Kanal bunu mentalitetlə əlaqələndirir, rejissor isə deyir ki, filmi məhv ediblər
İctimai Televiziya sentyabrın 5-də nümayiş etdirdiyi rejissor Ayaz Salayevin «Yarasa» filmindən iki intim məqamı efirə verməyib. Teleşirkətin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov «Media forum»a deyib ki, İTV ailəvi kanal adı qazandığından filmdəki iki fraqmentin geniş auditoriyaya göstərilməsini məsləhət bilməyib və onları çıxarıb: «Həmin səhnələrə kimsə öz evində oturub videokasetdə, diskdə baxa bilər».T.Məmmədovun sözlərinə görə, «Yarasa»dakı həmin səhnələr milli mentalitetə, adət-ənənəyə uyğun olmadığı üçün çıxarılıb: «Bu cür intim səhnələr çıxarıldıqdan sonra İTV-də nümayiş etdirilən filmlərə ailənin bütün üzvləri arxayın, bir-birindən utanmadan tamaşa edirlər. Biz filmlərin mahiyyətində o qədər də rol oynamayan açıq-saçıq səhnələri çıxarırıq. Bu, İTV fəaliyyət göstərməyə başladığı gündən qoyulmuş qaydadır və buna daim əməl olunacaq».
Hansısa səhnələrin çıxarılmasının filmin istehsalçısı ilə razılaşdırılıb-razılaşdırlmadığına gəlincə, İTV-nin mətbuat xidmətinin rəhbəri deyib ki, kanalda nümayiş etdirilən filmlərin əksəriyyəti xaricdə istehsal olunduğundan onların müəllifləri ilə bunu razılaşdırmaq mümkün deyil: «Ona görə də bu qayda ümumilikdə bütün filmlərə tətbiq olunur».
Mətbuat xidmətinin rəhbəri «filmin yaradıcıları onun qayçılanmasına etiraz edərsə, bu nəzərə alına bilərmı» sualını belə cavablandırıb: «İTV-də «Yarasa» filmindəkinə bənzər epizodlarla heç bir filmin verilməsi mümkün deyil».
«Yarasa» filmini 1995-ci ildə çəkdiyini xatırladan kinorejissor Ayaz Salayev «Media forum»un əməkdaşıyla söhbətində İTV-yə hörməti olduğunu və bu televiziya ilə əməkdaşlığının başa çatmasını arzulamadığını bildirib: «Amma baş verən olaya mütləq münasibətimi bildirməliyəm. Birincisi, milli mentalitetin nə olub-olmadığını, kimin bu haqda danışmağa ixtiyarı olub-olmadığını qırağa qoyuram. Yalnız onu deyə bilərəm ki, mənim milli mentalitet haqqında düşüncələrim tamamilə fərqlidir».
A.Salayev etiraf edir ki, azyaşlı uşaqların atası kimi «Yarasa» filminə onların vaxtından tez baxmasını istəmir: «Lakin filmi nümayiş etdirmək üçün gecə vaxt ayırmaq olardı. Üstəlik, heç kim İTV-nin kino redaksiyasının rəhbərliyini filmi gündüz göstərməyə məcbur etmirdi. Həmin epizodları kəsərkən filmi bir sənət əsəri kimi bütövlükdə məhv ediblər».
Rejissorun qənaətinə görə, bununla həm də bir sıra hüquqlar tapdanıb: «Birincisi, bu filmin konkret yiyəsi var. «Yarasa» dövlət filmi deyil. O vaxt dövlət filmin çəkilişi üçün vəsait də ayırmazdı. Uzun illərin əsəbi axtarışlarından sonra mən, nəhayət, «Yarasa»nı çəkməyə vəsait tapmışam. «Yarasa»nın yiyəsi «İnterturan» Konserninin prezidenti Saday Əhmədovdur. İTV filmi qayçılamaq üçün ondan razılıq istəməliydi. İkincisi, mənim müəllif hüquqlarım pozulub. Ona görə ki, mənim filmlərimdə elə-belə heç bir şey olmur. Hər hansı epizodu çıxaranda filmin bütün məntiqi və bədii strukturu tamamilə dağılır».
Filmin rejissoru vaxtilə «Yarasa»nın AzTV-də, ANS və «Sara» kanallarında olduğu kimi göstərildiyini, premyeranın da keçmiş Respublika sarayında keçirildiyini xatırladıb. A.Salayev hər bir film sənət əsəri olduğu üçün ona hörmətlə yanaşılmasının zəruri olduğunu xüsusi vurğulayıb: «Əfsus ki, bizim bəzi telekanallarımız keçmişdəki ənənə ilə işləyirlər. Mənim filmim 30-dan çox dünya festivalında nümayiş olunub. Yeri gəlmişkən, ölkəmiz haqda yanlış təsəvvürlərin dağıdılmasında rol da oynayıb. Bu gün də «Yarasa» Fransanın, İsveçrənin, Kanadanın, bəzən Almaniyanın kinoteatrlarında göstərilir. Bizdə isə filmi adam arasına necə çıxarmaqla bağlı eksperimentlər aparırlar».
«Media forum»
« Lənkəran TV-nin tezliyi “Cənub TV”-yə verilib | Əsas səhifə | “HACI MƏMMƏDOVLA BAĞLI SSENARİ YAZMAQDAN İMTİNA ETMİŞƏM” »




Bölmə: 









Şahanə adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 15:36 yazıb:
Yarasa qeseng filmdi…
Coxlu-coxlu pulum olsaydi ele-bele vererdim Salayeve ve onun kimi istedadli, KINO cekmek isteyen adamlara, bu cur filmler cekerdiler…
ITV-nin de ki eti tokulsun… gedib anormal aparicilarinin derdini cekmir, hele film qaycilayir…