Qaynar xəbər portalı

Kitab dünyası


Həmid HerisçiHardadır həyatın bütün gizlinlərini özündə yaşadan bədii mətn, hardadır dünyaya meydan oxuyan sehirli kitab? Hardadır öz canında haqq-həqiqət sirlərini yaşadan ecazkar şer aləmi? İti beyinləri silkələyən, öz oxucularının yorğun baxışlarını uzaq üfüqlərə zillədən roman, nəsr, poeziya dünyası? Durnanı gözündən vuran mahir ovçular kimi, qabağa düşüb, cavabınızı elə lap indidən, bəribaşdan duyuruq. Polisdən, icra başçılarının dazbaş cangüdənlərindən qorxmaya-qorxmaya deyəcəksiniz- o nə sualdı, əlbətdə ki, çap məhsullarında, qalın cildli kitablarda, parlaq üz qapaqları uzaq ulduzlara göz vuran kommersiya yönlü səfeh-səfeh jurnallarda, Yazarlar Birliyinin «Ədəbi+yat» qəzetəsində, Moskvada çap olunan «Drujba narodov» dərgisində… Yoox! Yanılırsınız, özü də möhkəm, adam da bu qədər sadədöhv olar heç? Son dövr filologiya elminin mətnşünaslıq sahəsi, yağlı qoğal kimi ortaya düşüb israrla sübut edir ki, bədii mətnin (bəlkə də bədii bətnin!) həqiqi məskəni heç də kitablar aləmində, bir sözlə, yazılı söz hüdudları çərçivəsində deyil, qulağınıza sırğa edin, tamam… bəli, tamam başqa yerdədir. Bəs haradır, o? Deyirik biləsiz- tənbəlliyi atın bir qırağa, həyatımızın bütün sahələrinə əlinizə zərrəbin götürərək diqqət edin, lazım gəlsə Pirqulu rəsədxanası teleskoplarına da müraciət edib onları köməyinizə çağırın, birdəfəlik anlayın ki, həyatın görünən- görünməz tərəflərini özündə əhatə edən rəmzlər dünyasıdır, bəli, bədii mətnin doğma, həm də, ilkin yuvası!
Həmin rəmzlər aləminin daxilindəki SÖZü, şeri, nəsri öyrənən sahə, öyrənin ay keymollalar, çağdaş filologiyada «semiotika» adlanır. Tərslikdən iş belə gətirib ki, ağzına çullu-pullu dovşan sığmayan ədəbiyyat nümunələri, çox vaxt həmin ilahi rəmzləri yalnız qeydə alaraq onları bədii mətnə ancaq köçürmək işiylə məşğul olur. İlahi rəmzlərin izahı isə - heyhay, ey büt, heyhat ey bit! - yazıçıları adətən o qədər də maraqlandırmır. Yekəbaş yazıçıların bu eybini açaraq onları el - elm! - arasında rüsva edən, ilahi rəmzlərin gizli tərəflərini araşdıran həmin «semiotika» elminin bəzi xüsusiyyətlərini sizə çatdırmaq üçün səbirli olun, keçək adi həyat müşahidələrinə.

