Mültimədəniyyət: qloballaşmanın poetikası

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 31 Ağustos, 2007

Aydın XanAydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir…Məşhur oxşatma var: tarlada yalnız lalələr gül açsa, başqa çiçəklər olmasa, çöl gözəl görünərmi? Bir ağızdan cavab vermək mümkündür ki, yox! Təbiət gözəlliklərinin bütün çalarlarıyla birlikdə görünməsi üçün mütləq rəngarənglik mövcud olmalıdır: orada lalənin də, qızılgülün də, çinarın da, hətta qanqal və sarmaşığın da yeri görünür.
Əgər özündə varolmanın bütün incəliklərini gizlədən bu sadə fəlsəfəni estetik-bədii texnologiyaya çevirsək və ondan multimədəniyyət anlayışının izahı kimi istifadə etsək, əlavə şərhlərə ehtiyac qalmaz. Son illər dünya estetik-kulturoloji məkanında səs çıxarmış sənət nümunələrinə diqqətlə nəzər salanda, maraqlı müşahidələr əldə etmiş oluruq. Kulturoloqların, filosofarın, filoloqların, ən çox da mədəniyyət yazarlarının – humanitaryönümlü jurnalistlərin həvəslə ictimai düşüncəyə gətirdikləri yeni anlayışlar məhz multimədəniyyət, multisənət, multiədəbiyyat ifadələridir. Qloballaşan dünyada müxtəlif mədəniyyətlərin, fərqli millətlərin, yad xalqların, hətta bir-birinə rəqib – uzaq sivilizasiyaların ən dəyərli tərəflərindən bəhrələnərək yaradılmış ədəbi-mədəni əsərlər multimədəniyyət məhsulları sayılır.
Sözsüz, bəşər sivilizasiyası tarixində müxtəlif xalqların bir-birinin mədəni-estetik düşüncə texnologiyalarından – mədəniyyətlərindən, ədəbiyyatlarından bəhrələməsi, yaxud sintez formasında Şərq və Qərb yaradıcılıq poetikalarının birləşdirməsi hadisələrinə aid minlərlə misal göstərmək mümkündür: dahi alman mütəfəkkiri İ.Hötenin «Şərq-Qərb» divanını, yaxud böyük Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasını yada salmaq kifayətdir. Fəqət, bizim haqqında məlumat verdiyimiz multimədəniyyət anlayışı daha geniş kulturoloji prosesləri özündə ehtiva edir ki, onu da, əslində, dövrün estetik dəbindən çox, bəşər sivilizasiyasının indiyəqədər qazandıqlarının inkişaf etdirilərək yeni mərhələyə çevrilməsi – qlobal ictimai-mədəni hadisə kimi dəyərləndirmək, qəbul etmək vacibdir.
Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-texniki tərəqqinin son nailiyyətləri – yazılı və elektron KİV, İnternet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaxud da İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində yaşayan insanlar sürətlə xəbər tuturlar: yetər ki, maraq və həvəs olsun.
Multimədəniyyət hadisəsi müxtəlif dəyərlərdən yeni, daha qiymətli dəyər yaratmaq texnologiyasıdır: bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət nümunələrinə kimi hər şeyi özündə birləşdirən bir mürəkkəb prosesdir. Məsələn, hər hansı bir azərbaycanlı ana dilində əsər yaradır, onu Çində istehsal edilmiş kompyuterdəki Amerika proqram təminatı məhsulunda latın şriftləri ilə yığır, ingiliscəyə çevirir, Rusiya İnternet resurslarındakı fərdi saytında yerləşdirir: əgər həmin şəxs yaratdığı dəyərli ədəbi-bədii nümunəni dünya oxucusuna çatdırmaq fikrinə düşübsə, o, yalnız Azərbaycan insanını düşündürən məsələlərə toxunmamalıdır, əksinə, planetimizin bütün sakinlərini narahat edən, özü də çoxları tərəfindən rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son illərin düşüncə-əksetdirmə dəbinə çevrilmiş və get-gedə də mövqeyini möhkəmləndirməkdə olan multimədəniyyət texnologiyasının poetikası bunu tələb edir.
Əlbəttə, multimədəniyyəti qloballaşmanın ideologiyası, yaxud kütləvi mədəniyyətin yeni forması kimi də qəbul etmək olar, amma geniş mənada o, planetar düşüncənin ən maraqlı istiqaməti, çağımızın dəbdə olan kulturoloji qatı sayıla bilər. Onsuz da bütün dövrlərdə ictima-estetik düşüncənin elitar, ortabab və diletant nümunələri yaranıb: qlobal hadisə sayılan multimədəniyyətin də kütləyə, ciddi sənətə və əbədiyyətə ünvanlanmış məhsulları ortaya çıxacaq…
Necə deyərlər, yaşıyarıq – görərik.

1 səs2 səs3 səs4 səs5 səs (9 səs, hardasa: 4,56 ilə 5 arası)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Deyesen bizde de sivil ve qlobal dushunenler yavash-yavash peyda olmaqa bashlayir…

  2. Mence Ebilov demek isteyir ki, her kes oz bildiyi isin qulpundan yapishsa daha effektli alinar..
    Ay senin toyunu gorek Ebilov..
    Senin bu dissertasiyani oxumaqdansa, Rebiqenin “Sabahki Qrafiki” ni her gun acqarnina 100 defe oxumaga haziram..Teki Qesem bey Buraya Yazmasin..

    P.S. Bax buna deyerler 1 gulle ile 3 dovsan vurmaq….

  3. Seyidsasha – ya

    Dalında gizləndiyin nikin kimi qaraenerjilisen! Men sənin kimilər üçün yazmadığıma görə cəfəngiyyatına əhəmiyyət verməyə də bilərdim, amma birgə şərtlə – yazdıqlarımın heç olmasa, 10 faizi qədər yazıyla lap elə bu saytda materialla çıxış et, biz də maariflənək…
    Yoxsa hamınız virtual yazı pəhləvanı kimi e-Don Kixotluqla məşğulsan.
    P.S. Hər halda, diqqətinə görə təşəkkürlər!..

Şərh yazın