Bu gün Yaşıl Teatr Bakı Konsert Kompleksində “Şərq-Qərb” (East-West) Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə 1996-cı ildə yaradılıb. 1999-cu ildən Bakı Beynəlxalq Kinofestivalı “Şərq-Qərb” adlandırılıb. İldən-ilə festival coğrafiyasını genişləndirib. Əgər birinci forumda 5-6 ölkə iştirak etmişdisə, sonrakı illərdə tədricən bu rəqəm 20-yə qədər yüksəlib. Onların sırasında Azərbaycan, Rusiya, Fransa, Almaniya, ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan, Litva, İsrail, İran və başqa ölkələr var. IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalında ötən illərdə olduğu kimi, bu il də əsasən uğurlu ekran taleyinə malik filmlər nümayiş etdiriləcək. Filmlər “Azərbaycan” kinoteatrında və “İbrus” teatrının kinozalında nümayiş etdiriləcək. Sentyabrın 10-da “Azərbaycan” kinoteatrında keçiriləcək bağlanış mərasimində “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Bəşəriyyətə ən humanist göndəriş”, “Dünya kinosunun inkişafındakı xidmətlərinə görə” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. 5 gün ərzində Azərbaycandan “Üç qız” (rejissor Murad İbrahimbəyov, 2006), “Məhkumlar” (Mehriban Ələkbərzadə, 2007), “Cavid ömrü” (Ramiz Həsənoğlu, 2007), Ukraynadan “Çay kənarında” (Eva Neyman, 2007), Rusiyadan “Şəxsi heç nə” (Larisa Sadilova, 2007), “Sadə şeylər” (Aleksey Popoqrebskiy, 2006), “Ev heyvanları ilə səyahət” (Vera Storojeva, 2007), İrandan “Məcnun söyüd” (Məcid Məcidi, 2005), Bolqarıstandan “Oktyabr sərçələri” (Anri Kulyov, 2006), Gürcüstandan “Rus üçbucağı” (Aleko Tsabadze, 2007), Qazaxıstandan “Yol gözətçisinin qeydləri” (Janabek Jetiurov, 2006), Türkiyədən “Dondurmam qaymaq” (Yüksel Akın, 2006), Fransadan “Flandriya” (Bruno Dümon, 2006) filmləri nümayiş olunacaq. Festival günlərində “Milli kino - böyük ekrana yol” mövzusunda dəyirmi masa, Gürcü filmlərinin retrospektivi, Uşaq Filmləri Festivalı və tamaşaçıların kinematoqrafçılarla görüşləri keçiriləcək. Gürcü filmlərinin retrospektivinə rejissor Eldar Şengelayanın “Qeyri-adi sərgi”, rejissor Georgiy Xaindravanın “Xəyallar məzarlığı”, rejissor Georgiy Şengelayanın “Qatar gedirdi” filmləri daxil edilib.
Festivalın açılış mərasimində çıxış edən Rusiyanın tanınmış kino xadimi, həmyerlimiz Yuli Qusman hər dəfə Azərbaycana gələndə inkişaf gördüyünü bildirib. Onun sözlərinə görə, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı tezliklə dünyanın ən məşhur festivallarından biri olacaq.
Qeyd edək ki, festival Azərbaycan hökumətinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilir. Festivalın açılış mərasimində rejissor Mehriban Ələkbərzadənin “Məhkumlar” bədii film nümayiş etdirilib.
« Bakıda şair Almas İldırımın 100 illiyi qeyd olunacaq | Əsas səhifə | Seymur Baycan və onun “qadınları” »




Bölmə: 









aishen aliyeva adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 18:12 yazıb:
Arzum olkede kecirilen festivallarin ehate dairesinin genishlendiyi qeder de kinolarimizin sayinin artmasidir.Kinoseverleri ise tebrik edirem.