Nyu-York şəhərindəki ABŞ Tarix Muzeyi Azərbaycana həsr olunan uzunmüddətli sərgi-pavilyonun ayrılması barədə qərar qəbul edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, bu, son uç ildə muzey rəhbərliyi ilə Amerika Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azərinin, Nyu-Yorkun Azərbaycandan köçmüş yəhudi icmasının nümayəndəsi Erik Yavdayevin, ölkəmizin ABŞ-da fəaliyyət göstərən diplomatik missiyalarının, hətta Azərbaycandan övladlığa uşaqlar götürmüş amerikalı ailələrinin çoxsaylı müraciətlərindən sonra mümkün olub. Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri bildirib ki, muzey rəhbərliyi Azərbaycana yer ayırmaqla yanaşı, ölkəmizlə bağlı eksponatların yerləşdirilməsi, onlara xidmət göstərəcək və reklam edəcək məsul şəxs də müəyyənləşdirib. Sərgi bitəndən sonra eksponatlar Azərbaycana qaytarılacaq. T. Azəri Nyu-York Tarix Muzeyində Azərbaycanla bağlı sərgi təşkil olunmasını vacib hadisə adlandırıb. Çünki əsası prezident Teodor Ruzvelt tərəfindən qoyulan muzey Nyu-York şəhərinin populyar məkanlarından biridir. Hər il bura 2 milyon xarici turist gəlir, yüzlərlə turlar təşkil olunur, elmi araşdırmalar aparılır. Digər tərəfdən, sərgi uğur qazansa, artıq mövcud olan şəbəkə vasitəsilə həmin sərgini Çikaqo, Los-Anceles şəhərləri, Böyük Britaniya və İsraildə də təşkil etmək olacaq. T. Azəri deyib ki, indi əsas vəzifə bu işi peşəkar səviyyədə təşkil edəcək mütəxəssislər tapmaqdır: “Bu gün Azərbaycanın tarixini və mədəniyyətini bilən peşəkar muzey işçilərinə ehtiyac var. Mən özüm azərbaycanlı mütəxəssislərə Tarix Muzeyinin standartlarını anlatmağa hazıram”. Xanım Azəri digər ölkələrin təcrübəsini nəzərə alaraq bu sərginin Azərbaycana marağı ciddi şəkildə artıracağına əminliyini vurğulayıb.
Xatırladaq ki, bu il Hollivudun istehsal etdiyi və 250 milyon dollar gəlir gətirən “Muzeydə bir gecə” filmi məhz Nyu-York Tarix Muzeyində lentə alınıb.
« “Azərbaycantelefilm”də iki filmin istehsalı başa çatıb | Əsas səhifə | Poetik kino, yoxsa kinonun poetikası? »




Bölmə: 