****

Atam rəhmətlik Qafar Kəndli - Herisçi, İran Kommunist partiyası «Tudə»-nin siyasi bürosunun üzvü idi.1950-80-ci illərdə bu təşkilatın İranda apardığı gizli inqilabi işlə əlaqədar olaraq o tez - tez keçmiş QDR-ə siyasi iclaslarda iştirak etməkçün səfər edirdi. Bu iclasların rəmzi tərəfi haqda deyəcəklərimə diqqət edin.
İran mühacirlərinin həmin iclaslarda cızıqdan çıxdığını, Çindən, rəhbər Maodan danışdığını görən rus KQB-si buna cavab olaraq əcaib üsullara əl atırdı. Üsyana qalxmış iranlıları, iclası yarıda kəsib Hitler dövründənqalma həbs düşərgələrinə gəzintiyə aparmaq bəs edirdi ki, onlar tam ağıllansınlar, həmin muzeylərin qadın bələdçilərinə qardaş gözüylə baxıb, köhnə qaz kameraları qarşısında öz itmiş gənclik günlərini xatırlasınlar. Ertəsi günkü ütülü iclasda işlər yağ üstə gedir, alman siyasətçilərindən biri iclas zamanı qəfildən dik qəddini ikiqat əyib böyründə əyləşmiş Qafar Kəndlinin qulağına pıçıldayırdı ki, bütün digər yoldaşlarıyla birgə axşam Drezden Operasına gedib orda klassik musiqiyə qulaq assın…
Atamın xatirələrindən göründüyü kimi, böyük dövlət tədbirlərində həqiqət heç vaxt açıq şəkildə deyilməyərək rəmzlərlə ifadə olunarmış ki, buna indi «diplomatik dil» də deyilir. Həmin rəmzi «dil»dən indi də geniş istifadə olunur. Siyasi danışıqlar zamanı, dövlət başçılarının görüşlərində həqiqi dil yox, məhz bu «diplomatik dil» əsas ünsiyyət vasitəsidir. Bax, igid ona deyərəm ki, bu dili bilsin, başa düşsün-tərcüməçisiz, filansız! Yuxarıda diqqətinizə çatdırdığımız səhnədə «qaz kamerası», «opera» rəmzi məna daşıyırdı. Qafar Kəndli kimi dünyagörmüş siyasətçilər həmin rəmzləri çox yaxşı dərk edirdilər. Necə deyərlər, arifə bircə işarə yetər!
Bəzən, qüdrət sahibi olan ölkələr öz dövrlərində yaşanan siyasi hadisələr haqda fikirlərini açıq şəkildə deyil, bir başqa tərzdə, məsəlçün, sənət diliylə deməyə üstünlük veriblər. Götürək 60-cı illərdə polyak yazıçısı Broneslav Prustun eyni adlı əsəri əsasında çəkilmiş «Faraon» filmini. Uşaqkən mən onu üstüaçıq yay kinotetrarında görmüş, e.ə. 2-ci minilliyin sonundakı Misir sarayının qanlı həyatına heyranlıqla tamaşa etmişəm. Filmin baş qəhrəmanı - islahatçı gənc faraon Ramzesin qədim kahin zümrəsi tərəfindən amansızlıqla qətlə yetirilməsi səhnəsi, yadımdadı, mənə xüsusilə ağır təsir etmişdi - filmə baxdıqdan sonra mənim özümə gəlməyimə sanki bir neçə min il vaxt lazım oldu… İndi belə bir qənaətə gəlmişəm ki, həmin filmdə kommunistpərəst Polşa kinomatoqrafı əslində heç də təkcə e.ə. 2-ci minilliyin həqiqətlərini - həm də oğraşlıqlarını! - lentə almayıb. Filmin başlıca qayəsi 60-cı illərdəki müasir Misirin siyasi həyatı, gənc islahatçı prezident Qamal Ədül Nəsrin acı taleyidir. Burda kinomatoqraf siyasi dillə deyə bilmədiyini, sənət vasitəsiylə tamaşaçılara çatdırır, müasir Misirdəki islahatların taleyini bizim eradan əvvəlkilərindən qətiyyən seçilmədiyini tamaşaçılara nümayiş etdirir, qədim faraon Ramzesin başına gələnləri o vaxtkı prezident Nəsrin də payına düşəcəyini aləmə faş edir. Sonrakı siyasi hadisələr bu filmdəki eyhamları bir daha təsdiqləyir - 1969-cu ildə prezident Nəsr kəskin ürək çatışmazlığından qəfildən vəfat edir.
«Faraon» filmini bir daha xatırladıqdan sonra mən qəti olaraq deyirəm - prezident Nəsr özü vəfat etməyib, onu da eramızdan əvvəlki Ramzes kimi qətlə yetiriblər. Filmin canındakı gizli semiotika, axı bunu açıq-aşkar hələ xeyli öncədən xəbər verirdi…
«Xəzərin sahilində»
Çağdaş Avropa semiotikasının ünlü nümayəndələri olan Delez, Qvattari, Umberto Eko kimi imza sahibləri bu cür «rəmzi dil»i «qapalı mətn» adlandırdıraraq onu «açıq mətn»ə qarşı qoyurlar. Asta dabana basıb gəlin burda tələsməyək, «qapalı-açıq mətnin» nə olduğunu olduğunu özümüzçün aydınlaşdıraq. Unumayaq ki, biz, danışdığımız hər bir dildə, o cümlədən azərbaycan türkcəsiylə həmişə əsasən yalan danışırıq, həqiqi «doğma» dilimiz isə ondan kənarda yaşayan gizli «rəmzi dil»imizdir! Başlayaq bizi əhatə edən coğrafi adların ardıcıllığından. Semiotika elminin ağsaqqalları belə hesab edirlər ki, bir-birini təqib edən coğrafi adlar, öz «ərazi»lərində müəyyən bir fikri, gizli mətni gəzdirir. Yazıçı-şairlərin görəcəyi ən vacib iş, qeyrət edib həmin qapalı mətnlərdəki məlumatı üzə çıxarmaq, öz oxucularının beynində çinsayağı «mədəni inqilab» dalğası qaldırmaqdır. Keçək mətləbə. Abşeronun səfalı şimal sahilində kim dincəlməyib ki? Hamı! Sovet dövründə salınmış həmin istirahət zolağının sahil boyu düzülüşünə fikir vermək, həmin ardıcıllıqda «qapalı mətn» axtarmaq sizin ağlınıza gəlməyibmi heç? And içirəm qumlu Nardaran yollarında quruyan kərtənkələ cəsədlərinə, orda - Abşeronun şimal sahilində, sovet təfəkkürünün gizli mətnini tapmaq o qədər də çətin iş deyil. Həmin gizli «sovet mətni» Mərdəkandakı pioner düşərgələrindən başlayır. Yay tətillərini orda keçirmək çoxumuzun qismətinə düşüb - indiki şairlərimizin çoxu, pioner düşərgələrində öz dəstə rəhbərlərinə Fizuli nəfəsli çılğın qəzəllər ünvanlayıb! Məktəbi fərqlənmə nişanıyla bitirib ali tədris ocaqlarına daxil olan bəzilərimiz, Abşeronun şimal sahilindəki öz gözəgörünməz səfərimizi bir az da uzadaraq gəlib çıxırdıq Buzovnadakı beynəlxalq «Gənclik» düşərgəsinə. Həə, bura artıq pionerlərin deyil, komsomolçuların məskənidir. Uca divarlarından o tərəfdə məşhur Zuğulba Tuberkulyoz sanatoriyası yerləşir! «Gizli sovet mətni» burda da bizə xəbər yollayır - özünüzü yaxşı aparın, sovet ideologiyası sizi Mərdəkan pioner düşərgələrindən çıxarıb bura - Buzovnadakı beynəlxalq «Gənclik» istirahət mərkəzinə elə-belə gətirməyib, cızığınızdan çıxıb antisovet söhbətlər aparsaz, sizi divarın o tayındakı qorxulu-qapalı vərəm dispanseri gözləyir… Gedin özünüzə başqa iş tapın, xarici qonaqlarla ağzınıza gələni danışmaq sizə baha başa gələcək, mitilinizi atarıq eşiyə, lüm-lüt divarlarınıza Ət ağanın, Hacı Lazım ağanın solğun şəkillərini yapışdırıb həyatın faniliyi barədə ucuz fikirlərə qapılarsız…
Sovet hökumətinin semiotik işarələri Abşeronun səfalı şimal sahillərində bütün bu qadağalara əməl edənlərə sonrakı xoşbəxt həyatın dəqiq ünvanını da göstərir. Vərəm dispanserindən o tərəfdə Kommunist partiyası Mərkəzi Komitəsinin «hökumət bağları» ağlı başında olan komsomolçulara öz qalın kölgələrini vəd edir. Divarın o biri tayında, sıldırım qayalar üzərində isə KQB-nin sanatoriyası qartal yuvası kimi özünə qərar tutub.
İndisə, diqqətinizi bir nöqtəyə yönəldirəm-nəhayət, bu istirahət zolağının sonunda yerləşən, həmin siyahını qapayan Bilgəh kardioloji sanatoriyasına. Çatdımı sizə bu eyham? Yoxsa bələdçiliyimə ehtiyacınız var? Bəli, bəli, bütün bu epopeyaların sonunda bir ürək ağrısı, bir infarkt diaqnozu da varmış! Mərdəkan pioner düşərgələrindən başlayan uzun həyat yolu öz yolçularına iki sonluq vəd edir - ya sovet ideologiyasına «asi» olub vərəmləyəcəksən, ya da ona sadiq qalıb ürək ağrısı tutacaqsan. Ya Tuberkulyoz dispanseri, ya da ki Kardeoloji sanatoriya. Lap nağıllardakı kimi- sola getsən(oxu-solçu olsan), əjdahaya yem olacan, sağa getsən (oxu partokrat olsan) divə.

****

Beləliklə, Xəzərin şimal sahilindəki gizli semiotik xəritəni sizə göstərdik. Öz tədqiqatçılarını, şairini, bəstəkarını gözləyən belə xəritələr ölkəmizdə hələ çoxdur.
Lakin nümunə gətirdiyimiz bu cür «qapalı, gizli mətn»lərin həmişə adına «açıq mətn» deyəcəyimiz bir qarşılığı da mövcuddur. Bir-birinə qənim kəsilmiş həmin mətnlərin harda, hansı nöqtədə toqquşduğunu tapmaq, diqqətiniz bizdə olsun, yazıçı-şairlərin, tarixçilərin başlıca peşəsidir. Şair demiş, «düşək bu yolun ağına, baxtımızın sorağına», görək açıq mətnlə qapalı mətnin ziddiyyətləri nə zaman tarixdə həlledici rol oynayıb.

Stalin-Trotski. Qapalı mətnlə açıq mətnin mübarizəsi
Açdığımız mövzunu dərindən öyrənmək işində vətənimiz SSRİ-nin tarixi bizə saysız örnəklər verə bilər. Götürək elə Trotski ilə Stalinin 20-30-cu illərdə öz aralarında apardığı ideoloji savaşı. Stalinistlərin bu mübarizədə söykəndiyi fəlsəfi dayaqlar, özünüz deyin, orta əsrlər xurafatının mitil yorğanına çəkilmiş təzə üzlükdən başqa nəydi ki? Provoslav kilsəsi İsa peyğəmbərin təlimini xurafata çevirdiyi kimi, stalinistlər də ölməz Leninin ideologiyasını neoxurafata çevirmək, şanlı Oktyabr İnqilabını doqmatik dona bürümək istəyirdilər. Təsadüfü deyil ki, Umberto Eko kimi tanınmış mətnşünas alimlər orta əsrlər sxolastikasını öyrənmək üçün, təəccüblənməyin, stalinistlərlə trostkiçilərin ideoloji disputlarını öz elmi tədqiqatları üçün əvəz olunmaz məlumat toplusu bilir, 20-30-cu illər SSRİ tarixinin təcrübəsindən örnək götürərək orta əsrlərin fəlsəfi dayaqlarını tədqiq edirdilər(!). Bəli, yenə də təkrarlayırıq, həmin ideoloji diskusiyalar zamanı stalinistlər daha çox orta əsrlər ritorikasına, izaha ehtiyacı olan «qapalı mətn» məntiqinə söykənirdilərsə, trotskiçilər bunu əsla qəbul etmir, «açıq mətn» fəlsəfəsinin köməyi ilə «gürcü keşişi»ni yerində otuzdurmaq istəyirdilər. Kiçik misallar: 1929-cu ilin soyuq fevralında SSRİ-dən Türkiyəyə sürgün edilən Lev Trotski, zorla Odessa limanında «İliç» gəmisinə mindirilir. Gəminin adına bir daha fikir verin - «İliç». Yəni, Trotskini bu adlı gəmiyə otuzdurub xaricə tullayan Stalin «gizli mətn»lə dünyaya üstüörtülü bir xəbər yayır - Trostki ilə birgə Vladimir İliç Lenini də mən xaricə sürgün edirəm! Gördüyümüz kimi, Stalin öz hərəkətlərində tam şəkildə «qapalı mətn» estetikasına sadiqdir. Söhbətimizə davam edək. Mövzunu tədqiq etdikcə daha bir maraqlı məqam qarşımıza çıxır - Trotski, İstanbul boğazındakı Prins adalarında siyasi sığınacaq alır. Bu adaların tarixi isə, onunla məşhurdur ki, hələ Bizans dövründə saray savaşlarını uduzmuş şahzadələr bu adaya sürgün edilərmiş! Stalin burda da «qapalı mətn»lə danışır, dünya ictimaiyyətinə xəbər sızdırır ki, Rusiya elə həmin köhnə provaslav imperiyası - köhnə Bizansdır, qoca tarix, inqilaba baxmayaraq hələ də dəyişməyib, o, yenə də öz uduzmuş şahzadələrini Konstantinopolun Prins adalarına sürgün edir. Həmin yalqız şahzadələr orda bir gün zəhərli şərabdan, yaxud, xəncər yarasından vəfat edəcək. Trotskini bu yolla qətlə yetirmək ancaq o qədər də asan olmur, ona qarşı hazırlanmış saysız qəsdlər uğursuzluqla nəticələndiyini görən tülkü Koba yenə də «qapalı mətn» estetikasına müraciət etməli olur. Kremlin əli qəlyanlı sahibi çox götür-qoydan sonra yadına salır ki, onun rəqibi Trotski əsərlərində tez-tez «uca dağ zirvələri» ifadəsini işlədərək, bu yolla özünü Himalay dağlarındakı buz parçasına oxşadır. Stalin qəlyanını
sümürməyə ara verərək fikirləşir: «həə, demək sən özünü buz parçasına bənzədirsən. Olsun, amma unutma ki, buzu parçalayan iti baltalar da var!».
Son nəticədə Trotski məhz elə buz baltası ilə öldürülür də!
«Qapalı mətn» öz qarşılığına - «açıq mətnə» qalib gəlir.
Ancaq, Səməd Vurğun demiş «ölüm sevinməsin qoy». Stalinə qarşı Trotskinin qələmindən çıxmış elmi-nəzəri «açıq mətn» nümunələri - saysız məqalələr, «Satılmış inqilab» kimi əsərlər indinin özündə belə öz əhəmiyyətini itirməyir, hər vəchlə sübut edir ki, qapalı mətnlərin üzərində açıq mətnlərin də qazandığı şanlı qələbələr mövcuddur. İlanı Seyid Əhməd əliylə tutmaq istəyən, sözüylə əməli düz gəlməyən Stalindən fərqli olaraq Lev Trostski öz düşməninə qarşı heç vaxt «qapalı mətn» üslubunda mübarizə aparmamış, hər zaman gürcü kintosu Stalinə qarşı öz tənqidini açıq-aşkar, elmi nəzəriyyələr şəklində ünvanlamağı bacarmışdı.
Yaxşı, SSRİ tarixindən gətirdiyimiz misallar bu qədər. Bəs, çağdaş Azərbaycan təfəkküründə ilişib qalmış «qapalı mətn» anlayışı harda, hansı məqamlarda özünü büruzə verir?
Həə, bu haqda ayrıca söhbətə, görünür, çoxdan ehtiyac var.
Urologiya institutunda daş muzeyi

Bizim şairlərə çörək vermə, su vermə, burax elə öz mücərrəd rəmzlərini şerlərinə gətirib, göy üzü qədər kədərləndiklərini, mələklərlə söhbətləşdiklərini, tənha ulduzlar altında qəm çəkdiklərini məşhər gününədək ağız dolusu danışaraq beynimizi çürütsünlər. Həə, Allah atana rəhmət etsin, bu rəmzlərin toplusundan yaranmış ədəbi məhsul şairlərimizin «qapalı mətn»i kimi işarələnməlidir. Şirlərimizin ən çox sevdiyi mücərrəd rəmzlərdən biri də «daş» simvoludur. Ramiz ( bu adın özündə «rəmz» kəlməsini daşımağı çox mənalıdır…) Rövşən başda olmaqla bütün simvolist şairlərimiz «daş» rəmzinə xüsusi maraq göstərirlər. Ancaq, simvolist şairlərimizin müraciət etdikləri «daş» rəmzi «qapalı mətn» estetikası çərçivəsində işlənildiyindən biz onun həqiqi mənasını öyrənə bilmir, xəyallarımızda min cür həlləm-qəlləm nəticələrə gəlir, axırda, «Yeddi oğul istərəm» filmindəki kimi yolumuzu azıb gəlib çıxırıq Peykanlı kənd qəbirsanlığına. Ağacdan asılmış nəməlum bir meyidlə tək-tənha qalırıq bir müddət orda…«Açıq mətn» tərəfdarı olan bizlər, bu dəfə həmin «daş» simvolunu tərk-silah etmək niyyətindəyik.
Gəlin, açıq danışaq, bizim nə ürəyimizdə, nə də ki, sütunsuz göylərimizin dərinliklərində heç bir daş-zad yoxdur. Daş varsa, o bizim yalnız böyrəmizdə, öd kisəmizdədir. SSRİ dövründə aparılmış elmi araşdırmalar göstərir ki, Azərbaycan SSR vətəndaşları bu baxımdan - vaxsey! - çox acınacaqlı durumdadırlar, hər üç azərbaycanlının biri öd kisəsində, böyrəyində daş gəzdirir. Qədimdə «gəl, bu daşı tök ətəyindən» (yəni, prinsipial olma!) deyiminin müəllifləri bilsəydilər ki, əslində, bu mənada azərbaycanlının ətəyində daş yerli dibli yoxdur, əvəzində isə ödündə, böyrəyində ürəyin istəyən qədərdir, yəqin ki, həmin deyim bir başqa cür səslənə bilərdi : «gəl, bu daşları tök böyrəklərindən, ödündən, get Urologiya institutuna. Qoy qadasın aldığım həkimlər çıxartsınlar o daşları, versinlər sənə bir hədiyyə kimi. Sən də gətir onu qoy evdə masanın üstünə, papağını qabağına qoyub fikirləşməkdənsə, həmin o daşı qoy qabağına, aranı dağa, dağı arana köçür. Fikirləş ki, ey dili-qafil, axı necə oldu ki, bu cür daş karxanasına çevrildin»…
Hə, bu sual bizi də Uralogiya institutunun Səadət sarayından bir qədər aşağıda yerləşən 5 mərtəbəli binasına gətirib çıxarır. Uroloq həkim Solmaz xanım Qədirbəyova ədəbiyyatda «daş» mövzusunda dediklərimizə başdansovdu qulaq asandan sonra, qəfildən dilləndi:
-Ədəbiyyatı deyə bilmərəm, dövlət məmurlarının böyrəklərində daha çox olur bu daşlar. Özü də tutduqları vəzifədən asılı olaraq, bu daşların xüsusiyyətləri də müxtəlif olur. Daha yüksək vəzifə sahiblərinin böyrəklərində bir qayda olaraq qəmbər daşına bənzər sərt, hamar daşlar əmələ gəlir. O qədər də yüksək kürsülərdə oturmayanların daşları isə kövrək, kələ kötür Abşeronun əhəng daşlarını xatırladır. Kasıb kusublarda isə daşdan daha çox bir ovuc qum olur ki, onu da dava dərman verib bir təhər bədənlərindən çıxarırıq.
Solmaz xanım söhbətimizin bu şirin məqamında yerindən qalxıb bizi Urologiya İnstitunun muzeyinə dəvət edir. İkinci mərtəbəyə enib dar, qaranlıq bir dəhlizə daxil oluruq. Solmaz xanım işığı yandırıb bizi muzeyin tarixi eksponatlarıyla tanış edir.
- Bu daş kömrükdə işləyən çox varlı birisinin öd kisəsindən çıxıb. - Həyacanını gizləməyən Solmaz xanım diqqətimizi bir nöqtəyə yönəldir, daşı əlinə alıb bizə təqdim edir. - Ağırlığını hiss edirsiz? Daşın sahibi onu geri qaytarmaq istəyir, dəfələrlə bizə zəng vurub. - Xanım qadının səsi dəyişir. - Heç bilmirik ona nə cavab verək.
- Şairlərimizin bədənindən hansı daşlar çıxıb? Göstərin dəə bizə.
- Bax bu daş bir xalq şairimizin böyrəyinə ağırlıq edirdi, ancaq şairlərimiz bədənlərindən çıxan daşlara qarşı çox həssasdırlar, icazə vermirlər biz onları muzeyimizdə sərgiləyək, götürüb aparırlar özləriynən həmin daşları.
-Niyə?
-Nə bilim. Bu daşlara görünür qəribə bir inamı var onların. Həmin daşlarsız qalammırlar.
- Daşın bədəndə yaranma səbələri nədədir? - Sualımızı verib, gözlərimizi çaşdıran saysız daşlara uzun-uzadı baxmaqda davam edirik.
- Qorxu hissi. Tibb elmində buna «fobiya» deyirlər.
- Demək istəyirsiz ki, bizim millətimizin böyrəyinə, öd kisəsinə qorxu hissi birbaşa təsir edir, eləmi? Bu daşların hamısını qorxu kabusu yaradıb, həə?
- Bəli.
***
Bizcə, tibb elminin bu son qənaətinə bizim milli ideoloqlarımız da şərik çıxıb, xalqımızın bədənində, şerində, poeziyasında yaşayan həmin daşlara bu baxımdan izah verməlidirlər. Həə, gəlin boynumuza alaq - biz bir millət kimi daim qorxu, xof içindəyik, poeziyamızda, öd kisələrimiz, böyrəklərimizdə daşların yaranma səbəbi də eyni qaynaqdan qidalanır - qorxu mənbəyindən!
Həmin qaynağı tapmaqdan ötrü biz ən qədim məxəzlərə müraciət edib axırda gəlib çıxdıq məşhur «Dədə Qorqud» dastanımıza.

«DƏDƏ QORXMUŞ» ƏFSANƏSİ

Tanınımış türkoloq Vasili Bartold oğuz folklorundakı Dədə Qorqud əfsanəsini tədqiq edərkən çox maraqlı bir türkmən hekayəsinə diqqət verib. Həmin hekayətin qısa məzmunu belədir: Dədə Qorqud təxminən Məhəmməd peyğəmbər dövründə indiki Özbəkistanın Sır-Dərya çayı sahillərindəki qamışlıqlarda Əzrayıldan düz üç yüz il gizlənib! Əzrayıldan qorxan Dədə Qorqud üç yüz il saz çalıb ölümü özündən uzaqlaşdırsa da axırda, qismətindəki əcəldən canını qurtarammayıb. Bütün bunlar bizə imkan verir ki, Dədə Qorqud adındakı «qorxu» sözünə ayrıca fikir verib bu əfsanəvi qəhrəmanın əslində «Dədə Qorxmuş» olduğu qənaətini irəli sürək. Dastanın özündə də bu mülahizəmizi təsdiqləyən saysız izlər var - «Dədə Qorxmuş» oğuz qəhrəmanlarının şücaətlərinə dastan qoşmaqdansa, çox zaman «gəlimli-gedimli dünyadan, Əzrayıldan» söz açır, əcəl qarşısındakı öz qorxusunu əsla gizləmir. Milli-mənəvi dəyərlərimizin sandıqçası sayılan həmin dastanda, ay mənim bacı-qardaşlarım, qorxaqlığın fəlsəfəsi sayılan «fatalizm» həm ön, həm arxa sıradadır. Qəhrəmanlıq dastanlarının fəlsəfi cövhəri olan «tanatos» - axirət sevdası, ölümə aşiqliq hissləri isə həmin dastana əsla tanış deyildir.
Beləliklə, beynimizdə inqilab etməyimizin tam vaxtı çatıb - bizim Dədə Qorqud əslinə baxsaq Dədə Qorxmuş adlı bir qorxaq ozandır, ömrü boyu qamışlıqlarda gizlənib, hərdən ordan başını çıxararaq ətrafında baş verən qanlı-qadalı hadisələrə mərsiyə söyləyib. Yəni, gəlin səmimi olaq, «Dədə Qorqud» dastanı öz fəlsəfi-psixoloji cəhətləriylə əslində qəhrəmanlıq dastanı deyil, qorxu - «fobiya» hisslərini özündə cəmləmiş çox əcaib bir folklor nümunəsidir.
Əsl oğuz qəhrəmanlıq dastanı, qırğızların «Manas» eposuna bənzər bir əsər olsa da, onun bir tikəsi belə günümüzə gəlib çatmayıb.
İxtiyarımızdakı 12 boyluq «Dədə Qorxmuş» dastanı isə - həqiqətin gözü içinə düz baxmağı bacarın! - qəhrəmanlıq eposu yox, tam tərsinə, qorxaqlıq əfsanəsidir. Onun canında mürgüləyən «fobiya» nəticəsində oxucu-dinləyicilərin öd kisəsində, böyrəyində acı təcrübəmizdən göründüyü kimi, daş karxanası yaranır. Təbiətdə daşın əmələ gəlməyi bilmirəm hansı kimyəvi-fiziki məsələlərin məntiqi sonluğudur, bunun səbəbini qonşuluğunuzdakı qeybətcil arvadlar, geologiya elmləri üzrə namizədlik dissertasiyaları yazanlar bilər. Fəqət ədəbiyyatda, böyrəklərimizdə, ürəyimizdə, öd kisələrimizdə «daş» rəmzinin təşəkkül tapması, millətimizin təfəkküründə ilişib qalmış qorxu hissiyyatı ilə birbaşa bağlıdır.

DƏDƏ QORXMAZA DOĞRU

Akademik Bartoldun tədqiq etdiyi türkmən hekayəsində üç yüz il qamışlıqlarda gizlənmiş Dədə Qorqud surəti əlbəttə ki, rəmzi məna daşıyır. Həmin Sır-dərya çayı hövzəsində Əzrayıldan canını gizləyən zad sözsüz ki, tək bircə fərdi insan - Qorqud adlı ozan deyil, bütöv bir tayfa, xalq kütləsidir. O vaxtlar, yayın istisində sərin yaylaqlara köç edə bilməyib qamışlıqlarda qalan yoxsul xalq kütlələrinə «türkmən» deyib onları yaylaqlara köçən qorxmaz, cəsur türklərə qarşı qoyurdular. Ünlü alim Mahmud Qaşqarlının «Divani lüğət -it-türk» lüğətində Makedonyalı İskəndərlə əlaqədar misal çəkilmiş bir əfsanədə elə həmin yoxsullardan söz gedir, bu kasıbların «türkmən» adlanlamağına xüsusi işarə vurulur. Beləliklə, «türk»lərlə «türkmən»lərin fərqi göz önündədir - «tanatos» ruhlu qəhrəmanlıq dastanları türklərin, fatalizmlə yüklü «boy»lar isə türkmənlərin şifahi xalq yaradıcılığından qaynaqlanır ki, biz, azərbaycanlılar məhz bu sonuncuların törəmələriyik. Sərin yaylaqlara köç edə bilməyib qamışlıqlarda yayını keçirən bu yoxsul kütlənin söz yaradıcılığı, sözsüz ki, fatalizm ilə yüklü olub öz dinləyicilərinə qəm-kədər, çıxılmazlıq ruhu yedizdirməliydi. Çıxılmaz «qamışlıq» rəmzi, fikir verin, ünlü maarifçimiz Mirzə Fətəli Axundovun da əsərlərində bir-iki dəfə xatırlanır - müəllif, xalqımızın dünyadan təcrid olunduğunu vurğulayarkən, həmişə adını çəkdiyimiz bu «qamışlıq» mövzusuna toxunur, millətimizin ordan canını, ruhunu qaçırtması barədə öz qənaətlərini söyləyir. «Qapalı mətn»lə qapalı «qamışlıq» arasında oxşarlıqlar da tapmaq mümkündür. Son nəticədə bütün bu «rəmzi» (Ramizi!) şer dünyası ədəbiyyatımızda, təfəkkürümüzdə, böyrəklərmizdə, ürəyimizdə (təbiətimizdə!) «daş» mövzusunun yaranması, bədii təxəyülümüzün daşlaşması bitir.
***
«Qamışlıqlarda gizlənmiş türkmənlər» mövzusuna son dəfə müraciət edib həmin yoxsul kütləni azadlığa çıxarmağa cəhd edən sonuncu Dədə Qorxmazın kimliyi barədə indi sizə xəbər vermək istərdik. Bu kəs, 20-30-cu illər rus sovet ədəbiyyatının dahisi yazıçı Andrey Platonovdur. Diqqət edin onun türkmən həyatından bəhs edən məşhur «Can» əsərinə…
Susuz Qaraqum çölləri… Xalq komissarı Nazar Çaqatayev orda «can» adlandırılan biçarə bir türkmən tayfası ilə görüşüb onları sosialist quruculuğuna cəlb etmək qənaətinə gəlir. Köhnə şər qüvvələrin təmsil edən Nur-Məhəmməd adlı bir oğraş, bu xalqı Əfqanıstana aparıb orda qul kimi satmaq istəyir. Sarı-qamış (yenə də «qamışlıq» söhbəti!) çökəkliklərində yoxsulluq, aclıq, səfalət içində can verən bu türkmənlərin gerçək həyat yaşantılarını A. Platonov böyük ustalıqla təsvir edib. Susuz çöllərdə məhv olan xalq kütləsini azad etmək işini tale bu dəfə yeni Dədə Qorxmaza - rus yazıçısı A. Platonova tapşırıb. Hər bir simvolizmi inkar edib, hadisələri realistcəsinə təsvir edən Platonov, məhz həmin əsərində yeni dövrün türk dastanını yaradır.
Qələmə aldığı türkmən həyatını qədim qamışlıqlardan, «qapalı mətn» zindanından, kəm-köhnə simvolların, rəmzlərin cəngindən qoparıb onu adına realizm deyilən «açıq mətn» estetikasına gətirir.
Bir daha bu xalqın ədəbiyyatına, böyrəyinə, ürəyinə «daş» mövzusunun ağırlıq gətirməyəcəyinə bəribaşdan təminat verir.
Simvolizm məhv olub yerini realizmə ötürür.

***

Sizə təqdim etdiyimiz bütün əsərlərimizdə biz Dədə Qorqud, Dədə Qorxmuş ənənələrini - fəlsəfi fatalizmi qapımızdan qovub, onu yerini Dədə Qorxmaz avanqardizminə, realizminə, «açıq mətn» estetikasına vermək niyyətindəydik.
Allah, sizin yaradıcılığınızı, böyrəklərinizi poeziyamızın «daş» rəmzlərindən qurtarsın!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Sentyabr 8th, 2007 tarixində 16:56 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. Novarg adlı istifadəçi, Sentyabr 12, 2007 tarixində, saat 13:56 yazıb:

    Maraqlidir, bu yazi kime unvanlanir, edebi camia`ya yoxsa oxuyan her kese…?


  2. Seyyida adlı istifadəçi, Sentyabr 13, 2007 tarixində, saat 15:52 yazıb:

    Novarq, kim oxuyub bir sey basa dusurse ona.

    Hemid burda eslinde yeniu bir sey yazmayib, sadece fatalizm haqqinda evvlikli fikirlerini yazib, amma fakturasini deyisib Subyektiv yerl;er olsa da ela yazidir.


