Qaynar xəbər portalı

Kitab dünyası


“Bu gün Azərbaycan teatrlarında hazırlanan tamaşalar çox aşağı səviyyədədir. Tamaşaçılara həqiqətən də yazığım gəlir. Belə davam etsə, olan-qalan tamaşaçılar da teatrdan üz döndərəcəklər. Bu problemi vaxtında həll etmək lazımdır”. Bu sözləri APA-ya açıqlamasında sentyabrın 1-də 62 yaşını tamamlayacaq Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının rejissoru və aktyoru, əməkdar artist Vidadi Əliyev deyib. O bildirib ki, bu gün İrəvan Dövlət Dram Teatrında hər təsadüfi əsər səhnəyə qoyulur: “Rejissorlar belə əsərləri səhnəyə qoymaqdan qaçmalıdır. Aktyorlar da məcbur olub belə tamaşalarda oynayırlar. Başqa cür mümkün deyil. Belə əsərləri səhnəyə, tamaşaçı qarşısına çıxarmaq düzgün deyil. Bu, ilk növbədə tamaşaçılara qarşı hörmətsizlikdir”. V. Əliyev müəlliflərə müraciət edərək, onlardan yüksək səviyyəli ssenarilərin hazırlanmasını istəyib: “Kimin buna imkanı varsa və bu işi bacarırsa, teatrlara kömək etsin. Yüksək səviyyəli ssenarilərə ehtiyac duyulur. Güclü tamaşalar istəyənlər bilməlidilər ki, zəif əsərlər güclü tamaşa olmur. Güclü tamaşa hazırlamaq üçün güclü də əsər lazımdır. Bu, danılmaz faktdır”. 12 il İrəvan Dövlət Dram Teatrına rəhbərlik etdiyini bildirən V. Əliyev, bu teatrı həddindən çox sevdiyini də etiraf edib. O bildirib ki, rəhbərlik etdiyi dövrdə hər zaman teatrda əmin-amanlıq olub və yüksək səviyyəli tamaşalar hazırlanıb: “125 ili tamam olan teatrımızı ən çətin durumlardan mən çıxarmışam. Onun yaşaması üçün əlimdən gələni etmişəm və hər zaman da edəcəyəm. 1967-ci ildən mən bu teatrda işləyirəm. 2000-ci ildə direktor vəzifəsindən çıxarıldım”. Sentyabrda teatrın 125 illik yubileyinə hazırlıq işlərinin getdiyini deyən V.Əliyev, yubileydən sonra teatra bina veriləcəyinə də ümid edir: “125 illik tarixi olan bir teatr binasız fəaliyyət göstərir. Bina verilsə, bizim şəraitimiz olar və işləyərik”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: