Qaynar xəbər portalı

Kitab dünyası


Sabir ƏhmədliXalq yazıçısı Sabir Əhmədli: “Bütün Ermənistan oğlumun qatilidir”

- Bir ara səhhətinizdə problemlər yaranmışdı. İndi necəsiniz?
- İndi yaxşıyam. Bu yeni məskənimə yavaş-yavaş öyrəşirəm. Hələ ki, mənim bu təzə məskəndə bir növ ərkim ötən tanışım-dostum uşaqlardır. Başqa elə bir həmsöhbətim, mənimlə gəzən, oturub-duran yoxdur. Bura da yaxşı yerdir, amma heç hara Cəbrayılın yerini vermir.
- Azərbaycanın bir qrup ziyalısı bu yaxınlarda Qarabağa səfər etdi. Belə bir səfər çərçivəsində Cəbrayıla gedərsinizmi?
- Mənim ermənilərə münasibətim heç cür barışdırıcı ruhda deyil. Bilirsiniz ki, oğlum şəhid olub. Mən onun şəhidliyinin faciəsini yaşamaqla bərabər, hər an qisasını alacağım barədə fikirləşirəm. Keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu atasının Şuşadakı evindən torpaq gətirdi. Mən isə bir ovuc yox, bu boyda respublikanın 1/5 hissəsini tutmuş düşməndən torpağımı bütöv almaq istəyirəm. Bəs o min hektarlarla torpağı kim ovcuna alıb gətirəcək? - Sizcə, ermənilərlə yenidən dostlaşmaq, birgə yaşamaq mümkündürmü?
- Müharibədə üç oğlu şəhid olan ailələr var. Onu erməni ilə necə dostlaşdırmaq olar axı?.. Mən şəhid atası kimi erməninin heç üzün də görmək istəmirəm. O ki qala oturub onunla söhbət eləyim, danışım, oğlumu öldürənin üzünə baxım?! Bu mənada bütün Ermənistan mənim oğlumun qatilidir. Elə bilirəm ki, mənim bu kəskin mövqeyimi anlayarlar. Xalq diplomatiyasının nəticəsini deyə bilmərəm, amma xalq başına gələnləri belə tezliklə unutmaz. Xalqın yaşatdığı atalar sözləridir. Mən atalar sözünü Quran ayəsi ilə az qala bərabər tuturam. Bu atalar sözlərinə fikir verin: “Ərindiyindən erməniyə dayı deyir”. “Erməninin yaxşısı olmaz, o erməni bu ermənidən yaxşıdır”. “Yeddi ermənini bir dərədə tək gördüm”. Bu məsəllər xalqın erməni haqqında qənaətinin nəticəsidir.
- Adətən, yazıçılar barışın, sülhün tərəfində olurlar. Siz niyə döyüşçü kimi danışırsınız?
- Mən iki əsr görmüşəm. Bu iki əsr ərzində bizim nəslin, qohum-əqrəbanın, tayfanın xarakterini müəyyənləşdirməyə çalışmışam. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovda və şəhid Məhəmməd Əhmədovda sədaqət və vətən sevgisi çox güclü idi. Bu sözləri ağızdolusu deyənlər çoxdur. Amma hamının sözüylə əməli bir-biri ilə tuturmu? Cəmil əlində silah Şimali Qafqazdan Avropaya kimi getdi. Cəmilin şeirlərini, məktublarını oxuyandan sonra görürsən ki, o necə qəhrəman olub. Məhəmməd də cavan idi. Cəbrayıl alınandan sonra evə gəldi, dedi ki, “Yox ey, mən qala bilmirəm, getməliyəm”. Getdi, Murovdağda şəhid oldu. Ağırdır, faciəlidir ki, sən ürəyin kimi sevdiyin balanı, nəslinin davamçısı olan bir oğlanı nakam itirirsən, amma bu həm də bir şərəfdir. Sən ucadan, lap ucadan deyə bilirsən ki, “Oğlum şəhid olub!”
- Bir ara bəyan elədiniz ki, siyasətdən ayrılırsınız, Sizi siyasətə qatmasınlar. Siz nə vaxt siyasətlə məşğuluydunuz ki?..
- Bizim zəmanəmizdə siyasətlə sənəti ayrı təsəvvür etmək olmaz. Xüsusən, yazıçının siyasətdən təcridi qətiyyən doğru deyil. Son onilliklərdə baş verən məlum hadisələrdən yazıçı necə uzaq gəzə bilər? Yazıçı professional siyasətçi olmasa da, ətrafında baş verən siyasi hadisələrə bələd olmalı, bu hadisələrlə yaşamalıdır. Yazıçı onun vətəninin taleyi ilə bağlı ən mühüm ictimai-siyasi hadisələrin ön cərgəsində dayanmalıdır. Mən də istəyirəm ki, müsahibələrim daha çox ədəbiyyatla bağlı olsun. Amma siyasətlə ədəbiyyatı ayırmaq mümkün deyil. Yazıçı bütün siyasi hadisələrin qaynağında olmalıdır ki, müşahidələri daha dəqiq, canlı olsun. Mən 88-ci il hadisələrinin, Yanvar gülləbaranının, Qarabağ müharibəsinin lap içində olmuşam.
- Yazıçı ilə hökmdarın, rəhbərin münasibətlərini necə görürsünüz?
- Yazıçı ömrü boyu müxalifətdədir. Bu, siyasi müxalifət deyil. Yazıçı nöqsanları görür və izhar eləyir. Bizim böyük sənətkarların hamısı bu seçim qarşısında olublar. Padşahlar ədəbiyyat adamının nüfuzundan, sözündən çox ehtiyat edirlər. Ona görə də padşahlar ədəbiyyat adamını öz ağuşlarına çəkmək istəyiblər. Nəsimi kimi əqidəsindən dönməyənlər də olub. Bu keyfiyyət indi bizə daha çox lazımdır.
- Təqaüd alırsınız?
- Bəli, alıram.
- Eviniz də var. Belə baxanda hakimiyyətlə münasibətləriniz pis deyil. Amma yenə müxalifətdəsiniz?
- Gileyli deyiləm. Məsələ burasındadır ki, yazıçı ömrü boyu müxalifətdədir. Yazıçının vəzifəsi çatışmayanları, nöqsanları üzə çıxarmaqdır. Ona görə yazıçının müxalifəti siyasi müxalifət deyil.
- Yazıçı Əkrəm Əylisli prezident təqaüdlərinin xeyirdən çox ziyanı olduğunu, belə təqaüdlərin yazıçını ələbaxan, gözükölgəli etdiyini deyir. Sabir Əhmədli özünü gözükölgəli hiss edirmi?
- Prezidentin sərəncamını belə şərh eləmək insafsızlıq olardı. Bizdən əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də indi təqaüd ayırırlar, burda qəribə heç nə yoxdur. Düzdür, indi bir az ifrata varıblar, Yazıçılar Birliyinin 1500 üzvü var. Azərbaycanın heç ömür boyu 150 yazıçısı olmayıb, bu 1500 hardan çıxdı? Bununla bərabər, dövlətin ədəbiyyata, sənətə qayğısına ehtiyac var. Gərək, yazıçının qayğılarını dövlət başçısı öz ailəsinin qayğısı kimi qəbul etsin və lazım gələndə, çörək versin. Dövlət başçısının verdiyi bu çörəkdən də imtina etmək lazım deyil. Mən prezident təqaüdü alıram, dolanışığımız da babatdır, xüsusi komfortun tərəfdarı da deyiləm.
- Cavan və yaşlı yazıçılara təqaüdlərin verilməsi ilə bağlı prezident sərəncamını necə qarşıladınız?
- Cavan, yaşlı yazıçılara təqaüdlərin verilməsi ilə bağlı prezidentin sərəncamı böyük xeyirxahlıqdır. Amma çalışmaq lazımdır ki, bundan sui-istifadə halları olmasın. Hər kəs özünün sevimlisini qabağa çəkib, ehtiyacı oldu-olmadı, ona təqaüd verməsin. Kim daha artıq ümid doğurur, gərək, ona kömək edilsin.
- Qəribədir ki, göl Sizin həm şəxsi, həm də ədəbi taleyinizin mərkəzində dayanır. Burdakı evinizin də yanında göl var?
- Var, adını da qoymuşam Alatava gölü. Mən o göldə az qala aləmi görürəm. Bütün Alatavanın əksi o gölə düşür. Bu göl də yavaş-yavaş mənim üçün doğmalaşır. Bu göldə mən çinarı, kəhrizi, Ziyaratı, Xudafərini görürəm. Göl gözümün qabağında ləpələnir, Alatavanın yeni tikilən 10 mərtəbəli binası da gölün üzündə yırğalanır, tərpənir, amma batmır… Güzgüdəki inikas bir az primitivdir, çünki güzgü ancaq önü göstərir, amma göl həm də dərinliyi göstərir. Çox təəssüf ki, o dərinlikdə bəzən faciələr də olur. Bura köçməmişdən də eşidirdim ki, Alatava gölündə uşaqlar batır. Belə faciəvi tərəfi də var bunun, amma göl bizim təbiətin füsunkar bir aynasıdır.
- Bu bağlılığı necə izah edirsiniz?
- Göl öz qurbanlarını hiylə ilə aldadır. Gölün ta əzəldən yozumu belədir. Mən bu göllərə Xəzərin balası kimi baxıram, elə bilirəm ki, ondan qopub bura düşüb. Yasamal gölünü indi hamı tanıyır. Elə bilirəm ki, adını qoyduğum bu Alatava gölünü də hamı tanıyacaq.
- Sizin qəhrəmanlarınız həmişə mübarizliyi, cəsarəti ilə seçilib. Son illərdə yaratdığınız qəhrəmanlarda isə liberallıq meylləri daha qabarıqdır. Yoxsa yazıçının qəhrəmanları da özüylə bərabər yaşlanır, qocalır…
- Əslində bu çox böyük bir mövzudur. Bu suala yazıçı yox, professional, usta tənqidçilər cavab axtarmalı, tapmalıdır. Yazıçı və onun obrazlar silsiləsi mövzusunda belə bir araşdırma maraqlı olardı. Bizim ədəbiyyatımızda indi xüsusi bir bölmə, janr kimi ədəbi tənqid yoxdur. Ayrı-ayrı məqalələr, resenziyalar var, amma bütünlükdə ədəbiyyatın öncül bir janrı kimi ədəbi tənqid, ədəbiyyatşünaslıq, demək olar ki, süqut eləyib. Məqalələr də tərəfkeşliklə yazılır. Subyektiv xarakter daşıyır. Karyera güdürlər, filankəsin haqqında belə yazsam, nəticəsi necə olacaq və s. və i. İndi ədəbi hərəkat azadlığa çıxıb, yəni kim nədən istəyir yaza bilər. İndi bu azad yazıçıların himayədarı, doğma təşkilatı kimi elə bir yaradıcılıq müəssisəsi mən görmürəm. Digər tərəfdən, əksər halda yaradıcı təşkilatların bir-biri ilə əlaqəsi yoxdur. Ruhən yaxın təşkilatların bir-biri ilə əlaqəsi yaxşı cəhətdir.
- Bir müddət öncə bildirmişdiniz ki, bu gündən sonra nə yazsam ömrün urasına daxil olacaq. “Ömrün urası”na təzə nə əlavələr olunub?
- “Ura” sözü bir növ mənim tapıntımdır. Ura - bostanın axır məhsuludur. Məsəl var ki, gedər bostan urası, qalar üzün qarası. Ura - qədim türk sözüdür, axır, son, qələbə, nəticə deməkdir. Yaradıcılığımın indiki bu sinni vaxtında “ura” sözü məndə insan ömrü ilə bağlı bir fikir yaradır. Yəni insan ömrünün də bir yetişən vaxtı olur - axırıncı məhsulu götürmək vaxtı. İndi biz ömrümüzün son məhsulunu yığıb-yığışdırırıq. Yəni bizim bostanımız da sovulur.
- Hazırda nə yazırsınız?
- Mən işləyirəm. Hər gün iş otağıma, masanın arxasına keçirəm. Əlbəttə, çox istərdim ki, təzə əsər başlayım. Amma ondan başqa bir iş də var, yazıların üstündə işləmək. Oxucuları mən çox intizarda qoymaq istəmirəm. Demək istəyirəm ki, hazır yazılarım var. Ən çox sevdiyim, doğma janr romandır. Mən orda özümü daha sərbəst hiss eləyirəm. Roman miqyasında düşünməyə çalışıram. Yaradıcılıq prosesi çox mürəkkəbdir, biz bəzən onu bəsitləşdiririk, amma elə deyil. Yaradıcılıq insan üçün çox maraqlı bir mənəvi haldır. Çapa vermədiyim əsərlər haqqında danışmağı mən günah hesab edirəm. Ola bilər ki, mən danışam, sonra əsər alınmaz, xoşuma gəlməz. Həm də fikirləşirəm ki, bu dünyadan köçəndə yaşayacaq-gələcək nəsillərə məndən yadigar kimi məhz həmin o çapa vermədiyim əsərlər qalacaq. Mən olmayanda o əsərlər ortalığa çıxacaq, elə təsəvvür yaranacaq ki, mən sağam. Deyiləcək ki, Sabir Əhmədlinin filanıncı əsəri çap olundu. Halbuki…
- Bu gün Sizi maraqlandıran məsələni oxuculardan niyə gizlətmək istəyirsiniz? Yeni romanın heç olmasa adını deyin…
- “Əhlam” sözü mənə maraqlı gəlir. Türk sözünə oxşamır. İmam Kazımın rəvayətində rast gəlmişəm ki, “Əhlam” yuxu yozmadır. Tam deməsəm də, bəzi sirləri açmaq istəyirəm. Bədii düşüncə ilə röyanı yaradan psixoloji-fizioloji hal arasında çox böyük, ciddi bir yaxınlaşma var. Mən belə başa düşürəm ki, yaradıcı proses özünü bir başqa şəkildə röyada göstərir. Əvvəldən axıra qədər əsər röya olsun - belə bir şey yoxdur. Bunun özü qəribə bir təzaddır. Bir də görəsən ki, insan 6 ay yuxuda qalıb. Məni hazırda bu məsələlər düşündürür.
- Yoxsa Siz də hansısa əsərinizi, obrazınızı yuxuda görmüsünüz?
- Bunlar mənim sirlərimdir, demək istəmirəm. Mən 50-60 ildir, yaradıcılıqla məşğul oluram. Birdən adamda belə bir fikir yaranır ki, indiyədək yazdıqlarımdan başqa bir şey işləyim. Bax, mən indi təxminən bu mərhələyə yaxınam. Əslində indi səxavətli bir sponsor gözləyirəm ki, ortalığa çıxsın. Mən də yaradıcılığımla bağlı sirlərimi oxucularla bölüşüm. Mən biləni, bu günəcən 17 romanım çap olunub. Amma son deyil, hələ bərəkətimiz var…

APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Sentyabr 14th, 2007 tarixində 17:43 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Rəbiqə adlı istifadəçi, Sentyabr 16, 2007 tarixində, saat 18:28 yazıb:

    Yaxshi yazchidir… son iller lezzetle oxuya bildiklerimdendir…
    musahibe bir az zeif alinib mence…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: