Qaynar xəbər portalı

Kitab dünyası


Seymurun kitabıƏsəri oxuyandan sonra biri gürcü qızıyla evlənmək eşqinə düşə bilər, biri dəlixanaya…

Bayram günlərində Azərbaycan telekanalları bir-birinə bənzəyir. Pultu hansına yönəltsən, ekranın küncündən bəlli şəkli görəcəksən. Əksər vaxtlarda hətta eyni sənədli filmlər, eyni reportajlar və s. Həmin günü bütün kanallar Az TV olur.
Yazıçılar da belədir, pultu hara yönəltsələr də, yəni kimdən, nədən və necə yazsalar da əslində efirdə həmişə özləridir. Yazdıqları ümumən özlərinə oxşayır. Kim nə qədər maraqlı adamdırsa, yazdıqları da o qədər fərqli və maraqlı olur.Yooox, haqqında yazdığım adamı qətiyyən AzTV-yə bənzətmirəm. Biri ütülü, qalstukludur, biri yox. Birinin vəziyyəti sabit-ağır olaraq qalmaqda davam edir, biri isə buz meydançası kimidir- nə qədər istəyirsən sürüş. Söhbət əsrimizin, nəsrimizin Seymur XXX-indən (Seymur Baycan) gedir. Necə deyərlər, adı kimi dadı var. Adamın imzası (vallahi rəsmi sənəddə adı belədir- Seymur XXX), özü, yazıları, hətta kitabının adı da fərqlidir. Onun yazılarını, kitabını oxuyanda adama elə gəlir ki, bax, elə Seymurdu ki var- başını azca sağa əyib hər şeyə hırıldayır. Hərdən isə qaşları düyünlənir, ciddiləşir, hədsiz adamayovuşmaz olur. Adama tərs şapalaq kimi dəyən fəlsəfi cümlələr deyir. Məsələn belə: “Bu ölkədə Bayram Kürdəxanlıya yer var, amma bizə yox”.
Onu hamı sevmir, amma hamı oxuyur. Biri onu yeni dövrün Mirzə Cəlili, biri isə şeytan adlandırır.
Seymur belə yazıçıdır.
Bu günlərdə çapdan çıxmış ikinci nəsr kitabı “18,6 cm” adlanır. Dəqiq bilmirəm, deyəsən, bu adı kitabın ölçüsündən götürüb. Ya da Azərbaycanda hər şeydə ölçünün, mizan-tərəzinin itməsinə bir mesaj verir (Xalid Şürük). Özü bilər doğrusunu. Amma kitabında yer alan eyniadlı romanı oxumaq kifayət edər ki, oxucu da çox şeyi bilsin.
Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox. Amma kimə deyirsən, Seymur bildiyini eləyir.
Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə üçüncü dərəcəli ölkələrdə (məsələn, Azərbaycan, Gürcüstan, Ermənistan) yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında oxumalı olacaq. Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: “Yas yerindən reportaj”, “Albalı bağı”, “Qar”, “Brest qalası” və s.
Əsərdə təkcə real insanlar yox, həyatımızda bu və ya digər dərəcədə iştirak edən iri idarələrin, kollektivlərin də öz çəkisi var. Abdulla Şaiq adına Kukla Teatrı, AzTV, Abşeron Su İdarəsi, Nəsimi rayon polis şöbəsi, Xətai metrosunun yaxınlığındakı doğum evi, AFFA, “Bənövşə” Uşaq Xoru və digər bir sıra zəhmətkeş kollektivlər tam heyətlə romanda çıxış edirlər.
Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: “Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur”.
Yerdə qalan isə oxucunun öhdəsinə düşür. Əsəri oxuyandan sonra biri gürcü qızıyla evlənmək eşqinə düşə bilər, biri dəlixanaya. Seçim özünüzündür. İsa Qəmbər demişkən, indi seçim anıdır.

Zahir Əzəmət

P.S. Kitabı əldə etmək istəyənlər 012-596-47-18 və 055-625-09-25 nömrəli telefonlara zəng edə bilərlər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Sentyabr 3rd, 2007 tarixində 15:14 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. elminhesenli adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 15:18 yazıb:

    Gedim oxuyum eee kitabı


  2. Seyid Ramin adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 15:38 yazıb:

    Ümüd edirəm ki, seymurun bu kitabıda, əvvəlki kimi boş və mənasız olacaq.


  3. elminhesenli adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 18:31 yazıb:

    kitabi oxuduqca yasamaq ve yemek istahim artir


  4. aynure adlı istifadəçi, Sentyabr 16, 2007 tarixində, saat 19:14 yazıb:

    sag olsun, dostum ki, bu kitabi menim ucun getirdi. ve men indi bu kitabin 157-ci sehifesini oxuyuram. cox oxunaqlidi. son 1 ayda oxudugum zefer tagi ve cinayet ve cezadan sonra eslinde oxumaq istemirdim. Ama oxumaliydim. pise de baxmaq lazimdi yaxshiya da. Pisi de oxumaq lazimdi yaxshini da. Seymur mence soyushlersiz kecinmek olardi de, heeee. her halda men naftalin iyi veren oxucu deyilem ve edebiyyatda sizlerin getirdiyi bu soyushleri oxumaq istemirem. Elisemid Kurle bagli hisselerini beyendim. Gurcu tostlarini da, avtobusdaki hadiseleri de hansi ki her gun Azerbaycan realligi buna koklenmish bir seherle sabahini acir. 18,6 cm ne demekdir? belke santimetr demek istemisen ne ise sehv olub. cunki santimetr eshitmishem hamidan. Ele ise cm ne demekdir? onu bilmek de oxucunun ohdesine deme xahish edirem. Aydinin paltosunun taleyi goresen kitabda var? Oxuyub bilecem bunu her halda. Qarda surushmeyine o ki var guldum allah seni guldursun……

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: