Qaynar xəbər portalı

Kitab dünyası


Reket Ədəbiyyatı


Bölmə Bölmə: Mədəni İnqilab | Göndər Göndər | Çap et Çap et | 394 oxunma

Zahir ƏzəmətZahir Əzəmət

Nanay şairlərin nanay kitabları

Azərbaycanda kitab yazanların sayı kitab oxuyanlardan dəfələrlə çoxdur.
Təkcə Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvü var. Bura Həkim Qəni və Şahin Fazil adına əruzxanələrin, «Şam», «Pərvanə», AYO və s. bu kimi onlarla digər ədəbi dərnək və qurumların üzvlərini, həmçinin heç bir dərnəyin, birliyin, ocağın üzvü olmayan, amma şer yazıb qafiyə güdən on minlərlə Azərbaycan övladının sayını da əlavə etsək, təkcə ədəbiyyatla baş girləyənlərin siyahısı ətrafında müdhiş bir mənzərə yaranar. Və ən dəhşətlisi budur ki, bu adamlar KİTAB OXUMUR! Ya da oxuduqları KİTAB deyil. Təsəvvür edin, on minlərlə yazan var. Amma Azərbaycanda ən yaxşı şer kitabı uzaq başı 500 tirajla çıxır. Hətta bu kiçik tirajın satılması da Azərbaycanda böyük sensasiya olar.
HEÇ KİM HEÇ KİMİN KİTABINI OXUMUR!
Odur ki, sual yaranır: bu adamlar heç nə oxumadan, çağdaş ədəbi dünyada gəlişən yeniliklərdən xəbərdar olmadan, ondan müsbət mənada bəhrələnməyə çalışmadan bu qədər sadəlöhvcəsinə ədəbiyyat meydanına niyə atılıblar? Bir dostumuzun bu kol dibində qafiyə güdən şair-şüəralara verdiyi ümumiləşdirilmiş ad necə də damğa kimi onların ayna alınlarında bərq vurur: «NANAY ŞAİRLƏR».
Bir dəfə məclislərin birində bu mövzu ətrafında kiçik bir müzakirədə uyğun fikirlərimi paylaşarkən biri qayıdıb dedi ki, əşşi, nə olar, şer yazırlar da, oğurluq eləmirlər, baş kəsmirlər, torpaq satmırlar ki… İlk baxışdan haqlı arqumentdir. Amma hesablayanda ki, bir il ərzində on minlərlə belə nanay şairin nanay kitablarına nə qədər kağız sərf olunur, bu qədər kağız nə qədər məhv edilmiş ağac, meşə və oksigen deməkdir, onda məlum olur ki, bu nanaylar təkcə ədəbi havanı, təkcə kitab bazarını deyil, həm də nəfəs aldığımız havanı korlayırlar. Hələ bu da hamısı deyil. Belə kitablar mağaza vitrinlərində toz basdıqca, həm kitab yayımı ilə məşğul olanları, həm də oxucunu əsl şerdən və şer kitablarından diksindirir. Və nəhayət, günlərin birində gerçək bir müəllif gerçək bir şer kitabını qoltuğuna vurub kitab mağazalarına təklif edəndə cavab bu olur: «Qardaş, lazım deyil, heç kim daha şer kitablarını almır, heç kim daha şer oxumur…»

Ədəbiyyatın, elmin JEK müdirləri

«Heç kim heç kimin kitabını oxumur»- dedim. Əslində ölkədə kitab oxuyanlar hələ var. Məsələn, sizin diqqətinizi maraqlı və gülməli bir məqama yönəldim. Bilirsinizmi, Azərbaycanda kitab oxucusu auditoriyası əsasən kimlərdən formalaşıb? JEK müdirlərindən!
Bir para şair-yazıçı var ki, özünün və ya başqasının- fərqi yoxdur, kitabını qoltuğuna vurub düşürlər JEK müdirlərinin qapısına, bələdiyyə sədrlərinin otağına, kiçik məmurların qəbuluna və bu kitabları 10.000-50.000 min manat (köhnə pulla) civarında xırıd eləyib qayıdırlar. Bizim ədəbi mühitdə belə işlərlə məşğul olan xüsusi mobil qruplar var. Belə baxanda əcəb də eləyirlər. Ölkədə heç kimin kitaba pul vermədiyi belə bir məqamda «reket ədəbiyyatı» ilə məşğul olanlara pis baxmaq lazım deyil. Cəhənnəmə ki! Təki kitab oxunsun. Digər bir əsas məsələ odur ki, bu adamlar kitabı ölməyə qoymurlar. Azərbaycanın müstəqillik dövründə hamının başı digər «böyük və qlobal» alış-verişlərə qarışdığı halda bu mobil qruplar idarə-idarə, rayon-rayon düşüb, minlərlə kilometr yol yortaraq KİTABI öz çiyinlərində bu günə daşıdılar.
JEK müdiri olanda nə olar, onun da kitab oxumağa haqqı var. İnanın, Azərbaycanda istənilən JEK müdirinin kitabxanası bu gün istənilən Azərbaycan professorunun kitabxanasından daha zəngindir. Hələ nəzərə alın ki, onların üstünə təkcə şairlər, yazıçılar getmir. JEK müdirlərinin kitabxanasında araşdırma, tarixi, elmi, iqtisadi və ya hər hansı başqa məzmunda kitablar da az deyil. Şəxsən mən neçə dəfə lazım olan hansısa kitabı yaşadığım ərazinin JEK müdirindən əldə etmişəm…
Əslində, başqa cür olmalıydı. Və ya ən azı bizim professorlarımızın da kitabxanaları bunca zəngin ola bilərdi. Ona görə ki, bu professorlar da bir növ özlərini Azərbaycan ədəbiyyatının, elminin JEK müdirləri kimi aparırlar.

Koppayoğlunun Statistikası

İnişil Bakıda müstəqillik dönəmində ilk dəfə kitab satış-yarmarkası keçirildi. Şəhərin mərkəzində iki gün davam edən yarmarkanın öncədən geniş reklamının aparılması, 30-a yaxın nəşriyyatın yüzlərlə çeşid və minlərlə nüsxə kitablarla yarmarkada təmsil olunması geniş uğur vəd edirdi. Amma… Bilirsinizmi, iki gün içində cəmi nə qədər kitab satıldı? 200 ABŞ dolları məbləğində! Bilmirəm, buna Əlahəzrət Fakt deyim, yoxsa Koppayoğlunun Statistikası?! Nə deməyimdən asılı olmayaraq, nəticə acınacaqlıdır. Və burada qətiyyən təşkilatçıları günahlandırmaq olmaz. Heç Oxucunu da qınamağın yeri deyil. Sadəcə, yarmarkaya təşrif buyuran Oxucu ona təklif edilən nanay kitabları və nanay müəllifləri mədəni surətdə boykot etmişdir. Oxucu «Mən bu kitablara pul vermək istəmirəm» - deyə öz-özünə mızıldanmış və oranı sakitcə tərk etmişdir. Ki həyatda daha vacib işlər, daha vacib məsələlər var deyə. Ya da pulunu daha vacib kitabları tapana qədər qorumaq qərarını vermişdir. Bu həm də Azərbaycan naşirlərinə bir xəbərdarlıq mesajıdır. Əgər bizim naşirlər də bütün dünyada olduğu kimi öz bizneslərinə hörmət qoymaq istəyirlərsə, öz oturuşmuş yayım şəbəkələrinə sahib olmaq barəsində düşünürlərsə, biryolluq anlamalıdırlar ki, belə bir biznes nanay kitablar üzərində qurulmur və ya qurula bilməz.
Nəşriyyatlar peşəkar müəlliflərlə sivil qaydalar çərçivəsində əməkdaşlığa başlamalı, bazara maraqlı proyektlər, silsilə kitablar təklif etməli, yeni ideyalar ortaya atmalı və ən əsası, öz yayım strukturlarını qurmaq üzərində düşünməlidirlər. Adi iqtisadi hesablamalar da belə bir strukturun yaradılmasının daha səmərəli olacağını sübut edir. Əgər kitabın nəşrindən əldə edilən gəlir hər nüsxə üçün (500 tirajda) təqribən 1000-1500 manatdırsa, kitabların pərakəndə satışında bu məbləğ bir neçə dəfə artıq olur. Sadəcə naşir öz peşəkar intiusiyası ilə satıla biləcək kitabları öncədən təyin etməyi bacarmalıdır və çətini hansısa imzanın markaya çevrilməsidir. Öncə isə markaya çevrilmiş hazır imzalardan başlamaq olar.
Əlbəttə, bu mövzu daha geniş yanaşma tələb edir və «Kitab.net» olaraq, gələcək saylarımızda buna dönə-dönə qayıdacaq, araşdıracaq və naşirlərə bu yöndə yardımçı olmağa çalışacağıq. İndilikdə öz payıma ümumi cizgilərlə kifayətlənirəm.

Bəlkə Vüqar Əhmədə, Hüseynbala Mirələmova heykəl qoyaq?

Qayıdıram yazımın əvvəlinə: Azərbaycanda kitab yazanların sayı kitab oxuyanlardan dəfələrlə çoxdur. Karl Marksa məxsus məşhur bir deyim var: «Klassiklər o adamlardır ki, hamı onların kitablarını oxumaq istəyir, amma heç kim oxumur». Bizim situasiyada ayrı-ayrılıqda həm Karl Marks, həm də mən haqlı olsam da, bu heç də nanay şairlərimizin klassikə çevrildiyi anlamına gəlməməlidir. Elə olsaydı, «Azdrama»nın qabağında Vüqar Əhmədin, «28 may» metrosunun qabağında isə Hüseynbala Mirələmovun heykəli qoyulardı. Bilmirəm, bəlkə də haçansa onlara da heykəl qoyulacaq. Azərbaycan kimi amorf bir məmləkətdə belə şeylər onsuz da tez-tez baş verir. Və «Azdrama»nın qabağında olmasa da, haçansa «AzTV»-nin «podyom»unda Vüqar Əhmədin əli çənəsində dərin fikirlərə qərq olmuş heykəlini görsəm, qətiyyən təəccüblənmərəm. Çünki biz heykəlsevər və nəğməkar xalqıq.

Zəruri məsləhət: Məşhur televiziya tamaşalarının birində qəhrəman maraqlı bir jest edir. Arvadına «Kitab oxumaq lazımdır, kitab!»- deyib də əlindəki qırmızı onluqları gizlicə kitabın arasına qoyub, yenidən kitabı rəfə dürtür…
İndi banklara o qədər də etibar yoxdur. Kitab alın, heç olmasa, pulunuz «etibarlı əllərdə» olar…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Sentyabr 1st, 2007 tarixində 10:20 radələrində Mədəni İnqilab bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. samir adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 23:11 yazıb:

    Baxirsan- hele de maarifcilikle elleshirsiniz. Hele de xalqi topdan kitaboxumaga cagirirsiniz. Kitab oxumaq ele bir intim meseledir ki, onu da sevgi kim i hec kime mecburen sirimaq olmaz. Oxuyan oxuyacaq, oxumayan hec oxumayacaq. Vallah, ozunuzu yormayin


  2. Kulturist adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 23:46 yazıb:

    “İlqar Fəhmi haqqında” - ya cavab. İstəsəniz baxın: http://forum.qaynar.info/viewforum.php?f=7

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: