21-24 avqust tarixlərində Türkiyənin Muğla vilayətinə bağlı Datça Bələdiyyəsi tərəfindən Beynəlxalq Şeir festivalı keçirilmişdir. Bu tədbirdə ölkəmizi «Vektor» Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadə təmsil etmişdir. Türkiyə, İngiltərə, Almaniya, Yunanıstan, Suriya, Fələstin, Kosova, Bolqarıstan, Makedoniya, QKTC, İordaniya, Livan və digər ölkələrdən tanınmış şairlərin qatıldığı şeir festivalında şəhərin küçələrinə dünyanın on beş klassik şairlərinin adı verilmişdir.
Datça Bələdiyyəsi və «Vektor» BEM arasındakı ötən ilki razılaşmaya görə 100 illik yubileyi şərəfinə küçələrdən birinə Azərbaycanın Xalq şairi Səməd Vurğunun adı verilmişdir. Avqustun 22-də böyük təntənə ilə Türkiyədən Nazim Hikmət, Fransadan Lui Araqon, Azərbaycandan Səməd Vurgun, Almaniyadan Bertol Breç, Fələstindən Mahmud Dərviş, İspaniyadan Federiko Qarsia Lorka, Rusiyadan Mayakovski, Pakistandan Məhəmməd İqbal, Çilidən Pablo Neruda, Suriyadan Nizar Kabbani, Livandan Cəbran Xəlil Cəbran, Bosniya-Hersaqovinadan İzzət Sarayliç, İngiltərədən Vilyam Şekspir, İordaniyadan Aişa Razem və Yunanıstandan Yannis Ritsosun adını daşıyan küçələrin rəsmi açılış mərasimi olmuşdur.
Beynəlxalq şair heyətinin, adıçəkilən on beş ölkənin Türkiyə səfirlikləri əməkdaşlarının və şəhər ictimaiyyətinin izdihamlı iştirakı ilə «Səməd Vurğun» küçəsinin açılışı zamanı Datça Bələdiyyə başqanı Erol Karakullukçu və professor Elçin İsgəndərzadə Səməd Vurğunun ədəbi və ictimai fəaliyyəti haqqında çıxış etmişlər. Şairin «Azərbaycan» şeiri səsləndirildikdən sonra Prof. Elçin İsgəndərzadə tərəfindən xatirə lövhəsinin örtüyü açılmışdır.
Beynəlxalq şeir festivalının sonunda festival iştirakçıları tərəfindən «Dünya şairləri sülhə səsləyir» devizi altında beynəlxalq ictimaiyyətə bəyanət qəbul olunub.
Kultaz




Bölmə: 









rauf adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 23:11 yazıb:
cox seviniremki bizim gozel sairimizin adina qardas turkiyede kuce acilib coxsevindim