Lit.az portalı ehtiyacdan yarandı
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Ağustos, 2007
Cavid Cəfərzadə: “Əsas məqsədimiz odur ki, gənclər mütaliə etsinlər, Azərbaycan və dünya ədiblərini oxusunlar”
Xəbər verdiyimiz kimi, yaxınlarda Azərbaycan internet məkanında yeni bir ədəbi portal – Lit.az fəaliyyətə başlayıb. Portalın böyük perspektiv vəd etdiyini və artıq indidən maraqla qarşılandığını söyləmək olar.
Bəri başdan qeyd edək ki, portalın yaranması haqqında ilk xəbəri yayan da “Kultaz” oldu. Bu o deməkdir ki, biz həmkarlarımıza rəqib kimi yox, eyni yükün altına çiyin verən dostlar kimi yanaşdıq. Düşünürük ki, Azərbyacan ədəbiyyatının, mədəniyyətinin təbliği və yayılması kimi ağır, həm də entuziazm tələb edən bir işə qol qoyan hər kəsi alqışlamalı, dəstəkləməliyik.
Ortada isə bəzi suallar var: saytın yaradıcıları kimlərdir; onların ədəbiyyata baxışları necədir, daha hansı layihələr üzərində işləyirlər və s.
Suallarımızı portalın yaradıcılarından biri Cavid Cəfərzadəyə ünvanladıq.
- Bir ədəbiyyat saytı yaratmaq ideyası necə yarandı?
- Bilirsiniz, hər gün yüzlərlə insan-ədəbiyyatsevər Qlobal şəbəkədə axtarışa çıxır, “ədəbi aclığını” söndürməyə çalışır, öyrəşdiyi, tanıdığı internet ehtiyatlarını izləyir, konkret saytlara baş çəkir. Maraqlıdır ki, konkret ünvanlara daxil olan həmin insanlar konkret bir ədəbi kontent-mətn, müəllif axtarmır. Əksinə,“hər gün bir yeni nəğmə” arzulayır. Zatən, belə olmasaydı ədəbi maraqların rəngarəngliyindən söhbət gedə bilməzdi. İnternetdə informasiya əlyetərliyinin təminatı məsələsində “aramsız, davamlı axtarışlar” adlanan bir proses var ki, həmin prosesdə ən çox iştirak edənlər jurnalistlər, elm adamları və ən nəhayət mütaliə həvəskarlarıdır. Ədəbiyyatla bu və ya digər formada bağlı olan azərbaycanlıların hansı milli resurslara daha çox maraq göstərdiyini təhlil edərkən ortaya az sayda elektron ünvan çıxır. Məsələn, AYB-nin, AYO-nun, “525-ci” və “Yeni Azərbaycan” qəzetlərinin saytları, “Bizimki” elektron dərgisi, “Kult.az” portalı və s. AYB-nin və AYO-nun nəşrləri ardı davam edən nəşrlərə aid olduğundan onların saytlarında da mütəmadilik, operativlik nəşr prosesinin özünə düz mütənasiblik təşkil edir. Adıçəkilən qəzetlərdə isə ədəbiyyatla bağlı demək olar ki, həmişə eyni adamlar çıxış edir, “Bizimki” əsasən gəncləri dərc edir, “Kultaz” ədəbiyyata bacardıqca yer verməyə çalışır, amma bütövlükdə mədəniyyətlə bağlı olduğundan təkcə bununla məhdudlaşmır, son zamanlar “Alma” qəzeti ədəbi mətnlərə ara-sıra yer verir və s. Biz bunları təqdir edirik. Lakin bütünlikdə mənzərəni təhlil etdikdə bizə aydın oldu ki, az öncə haqqında danışdığımız ədəbiyyatsevər internet istifadəçilərinin daha bir ədəbiyyat portalına-bütün “ədəbi zümrələri” birləşdirəcək resursa ehtiyacı var. Və beləcə, Lit.az portalını yaratdıq.
- Saytın qurucuları kimlərdir? Özünüzü oxucularımıza tanıdın.
- Bəndeyi-həqir, hörmətli dostlarımız Barat Talıbzadə və Elşən Çingiz. B.Talıbzadə “Dilmanc” tərcümə sisteminin yaradıcısı və bu günlərdə həyata keçirilməyə başlanacaq “Milli elektron ensiklopediya” layihəsinin icraçısı, E.Çingiz isə “TV plus” jurnalının məsul əməkdaşıdır. Mənsə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində çalışıram.
