“Yarımçıq qalan işlərim çoxdur. Elə söz var ki, mən hələ onu deməyin, tutmağın yolunu tapmamışam, balıq kimi həmişə sürüşüb əlimdən çıxır. Asanlıqla ələ gəlməyən bu sözü necə, hansı yolla ürəyimdən çıxarmağın yolunu hələ axtarıram. Bu yaşda da, hələ ürəyim tamam boşalmayıb.
İndən belə yüz xəstəlik olsa da, ürəyim məni yaşadacaq”. Bunu 72 yaşının tamam olması ərəfəsində APA-ya verdiyi müsahibəsində xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib. Şair əsas yarımçıq işinin memuarlarını yazmaq olduğunu da söyləyib: “Mənim həyatım elə gərginliklə doludur ki, elə bilirəm ən maraqlı, oxunaqlı əsərim bu xatirələr olacaq. Allah imkan versə, onu yazacağam. Artıq yaxınlaşan ayaq səsini hiss edirəm. Ona görə də bəlkə bu ildən yazmağa başladım. Elə bir xüsusi sirr də qorumaq fikrim yoxdu. Çoxdanın tapdanmış yoluyuq, ona görə elə bir sirrimiz qalmayıb. Amma dostlar arasında tam məxfi söhbətlər var ki, xatirələrimdə onları ortaya çıxarmağa, bəzi məsələlərlə bağlı həqiqəti yazmağa çalışacağam”.
Yaş 70-i adlayandan sonra sevinməyə heç nə qalmadığını düşünən F. Qoca xüsusi təbrik gözləmir: “ Əgər yaşayıramsa, buna sevinən də, təəssüflənən də var. Mən ad günümdə həmişə gizlənməyə çalışmışam. Amma bu istəyim heç vaxt baş tutmur, çünki bacımla eyni gündə anadan olmuşam. Ad günlərimiz qoşa düşdüyünə görə, bacım məni gizlənməyə qoymur, biz onunla doğum günlərimizi bir yerdə keçirməyə bir növ məhkum olmuşuq”. Dostlarının çoxunun həyatda olmadığını deyən F. Qoca “təəssüf ki, dostların ən yaxşıları, ən istedadlıları, xüsusilə etibarlıları bu gün aramızda deyil. Etibarlılarını ona görə xüsusi qeyd edirəm ki, biz öləndən sonra çoxuna istedadlı deməyə vərdiş eləmişik. Etibarsızlardan sağ olanını da mən dünyasını dəyişənlərin sırasına aid edirəm. Təəssüflənirəm ki, dostların bəzisi etibarsız çıxdı, amma qalan 3-4 dostun zəngi də mənim üçün bayramdır” deyib. Onu sabah üçün saxladığı yarımçıq işlərinin yaşatdığını deyən xalq şairi “əgər insanın hər şeyi olsa, onda çatışmayan bircə intihardır” söyləyib.
F. Qoca bu yaşında ən böyük arzusunu da dilinə gətirib: “Mənə ən böyük hədiyyə torpaqların işğaldan qurtarması olar. Bu xəbərə qəbirdə “də sevinərəm”.
« Qara Qarayev erməni kimi təqdim olunub | Əsas səhifə | Almaniyalı fotoqraf Azərbaycanda çəkdiyi fotolardan ibarət sərgi təşkil edəcək »




Bölmə: 








