“Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalında 13 film nümayiş olunacaq
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Ağustos, 2007Sentyabrın 5-10 sentyabr tarixlərində Bakıda “Şərq-Qərb” (Est-West) beynəlxalq kinofestivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın Təşkilat Komitəsi tədbirə həsr olunmuş mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən festivalın direktoru Abbas Əliyev deyib ki, festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən, MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə 1996-cı ildə yaradılıb. Əvvəllər, festival ölkəmizin paytaxtında Festivallar Festivalı – “Filmfest” adı altında təşkil olunub: “Bəşəriyyətin mədəni müxtəlifliyi – onun mənəvi varlığının çox vacib şərtidir. Bu fəaliyyət konsepsiyasına uyğun olaraq, Bakı Beynəlxalq Kinofestivalı 1999-cu ildən “Şərq-Qərb” adlandırılıb. İldən-ilə festival coğrafiyasını genişləndirib. Əgər birinci forumda 5-6 ölkə iştirak etmişdisə, sonrakı illərdə tədricən bu rəqəm 20-yə qədər yüksəldi. Onların sırasında Azərbaycan, Rusiya, Fransa, Almaniya, ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan, Litva, İsrail, İran və başqa ölkələr var”. Festival rəhbərinin sözlərinə görə, bu fetsivalda həmyerlimiz Yuli Qusman da iştirak edəcək: “Bu zamana kimi festivalda Arik Kaplun, Cəfər Pənahi, Eldar Şengelaya, Filipp Jeledü, Georgi Daneliya, Nikita Mixalkov, Marius Balçunas, Marten Rişar, Pavel Çuxray, Rejis Varnye, Rəfiq Puyyə, Serqey Solovyov, Stanislav Qovoruxin, Tolomuş Okeyev, Yevlin Kaplun kimi tanınmış rejissorlar iştirak ediblər. Bakının qonaqları dünya kinosunun yüzlərlə personajı – Aleksandr Abdulov, Kote Maxaradze, Lyudmila Çursina, Mayya Aymedova, Pyer Rişar, Sofiko Çiaureli kimi ekran ulduzları olublar. Proqramda və dəyirmi masalarda 100-dən artıq film göstərilib”. A. Əliyev deyib ki, “Nizami” kinoteatrı əsaslı təmir olunduqdan və Festival Mərkəzi kimi fəaliyyət göstərdikdən sonra festival daha geniş formada keçiriləcək və konkurs əsasında təşkil olunacaq. Onun sözlərinə görə, məhz bundan sonra dünya şöhrətli kino xadimlərinin ölkəmizə səfəri və bu festivalda iştirak gerçəkləşəcək: “IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalında ötən illərdə olduğu kimi, bu il də festivalda, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək. Festivalın açılışı sentyabrın 5-də Yaşıl Teatr Konsert Komplkesində olacaq. Filmlər “Azərbaycan” kinoteatrında və “İbrus” teatrının kino zalında nümayiş etdiriləcək”. Sentyabrın 10-da “Azərbaycan” kinoteatrında keçiriləcək bağlanış mərasimində “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Bəşəriyyətə ən humanist göndəriş”, “Dünya kinosunun inkişafındakı xidmətlərinə görə” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. 5 gün ərzində Azərbaycandan “Üç qız” (rejissor Murad İbrahimbəyov-2006), “Məhkumlar” (rej. Mehriban Ələkbərzadə-2007), “Cavid ömrü” (rej. Ramiz Həsənoğlu-2007), Ukraynadan “Çay kənarında” (rej. Eva Neyman-2007), Rusiyadan “Şəxsi heç nə” (rej. Larisa Sadilova-2007), “Sadə şeylər” (rej. Aleksey Popoqrebskiy-2006), “Ev heyvanları ilə səyahət” (rej. Vera Storojeva-2007), İrandan “Məcnun söyüd” (rej. Məcid Məcidi-2005), Bolqarıstandan “Oktyabr sərçələri” (rej.Anri Kulyov-2006), Gürcüstandan “Rus üçbucağı” (rej. Aleko Tsabadze-2007), Qazaxıstandan “Yol gözətçisinin qeydləri” (rej. Janabek Jetiurov-2006), Türkiyədən “Dondurmam qaymaq” (rej. Yüksel Akın-2006), Fransadan “Flandriya” (rej. Bruno Dümon-2006) filmləri nümayiş olunacaq. Festival günlərində “Milli kino-böyük ekrana yol” mövzusunda dəyirmi masa, gürcü filmlərinin retrospektivi, Uşaq Filmləri Festivalı və tamaşaçıların kinematoqrafçılarla görüşləri keçiriləcək. Gürcü filmlərinin retrospektivinə rejissor Eldar Şengelayanın “Qeyri-adi sərgi”, rejissor Georgiy Xaindravanın “Xəyallar məzarlığı”, rejissor Georgiy Şengelayanın “Qatar gedirdi” filmləri daxil edilib. Festival Azərbaycan hökumətinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilir.





Yüklənir...