- Saytın əsas məqsədi nədir? Doğrudanmı fərqli ədəbi baxışlara söykənən yazarları bir arada tutmağın mümkünlüyünə inanırsınız?
- Əsas məqsədimiz odur ki, gənclər mütaliə etsinlər, özlərini sınasınlar, fikirlərini ictimailəşdirə bilsinlər, Azərbaycan və dünya ədiblərini oxusunlar, dərk etsinlər, qiymətli ilə bayağını ayırsınlar, milli ədəbiyyatımız təbliğ olunsun. Bizdə qəribə bir tendensiya yaranıb: mütaliədən danışanda gənclər yadımıza düşür. Elə bilirik ki, yaşlıların mütaliəyə ehtiyacı yoxdu, onlar öyrəndiklərin öyrənib, oxuduqların oxuyublar. Elə deyil, yaşlı elm adamlarının, çox tanınmış yaşlı ədiblərin arasında da elələri var ki, həyatları boyu 500-600 kitab oxuyublar. Nəzərə alsaq ki, məsələn orta səviyyəli avropalı üçün mütaliə normativi 3500-4000 kitabdır, o zaman həm gənclərimizə, həm də yaşlı nəslin nümayəndələrinə davamlı mütaliənin nə qədər gərəkli ola biləcəyi barədə uzun-uzadı sübutlara ehtiyac qalmır. Fərqli ədəbi baxışlara söykənən yazarları bir arada tutmağın mümkünlüyünə gəldikdə isə buna gerçəkdə çox az inanıram. Lakin virtual aləmdə bu mümkündür. Normal oxucuya maraqlı deyil ki, kim kimi dahi hesab edir, kim kimi cəfəng şeylər yazmaqda təqsirləndirir. Belə oxucunu mətn maraqlandırır, o, mətni müəllifin kimliyindən, ədəbi baxışından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq mütaliə və həzm edir. Aydındır ki, hər müəllifin öz oxucusu var. Bizsə bütün müəllifləri dərc olunmağa dəvət etmişik və əgər hər hansı bir müəllif öz oxucu auditoriyasının varlığına inanırsa, buyursun, “sən cavan, mən qoca, mən gənc, sən yaşlı, sən kasad, mən istedad” deyib kənara çəkilməsin. Bir sözlə, portalda dərc olunmaq istəyənlərin ədəbi baxış fərqliliyi kifayət qədər yüksəkdir və bu da onu deyir ki, bəli, belə bir şey mümkündür.
- Bəs özünzün ən çox sevdiyiniz yazarlar hansılardır?
- Öz yazarlarımızdan Nəsiminin, Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Həsən Seyidbəylinin, İsi Məlikzadənin yaradıcılığını yüksək qiymətləndirirəm. Özümüzdən olmayanlardansa Çexovu, Tolstoyu, Hüqonu, Drayzeri, Samuel Bekketi, Ceyms Oldrici, Xose Saramaqonu, Markesi və b-nı dönə-dönə, təkrar-təkrar oxuyuram. Kafkanın, Sartrın, Dostoyevskinin əsərlərini də düşündürücü, həmişəyaşar, hər zaman diri olan hesab edirəm. Amma oxunmalı olan o qədər əsər var ki, adamın yadına düşəndə kefi pozulur, düşünürsən ki, onların heç 20 faizini də oxumağa ömrün çatmayacaq. İnsan hər dəfə mütaliə etdikcə öz səviyyəsini anlayır. Bu bucaqdan yanaşsaq məsələn mənim səviyyəmi qənaətbəxş hesab etmək olmaz. Yenə də deyirəm, oxunacaq minlərlə əsər var.
- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Orxan Fikrətoğlunu, Xaqani Hası, Aqşini, İntişi, Ağalar Məmmədovu, Ələmdar Cabbarlını, Nərmin Kamalı, Zahir Əzəməti, Səlim Babullaoğlunu, Günel Mövludu və başqalarını. Bu gənclərin istedadına heç bir şübhəm yoxdur.
- Sizi ədəbiyyata nə bağlayır?
- Düşündürən fikir, ideya , qayə, həll. Mən ilk dəfə 9 yaşımda çex yazıçısı Yanuş Korçakın “Kral Birinci Matiuş” əsərini oxuyanda elə bilirdim ki, bundan maraqlı əsər ola bilməz. Kitabı bir ilə oxudum. Axırda o kitab məndə qalsın deyə, kitabxanaya itdiyini dedim və əvəzində 3-4 kitab verdim. Sonralar mənə məlum oldu ki, bu uşaqlar üçün yazılmış nağılvari bir şeymiş. 15, 20, 25 yaşlarımda Kafkanın “Qəsr”ini 3 dəfə oxumuşam və hər dəfə də mənə elə gəlib ki, bu insan bunu yox, bunu deyir, hər dəfə müxtəlif təəssürat, hər dəfə yeni fikir. Borxesi, Hamsunu nə qədər oxuyursan oxu, hər dəfə problemə yeni münasibət, yeni həll yolu ortaya çıxır. Mənim fikrimcə, ədəbiyyatın özünün sosial bir dərisi-maskası var, insan o mütaliə nəticəsində o maskanı yırta bilirsə bədii əsərin əsl mahiyyətini görür. İş orasındadı ki, bəzi əsərlər zamanla həmin dərini bərpa edir və sən yenidən çək-çevirə düşməli olursan. Məni ədəbiyyata bağlayan da məhz bu çək-çevirdir.
- Gələcəkdə daha hansı layihələri gerçəkləşdirmək istərdiniz?
- Əslində görəcəyimiz bütün işləri məhz bu layihə çərçivəsində həyata keçirmək istəyirik. İlk işimiz Lit.az portalının ingilis, rus və fransız dilində olan variantlarının hazırlanmasıdır. İngilis variantı demək olar ki, yekunlaşıb. Litva Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun bir neçə əməkdaşı işimizə maraq göstərib, belə qərara gəlmişik ki, bizim ədiblər onların dilinə, onların ədiblərisə bizim dilə çevrilərək həm onların, həm də bizim portalda dərc olunsun. Rusiyanın “Noblit” portalının yaradıcı heyəti ilə maraqlı bir layihəmiz var.
Bu günlərdə Hüseyn Cavidin əsərlərinin fransız dilinə tərcüməsini portala yerləşdirəcəyik. Bu haqda AMEA H.Cavidin ev muzeyi ilə və tərcüməçi Nigar Babaxanova ilə danışıqlarımız olub. Ən böyük işimizsə portalın elektron kitabxanası ilə bağlıdır. Artıq həm Azərbaycan, həm də dünya ədiblərinin əsərlərininin elektron formasını yaratmağa başlamışıq. Düşünürük ki, bir neçə aydan sonra ziyarətçilərimiz zəngin bir elektron kitabxanaya sahib olacaqlar. Sizə də bu müsahibəyə görə minnətdarlığımızı bildiririk.
“Kultaz”, Zahir Əzəmət





Yüklənir...
Cavid Cəfərzadə və onun komandasına bu maraqlı layihənin yaratdıqlarına görə minnətdarıq.Cavid Cəfərzadənin məqsədi-“Əsas məqsədimiz odur ki, gənclər mütaliə etsinlər, Azərbaycan və dünya ədiblərini oxusunlar”-olması sevindirici haldır. Həqiqətən bu Azərbaycan gənclərinin mütaliyəyə böyük ehtiyacı var. Lit.az fəaliyyətində uğurlar. Eşq olsun Yaradıcılara.
Sualları cavablandıran C.Cəfərzadənin ədəbi baxışları çox qiymətlidir.Gənclər arasında bu səviyyədə insanların olması olduqca sevindiricidir.
Bütövlükdə lit.az saytının qiyməti isə gündən-günə artacaq və buna heç bir şübhə ola bilməz. Eyni zamanda bu saytın oxucularının sayı sürətlə artacaq ki, bu da Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında mühüm xidmat kimi qiymətləndirilə bilər.
Yeni yaradılmış lit.az saytına kult.az-ın göstərdiyi dəstəyi isə olduqca xoşagələn hal hesab edirəm.Təki hər zaman bir-birimizə dəstək ola bilək!
Cetin ve mesuliyyetli bir ishde litazcilara ugurlar. Kultazcilara ise xususi teshekkur genclerin genclere destek olmasi shuarlarina gore.