox qəribədir - başına qara matəm örpəyi salıb, amma geyimi açıq-saçıqdır.
Birdən-birə tabutun içindən pişik sıçrayıb Elladaya tərəf atılır. Ellada sevincək onu bağrına basır.
Bütün dəfn iştirakçıları qaçışırlar. Boş küçənin ortasında yalnız Osman qalır. Qəfildən üstünə qırmızı limuzin gəlir və onu vurmaqdan bir an əvvəl Osman qışqırıb oyanır. Bir neçə müddət otaqda var-gəl edir. Sonra telefonu götürüb zəng vurur.
- Samir salam, mənəm. Bağışla ki, səni evdə narahat edirəm. Sabah işə çıxmayacam.
- Niyə, nə olub?
- Qərara gəldim ki, qəzetdən gedim.
- Təzə xəbərlər! Nə baş verib axı? Bəlkə məndən incimisən, bayaqkı söhbətimizə görə? Başa düş, mən də buyruq quluyam, ağa deyir: sür dərəyə, sür dərəyə. Bir də ki…
- Yox, yox, heç kəsdən inciyib eləməmişəm. Əsəblərim nəsə yaman pozulub, dəhşətli yorğunluq hiss edirəm. Daha sakit iş axtaracam.
- Gözlə, ay tapdın ha… Nəinki sakit, ümumiyyətlə iş tapmaq elə bilirsən bizim zamanada asan işdi? Qulaq as…
- Bu qəti qərarımdı. Sənin heç bir təqsirin yoxdu. Salamat qal.
- Nə deyim, özün bilən yaxşıdı. Bizi unutma.
- Oldu. Hələlik…
Osman evdən çıxır, qırmızı limuzin yoxdur. Gəzə-gəzə bir evin yanına gəlib çıxır. Bir ara dayanır, yuxarı baxır, üçüncü mərtəbədəki bir pəncərədə işıq yandığını görür. Yoluna davam edir, amma bir neçə addım atıb yenidən dayanır, bir qədər tərəddüddən sonra geri qayıdır və həmin evin qapısından içəri girərək üçüncü mərtəbəyə qalxır.
Üçüncü mərtəbədəki mənzilin qapısı qarşısında yenə bir az tərəddüd edir, nəhayət zəngi basır.
Qapı ardından ayaq səsləri eşidilir.
- Kimdir?
- Köhnə tanış…
- Nə tanış?
- Mənəm. Osmandır.
Qapı açılır. Alla - bu onun mənzilidir - təəccüblə ona baxır - Sənsən? Hardan belə?
- Yolum burdan düşmüşdü, dedim bir sənə baş çəkim. Bəlkə içəri dəvət edəsən.
- Buyur. Amma bağışla. Ev bir gündədir ki… Axı qonaq gözləmirdim.
Doğrudan da, otağın qəribə görkəmi vardı. Tamamilə boşdu, mebel yoxdu. Yalnız divardan asılmış bir güzgü qalmışdı. Bir də divarlarda fotoların asıldığı mismarlar vardı, fotoların kvadrat yeri də oboyun başqa hissələrindən fərqlənirdi.
- Otağın küncündə iri karton qutulara kitablar yığılmışdı, qutulara yerləşməmiş kitabların bir hissəsi yerdə idi.
Osman güzgüyə yanaşdı, baxmağa başladı, amma bir an güzgüdə öz sifətini görəndən sonra kadr dəyişdi, indi güzgüdə hər ikisinin - Allanın və Osmanın çılpaq bədənləri əks olunurdu. Onlar bir-birini oxşayır və öz hərəkətlərinə güzgüdə tamaşa edirlər. Yenidən real məkana qayıdırıq, Alla güzgü qarşısında dayanmış Osmana baxır.
- Nədi, xatirələr aləminə dalmısan?
Osman:
- Yadındadır? - dedi.
- Mənim hər şey yadımdadır, sənin yaddaşın hərdən korşalır. Heç olmasa yadındadırmı ki, neçə vaxtdır görüşmürük?
- Mənim də hər şey yadımdadır. Şair demişkən “yadda saxlamalı hər şeyi unutdum, unudulası hər şey yadımdadır”.
- Paho, yaman dəyişmisən, əvvəl heç vaxt mənə şeir oxumazdın. Yaxşı ki, heç olmasa vidalaşarkən şeir oxuyursan.
- Vidalaşarkən? Niyə vidalaşırıq ki..?
- Bəs sən vidalaşmağa gəlməmisən?
- Nədir, burdan köçürsən? Axı indi mənzil dəyişmək dəb düşüb.
- Mənzilimi yox, ölkəmi dəyişirəm.
Osman siqaret yandırdı:
- Sirr deyilsə hara gedirsən?
- Uzaqdan uzağa, okeanın o tayına. Yadındadırsa anam yəhudi idi. Atam azərbaycanlı, anam yəhudi…
- Əlbəttə yadımdadır. O da yadımdadır ki, Amerikada xalan yaşayır.
- Əhsən ki, bunu unutmamısan. Elə o xalamın yanına gedirəm.
- Nə müddətə?
- Həmişəlik…
Osman udqundu, sonra boğuq səslə:
- Haçan gedirsən? - soruşdu.
- Sabah yox, o birisi gün. Hər şeyi satmışam, bu gün çarpayını da apardılar, iki gecə yerdə yatmalı olacam.
Osman otağı nəzərdən keçirirdi. Çarpayı olan yerin parketi solmamışdı, fərqli rəngdəydi. Bir an Osman prujinlərin cırıltısını eşitdi, iri çarpayı onların - Osmanla Allanın bir-birinə sarılmış bədənlərinin ağırlığı altında cırıldayırdı.
- Bu saat sənə çay dəmləyim - dedi Alla, - mətbəxdə bir-iki stəkan qalıb.
Osman:
- Zəhmət çəkmə - dedi və soruşdu: - Bəs bu kitablar necə olacaq?
- Sabah gəlib aparacaqlar.
Alla mətbəxə keçdi. Osman kitabları götürüb vərəqləməyə başladı - ensiklopediyalar, seriya kitablar, çoxcildliklər, lüğətlər… Aralarında çox köhnələri vardı, xarici dillərdə olanları da. Bəzi kitablarda mətnlərin kənarlarında qeyd edilmiş, sual, ya nida işarəsi qoyulmuşdu. Bəzi cümlələrin altı cızılmışdı. Aydın olurdu ki, bu kitabları elə belə saxlamırlarmış, onları diqqətlə oxuyurmuşlar, öyrənirmişlər. Alla mətbəxdən iki kətil gətirdi, birini Osmana uzatdı:
- Otur
Yenidən mətbəxə keçib bir stəkan çay, qənddan gətirdi, ikinci kətilin üstünə qoydu.
Osman:
- Sənin belə zəngin kitabxanan varmış - dedi - mən heç bilmirdim.
- Sən mənim haqqımda nə bilirdin ki… Təsadüfən tanış olduq, bir il, il yarım görüşdük, vəssalam. Boş bir şeyin üstündə sözümüz çəp düşdü, sən yox oldun, elə bildim həmişəlik yox olmusan. Amma demə hələ ünvanım yadında imiş. Necə deyərlər qatara özünü çatdırdın - bir az əsəbi güldü - bir siqaret də mənə ver,
- Sən ki çəkmirdin? - Allaya siqaret uzatdı.
Alla:
Bu gün olar… dedi, siqareti sümürdü, tüstünü havaya buraxdı, öysürdü və dərhal siqareti söndürdü - o ki qaldı kitablara - dedi - kitablar valideyinlərimdən qalıb. Az-maz da özüm almışam.
- Bəs niyə mən onları görməmişdim, harda gizlədirdin bunları?
- Gizlədib eləmirdim, hamısı göz qabağında, kitab rəflərində idi. Amma sən buna fikir vermirdin ki, içəri girən kimi üstümə atılırdın, məni yatağa çəkirdin. Sonra da doyub, sakitləşib tez-tez saata baxırdın. Səni düşdüyün bu çətin vəziyyətdən qurtarmaq üçün deyirdim: Yəqin tələsirsən, təcili işin var. Əlüstü: - hə, çox vacib işim var, getməliyəm - deyib aradan çıxırdın. Yadında deyil?
Osman başını aşağı salıb dinmirdi.
- Çayını soyutma.
- Kitablardakı qeydlər atanındır?
- Atamınkilər də var, anamınkilər də. Hər halda mənimkilər deyil. Mən belə ağıllı və belə oxumuş deyiləm.
- Boşla görək. Atan ingiliscə bilirdi?
- İngiliscə də, almanca da, farsca da.
- Bəs bu kitablar necə olacaq?
- Satmışam onları. Sabah gəlib aparacaqlar.
- Satmısan? Kimə?
- Müxtəlif adamlara. Birilərini bir kitablar maraqlandırır, başqalarını başqa…
- Bəs heyfin gəlmir? Axı burda valideynlərinin fikirləri, qeydləri var.
- Neyləməli, tək quru fikirlərlə dolanmaq olmur axı. Həm də ki, onlar ölüblər. Valideynlərim də, kitablar da…
- Səncə kitablar da ölür? Xırdala görək.
- Bunun nəyin xırdalayasan, aydın məsələdir. Kitabların sahibləri, yəni onları alan, toplayan, oxuyan, onlarla vaxt keçirən, nə bilim, onlar haqqında düşünən, düşündüklərini qeyd edən adamlar öləndə kitablarını da özləriylə aparırlar….Yəni kitablar da ölür. Təzə sahiblərininki isə o kitablar deyil, təzələrdir. Zahirən o kitablar olsa da. Bəzi adamlar kitabsız yaşaya bilmir. Mən onlardan deyiləm - zarafatyana əlavə etdi - mən çox şeysiz keçinə bilirəm.
Osman:
- Məsələn vətənsiz - dedi.
Alla:
- Məsələn sevgisiz - dedi. Sonra əlavə etdi - amma mən də bəzən kitablar haqqında düşünməyi xoşlayıram. Özü də tək bir məzmunları haqqında yox, ümumən kitablar haqqında. Bax bu kitabların çoxu əlli-altmış ildən bəri bir yerdəydilər. Bir yerdə yaşayırdılar, rəflərdə qonşuydular. Bir-birinə isinmişdilər. Bəzən mənə elə gəlirdi ki, onların personajları gecələr bir-birinə qonaq gedir, bir-biriylə söhbət edir, bir-biriylə küsüb-barışırlar. Lap səninlə mənim kimi.
- Biz küsməmişdik ki, barışaq.
- Əlbəttə, elədir. Nə isə… Hər halda bu kitablar bir ailə idi. İndi bir-birindən ayrılırlar, ailə dağılır. Sabah hərəsi şəhərin başqa-başqa yerlərində, başqa-başqa adamların əlində olacaq. Bir də heç vaxt bir-birilə görüşməyəcəklər… - bir an susdu, sonra əlavə etdi: - səninlə mənim kimi…
- Sən beləsənmiş. Bəs niyə əvvəllər mənimlə belə danışmırdın?
- Macal verirdin ki, içəri girən kimi atılırdın üstümə…
- Yaxşı, yenə başlama…
- Yox, yox, ürəyinə ayrı şey gəlməsin. Mənim heç bir gileyim filan yoxumdur. İllah da indi. İndi hər hansı giley-güzara başlamaq gülməli olardı. Hər şey çoxdan keçib gedib.
- Heç heyfsilənmirsən ki, ayrılırıq? Bəlkə də həmişəlik…
- İndi artıq yox. Qəti qərara gəlməmişdən qabaq, nə gizlədim, sənin haqqında da düşünürdüm. Sonra qərar verdim ki, belə etsəm mənimçün daha yaxşı olar. Bəlkə elə sənin üçün də…
Bir müddət hər ikisi susdu. Sonra Osman:
- Bilirsən - dedi - biz heç vaxt belə şəraitdə sevişməmişik…yerə atılmış qəzetlərin, jurnalların, kitabların üstündə. Yəqin bu maraqlı olardı.
- Ola bilər, yəqin doğrudan da maraqlı olardı.
Osman bu sözləri razılıq kimi başa düşdü, durub Allaya yanaşdı, qolunu boynuna dolamaq istədi, Alla ehmalca, amma qətiyyətlə geri çəkildi.
- Lazım deyil - dedi - Heç nəyi qaytarmaq mümkün deyil. Əvvəllər səni tez-tez yada salırdım, son vaxtlar az xatırlayırdım, heç yuxuma da girmirdin. Amma ürəyimin hansısa bucağında bir istək qalmışdı ki, burdan həmişəlik getməzdən əvvəl səninlə vidalaşmaq pis olmazdı. Özün öz ayağınla gəlib çıxdın. Yəni, doğrudan mənim getməyimi eşitməmişdin?
- Canımçün yox. Qulaq as. Heç hara getmə. Gəl evlənək, bir yerdə yaşayaq, kitabları da heç kəsə satmayaq.
- Ay səni xəyalpərəst. Hər şey çoxdan satılıb, bilet hazır, viza qoyulub… Gecdir.
- Gəl heç olmasa bu son gecəni birlikdə keçirək, yeri kitablarla döşəyək, qəzetləri üstümüzə örtək, bir-birimizə sarılaq, bütün dünyadan qaçıb gizlənək.
Alla başını buladı:
- Yox, sonra mənimçün daha ağır olar. Elə belə ayrılsaq yaxşıdır. Bağışla, hələ bir az yır-yığış eləməliyəm.
Osman onun dodaqlarından öpmək istədi, Alla üzünü çevirdi, özü də Osmanın alnından öpdü.
- Yaxşı get. Allah amanında.
- Sənə də yaxşı yol. Təki hər şey ürəyincə olsun.
Osman qapıdan çıxdı, yavaş-yavaş pilləkənlərlə enməyə başladı. İkinci mərtəbədə qanrılıb yuxarı baxdı. Alla hələ də açıq qapının ağzında dayanmışdı, ona əl elədi, sonra içəri girib qapını örtdü.
Osman küçəyə çıxdı. Qapının ağzında qırmızı limuzin dayanmışdı. Osman köksünü ötürüb limuzinə yaxınlaşır, ani tərəddüddən sonra onun qapısını açır, rolun arxasına keçir, motoru işə salmır, amma maşın özü hərəkət etməyə başlayır, bir neçə metr yoxuş aşağı gedir. Qəfildən tindən iri bir yük maşını çıxır və qırmızı limuzinlə toqquşur, limuzini əzik-üzük edir.
Hər tərəfdən adamlar axışıb gəlir. Yük maşının rəngi qaçmış sürücüsü asfalt üstünə sərilmiş meyitin yanında durub. Bu Osmanın meyitidir. Yük maşını onu vurub yıxıb.
Amma qırmızı limuzindən əsər-əlamət yoxdur.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: