Havaların istiləşib soyuqladığı bu günlərdə kitab oxumaq insan yeganə xilas yolu kimi gəlir. Son vaxtlarda bir xeyli kitab oxumuşam. Əvvəlcə Orxan Pamukun “Kar” romanını Şərif Ağayarın təbiri ilə desək su kimi içdim. Daha sonra Qoqolun “Taras Bulba” povestini oxudum. Artur Heylinin “Aeroport” romanı bir il idi ki, evdə yatırdı. Seymur Verdizadəyə onu oxumaq üçün verdim. Seymur kitabı mənə necə təriflədisə ikicə günə 500 səhifəlik bu əsəri də uddum. Səlim Babullaoğlu kimi çox əsər adı çəkib intellektimi nümayiş elətdirmək istəmirəm. Onsuz da kimin nə olduğunu çadır düşərgəsində AzTV-yə şən reportajlar verən Azərbaycan xalqı daha yaxşı bilir. Orxan Pamukun “Kar” romanı haqqında Reytinqə bir yazı yazmaq istəyirdim. Amma həvəsim olmadı. Amma bir şeyi burda yazım. Bu istidə bir romanı götürüb təhlil eləmək adama çox çətin gəlir. Həvəsim olsaydı Elçin Hüseynbəylinin Oruc bəy Bayatdan yazdığı romana girişərdim. Deyirlər, Elçinin bu romanı bayağılığına görə o biri “romancıqlarını” da arxada qoyub. Hər nəsə, havalar istiləşsin, bu roman haqqında da yazarıq. Isti olsa da Nəriman Əbdürrəhmanlının “Könül elçisi” romanını yarıya qədər oxumuşam. Pis getmir. Bu roman da Oruc bəy Bayat haqqındadır. Amma bir şey də var ki, mən Elçinin romanından yazmağa ərinirəm, zalım roman yazmağa ərinmir. Elə bir ucdan yazır. Anar müəllim Elçini Çingiz Abdullayevə oxşadandan sonra Elçinə daha klavyatura da davam eləmir. DNS mağazasından klavyaturanın ikisini birdən alır. Hə, “Kar”dan danışırdıq. Orxan Pamuk həmişə deyir ki, yazıçı romanı bir fikrini müdafiəsi üçün yazmamalıdır. Əsərdə ən azı iki fikir müdafiə olunmalıdır. Bu fikri elə o günləri oxumuşam. İnternetdən Orxan Pamukun beş-altı müsahibəsini qabağıma töküb birnəfəsə oxudum. O müsahiblərin ikisində bu fikri oxudum. Amma “Kar” romanında Orxan Pamuk bu balansı qoruya bilməyib. Axırda məlum olur ki, romanda islamçı militan kimi təsvir edilən Lacivərdin yatmadığı qadın yox imiş. Bu bir tərəfə. Orxan Pamuk islamçı, solçu və millətçi balansını saxlaya bilmir. Burjua kimliyini ortaya qoyur. O adi bir Karslıdan yazmır. Yazdıqları ideologiyaya bulaşmış karslılardır. Amma əsərdə mənim diqqətimi bir detal çəkdi. Dinçi Lacivərt və solçu Turqut bəyi Orxan Pamuk əslində amerikanizmə məğlub elətdirir. Belə ki, Lacivərd ancaq “Malbro” çəkir. Turqut bəy isə qarlı gündə “Koka Kola” içir. Mən burada amarikanizmin qələbəsini görürəm. Məlum olduğu kimi “Koka Kola” və “Malbro” Amerikanın simvollarıdır. Əslində siyasi bir romandır “Kar”. Pamuk bu romanla mesaj verir ki, çox tullanıb, düşməyin. Hamınız Amerikanın cibindəsiniz.
Dinçilər də, millətçilər də, uduzmuş solçular da. Əla mesaj idi.
Amerika deyən kimi yadıma “10 sentyabr” hekayəsinin müəllifi Rəşad Məcid düşür. Həm də sabah 10 sentyabrdır axı. Açığı Rəşad müəllimin 10 senyabr hekayəsini ona qısqanıram. Bir hekayə ilə Rəşad Məcid böyük uğur qazandı. Özü söz verib ki, bu hekayəni 30 dilə tərcümə elətdirəcək. Artıq 20 dilə tərcümə olunmuş bu hekayə dünyada məşhurdur. Hətta deyilənə görə bu hekayənin məzmununu Corc Buşa da danışıblar. Corc Buş da başını razılılıqla tərpədib deyib ki, “bravo Reşad Mecid”. Bu günlərdə Rəşad Məcidin ad günü idi. 15 konturum qalmışdı. Rəşad müəllimin ad gününü təbrik elədim. Buna görə də məni çağırıb pivə almaq ya da qonaqlıq vermək nədir, heç cavab mesajı da yazmadı. Kor-peşman beş konturla düzəldim yola. İsa Hüseynovun sözləri ilə desəm gün o gün idi ki, Seymur Baycanın 2 konturla fırlanmağa başlamasının 20-ci günü tamam olurdu.
Rəşad müəllim “Bizim Yol”a müsahibə verib demişdi ki, Anarın atası haqqında hədyanlar yazanların da adı siyahıya düşüb. Düzdür, bu cür şərəfli işlə məşğul olan ancaq biz deyilik. Söhbət Yazıçılar Birliyindəki narazılardan gedirdi. Məncə mkonkret olaraq, Kələntər Kələntərli və Vaqif Nəsibdən. “Ədəbiyyat qəzet”ini heç kim oxumur, ona görə də bir şey yazaq, Kələntər müəllimlə bağlı olsun. Kələntər müəllimin Əli Kərim haqqında bir kitabı çıxmışdı. Mən də Kələntər müəllimi “Monolit”də tapıb ondan bir müsahibə aldım. Kələntər müəllim Rəsul Rzanın əleyhinə xeyli danışdı. Müsahibə Reytinqdə çıxdı da. “Ədəbiyyat qəzet”nin bu hadisədən sonra çıxan ilk nömrəsində Kələntər Kələntərlinin Rəsul Rza haqqında yazdığı məqalə təkrar çap olundu. Söz yox ki, məqalə Anarın arxivindən “Ədəbiyyat qəzet”inə yollanmışdı. Anar belə priyonların ustasıdır. Bir dəfə də “Yeni Azərbaycan” qəzetində Kamil Vəlinin öz əleyhinə və tərəfinə yazdığı iki məqaləni yanbayan çap elətdirmişdi. Anarla Əkrəm Əylislinin eləcə də Kamil Vəlinin söz atışmaları çox maraq olur. Bir dəfə Anar Kamil Vıkiyə dedi ki, sən Sovet vaxtı universitetə pulla uşaq düzəltdirirdin. Kamil müəllim də Anara əla cavab vermişdi: ”Bəli, sən düz deyirsən, amam sənin qızını da universitetə mən düzəltdirmişdim”. O gün Anarın qızı AzTV-də danışırdı. Tək deyildi, Azərbaycan tənqidinin ağır artilleriyaları olan Bəsti Əlibəyli və Vaqif Yusifli də orda idi. Rəşad Məcid də orda oturmuşdu. Günel Anarqızı qəfildən qayıtdı ki, senzuranı bərpa eləmək lazımdır. Mətbuat Şurasının üzvü kimi Rəşad Məcid dərhal söhbətə qarışıb onun dediyini malaladı. Verilişdə söhbət tənqiddən gedirdi. Çox ağır söhbət oldu. Axırda da belə qənaətə gəldilər ki, milli tənqid konsepsiyasını hazırlamaq lazımdır. Amma mən başa düşmədim, hansı ölkənin milli tənqid konsepsiyası var ki, Azərbaycanın da olsun. Bu milli sözü də lap başımıza dərd olub. Elmlər Akademiyasının qabağına da bir “milli” sözü artırıblar. Guya fizika milli elmdir, yox fəlsəfə? Akademiya Milli Akademiya olsa orda gərək ordan Folklor institutundan başqa bütün institutları yığışdırsınlar. Elə əslində elədir. Folklor İnstitu çox yaxşı işləyir. Misal: Keçən il Folklor İnstitu ilə Ədəbiyyat institutu arasında möhkəm dava düşmüşdü. Şair, ziyalı həm də alim Məhərrəm Qasımlı bu söhbətdə yaxşı bir fakt açıqladı. O bildirdi ki, Folklor institutunun aşkar edib çap elətdirdiyi filan dastanı elə folklor institutunda yazıblar. Əslində heç belə dastan yox imiş. Bayaq Anar-Kamil Vəli, Anar Əkrəm Əylisli söhbətlərini də yazdım. Azərbaycan ziyalılarının siması bir-biri ilə “razborka”da açılır. Bu yaxınlarda Anarla Elçinin söhbəti mənə yaman ləzzət
elədi. O yaşda adamlar nəyin üstündə bir-birini yeyirdilər? Elçin deyirdi ki, Anar Türkiyəyə kefə getmişdi, Anar deyirdi yox işim var idi, ona görə getmişdim. Yeri gəlmişkən, Anar bu söhbətdən qalib kimi çıxdı. Uşaqlarla bu barədə gedən söhbətdə bu versiya birmənalı şəkildə təsdiqləndi.
Mən də fərqindəyəm ki, yazıda heç cür süjet alınmır. Hər şey və heç nədən yazıram. Havanın isti olmasını nəzərə alıb mənə haqq verərsiniz. Verməsiniz də canınız sağ olsun. İndi də Elnur Aslanbəyli haqqında yazmaq istəyirəm. Elnur keçən həftə yenə özü demiş “ziyalıların sifətini açmağa” girişib. Rasim Balayev haqqında yazıb. ELə bu Reytinq qəzetində. Oxuyanlar bilər. Amma yazının bir yerində Elnurun qazaxlı damarı tutub. Yazıb ki, bəzi ziyalılar istisnadırlar, onlar yaxşıdırlar. Misal da verib, Cavanşir Quliyev və Məmməd İsmayıl. Məmməd İsmayılın kim olması barədə geniş arayış vermək lazım deyil. O heç vaxt istedadı və cəsarəti ilə fərqlənməyib. Baş redaktor olduğu “Gənclik” jurnalını Yazıçılar Birliyinin Qazax şöbəsinin almanaxına çöndərib. Onun bircə şeirini oxumuşam. Onu da Rəşad Məcidin aşıqların filarmoniyada verdikləri konsertdən yazdığı yazıda. Belə bir misra var idi o şeirdə: “Bu gün Bethoveni çaldılar sazda; Hələ yaşamağa dəyər bir azda”. Bethoven o kralla, bu hersoqla Napaleon Bonapartla vuruşa-vuruşa əsərləini yazırdı, bu da fəxr edir ki, Bethoveni sazda çaldılar buna görə də yaşamağa dəyər. Firudin Allahverdidən soruşmuşam ki, Bethoveni sazda çalmaq olar, o da elə bildi ki, onunla zarafat edirəm. Hər nəsə. Məmməd İsmayıl belə Məmməd İsmayıldır. Düzdür, indi deyəcəklər ki, Məmməd İsmayıl qazaxlı deyil, tovuzludur. Bilirik, qardaşlar. Amma xəritədən də az-maz başımız çıxır. Hüseyn Arifin də məşhur lətifəsini bilirik. Qağadan soruşurlar ki, deyəsən səndə bir balaca yerlibazlıq var. O da cavab verir: Nə yerlibazlıq, mən elə tovuzluları (orijinalda belədir: touzdular) də yerlim kimi bilirəm. Bax belə. Mən Elnur Aslanbəyliyə bir yazar kimi böyük simpatiyam var, amma belə səhv etməzlər. Məmməd İsmayıl cəsarət və istedadda Elnurun əlinə su da tökə bilməz. Belə olmaz, qardaş. Ümumiyyətlə “qazaxşina” çox ciddi xəstəlikdir. Hələ 20 yaşı olmamış Mövlud İsmayıl da bu xəstəlikdən əziyyət çəkir. “Qazaxşinalıq” uzun illər boyu Yazıçılar Birliyində dərin kök salıb. Neçə-neçə istedadı məhv edib. Neçə nəsili kor qoyub. Anar sədr olandan sonra qazaxşinanın kökünü kəsdi. Şirvan klanını orda hakimiyyətə gətirdi. Səməd Vurğunun yanına biri şeir gətirən kimi o dəqiqə soruşurmuş ki, hardansan? “Salamməleyk”dən sonra bu sualı vermək artıq xəstəlikdir. Göyəzən dağının hündürlüyü 300 metr ola ya olmaya. Amma Səməd Vurğun yazır ki, “göylərə baş çəkir Göyəzən dağı”. Ədəbiyyatda Qazax xətti folklor xəttidir. Bu xətt artıq iflasa uğrayıb. Qazax son illərdə ədəbiyyata Yaralı Bəxtiyar və Elnur Aslanbəylidən başqa heç kimi verməyib. Qazaxşinalıq dəhşətli xəstəlikdir. Asif Əfəndiyev
kimi bir adam bu xəstəliyə yoluxmuşdu. Vallah mənim Asif Əfəndiyevə böyük hörmətim var, amma Hegeli, Nitsşeni oxumuş adamın Səməd Vurğunu göyə qaldırmasını başqa yerə yoza bilmirəm. Asif Əfəndiyev folkloru tərifləyirdi, modernizmi qəbul edə bilmirdi. Rəsul Rza haqqında çox kəskin yazırdı. Rəsul Rza Səməd Vurğundan min dəfə zəif şairdir. Bunu başa düşürük. Amma Rəsul Rza hər nə qədər zəif yazsa da yeni şeylər yazırdı, daha Afrikadan Hindistandan “zülm əlindən qurtulmuş quşların” Azərbaycana qonaq gəlməsini yazmaq qədər bəsitliyə enmirdi, təsvirçilik və tərənnümçülük ona yad idi.
Yazı artıq sona yaxınlaşır. İstəyirəm bir az da özümdən yazıpm. Roman yazmaq istəyirəm. Faktura da çoxdur, fikir də. Beynim arı yuvası kimi qaynayır. Açığı, Folknerin bir müsahibəsini oxuyandan sonra həvəsim lap artıb. Folkner internetdən tapıb oxuduğum bir müsahibədə eynilə belə demişdi: “Maddi təminat ucbatından yazmamaq yalnız zəif yazıçıların bəhanəsidir. Birinci sinfə mənsub yazıçılar isə ancaq və ancaq yazmaq haqqında düşünürlər, iqtisadi müstəqillik haqqında yox”. İndi durub deyəcəklər ki, mən özümü birinci sinif yazar hesab edirəm ona görə də bu söhbəti eləyirəm. Əlbəttə ki, belədir. Mən özümü birinci sinif hesab etməsəm əlimə qələm almaram. Görsəm ortaya fərli bir şey çıxmayacaq, gedəcəm Qazeldə konduktor işləməyə. Anar “Ağ qoyun, qara qoyun” romanında yazıb ki, Anar adlı bir yazıçı Bakı Biləcəri qatarında konduktor işləyirdi. Anardan əskik deyilik ki. Amma danışmaqda deyil. Söhbət yazmaqdadır. Hamı belə olmalıdır. Azərbaycanda isə birinci olmaq çətin deyil. Allahın da unutduğu ölkədə birinci olmağa nə var ki. Bir də başqasının yazdığını yazacamsa ondan niyə görə yazıram. Bir də açığı, dünyada minlərlə yazar var. Guya biz yazmasaq dünya düzəlməyəcək. O boyda Markes deyirdi ki, ədəbiyyat olmasaydı dünya heç bir şey itirməzdi, amma polis olmasaydı dünya başqa cürə olardı. Amma romanı yazmağa tələsmirəm. Əsərə ciddi struktur və konsepsiya tapmaq lazımdır. Ciddi süjet qurmaq lazımdır. Fakturanı döşəməklə əsər əsər olmur. Çox təəssüf ki, Azərbaycanda bu barədə yoxsulluqdur. Ya yazıçılar süjet qurub ancaq nağıl danışırlar. Elçin Hüseynbəyli kimi. Ya da süjetsiz qələm hara apardısa elə də yazırlar. Aqşinin “Küçə” romanı belədir misal üçün. İstərdim ki, ciddi bir süjet tapıb fakturanı onun belinə şəlləyim.
İndi Dostoyevskinin “İdiot” romanını oxuyuram. Paralel Seymur Baycanın “18.6 cm” romanını. İkisi bir yerdə əla gedir. Pivə ilə balıq kimi. Ordan yorulanda buna keçirəm. Burdan yorulanda ona. Gələn həftə Seymurun kitabı haqqında yazacam. O biri həftəyə yəqin havalar soyuyar. Soyusa yaxşıdır. NZS pivəsi lap əhədimizi kəsib. Pul da yoxdur fərlisindən içək. Hər nəsə. Özünüzə yaxşı baxın.




Bölmə: 









scorpion adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 00:38 yazıb:
Qan Turalın bu yazısı mənə bəzi televiziya kanallarındakı həftəsonu şou proqramlarını xatırlatdı. Qeybətdən şou düzəltməkdə bu oğlan bir dənədi da…
oxumayici adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 01:41 yazıb:
mence yazi zeif alinib her halda bunu ozu de etiraf edir.
qan turalinin ciddi edebiyyata iddiali olmasi cox sevindirici bir seydir. duz deyir da. iddia etmirsense niye yazirsiz? ozuncun yazirsansa niye cap etdirirsen?
bir de bu yazidaki elmlerin milliliyi baredeki fikir zaminden kecib turala.yeni fikir deyil.
Şahanə adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 12:40 yazıb:
Tural, sen belke de yaxsi oqlansan, deye bilmerem, tanimiram. Amma deqiq bilirem, sen ne tenqidci, ne yazici, ne sair, ne… umumiyyetle, qelem sene yad bir seydir. Senin heyatinda, evinde yegane artiq sey qelemdir, atam, at onu getsin. Ele konduktor isle, belke bir xeyrin deydi millete - getmek istedikleri yeri asanca oyrene bildiler senden.
Onu cap edenlere ise hec soz tapmiram demeye. Yani, basqa hec kim yazmir yazi??? Elaciniz Turala qalib??????
Tural, yazmasan olersen???? Sene hec deyen olmayibmi ki, ay oqul, ay bala, ay usaq, sen yaza bilmirsen!!! Sende mentiq adina hec ne yoxdur, ovlad, ozune pese tap, hele gec deyil!
Novarg adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 14:02 yazıb:
“Aeroport”u hele indi-indi oxuyandan bundan artiq ne gozlemek olar ki…?
Qan, biraz diqqetli yaz daaaa… Ele bil kend ushaqlarina metrodan danishir, zalimoglu…
Seyidsasha adlı istifadəçi, Sentyabr 12, 2007 tarixində, saat 08:21 yazıb:
Qaqa isinde ol, e`la yazirsan… Bunlar hamisi paxil usaqlardi, sen men deyene qulaq as..
Rebiqeni yeqin ki, taniyirsan..
Sen onun yaradiciligina bir balaca Turalsayagi munasibet bildir, men de seni sabahki sherhimde goylere qaldirim…
Ne Deyirsen..?
Qan TURALI adlı istifadəçi, Sentyabr 12, 2007 tarixində, saat 10:28 yazıb:
Adətən, öz yazılarıma şərh yazmıram. Amma burda bazarlıq söhbəti var. Xahiş edirəm bilin ki, Rəbiqə mənim dostumdur. Yazıma gəldikdə isə hər şey ortadadır. Yay olmağını nəzərə alın.
Novarg adlı istifadəçi, Sentyabr 12, 2007 tarixində, saat 10:45 yazıb:
Eshi ne dexli var…? Lap men de yazaram bir sherh… sen Sasha`nin xahishini yerine yetir, hesab ele ki, iki dene dashdan kechen sherhin var…
Dəli Domrul adlı istifadəçi, Yanvar 31, 2008 tarixində, saat 21:53 yazıb:
İstini soyuğu bilmirəm, amma onu bilirəmki belə getsə kitablar bizə yalnız soba yandırmağa lazım olaçaq. Nəyin ki Nizaminin, Nəsiminin, Fizulinin. Şekspirin, Pamukuin, həttda quranda. (Mən qızışanda ağzımın danışığın itirirəm, amma həqiqəti deyirəm)