  3. zaur adlı istifadəçi, Noyabr 4, 2007 tarixində, saat 01:37 yazıb:

    Hemid bey maraqli yazib.Dediklerini edebi olaraq tekzib edecek faktlara sahib deyilem,edebiyyatci olmadigim ucun Dede Qorqudda bele bir hissenin oldugunu da bilmirem.Amma eminem ki,buna lazimi cavabi verenler var.
    Vacib olan Dede Qorqudun hansisa bedii xususiyyetleri deyil,vacib olan dastanin Azerbaycan xalqinin tarixinde oynadigi roldur,dastan oguzlar haqqinda deyerli melumatlar vermekle beraber hem de xalqimizin etnik koklerini de gosterir.Bu baximdan ister “merdlik” olsun isterse de “qorxaqliq” Dede Qorqud Azerbaycan edebiyyatinda ilk dastandir ve Azerbaycan tarixinin yazili olaraq ilk defe Turklerle baglanildigi eserdir .
    Hemid beye ve Dede Qorquda Hormetle
    Zaur


  4. Aslan adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 23:11 yazıb:

    Müstəqillik qazanandan sonra göz önündə olan beş-on ziyalımızı, ağsaqqalları ləkələdilər, gözdən saldılar. Bununla kifayətləınmədilər, Babəkə, Koroğluya digər qəhrəmanların da üzərinə hücuma keşdilər. Sanballı faktlar qoyuldu ortalığa. Koroğlu əkmirdi, biçmirdi, bəs nəylə dolanırdı? Demək, quldurluqla! Dəlilərini dağlarda başına yığıb bəyləri, xanları soyub talayırmış. Bir kimsə də durub demədi ki, Allahdan qorxun, yalanlarla, böhtanlarla gündəmdə qalmaq olmaz! Koroğlunun soyduğu bəylərin böyük əksəriyyəti tövləsindəki atlarının, hərəmxanasındakı arvadlarının, var-dövlətinin sayı ilə öyünən, bir gözəl qız gördülərmi, yaşından asılı olmayaraq zorla hərəmxanalarına qatan, hətta bir qismi rəiyyətinə ilk gecəni yaşamağı qadağan eləyən, - gərək gəlinlə ilk gecəni bəy yaşayaydı, adamlardansa həyətlərindəki itləri daha üstün tutan zalım, qaniçən, heyvani hisslərlə yaşayan bəylər deyildimi? İndiki “bəy”lərə qarşı bir Koroğlu tapılsa, xalq onu günahlandıracaqmı? İngilislər niyə Robin Qudu quldurluqda suçlamırlar? Olmaya Robin Qudun qarğıdalı tarlası var idi? Ya ərəb tarixçilərinin yazdıqlarını əsas götürüb Babəki aşağılayanlar vicdan əzabı çəkmirlərmi? Babək 20 il xilafətə qarşı döyüşmüşdü, fikriniz nəydi, xilafət tarixçiləri durub yazacaqdılar bəs Babək qəhrəmandı, qorxmazdı, böyük sərgərdəydi? Hansı erməni tarixçisi Qarabağda onlara qarşı döyüşmüş azərbaycanlının qəhrəmanlığından yazar? Yazmaz, ləkələyər, şər atar, ərəblər də eləcə. İşiniz-peşənizmi qurtarıb, ya yazmağa mövzunuz?
    Bu yazısında isə Həmid bəy bütün sərhədləri aşıb. Sən demə, əslində Dədə Qorqud əzrayılın qorxusundan qaşıb qamışlıqda gizlənmiş Dədə Qorxmuş imiş?! Dastanımıza da bir quş, qorxaqlıq əfsanəsiymiş, vəs! Yalnız onu deyə bilərəm, əziz oxucular, bu yazı xəstə təxəyyülün məhsuludur, əsla ciddiyə almayın! O qədər qeyri ciddidir ki, hətta üzərində müzakirə açmaq özü belə ciddi qələm sahibinin işi deyil.


  5. Ayla adlı istifadəçi, Dekabr 12, 2007 tarixində, saat 22:16 yazıb:

    Men hormetli Aslan beyle razilashiram ki, Hemid bey bu yazisinda neinki serheddi kechib hetta bezi yerlerde nalayiq sozlere de yol verib. Biz kohne dovrun savadsiz, gozubagli camaatindan deyilik artiq ve bize yol gostermek lazim deyil.
    Hormetli Hemid bey,xalqimizin kechmishi haqqinda demediyiniz qalmadi.ne bilim,bele qorxagiq,qorxaqliqdan boyreyimizde od kisemizde dash yaranib… Hech olmasa siz de Allahdan qorxun, her bir boyu bir turk igidinin gosterdiyi shucaetlerden behs eden dastanimiz haqqinda bele agilasigmaz sozler,iftiralar danishmayin! Bir de qeyd edim ki turkler de Turk xalqlarindandir, turkmenler de. yegin ki basha dushdunuz ne demek istediyimi. Yoxsa beledchiliyime ehtiyaciniz var?! Ne vaxta qeder oz kechmishimize qara lekeler yaxacagiq. Biz hech bir-birimizi mudafie etmiyeceyik bes, duzlerin ustunu yalanlarla ne vaxtadek ort-bastir edeceyik. Hamimiz qardash milletik, biz birleshmeliyik, ama chox teessuf ki, sapi ozumuzden olan baltalardir ele oz aramizda olan sakitliyi ve birliyi pozan. Siz A.Platonovun yazdiqlarina qarshiliq igidlerimizin shucaetlerini, esrler boyu gosterdikleri igidlikleri qoya bilerdiniz.
    Eger bu dastan qorxaqliq dastani olsaydi merdlik, qehremanliq dastani adi altinda minillikler boyu qorunub saxlanilmazdi, unudulub yoxa chixardi…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: